Xorla söyüş xorla tərifdən yeydirmi?

 

Gənclərlə ədəbiyyat söhbətlərinin birində kimsə Knut Hamsunun “Aclıq romanı”nı tüfeyli vaxtında, yolda –izdə, çəkməçi yanında köməkçi işlədiyi vaxtlarda yazdığını söylədi. Gənclərin bir neçəsinin diqqətini roman yox, daha çox yazıçının rastlaşdığı vəziyyətlər maraqlandırdı. Onun faşist partiyasına üzv olması deyiləndə isə roman haqqında diskussiyaya son qoyuldu. İndi təsəvvür edin, bizdə kimsə Hamsunun yaşadığı şəraitdə nəsə yazsa onu necə qarşılayarlar. Məncə belə bir adamın nəinki yazısına baxar, hətta onu çayxanadan da qovarlar. Böyük alman yazıçısı Herman Hesse universitet şəhərciyində kitab satıcısı işləyə-işləyə əsas povestlərini yazıb. Bu da bizim üçün çox təəccüblü görünür. Onu da oxumazdıq. Əgər deyilsəydi ki, böyük ispan rəssamı Velaskes əsas rəsmlərini kral sarayında yaratmışdı. Əsərlərini bir yana qoyub ona “saray rəssamı” deyənlər az olmayacaqdı. Yazıçı kimdir? Hesse və Hamsun nümunəsi onu göstərdi ki, istedad mistik və son dərəcə fərdi keyfiyyətdir. Yalnız tək-tək adamlar iradəsi və sözünün gücü ilə yeni dünya yaratmaqla yazıçı ola bilirlər. Bunu nə vaxtsa Sartr, “Seçim” adlandırmışdı. Başqa sözlə insan hansısa anda yazıçı olmağa qərar verir. Özünü bu keyfiyyətdə seçir. Yaxud bu taleyi özü üçün təyin edir. Bu keyfiyyəti və taleyi Universitet rektoru da seçə bilər, kitabsatan da.

Son bir neçə ildə Kamal Abdullanın yaradıcılığı barədə diskussiyalar qəzet səhifələrində geniş yer alıb. Bunun əsas səbəblərindən biri onun yaradıcılığının məhsuldarlığı ilə bağlıdır. Ədəbiyyatı bilənlər onun dilini, seçdiyi üslubu, ədəbiyyata gətirdiyi yenilikləri tənqid edə bilmirlər. Tənqid edənlərə diqqət etdikdə isə Hamsun və Velaskes məsələsi yada düşür. Təəccüblənənlər var. Rektor necə yazıçı ola bilər? Yaxud yaxşı yazıçı mütləq hakimiyyəti tənqid etməlidir-deyənlər var. Maksim Qorki, Valentin Rasputin, Boris Pasternakın o dövrün hakimiyyətini tənqid edən yazılarına və çıxışlarına rast gəlmək olmur. Belə çıxır ki, onlar pis yazıçılardır? Adlarını çəkdiyim yazıçılar elə indinin özündə Soljenitsındən, Varlam Şalamovdan çox oxunurlar. Hakimiyyəti tənqid etmək mövzularında yazılan əsərlər siyasi xarakter daşıyır. Sivil ölkələrdə hətta ortabab fantastik əsərlər bu janrdan üstün sayılır. Nədən Pitirim Sorokinin, Pelevinin hansısa əsərini oxuyub öyünürük? Özümüzünküləri isə oxumadan ağız büzüb tənqidə başlayırıq. Yazmaq istəyənlərin çoxu bu yazıçıları yamsılayırlar.

Gəlin bir an düşünək, əgər tarixi abidələr və qədim mətlər olmasaydı, Azərbaycandan nə qədər tarixi gerçəklik qalardı. Səhv etmirəmsə, Aleksandr Menin fikridir: “tarixi abidələri və qədim mətnləri yalnız ədəbiyyat vasitəsilə canlandırmaq olar”. Kamal AbdullanınYarımçıq əlyazmasında Dədə Qorqud kitabındakı olaylar incələnir. Dədə Qorqud mətni dəqiq mənalar kəsb edən sözlərin kamilliyindən hörülmüşdür. Lakin bununla belə bu kamillik bütün tarixlərdən əvvəl gəlir. Bu sosiumun və fərdin tarixinin özünün başlanğıcı, müəyyən cəmiyyətin mövcudluğunun şərti olan ilkin əməlidir. Kamal Abdulla yeni ədəbi metodu ilə bizi yenidən Dədə Qorquda qaytardı. Kamal Abdullanın germenevtik yanaşmasını dərk edə bilirikmi? Germenevtika insanların bir-birini qarşılıqlı anlama sənətidir. Anlama prosesi dil hadisəsidir və insanların danışıq forması və dialoqlardan süzülüb gəlir. Danışıq-monoloqların çoxluğu içərisindən ən parlaq və inandırıcı olanının qələbəsi deyil. Danışıqda işin mahiyyətini ifadə edən ümumi sahə yaranmalıdır. Germenevtikada dildanışıq dilidir, dialoqdur. Deyəsən bizim axtarıb tapa bilmədiyimiz əsas məqamlardan biri elə budur: Ümumi sahə yarada bilmirik. O sahəni ki, mədəniyyətin, biliyin, ruhun, heç olmasa bircə yerdə təmizliyi və toxunulmazlığı qorunub saxlana bilsin. Kamal Abdullanın bu əsərində qarşıya qoyulan əsas məqsəd budur.

