Müstəqillik illərinin uğurları

 

İllər sürətlə bir-birini əvəzləyir. Lakin bu illər boş-boşuna ötüb keçmir, əməllərlə, nailiyyətlərlə xatirələrdə qalır. Bu il Azərbaycanımızın müstəqilliyinin 20 ili tamam olur. Bu möhtəşəm yubiley respublikamızın ictimai-siyasi və mədəni həyatında böyük əks-səda doğurmuşdur. Azərbaycanda iqtisadiyyatın inkişaf dinamikası, investisiyaların həcmi, əhalinin sosial rifahı xeyli artmışdır.

Müstəqilliyimizin ilk illərində istər iqtisadiyyatda, istərsə də mədəni həyatda ciddi böhranlar hiss olunurdu. Hər hansı bir stabillikdən söhbət gedə bilməzdi. Yoxsullaşmış insanlar Vətəndən qırağa üz tuturdular, Azərbaycan faktik olaraq parçalanmanın, vətəndaş müharibəsinin bir addımlığında idi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidiylə ikinci dəfə hakimiyyətə dönüşü Azərbaycanda uğurlu inkişafın təməlini qoydu. Tezliklə ölkəimizdə stabillik, əmin-amanlıq əldə olundu, insanların həyat səviyyəsini və məişət şəraitini yaxşılaşdırmaq üçün real zəmin yaradıldı. Ötən əsrin ən böyük iqtisadi layihələrindən olan “Əsrin kontraktı” bağlandı. Təməli ulu öndər tərəfindən qoyulmuş düzgün, inamlı dövlət quruculuğu bu gün onun işinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir. Azərbaycanın iqtisadi və mədəni yüksəlişi artıq beynəlxalq aləmə yaxşı məlumdur. Bu, dövlət strategiyamızın, siyasətimizin düzgün prioritetlərə əsaslanmasından, onların ciddi, düşünülmüş olmasından irəli gəlir.

