Bakıda caz festivalına start verildi
Heydər
Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Mədəniyyət Fondu və “Sweet production”
şirkətinin təşkilatçılığı ilə
“Bakı Beynəlxalq Caz Festivalı – 2011”in
açılış mərasimi keçirilib. APA-nın məlumatına
görə, təntənəli açılışla
bağlı sarayın foyesində festivalda
çıxış edən caz kollektivlərinin fotoşəkillərindən
ibarət sərgi təşkil edilib. Açılış mərasiminin
aparıcılığını həyata keçirən
bildirib ki, oktyabrın 29-dək davam edəcək festival
çərçivəsində paytaxtımızın bir
çox mədəniyyət ocaqlarında dünyanın
tanınmış caz ifaçıları geniş konsert
proqramları ilə çıxış edəcəklər.
Mərasimdə son illər Azərbaycanda caz musiqisinin təbliği,
inkişafı baxımından çox işlər
görüldüyü vurğulanıb. Eləcə də
dünyanın ən tanınmış cazmenlərinin
Bakıda konsert proqramları ilə çıxış
etdikləri xatırlanıb. Gecədə tanınmış
caz ifaçısı xanım Reyçel Ferrel
çıxış edib və onun Bakı səhnəsində
ifası tamaşaçıların alqışları ilə
müşayiət olunub. 1961-ci ildə ABŞ-da anadan olan R.Ferrelin
indiyədək 6 albomu işıq üzü görüb. Qeyd
edək ki, oktyabrın 29-dək davam edəcək festival
çərçivəsində Heydər Əliyev Sarayı
ilə yanaşı, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan
Dövlət Filarmoniyası və Bakı Caz Mərkəzində
konsertlər keçiriləcək. Marsio Faraco, Rudreş
Mahantappa, “Aleksandr Maşin və dostları” caz qrupu, De Phazz,
Misirli Əhməd, “Yeni adlar” caz layihəsi, Elçin
Şirinov, Şahin Növrəsli, Ben Vestbeech, Salman Qəmbərov
və Yuri Kuznetsov, Cəmil Əmirov və “Savab” qrupu,
İsfar Sarabski, Əfqan Rəsul, Rain Sultanov, Vaqif Sadıxov,
Sonny Emory “Cachet Fusion”, Jazzanova kimi musiqiçi və musiqi
kollektivlərinin konsertlərinin keçirilməsi
planlaşdırılır. Festivalın bağlanış mərasimi
oktyabrın 29-da olacaq. Festival çərçivəsində
Rafiq Babayevin 75 illik yubileyi münasibətilə xatirə gecəsi
də keçiriləcək.
525-ci qəzet.-
2011.- 18 oktyabr.- S.7.