“Azərbaycan reallıqlarının çatdırılmasında, mədəniyyətinin təbliğində bundan sonra da əlimizdən gələni edəcəyik”

 

Samir Musayev: “TƏLƏBƏLƏRIMIZ KÖNÜLLÜ SURƏTDƏ BİR ARAYA GƏLDİKLƏRİ ÜÇÜN BU SAHƏDƏ FƏALİYYƏTİMİZ UĞURLUDUR VƏ NƏTİCƏLƏR DƏ BİZİ, DOSTLARIMIZI SEVİNDİRİR”

 

Son günlər Litvada Azərbaycan diasporu aktiv fəaliyyəti ilə diqqəti cəlb edir. Bu işdə Litvada təhsil alan azərbaycanlı tələbələrin də xüsusi rolu var. Müsahibimiz Litvadakı azərbaycanlı tələbələrin təşəbbüs qrupunun rəhbəri, “Odlar Yurdu” təşkilatının Litva üzrə nümayəndəsi, hazırda bu ölkənin Kaunas şəhərində yerləşən Vitautas Maqnus Universitetinin “Siyasi elmlər və diplomatiya” ixtisası üzrə magistratura pilləsində təhsil alan  Samir Musayevdir.

Azərbaycanın Avropada, xüsusən Litvada tanıdılması, mədəniyyətimizin təbliği istiqamətində hansı layihələr həyata keçirirsiniz?

–İndiyə qədər keçirdiyimiz tədbirlər, layihələr uğurla nəticələnib və buna bir vətəndaş kimi çox sevinirəm. İlk tədbirimiz cari ildə, fevral ayının 6-da “Azərbaycan Mədəniyyət Gecəsi” adlı tədbir oldu. 60 nəfərdən çox yerli və xarici tələbənin qatıldığı tədbir izləyicilər arasında böyük marağa səbəb oldu. Himnimizin səslənməsi ilə başlanan tədbir tariximizi, mədəniyyətimizi, mətbəximizi özündə əks etdirən çıxış və videoçarxlarla izləyicilərin nəzərinə çatdırıldı. Sonda azəri tələbələrinin milli rəqsi, həmçinin, hazırladıqları milli yeməklərimiz xarici tələbələri sözün əsl mənasında heyrətə gətirmişdi. Sonrakı işimiz elə həmin ayda 19-cu ildönümünü andığımız, Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirdiyimiz tədbir idi. Yüz nəfərə yaxın yerli və xarici tələbənin, o cümlədən təhsil aldığımız universitetin (Vytautas Maqnus Universiteti) müəllim heyətinin qatıldığı tədbir 1 saat 30 dəqiqə davam etdi. Tədbirin girişi üçün himnimiz səsləndikdən sonra Azərbaycan tarixinə həsr olunmuş qısaca çıxış və videoçarx nümayiş etdirildi. Tədbirin əsas hissəsində Xocalı soyqırımı ilə bağlı çıxış və qısametrajlı film səsləndi. Hətta, effektli nəticə əldə etmək üçün Azərbaycanın Litvadakı səfirliyi və “Odlar Yurdu Təşkilatının” dəstəyi ilə ingilis və Litva dillərində hazırlanan bukletlər yüksək tirajda çap edildi və tələbələr arasında paylandı. Sonda insanlar informasiya ilə təmin edildikdən sonra həqiqətən, bu hadisələrin ermənilər tərəfindən törədilməsini öz imzaları ilə təsdiq etdilər. Tədbirlərimizdən biri də sevinclə qeyd etdiyimiz Novruz bayramı idi. 120 nəfərdən çox yerli və xarici tələbənin, o cümlədən professor heyətinin iştirak etdiyi tədbir Novruz adətlərinə həsr olunmuş videoçarxla başladı. Gələn qonaqları salamladıqdan sonra tələbələrimiz xarici tələbələr arasında adətə uyğun olaraq oyunlar təşkil etdi və qaliblərə hədiyyələr təqdim olundu. Sonra tələbə xanımlarımızın hazırladığı milli xörəklər, şəkərbura, paxlava və qoğal qonaqlarımızı sözün əsl mənasında heyrətə gətirdi. Tədbirimiz tonqal ətrafında adətlərimizin nümayişi ilə davam etdirildi. O cümlədən, tələbələrimizin milli rəqsləri qonaqların yüksək diqqətinə səbəb oldu.

Kunasda beynəlxalq tələbə təşkilatının təşkil etdiyi, məqsədi ölkələrin təqdimatına yönəlmiş və 15-ə yaxın ölkənin iştirak etdiyi “Global Village” proyektində uğurla iştirak etdik. Ölkəmizi təqdim edərkən, “Sarı gəlin” mahnısını, milli rəqsimizi təqdim edərək yeganə düşmənimiz olan ermənilərin bizə necə paxıllıq hissi ilə baxdıqlarının şahidi oldum. Bu zaman, həqiqətən, azərbaycanlı olduğum üçün bir daha qürur hissi keçirdim. Ölkəmizi layiqincə təmsil etdikləri üçün və xalqımız, dövlətimiz üçün əhəmiyyətli olan tədbirləri təşkil etməkdə bir araya gəldikləri üçün Kaunasda təhsil alan azərbaycanlı tələbələrə öz dərin minnətdarlığımı bildirirəm.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 19 oktyabr.- S.4.