 Müstəqilliyimizin 20 ili təhsil sahəsində də yaddaqalan hadisələrlə zəngindir. Təsadüfi deyildir ki, dövlətimiz müdafiə xərclərindən sonra məhz təhsil sahəsinə geniş maliyyə vəsaiti ayırır. Respublikamızda bir çox məktəblər təmir edilmiş, çoxlu sayda təhsil ocaqları tikilib istifadəyə verilmiş, müasir avadanlıqlarla, kompüterlərlə təhciz olunmuşdur. Əlbəttə, bu sahədə xüsusilə Heydər Əliyev Fondunun xidmətləri böyükdür. İstər mədəni həyatımızda, istərsə də təhsil sahəsində qazanılan uğurlarımızda bu fondun və onun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın böyük əməyi özünü aydın büruzə verir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də (ADMİU) müstəqilliyimizin 20-ci ilinə təhsil və yaradıcılıq nailiyyətləri ilə qədəm qoymuşdur. Universitetimiz unikal xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu yaxınlarda 90 illiyini qeyd edəcək universitet yarandığı ilk dövrlərdən etibarən Azərbaycanda mədəniyyət və incəsənət üzrə mütəxəssis hazırlayan yeganə ali məktəb olmuşdur. Universitet öz başlanğıcını 1923-cü ildə yaradılmış Teatr məktəbindən götürür. O zaman istedadlı sənətkarımız, xalq artisti Şövkət Məmmədovanın təklifi və təşəbbüsü ilə yaradılmış sənət məktəbi böyük inkişaf yolu keçmişdir. Universitetimiz bu gün respublikada yeganə təhsil ocağıdır ki, mədəniyyət və incəsənətin bütün əsas sahələrini tam əhatə edir, bu sahələr üzrə mükəmməl kadr hazırlığı aparır. Bu gün ADMİU təkcə Azərbaycan üçün yox, bir sıra xarici ölkələr üçün də müxtəlif ixtisaslar üzrə mütəxəssis yetişdirir. Universitetin məzunları dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Hələ 1991-ci ildə o zamankı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu universitet statusu qazandı. Bu, respublikamızda ilk analoji hadisə idi. Beləliklə, ADMİU o zaman Azərbaycanda mövcud olan iki universitetdən (BDU ilə yanaşı) birinə çevrildi. ADMİU-nun mədəniyyət sahələrini kompleks şəkildə əhatə etməsi, çoxprofilli ixtisas şəbəkəsinin yaradılması bu ali məktəbə universitet statusunun verilməsi üçün hüquqi əsas oldu. Onu da qeyd etmək istərdim ki, ötüb keçən bu illər ərzində universitetimiz öz imkan və nailiyyətlərini xeyli genişləndirmişdir. 20 il bundan öncə kiçik binası, dörd fakültəsi olan, cəmi doqquz ixtisasda kadr hazırlayan bu ali məktəb, indi böyük binaya, geniş maddi-texniki bazaya, əhatəli ixtisas şəbəkəsinə malik olan tədris müəssisəsi kimi tanınır. Bu gün universitetimizdə 7 fakültə, 31 kafedra fəaliyyət göstərir, 30-dan çox ixtisas üzrə kadr hazırlığı aparılır. Mən yuxarıda müstəqillik illərindəki nailiyyətlərimizi sadalayanda universitetimizin əzəmətli binasının adını təsadüfən çəkmədim. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin indiki böyük binası bizə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə verilmişdir. Universitetimizin xarici əlaqələri ildən-ilə genişlənir ki, bu da dövlət müstəqilliyimiz sayəsində mümkün olmuşdur. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti dünyanın bir çox ölkələrinin tanınmış ali məktəbləri ilə yaradıcılıq əlaqələri saxlayır. Universitetimiz Moskva Mədəniyyət və İncəsənət Universiteti, Sankt-Peterburq Mədəniyyət və İncəsənət Universiteti, Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyası, Slovakiyanın Nitra Universiteti, Bolqarıstan Milli Teatr və Kino Akademiyası, Bolqarıstan Milli Rəssamlıq Akademiyası, Misir Ərəb Respublikasının Qahirə, İsgəndəriyyə və Heluan Universitetləri, İranın İncəsənət, Azadi İslam Universitetləri, Gürcüstan Dövlət Teatr və Kino Universiteti və başqaları ilə əməkdaşlıq haqqında müqavilələr imzalamışdır. Qardaş Türkiyənin tanınmış universitetləri ilə əlaqələrimiz haqqında ayrıca söz açmağa dəyər. Hazırda universitetimiz bu ölkənin bir çox universitetləri ilə əməkdaşlıq müqavilələrinə malikdir. Bunlardan İstanbul Beykent Universiteti, Memar Sinan Universiteti, İsparta Süleyman Dəmirəl Universiteti, Ərciyəz Universiteti, Sakarya Universiteti və başqa ali məktəbləri göstərmək olar. Türkiyəli tələbələr ADMİU-nun müxtəlif fakültələrində təhsil alırlar. Universitetimizin 20 ildəki uğurlarından söz açarkən ilk növbədə teatr təhsilini xatırlamaq istərdim. Teatr təhsili bu ali məktəbin ən qocaman tədris sahələrindəndir. Bugünkü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sələfi olan Bakı Teatr məktəbində teatr təhsili tədrisin əsasını təşkil edirdi. Vaxtilə universitetimiz Teatr İnstitutu da adlandırılmışdır. Bu gün universitetimizin ixtisas şəbəkəsi xeyli genişlənmişdir. Bununla belə teatr təhsili, aktyorluq və rejissorluq təhsili öz əvvəlki əhəmiyyətini qoruyub saxlayır. Son dövrlərdə teatr təhsilində əhatəli şaxələnmə baş vermiş, bu sahə ilə bağlı olan ixtisaslar şəbəkəsi, yeni kafedralar yaradılmışdır. Dram teatrı və kino, musiqili teatr, estrada aktyoru ixtisasları teatr tədrisinin dərinləşməsindən, onun, belə demək mümkünsə, diferensiallaşmasından xəbər verir. Bu ixtisaslar universitetimizin “Aktyor sənəti” fakültəsində qərarlaşmışdır. Həmçinin bu illərdə respublikamızda ilk dəfə olaraq ali təhsil səviyyəsində xoreoqrafiya sənəti, aşıq sənəti ixtisasları açılmışdır.

