Həsən Əblucun xatirəsinə həsr olunan bədii qiraət müsabiqəsi başlayıb

 

Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) bədii qiraət ustası, tanınmış aktyor-rejissor Həsən Əblucun xatirəsinə həsr olunmuş “Hər şeydən yüksəkdir sözün məqamı” adlı bədii qiraət müsabiqəsinə start verilib.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət giriş sözü ilə çıxış edərək müsabiqənin keçirilmə zərurətlərini dilə gətirib: “Müsabiqənin həyata keçirilməsində əsas məqsəd gənclər arasında bədii qiraətə olan marağı artırmaq, onların yaradıcılıq potensialını genişləndirmək, yeni istedadları üzə çıxarmaqdır. Eyni zamanda milli mədəniyyət aləmində gedən yaradıcılıq proseslərini fəallaşdırmaq, gəncləri yeni yaradıcılıq axtarışlarına sövq etmək, yüksək peşəkar səviyyəli bədii qiraət nümunələrini ortaya çıxarmaqdır. Bildiyiniz kimi Azərbaycan teatr sənətində qiraət önəmli yer tutur. Bu sahədə xüsusi istedadı ilə seçilən sənətkarımız Həsən Əblucun xatirəsinə həsr olunmuş müsabiqə bədii qiraət sənətini yaşatmaq xarakteri daşıyır”.

ATXİ rəhbəri çıxışında müsabiqə haqqında məlumat verərək əlavə edib ki, müsabiqə iştirakçıları şeir, qəzəl söyləyəcəklər: “ İştirakçılar arasında yaş məhdudiyyəti qoyulmayıb. Bu müsabiqəyə gənclər də, yaşlı aktyorlarımız da qoşula bilərlər. İştirakçıların arasından qalibləri müəyyənləşdirmək üçün münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin sədri Xalq Artisti Əminə Yusifqızıdır”.

Daha sonra respublikamızda fəaliyyət göstərən müxtəlif teatrlardan müsabiqəyə qoşulan 30 iştirakçı arasında püşkatma mərasimi gerçəkləşib.

Qeyd edək ki, oktyabrın 18-də bədii qiraət müsabiqəsi yekunlaşacaq və qaliblərin mükafatlandırılması mərasimi həyata keçiriləcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 19 oktyabr.- S.7.