Günəş qədər yaxın

 

(HEKAYƏ)

 

Onunla keçən yay Parisdə tanış olduq. Allahın qurduğu planlar bizi eyni otelə gətirib çıxarmışdı. Tomas Şotlandiyadan idi. Parisə dostları ilə gəlmişdi. Ona ilk baxışda vuruldum. Amma bunu günlərlə bildirmədim. Qorxurdum. Qorxurdum ki, məni ələ salıb dolayar. Mənim kimi çirkin bir qızın nə həddinə onu sevmək?! Tomas çox yaraşıqlı, ucaboy, sarışın, mavigözlü bir oğlan idi. Güləndə üzündə körpə qədər səmimi bir ifadə yaranırdı və bu, onu daha da cazibədar göstərirdi. Mən isə balaca, dolu bədənli, üzü çilli, eynəkli, qorxaq bir qız.. Amma çox keçmədi ki, o da mənə vurulduğunu etiraf etdi. Necə sevindiyimi təsəvvür edə bilməzsiniz! Aşiqlər şəhəri Paris mənə sevgilimi hədiyyə etmişdi. Tomas sanki Allahın mənə təsəllisi idi. Uşaqlıqdan bəri məni tənhalıqla sınağa çəkdiyi üçün indi elə bil Tomasla bunun əvəzini verirdi.

Bakıya Tomasla qayıtdım. Onu valideynlərimlə tanış etdim. Onlar şoka düşdülər. Bilirdim ki, əcnəbi oğlanla münasibətimi sakit qarşılamayacaqlar, amma düzü, bu qədər də gözləmirdim. Mənim isə heç kim vecimə deyildi! Tomas mənim üçün Vətənini atıb gəlmişdi. Mən, yeri gəlsə, onun uğrunda valideynlərimdən də keçməyə hazır idim!

Beləcə, Tomas bizimlə birgə yaşamağa başladı. Həyatımın ən xoşbəxt günləriydi. O məni sevən, dəyər verən yeganə şəxs idi. Tomas deyirdi: “Gözlərində sonsuz ümid var. Uzaqdan kimsəsiz adaya bənzəyirsən, amma yaxınlaşdıqca anlayıram ki, sən kəşf edilməyə can atan xəzinəsən..” Hər dəfə o mənə xoş sözlər deyəndə ağlayırdım. Qulaqlarım belə sözlərə öyrəşməmişdi.

Onunla tanış olanda məktəbi yenicə bitirmişdim. Məktəb qurtarandan sonra heç bir sinif yoldaşımla əlaqə saxlamadım. Elə onlar da məni yada salmadılar. Təəccüblü deyil, bu, sadəcə aksiomdur. Məktəb həyatı bitəndən sonra sinifdəki şişman, eynəkli, utancaq qızlar heç kəsin yadına düşmürlər.

Qabaq dişlərim iri olduğuna görə həmişə ağzım açıq qalırdı. Bu əclaf dişlər onsuz da “göz qamaşdıran” görünüşümü daha da bərbad hala salırdı. Mənə “dovşandiş”, ya da “dördgöz” deyirdilər. Tomas mənim gözlərimi və eynəyimi bəyənən yeganə şəxs idi: “Gözlərin mavi səmadır. Eynəyin isə səmanı örtən buludlar. Mən isə səmanı elə buludlu halı ilə də sevirəm..”

Tomasa qədər heç bir oğlan məni bəyənməyib. Oğlanlardan ötrü mən lağa qoymaq, dolamaq üçün daimi bir obyekt idim, vəssalam. Mənimlə pis davrandıqlarına görə sinif yoldaşlarıma nifrət edirdim. Tomas isə deyirdi: “Sevilmək istəyirsənsə, gərək əvvəlcə sevməyi bacarasan. Mənim üçün insanlar 2 qrupa bölünürlər: 1) Sevdiklərim, 2) Daha çox sevdiklərim”.

Xoşbəxtliyimizə doğmalarım kölgə salırdılar. Valideynlərim Tomasla münasibətimizə narazı idilər. Onları başa düşmürdüm. Onlar görmürdülər ki, mən necə xoşbəxtəm? Həyatımda ilk dəfə xoşbəxt idim! Tomas mənim xoşbəxtliyim idi və guya məni sevən ata-anam nədənsə bu xoşbəxtliyimi əlimdən almaq istəyirdilər. Nəhayət, bunun mümkün olmadığını anladılar və çıxıb getdilər. Tomasla ikimiz qaldıq. Artıq o mənim hər şeyim idi. Həm atam, həm anam, həm dostum, həm də sevgilim.