Teatr təhsilinin keyfiyyətini yüksəltmək üçün universitetimizə tanınmış sənət xadimləri cəlb olunur. Hal-hazırda respublikanın xalq artistləri – Cənnət Səlimova, Ağakişi Kazımov, İlham Namiq Kamal, Bəsti Cəfərova, Firəngiz Mütəllibova, Rafiq Əliyev və başqaları “Aktyor sənəti” fakültəsində dərs deyirlər. Tələbə və müəllimlərimiz müxtəlif ölkələrdən yaradıcılıq dəvətləri alır, beynəlxalq müsabiqələrdə iştirak edirlər. Bu ilin mart ayında Tiflis şəhərində keçirilmiş Beynəlxalq Tələbə Etüd festivalında tələbələrimiz “Təmas” adlı kompozisiya nümayiş etdirmiş və mükafat qazanmışlar. May ayında İstanbul Kültür Universitetində keçirilən Beynəlxalq Tələbə Tamaşaları Festivalından da tələbələrimiz mükafatla qayıtmışdır. Belə misalların sayını xeyli çoxaltmaq olar. Dövlətimizin mədəniyyət, teatr sahəsinə göstərdiyi qayğı, bəzi teatrlarımızın təmiri, onların texniki baxımdan beynəlxalq standartlara cavab verməsi teatrlarımızın yeni yüksəliş məhələsi keçirməsinə şübhə yeri qoymur. Ötən il Bakıda keçirilmiş Beynəlxalq Teatr festivalı bu sahədəki irəliləyişlərimizi bir daha nümayiş etdirdi. Həm də bütün dünya bunun şahidi oldu. Bu, dövlətimizin mədəniyyət sahəsindəki siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Əlbəttə, teatr təhsilinin mühüm sahəsini rejissorluq təşkil edir. Müstəqillik dövrü nailiyyətlərindən danışarkən universitetdə “Rejissor sənəti” fakültəsinin fəaliyyətə başlamasını xüsusi olaraq qeyd etməliyik. Bu gün universitetimiz müxtəlif yönümlü rejissor kadrları yetişdirir. Sənətdəki diferensiallaşma, ixtisas peşəkarlığının dərinləşməsi rejissura üçün də səciyyəvidir, həm də mən deyərdim, daha artıq səciyyəvidir. Hazırda universitetimiz dram, kino, televiziya, musiqili teatr, estrada, teatr kollektivi, kütləvi tədbirlər və bayramlar rejissoru kimi ixtisaslar üzrə mütəxəssis hazırlığı aparır. Xatırladım ki, tədrisə güclü peşəkarlar cəlb olunmuşlar. Fakültədə xalq artistləri Azər Paşa Nemət, Eldar Quliyev, Oqtay Mirqasım, Tofiq İsmayılov, Ramiz Əzizbəyli, həmçinin əməkdar incəsənət xadimləri Bəhram Osmanov, Yalçın Əfəndiyev, Tariyel Vəliyev, Amin Novruzov və başqa sənətkarlar işləyir. Müstəqillik dövründə nail olduğumuz əsas uğurların xeyli qismi kino və televiziya təhsili ilə bağlıdır. ADMİU-da kino ilə bağlı ixtisaslar üzrə (kino rejissoru, kino operatoru, kino aktyoru, həmçinin kino və televiziya rəssamı, kino tənqidçisi, kinoşünas, ssenarist və s.) ciddi kadr hazırlığı prosesi gedir. Xatırlatmaq yerinə düşərdi ki, sadaladığım bu ixtisasların böyük əksəriyyəti elə müstəqillik illərinin məhsuludur. Azərbaycanın müstəqil ölkə olması, dünya birliyinə çıxması milli kinomuzun və kino təhsilimizin də inkişafına böyük təsir göstərmişdir. Kino rejissoru ixtisası üzrə təhsil alan tələbələrimiz bir çox sənətkarlıq uğurlarına imza atmış, nüfuzlu beynəlxalq kino festivallarında müxtəlif nominasiyalar üzrə mükafatlar almışlar. Təkcə elə son illərdə tələbələrimiz Beynəlxalq Berlin Kino Festivalında, “Kinotavr”da, Beynəlxalq Cənubi Qafqaz “Yol ayrıcında” Kino Festivalında iştirak etmiş və yüksək nəticələr göstərmişlər. Bu il aprel ayında Almatıda keçirilən Beynəlxalq “Bastau” festivalında universitetimizin iki təmsilçisi iştirak etmiş və mükafatlandırılmışdır. 20 illik uğurlarımızdan danışarkən toxunulması vacib olan başqa bir sahə rəssamlıqdır. Uzun illər boyu respublikamızda rəssamlıq üzrə ali təhsil verən yeganə müəssisə bizim universitet olmuşdur. Universitetimizdə rəssamlıq təhsilinin yarım əsrlik tarixi vardır. Vaxtilə burada Azərbaycanın böyük sənətkarları – xalq rəssamları Tahir Salahov, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Nadir Qasımov, Yusif Hüseynov, Rafiq Mehdiyev, görkəmli xalçaçı rəssam Lətif Kərimov dərs demişlər. 2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə ADMİU-nun Rəssamlıq fakültələrinin bazasında Rəssamlıq Akademiyasının yaradılması da bizim ali məktəbimizin uğurlarından sayılmalıdır. Hal hazırda Rəssamlıq fakültəsində xalq rəssamları Ağaəli İbrahimov, Xanlar Əhmədov, əməkdar incəsənət xadimləri Arif Əziz, Fəxriyyə Xələfova və başqaları çalışırlar. Fakültədə teatr, kino, televiziya, qrim, xalça rəssamı kimi maraqlı ixtisaslar yaradılmışdır. Hələ müstəqilliyimizin ilk dövrlərindən etibarən universitetimiz dövrün tələblərindən irəli gələn yeniliklər yoluna qədəm qoydu. Müasir ruhlu “Kulturologiya” fakültəsinin yaradılması bu yeniliklərin bariz təzahür formalarından biri idi. Belə bir fakültənin təşkil edilməsi zamanla ayaqlaşmaq demək idi. Yeni fakültədə yeni ixtisaslar şəbəkəsi də yaradıldı. Belə ixtisaslardan mədəniyyət meneceri, muzeyşünas, beynəlxalq mədəni əlaqələr və başqalarını göstərmək olar. Bu ixtisaslar müstəqillik yollarına qədəm qoymuş ölkəmizin vacib fəaliyyət sahələri ilə uzlaşan ixtisaslardır. Müstəqilliyimizin erkən mərhələsində yaradılmış muzeyşünaslıq və tarixi-memarlıq abidələrinin qorunması ixtisası da günümüzün reallıqlarından irəli gəlirdi. Dövlət müstəqilliyini elan etmiş respublikamız elə ilk günlərdən etibarən təkcə hərbi-siyasi deyil, həm də mənəvi təcavüzə məruz qalmışdı. Maddi mədəniyyət abidələrimiz, mədəni sərvətlərimiz bəzən özgənin adına çıxılır, ustalıqla dünyanın nəzərində özgələşdirilirdi. Belə bir şəraitdə mədəni tariximizə, abidələrimizə sahib çıxmaq, onları mənəvi təcavüzdən qorumaq, dünyaya öz adı ilə tanıtmaq müstəqil dövlətimizin mədəni siyasətinin əsas məsələlərindən birinə çevrildi. Universitetimizin müstəqillik dönəmində gerçəkləşdirdiyi başqa bir mühüm ixtisas beynəlxalq mədəni əlaqələr adlanır. Bu ixtisasın beynəlxalq miqyasda əhəmiyyəti elə adından bəlli olur. Axı müasirləşən, yeniləşən Azərbaycan sürətlə dünya birliyinə inteqrasiya etməkdədir.

