Vətəndaşları ilə öyünən Azərbaycan, adın mübarək!

 

O kəs xoşbəxtdir ki, müstəqil məmləkət deyilən bir diyarda Vətənin hər daşını sevə-sevə, hər qarışını gəzə-gəzə yaşayır. Və o kəs qürurlana bilər ki, Vətənin hər daşını sevə-sevə məmləkətinin vətəndaşına çevrilir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan adlı məmləkətin insanları alnıaçıq, heç bir tərəddüd etmədən bu ölkənin vətəndaşı olmaqla qürur duya bilər. Əslində, fikirləşəndə ki, müstəqil Azərbaycan adlı vətəndaş 20 yaşını qeyd edir, bir anlıq düşünürsən ki, bu vətəndaş ötən illər ərzində nələrə nail olub, hansı uğurlara imza atıb, nələri süzgəcdən keçirib, sonunda özü süzgəcdən keçib, dostunu, düşmənini ayıra bilibmi? Ötən günlərə nəzər yetirəndə, heç şübhəsiz, ilk andaca Azərbaycan dövlətinin vətəndaşının bələkdə ikən öz qonşusunun xəyanəti ilə üzləşdiyinin şahidi olursan. Gözünü açıb dünyaya öz düşüncəsi ilə baxmaq istərkən arxadan zərbə aldı. Ancaq, şükürlər olsun ki, sınmadı, əyilmədi, əlində vətən daşı, yaba mübarizə apararaq tankların lüləsinə sinə gərdi. Elə ilk müasir Azərbaycan vətəndaşı bədxah qonşulardan xəyanət görərkən, qanlı 20 Yanvar gecəsində azadlıq eşqi ilə alışıb yananda formalaşdı. O gündən müstəqil Azərbaycan dövlətinin vətəndaşları dünyaya göz açdılar. Müstəqilliyimizi 1991-ci ilin oktyabrında qazansaq da, məhz həmin gün – 1990-cı ilin qanlı 20 yanvar gecəsində Azərbaycan öz müstəqil vətəndaşları ilə öyündü. Şəhid verdik, ancaq “şəhid qanı ilə qurulan ölkənin bünövrəsi möhkəm olur” deyənlər yanılmırlar. Müstəqilliyini bərpa edən Azərbaycanın bünövrəsi elə qurulub, ölkənin inkişafı üçün elə strateji seçim olub ki, ildən-ilə böyüdükcə Avropaya inteqrasiya edir, regionun aparıcı dövlətinə çevrilir, güclü iqtisadi baza yaradır. Bunun nəticəsidir ki, Azərbaycan Avropa ailəsinin içindədir, artıq öz siyasi, iqtisadi iradəsini ortalığa qoya bilib. Ölkənin böyüklüyündən, balacalığından, hegemonluğundan çəkinməyərək, vətəndaşlarına, milli maraqlarına zərrə qədər xələl gələcəyi halda öz iradəsini nümayiş etdirmək iqtidarındadır. Buna səbəb isə Azərbaycan dövlətinin 1993-cü ildən başlayaraq düzgün strategiyanı seçməsi oldu. Siyasi, iqtisadi və sosial islahatlar paralel aparıldı. Müstəqilliyin ilk illərində – 1991-1993-cü illər ərəfəsində yaranan xaos vəziyyət ölkənin müstəqilliyini şübhə altına almışdı. Xalqın təkidi və tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin seçdiyi yol, apardığı islahatlar bu gün Azərbaycana müstəqil siyasət aparmaq, öz iradəsini ortaya qoymaq kimi üstünlüklər verib. Məhz bunu 20 yaşlı Azərbaycanın, onun vətəndaşının əsas uğurlarından biri saymaq olar. İndi Azərbaycanın azadlığı, gələcəyi öz vətəndaşlarının əlindədir. Ölkədə yaradılan əlverişli investisiya mühiti, möhkəm hüquqi baza Azərbaycanı tərəqqiyə aparan amillərdən biridir. Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri elə seçildi ki, bu gün ölkəmizin xarici asılılığı yoxdur. Daxildə ideologiya elə formalaşdırıldı ki, hər bir vətəndaş Azərbaycan adlı məmləkətini sevir, onu qoruyur. Bu siyasət Azərbaycan dövlətçiliyini möhkəmlədib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilib. Bu ideologiyanın balanslılığı elə seçilib ki, həm türkçülük, həm müasirlik, həm də islam var. Hər üçünü içində formalaşdıran Azərbaycan vətəndaşı islam ölkələri üçün əlverişli model yaradıb. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır.

 Azərbaycanın seçdiyi ideoloji model milli birliyin qorunmasına yönəlib. Azərbaycanda formalaşan ideologiyada zora yer yoxdur, xalqa zorla özünə hörmət etdirmək yoxdur. Buna görə , bu ideologiyanın əsası xalqın ləyaqətini uca tutmaqdır. Bu ideologiyanın mövcudluğu Azərbaycanda insanların şəxsiyyət kimi formalaşmasına, vətəndaş mövqeyindən çıxış etməyə birbaşa təsir edib. Düzdür, bizim bu gün hələ həllini gözləyən ən ağrılı yerimizDağlıq Qarabağ yarası var. Bu yaramız çox iliklərə yeriyib. Təəssüflər olsun ki, beynəlxalq aləmin ikili siyasəti, hegemon dövlətlərin Azərbaycanın bu problemin həll ediləcəyi təqdirdə daha qüdrətli olacağı qorxusu münaqişənin ədalətli, beynəlxalq hüquq prinsiplər çərçivəsində həllini yubadır. Ancaq bədxahlarımız, onları himayə edənlər anlamalıdırlar ki, tarix boyu döyüşlərdə, mübarizələrdə formalaşan azəri türkünü bu cür işlərlə sındırmaq qeyri-mümkündür. Buna Azərbaycan dövləti, onun başında duran Prezidenti, vətəndaşları yol verməyəcəklər. Biz bu gün problemin həlli üçün sivil yollar axtarırıq, ancaq o da tükənəndə, sözsüz ki, illər boyugəlin münaqişəni sülh yolu ilə həll edəkdeyən Azərbaycan sonunda öz hüququnu, tapdalanmış haqqını başqa vasitələrlə bərpa edəcək.

 Mən böyük fəxrlə deyə bilərəm ki, Azərbaycanın əldə etdiyi, qazandığı ən böyük sərvəti onun vətəndaşıdır. 70-il əsarətdə yaşayan Azərbaycanın qısa müddətdə, sözün əsl mənasında, vətəndaşları bol olan ölkəyə çevrilməsi hər dövlətə və millətə qismət olmur. Bu, bir daha onu göstərir ki, bizim çox böyük tarixi, dini, milli ənənələrimiz olub. Zatımız pak olub, vətənpərvər olub. Vətəndaşı bol olan dövlət heç zaman basılmaz, əyilməz. Nə gözəl ki, sən varsan, AZƏRBAYCAN, nə gözəl ki, sən varsan, AZƏRBAYCAN VƏTƏNDAŞI! Vətəndaşları ilə öyünən Azərbaycan, adın və ad günün mübarək!

 

 

Emil HÜSEYNLİ,

Trend”in Azərbaycan

redaksiyasının rəhbəri

 

525-ci qəzet.- 2011.- 18 oktyabr.- S.6.