Valideynlərimin yoxluğuna bir müddət alışa bilmədim. Onların uzaqda olmağını qəbul edə bilmirdim. Tomas isə deyirdi ki: “Sənə Günəş qədər yaxın olanları sev!”. Mən təəccüblənirdim:

– Necə yəni? Günəş yaxındadır ki?

O, məlahətli səsi və mehriban təbəssümü ilə cavab verirdi:

– Əsl yaxın olan toxuna bildiyin deyil, hiss edə bildiyindir. Biz Günəşin hərarətini, istisini həmişə duyuruq. Amma bəzən yanımızda olan hansısa şəxsin varlığını belə hiss eləmirik. Səncə, hansı daha yaxındır?

– Hiss edə bildiyimiz.. Günəş!

–Elə isə, sənə Günəş qədər yaxın olanları sev!

Toması sevirdim. Mənə günəş qədər yaxın olduğu üçün. O, məhəllədəki uşaqlar kimi arxamca “gombul”, “dovşandiş” deyə qışqırmır, anam kimi məni pəhriz saxlamağa məcbur eləmirdi. Məni olduğum kimi sevirdi. Aramızda olan dil, din kimi fərqlərə də əhəmiyyət vermirdi. Əvvəlcə ancaq ingilis dilində danışırdıq. Sonradan mən ona öz dilimizi də öyrətdim və hər 2 dildə danışmağa başladıq. Din mövzusunda isə onun fərqli fikirləri vardı. Tomas deyirdi: “Mənim üçün ən mükəmməl din öz vicdanımdır. Mən hərəkətlərimi heç bir kitabın və ya peyğəmbərin dediklərinə görə tənzimləmirəm. Nə etməli olduğumu mənə vicdanım deyir. Nə vaxt səhvə yol versəm, vicdanım həyəcan siqnalı verir və dayanıram. Allahla aramdakı yeganə vasitəçi odur”.

Tomasa heyran qalmışdım! Mən pis adamlar haqqında danışanda o deyirdi: “Dünyada pis insan yoxdur. Pis əməl var, pis şərait var”.

Mən soruşurdum:

– Bəs qatillər, fahişələr, oğrular – onlar da pis adam deyillər?

– Onlar pis deyillər, sadəcə yazıqdırlar. İnsanların bütün əməllərinin təməlində sevilmək istəyi durur. Oğru ona görə oğurluq edir ki, pul qazansın, yaxşı yaşasın, tanınsın, hörmət qazansın və nəhayət, sevilsin. Digərləri də sevgi uğrunda edirlər bütün pislikləri. Niyyət yaxşı olsa da, nəticə fəlakət ola bilər. Deməli, niyyət əmələ cavabdeh deyil.

Beləcə, mən insanları qınamamağı öyrəndim. Tomas deyirdi: “Ətrafında pis insanların olmamağını istəyirsənsə, onları sev! Onda pis əməllərdən çəkinəcəklər. İnsanları ancaq sevgi ilə doğru yola çəkmək olar!” Sevgilim məni içimdəki nifrət adlı çirkabdan xilas etdi.

Biz bir yerdə gəzəndə hamı bizə baxırdı. Yəqin ki onlar belə yaraşıqlı bir oğlanın niyə məni seçdiyini başa düşmürdülər. Amma heç kimin fikri vecimə deyildi. Tomas deyirdi: “Ətrafdakıların fikrinə verilən hədsiz önəm insan üçün ən dəhşətli zindandır. Başqalarının nə deyəcəyini düşünərək arzularını, hisslərini məhdudlaşdıran insan heç vaxt xoşbəxt ola bilməz”.

Mən xoşbəxtliyi Tomasda tapmışdım! Məndən soruşsalar ki, xoşbəxtlik nədir, tərəddüd etmədən “Tomas!” deyərdim. O isə deyirdi: “Xoşbəxtlik anlardan ibarətdir. Qalan vaxt ərzində isə insanlar həmin anların xatirələri ilə qidalanırlar”.

Tomas mənə qorxularıma necə qalib gəlməli olduğumu öyrətdi. Bunun üçün onun uşaqlığından bir neçə epizodu dinləmək mənə bəs elədi: “Uşaq vaxtı qaranlıqdan çox qorxurdum. Qaranlıq otağa girə, tək yata bilmirdim. Ancaq bir gün özümə dedim ki, necə var bu qorxunu atmalıyam! Həmin gecə səhərə kimi qaranlıq bir otaqda tək oturdum. Bundan sonra isə daha heç vaxt qaranlıqdan qorxmadım”.

Qorxularım və komplekslərim azaldıqca özünəinamım artmağa başlayırdı. Əvvəllər ancaq tünd rənglərdə, nəzərə çarpmayan paltarlar geyinirdimsə, artıq daha rəngli və cəsarətli geyinməyə çalışırdım. Əvvəllər saçlarımı açıq qoymağa belə utanırdım. Tomas isə saçlarımı çox sevirdi. O, mənim kürən saçlarımı günəşin şüalarına bənzədir və mənə “My Sun” – “Mənim Günəşim” deyirdi. Biz doğrudan da, bir-birimizin Günəşi idik. Günəş qədər hərarətli idi sevgimiz. Günəş qədər yaxın idik.