Ulu öndərimiz nahaq yerə demirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün ulu öndərimizin vaxtilə söylədiyi bu dahiyanə fikir tam gerçəkliyi ilə reallaşmışdır. Həm də bu reallıq gündən-günə inkişaf edir, genişlənir. Azərbaycanın dünya birliyi ilə əlaqələri çoxplanlı müstəvidə gerçəkləşdirilir. Əlbəttə, əlaqələrimizin mühüm bir səhifəsini mədəniyyət amili təşkil edir. Azərbaycanımızın qədim mədəniyyət ocağı olması artıq dünyada maraq doğurur. Bu reallığın dünya birliyinin diqqətinə çatdırılmasında mədəni ənənələrimizi və xarici dilləri yaxşı bilən mütəxəssislərə böyük ehtiyac vardır. Beynəlxalq mədəni əlaqələr ixtisası məhz belə mütəxəssislər yetişdirmək, mədəniyyətimizi beynəlxalq miqyasda təbliğ etmək, onu hüquqi baxımdan qorumaq məqsədi ilə yaradılmışdır. Mədəniyyət, siyasət və diplomatik missiya qovşağında qərarlaşan bu ixtisasın perspektivli olması və dövlətçiliyimizə mədəni siyasət sahəsində xeyir gətirəcəyi şübhəsizdir. ADMİU-dakı digər nəzəri ixtisaslar da ciddi maraq doğurur. Müstəqillik illərində bizdə nəzəri ixtisasların da əhatəli şəbəkəsi yaradılmışdır. Teatrşünas, sənətşünas kimi “veteran” ixtisaslarla yanaşı, universitetdə müstəqillik illərində yaradılmış ədəbi iş və ekran dramaturgiyası, kinoşünas, kino tənqidçisi, nəşriyyat və poliqrafiya işçisi kimi ixtisaslar da tədris olunur. Onların yaradılması mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, Azərbaycanın dünyaya inteqrasiya etməsi prosesi üçün çox önəmlidir. Bu ixtisaslarla bağlı fənlərin tədrisi üçün respublikamızın tanınmış alimləri ADMİU-ya dəvət olunmuşdur. Sənətşünaslıq doktorları, professorlar Aqşin Babayev, İsrafil İsrafilov, Məryəm Əlizadə, İlham Rəhimli, Nizaməddin Şəmsizadə, Aydın Dadaşov, xalq artisti Həmidə Ömərova, populyar kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayev, tanınmış dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirli və başqaları nəzəri ixtisaslar üzrə dərs deyirlər. Xatırlatmaq istədiyim başqa bir ixtisas özündə nəzəri və praktik cəhətləri ehtiva edən kitabşünaslıq ixtisasıdır. Bu ixtisas da yeni olub dövrün tələblərindən ərsəyə gəlmişdir. Çünki müstəqillik illərində respublikamızda kitab çapı da sürətlə inkişaf edir. Görün bu gün Azərbaycanda nə qədər nəşriyyat, mətbəə, mətbuat evi, poliqrafiya mərkəzi fəaliyyət göstərir! Hazırladığımız kadrlar məhz həmin sahələrə yönəldilir, mədəniyyətin bir qolu olan nəşriyyat-poliqrafiya sahəsində çalışırlar. Əlbəttə, bunun üçün onlardan peşəkar bilik, əhatəli dünyagörüşü tələb olunur. Bu məqsədlə universitetə ən layiqli, tanınmış mütəxəssisləri, pedaqoqları cəlb edirik. Yuxarıda söylənilənlər bir daha sübut edir ki, bir çox digər müəssisə və təşkilatlar kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də müstəqilliyimizin 20 illiyinə əliboş qədəm qoymayıbdır.

