Yaşar Nurinin 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunub

 

Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Yaşar Nurinin 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. APA-nın məlumatına görə, teatrın foyesində yubilyarın həyat və yaradıcılığından bəhs edən fotosərgi nümayiş etdirilib. Yubiley tədbirində Yaşar Nuri özü səhnədə əyləşib. Aktyor onun üçün hazırlanmış yubiley tədbirini səhnədən izləyib. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarın Azərbaycan teatr və kinosunun inkişafı yönündəki addımlarından, təbliği istiqamətində gördüyü əvəzsiz işlərdən danışıb. Yaşar Nurinin həm kino sahəsində, həm də teatr səhnəsində yaratdığı bir-birindən bənzərsiz obrazlardan söz açan nazir vurğulayıb ki, o, daim istedadı, zəhməti ilə böyük tamaşaçı alqışı qazanıb. Nazir bu xoşbəxtliyin hər sənətkara nəsib olmadığını da qeyd edib. Daha sonra Ə. Qarayev Yaşar Nuriyə dövlət başçısı İlham Əliyevin xüsusi sərəncamı ilə 60 illik yubiley ərəfəsində layiq görülən “Şöhrət” ordenini təqdim edib. Tədbirdə Y. Nurinin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib. Yubiley mərasimində çıxış edənlər Y. Nurinin bənzərsiz bir sənətkar olmasından, onun hələ gənclik illərindən başlayaraq qazandığı uğurlardan söz açıblar. Mərasimdə eləcə də Yaşar Nurinin oynadığı tamaşalardan fraqmentlər göstərilib.

 

 

525-ci qəzet.- 2011.- 18 oktyabr.- S.7.