Tomas mənə ilk öpüşümü verdi. Bu, həyatımın ən xoşbəxt anı idi. İlk dəfə onda anladım ki, sevgidə yaxınlıq önəmlidir. Sanki biz öpüşəndə bütün dünya sükuta qərq oldu bir anlıq. Hər kəs nəfəsini tutdu, gözlərini yumdu və bu anı bizə hədiyyə elədi.

Tomas.. Tomas.. Onun haqqında günlərlə dayanmadan danışa bilərəm. O mənim ruhumun nazını çəkirdi. Bəzən heç danışmaz, saatlarla bir-birimizin gözlərinə baxardıq. Hər dəfə o gözlərdə biraz da dərinə enir, onu yenidən kəşf edirdim. Onun gözləri heç vaxt köhnəlmirdi. Tomas deyirdi: “İnsanları tanımaq üçün onların gözlərinin içinə baxmaq lazımdır. Gözlər daxildəkini zahirə ötürən xəbərçilərdir”.

Artıq uzun müddət idi ki, bir yerdə yaşayırdıq. Bəzən israr edirdim ki, vətəninə qayıtsın. Mənə görə burda qalmasın. O isə deyirdi: “Vətən insanın doğulduğu yer yox, olmaq istədiyi yerdir. Mən bugün sənin yanında olmaq istəyirəmsə, deməli, sənin olduğun hər yer mənim vətənimdir. Məkanlar mənim üçün daşıdığı xatirələrə görə ümumidən xüsusiyə çevrilir”. Mülayim xarakteri və səbri ilə Tomas məni özünə hər gün yenidən aşiq edirdi. O özünə qarşı olan kobudluqları, haqsız davranışları vecinə almayıb deyirdi: “Utandırmaq ən böyük cəzadır”. İroniyanı isə “yazıqlıq” adlandırır və bunun altında tənhalığın, cahilliyin, ya da məğlubiyyət qorxusunun gizləndiyini düşünürdü.

Valideynlərim tez-tez yanıma gəlirdilər. Hər dəfə mənə təzyiq edir, Toması yaddan çıxarmalı olduğumu deyirdilər. “Tomas getdi, o, yoxdur. Yaddan çıxart onu!” – deyərək mənə bir dilim xoşbəxtliyi çox görürdü atamla anam. Mən onlara gülürdüm. “İnkar edənlər inandırılmaq istəyənlərdir” – deyərdi Tomas. “İnkar edən şəxs hələ axtardığını tapmayıb, yenicə axtarışa çıxıb. Deməli, nəticə təsdiq də ola bilər.”

Günəşin doğuşunu seyr edirdik onunla hər səhər. Bu ən sevdiyim mənzərə idi. Yanımdakı Günəşimlə səmadakı Günəşin görünməsinə tamaşa edirdik. Əvvəlcə gözlərini ovuşdurur, sonra yavaş-yavaş yuxudan oyanır və nəhayət, bütün gücü ilə gülümsəyirdi Günəş. Bu mənzərə hər səhər məni kövrəldirdi. Çünki Günəşin əslində nə qədər yaxın olduğunu anlayandan sonra xoşbəxt olmuşdum mən. Tomas mənim sığınacağım idi. Günəşim, istiliyim, hərarətim idi. Sehrim idi. Güzgüm idi. Sanki bütün səhvlərim bu güzgüyə dəyib doğruya çevrilir və özümə qayıdırdı.

O, bütün həyatımı dəyişdirmişdi. Mənim ali təhsilim yoxdur. Əslində oxumaq fikrim vardı, amma məktəbi bitirən kimi Tomasla tanış oldum və oxumağa fürsət qalmadı. Tomas isə buna əhəmiyyət vermirdi: “Sən təhsil aldığın universitet, geyindiyin paltarlar, oxuduğun kitablar, izlədiyin filmlər deyilsən. Sən ətrafdakıların sənin haqqında dediyi fikirlər deyilsən. Sən insansan. Sonsuz sevgi mənbəyisən. Hər insan ətrafında kiməsə sevgi bəxş edir. Beləcə, hər kəs özündə müəyyən sevgi ehtiva edir. Onu paylamaqla çoxalda bilərik. Çünki sevmək insanı gücləndirir”.