 Ötüb keçən illər ərzində biz bir çox nailiyyətlərə imza atmışıq. Azərbaycanın müstəqilliyi universitetimizin də inkişafına, beynəlxalq aləmdə tanınmasına təkan vermişdir. Biz bu imkandan istifadə edərək Azərbaycan mədəniyyətinin dünyada tanınmasına çalışırıq. Universitetimiz bundan sonra da müstəqilliyimizin bizim üçün açmış olduğu geniş yaradıcılıq imkanlarından bəhrələnəcəkdir. Zəngin tarixi ənənələrə malik olan ADMİU hazırda öz 90 illik yubileyi ərəfəsindədir. Universitetimizin yubileyinin bu vaxta qədər qeyd olunmadığını nəzərə alan kollektivimiz bu işə ciddi hazırlaşır. Avropa İncəsənət Universitetləri Liqasının (ELİA) üzvü olan universitetimizin geniş beynəlxalq əlaqələri imkan verir ki, yubiley çərçivəsində beynəlxalq teatr festivalları və elmi-nəzəri konfranslar keçirək. Ümid edirik ki, bu tədbirlərin keçirilməsi və maddi-texniki bazamızın möhkəmləndirilməsi üçün dövlət səviyyəsində universitetimizə böyük qayğı göstəriləcəkdir.

 

 

Timuçin Əfəndiyev,

Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universitetinin rektoru,

Professor

 

525-ci qəzet.- 2011.- 18 oktyabr.- S.5.