Yazıçını “Unutmağa kimsə yox...” əsərindəki istənilən epizodları yanaşı qoysaq assosiasiaların bir-biri ilə çulğalaşması, qeyri xəttilik əlamətlərinin çöxluğuna rast gəlmiş olarıq. Bu da əsərinşüur axını”stilində yazılmasını söyləməyə əsas verir. Romanı oxuduqca məlum olur ki, müəllif 20-ci əsrin ən intellektual ədəbi cərəyanına dərindən bələddir. Kamal Abdulla bu əsərində paralel dünyalar anlayışı, kainatı anlamaq cəhdlərində fiziki-fəlsəfi bilgilərə istinad edir. Qərbin elə böyük yazıçısı olmaz ki, əsərlərində Yunan fəlsəfəsi və mifologiyasına istinad etməsin. Azərbaycan yazıçısı Kamal Abdulla da bu əsərində məqsədinə çatmaq üçün Qədim Yunan mifologiyasından məharətlə istifadə edir. “Şüur axını” özünü təsdiqləyir. Mətnin oxunması üçün mətni ilk tapan adam, mətnin tapıldığı yer, qarağac, mətni oxuyacaq gənc alim...yunan mifologiyası var. Bütün bunlar semiosferanın obrazını yaradır. Bu roman 20-ci əsr Azərbaycan ədəbiyyatında intellektual roman sayılmalıdır. İntellektual romanların üstün cəhəti ondadır ki, onu istənilən fəsildən oxumağa başlamaq olur. Robert MüzilinXassəsiz insan Herman HesseninMuncuq oyunukimi.

Kamal Abdullanın əsərlərinin personajları yeri gəldikdə sadə xalq dilində, yeri gəldikdə spesifik ifadə terminlərdən istifadə edərək danışırlar. Paralel dünyaları təsvir etmək üçün işlədilən dil, aktual kommunikativ aktlarda danışıq mətnlərdə özünü büruzə verən diskurs (dil içində dil- E.Ə.) bütün bunlar oxucu təfəkkürünün inkişafı üçün vacib məsələlərdir. Yeniliklərdir. Yazıçının əsas məqsədi oxucunu xətti təfəkkürdən xilas etməkdir. Sağlam dialoqlar üçün təfəkkürün qeyrixətti olması çox vacibdir.

Qərb Amerika ədəbiyyatı metanarrativdən imtina etməyib. Baxmayaraq ki, bu postmodernizmin tələbidir, amma mükəmməl yazıçılar məhz gətirdikləri yeniliklərlə postmodernist yazıçı adını daşıyırlar. Burda söhbət əsərlərin həcmindən getmir. Oxuyanlar bilirlər ki, Qərb yazıçıları klassiklərin əsərlərinin həcmindən böyük əsərlər yazırlar. Görünür burda oxucu iradəsi nəzərə alınır. Müqayisə baxımından Kamal Abdullanın romanları elə irihəcmli deyil. Sadəcə oxumağa başlamaq lazımdır. Adam kitabı əlindən yerə qoymaq istəmir...

Sonda isə xatırladıram ki, Kamal Abdullanın bir sıra ictimai-siyasi proseslərə münasibəti, xüsusilə təhsilin vəziyyəti ilə bağlı susqunluğu xoşuma gəlmir ara-sıra tənqid edirəm. Bunu onun yüksək maraq doğuran yaradıcılığına qarşı bir qərəzli, önyarğılı intriqaya çevirməyi isə doğru saymıram. Sadəcə oxumaq yazmaq lazımdır. Söyüşmək isə oxumadan, yazmadan da olar. Xüsusilə bu söyüş xorla olanda...

 

 

Etibar Əliyev,

Fəlsəfə doktoru

 

525-ci qəzet.- 2011.- 15 oktyabr.- S.18.