Görkəmli alim Tofiq Həsənovun 90 illiyi qeyd olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda cümə günü görkəmli alim, paleontoloq-stratiqraf, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, Rusiya Paleontologiya Cəmiyyətinin fəxri üzvü Tofiq Həsənovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Trendin məlumatına görə, Geologiya İnstitutunun direktoru Akif Əlizadə tədbirdə bildirib ki, o, instituta laborant kimi işə qəbul ediləndə Tofiq Həsənov artıq elmlər namizədi vəzifəsində çalışırdı. O, 1954-cü ildən ömrünün sonunadək Geologiya İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Bununla yanaşı, 1954-1993-cü illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) və Azərbaycan Sənaye İnstitutunda (indiki Dövlət Neft Akademiyası) dərs deyib.

A.Əlizadə qeyd edib ki, Tofiq Həsənovu cavan vaxtlarından yaxşı tanıyıb. Alimin qarşısına qoyduğu məqsədə nail olmaq istəyi onun ən nəzərəçarpan xüsusiyyətlərindən biri olub: “Tofiq müəllimin xoşbəxtliyi onda idi ki, o, gözəl stratiqrafik məktəbin nümayəndəsi idi. O, həmin məktəbin ilk tələbəsi olub. Tofiq müəllimə akademik Musa Əliyev çətin mövzu təklif etmişdi. Bu mövzu Azərbaycanın Yura çöküntüləri idi. Yura çöküntüləri o vaxta qədər dəqiq öyrənilməmişdi. O, bu sahədə tədqiqatlar aparmaqla elmə öz töhfəsini verə bildi”.

Onun sözlərinə görə, elmi fəaliyyətə gənc yaşlarından başlayan alimin elmi fəaliyyətinin əsas istiqaməti Yura çöküntülərinin paleontologiya və stratiqrafiyası olub: “Alimin namizədlik dissertasiyasının mövzusu da Kiçik Qafqazda filiz yataqlarının ana süxuru olangeniş intişar edən Yura çöküntüləri olub. Həsənovun elmi tədqiqatlarının nəticələri 1957-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapıb. Yura çöküntüləri üçün ilkin əhəmiyyətli altı tapıntı 1952-ci ildə Tovuz rayonunda aparılan çöl işləri zamanı aşkar edilib. Həsənovun elmi tədqiqatları təkcə Hettanq, Sinemyur, Plinsbax, Toar, Aalen, BayosBat mərtəbələri çöküntülərinin paleontologiya və stratiqrafiyası ilə məhdudlaşmayıb. Onun tədqiqatlarından məlum olur ki, Azərbaycanın Yura ammonitlərinin cins və növlərinə qərbdə Cəbəllütariq boğazından şərqdə İndoneziyaya qədər en istiqamətində uzanan Aralıq dənizinin Alp qırışıqlıq qurşağının bütün regionlarında rast gəlinir”.

O qeyd edib ki, T.Həsənovun kolleksiyasında Azərbaycanın Yura çöküntülərindən topladığı yumşaqbədənlilər tipinə aid 100-dən artıq növün nümunələri saxlanılır: “Alim Kiçik Qafqazın bir neçə regionunda yer üzünə çıxan metamorfik şistlərin Paleozoy yaşlı olması haqqında fikir və mülahizələri dəlillərlə təsdiqləyib”.

A.Əlizadə 90-cı illərdə T.Həsənovun rəhbərliyi ilə Azərbaycanın təkmilləşdirilmiş regional stratiqrafik sxeminin hazırlandığını da deyib: “Bu sxemdə Azərbaycanda ilk dəfə olaraq, regionalyerli stratiqrafik taksonların ayrılması və onların ümumi şkalanın taksonları ilə müqayisəsi Tofiq Həsənova məxsusdur. Tofiq Həsənov həm də bir sıra mineral və faydalı qazıntı yataqları kəşfinin sənədləşdirilməsində iştirak edib. O, geologiya elminin tarixini araşdırmağa da böyük həvəs göstərirdi”.

A.Əlizadə bildirib ki, Tofiq Həsənovun əldə etdiyi nailiyyətlər digər ölkələrin alimlərində də böyük maraq oyadırdı. Onun sözlərinə görə, T.Həsənov 1999-cu ildən ömrünün sonunadək Azərbaycanın qocaman muzeylərindən biri – H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru olub. 2005-ci ildə vəfat etmiş T.Həsənov 8 monoqrafiya, 200-dən artıq elmi və elmi-kütləvi məqalə miras qoyub.

Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Eybatov deyib ki, vaxtilə Tofiq müəllimin rəhbərlik etdiyi bu muzey ən qocaman muzeylərindən biri olub. O, ictimaiyyətin nəzərini bu muzeyə yönəltməyə çalışırdı. T.Eybatov T.Həsənovu çox insanpərvər, təmkinli, zəhmətkeş insan kimi qiymətləndirib, onu gənc alimlərə örnək sayıb.

T.Həsənovla uzun müddət bir yerdə işləmiş Təbiət Tarixi Muzeyinin direktor müavini Obrik Zeyniyev isə onun bu muzeyin fəaliyyətinin bərpası üçün çox böyük işlər gördüyünü deyib: “Tofiq müəllim həmişə muzeyin işini təbliğ etməyə çalışırdı. Tofiq müəllim muzeyin tarixi haqqında kitab da yazıb”.

Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru Vaqif Qurbanov Tofiq Həsənovun pedaqoji fəaliyyəti haqqında danışıb. O bildirib ki, T.Həsənov məzunu olduğu Azərbaycan Sənaye İnstitutunda müəllim kimi çalışıb.

Mərhumun nəvəsi Aytac isə babası haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb: “Mənim üçün babam haqqında danışmaq həm çox çətin, həm də çox şərəflidir. O, öz peşəsinə çox bağlı insan idi. Həyatının son illərində rəhbərlik etdiyi muzey onun üçün böyük əhəmiyyət kəsb edirdi. Muzeyin vəziyyətinin acınacaqlı olması onu çox narahat edirdi. Amma onun bütün bu narahatlıqları evdə özünü göstərmirdi”.

Onun sözlərinə görə, olduqca ailəcanlı olan Tofiq Həsənov üçün ailəsi həmişə ön planda olub: “O, evdə heç vaxt yüksək səslə danışmayıb. Ailəsini çox sevirdi. Bu evdə həmişə məhəbbət olub. Babamın nənəmə olan münasibətində də bunu görürdük. O, bizimlə uşaq kimi deyil, böyük kimi davranırdı. Lazım gələndə bizdən də məsləhət alırdı”.

Tədbirdə çıxış edən digər iştirakçılar Tofiq Həsənovun həyat və yaradıcılığından danışıblar.

Sonda çıxış edən Tofiq Həsənovun oğlu Altay Həsənov tədbiri təşkil edənlərə, iştirakçılara atası haqqında deyilən xoş sözlər üçün öz təşəkkürünü bildirib.

 

 

525-ci qəzet.- 2011.- 15 oktyabr.- S.7.