Əvvəllər özümü dəyərsiz hesab edirdim. Axı heç vaxt diqqət çəkməmişəm. Mənə əhəmiyyət verməyiblər. Gözəgörünməz idim sanki. Fikirlərim soruşulmur, qərarlarım nəzərə alınmır, hisslərimə hörmət edilmirdi. Bir sözlə, heç kimə lazım deyildim. Tomas məni bu fikirdən daşındırdı: “Sən dəyərlisən! O qədər dəyərlisən ki, Allah səni yaradıb. O qədər dəyərlisən ki, Günəş sənə öz şüalarını göndərir. O qədər dəyərlisən ki, kainatda sənin üçün oksigen ayrılıb və sən nəfəs ala bilirsən”. Mən soruşdum:

– Onda mən öləndə dəyərsiz olacağam?

– Qızıl təbiətdəki ilkin halını dəyişib hansısa zinət əşyasına çevriləndə dəyərini itirmir, əksinə əlavə dəyər qazanır.

– Nəyə görə?

– Çünki konkretləşir. Bəlli bir məqsədi olur. Niyə yaradıldığını tapır. Artıq o, torpağın altında itib batmış bir metal parçası deyil, konkret məqsədi var, məsələn, bilərzik olmaq!

Tomasa inanırdım. Mən dəyərli idim. Ən çox ona görə dəyərli idim ki, Tomas məni sevirdi! Sevgi! Bu necə bir hissdirsə, həyatıma daxil olan kimi hər şey birdən-birə dəyişdi. Bu hiss həyatımda hakim qüvvəyə çevrildi. Əvvəllər inanmırdım. Elə bilirdim ki, şirin sözlərin yaratdığı ruh yüksəkliyi, doğma əllərin insanı qoruyan istiliyi, ilk öpüş həyəcanı ancaq kinolarda olur. İndi isə bütün bunları yaşayırdım və özümü Hollywood ulduzları kimi hiss edirdim. Sevgi bütün dünyanı özününkü bilməkdir. Xoşbəxtlikdir. Xoşbəxt olanda Günəşi də özününkü bilir insan!

Tomas deyirdi: “Sevgi ikinci bir şəxsin dünyasında var olmaq istəyidir. Öz varlığının başqası tərəfindən qəbul edilməsi ehtiyacıdır. Deməli, istənilən halda sevgi təmənnalıdır”.

Tomas haqlıydı. Axı hər insanın ona ehtiyacı olmayan birinə ehtiyacı var. Amma heç kimə ehtiyacı olmayan insan yoxdur. Mən onu itirməkdən dəlicəsinə qorxurdum. O mənim idealım, qəhrəmanım idi. Amma o özü bu qorxunu yersiz sayırdı: “Hər bir cümlənin labüd sonu var – nöqtə. Cümlə quran şəxs bunu dərk etməlidir”. Belə bir ingilis atalar sözü var: “Həyat pozandan istifadə etmədən şəkil çəkmək sənətidir”. Hərəmiz ömrümüzü fərqli çəkirik. Bəzən ortaya çıxan şəkil qorxunc, bəzən isə gözəl olur. Mən qorxmadan öz şəklimi çəkirdim. Bilirdim ki, heç vaxt pis alına bilməz. Çünki mən sevirdim. Tomas – o cavabsız bir tapmacaydı. Səhifələri tükənməyən kitabdı. Heç kimi öz sularında boğmayan ümmandı. Qaranlıqda görünən kiçik bir parıltıydı. Məni işıqlı dünyaya gətirib çıxaran parıltı. O, öz işığı ilə mənim qaranlıq dünyama şəfəq saçan Günəşdi.

Amma təəssüf ki, bizim nağılımızda xoşbəxt sonluq olmadı. Göydən üç alma düşmədi. Bir səhər tək oyandım. Evin içində fırlanmağa başladım. Gözüm güzgüyə sataşdı. Onda anladım. Anladım ki, uzun, lap uzun müddətdir ki, güzgüyə baxmıram. Saçlarım o qədər pərişandı ki, özümü tanıya bilmədim. Gözlərim şişmişdi. Bədənimin müxtəlif yerlərində cırmaq izləri, yaralar, əziklər var idi. Ağrıyırdı. Amma ən çox da ruhum ağrıyırdı. Tomas heç yerdə yox idi. Bütün gücümlə qışqırmağa başladım! Artıq sakit, ağıllı, gözəgörünməz qız olmağın vaxtı deyildi! Qışqırmalıydım! Toması çağırmalıydım! Qəribəydi. Qışqıra-qışqıra fikirləşirdim ki, bunu ilk dəfə eləmirəm. Hə. Mən əvvəllər də dəfələrlə bunu eləmişəm. Ağlaya-ağlaya Toması çağırmışam. Axı bu, necə ola bilər? Tomas məni tək qoymurdu. Heç vaxt. Bəlkə də yanılıram. Bəlkə də. Hə, gedirdi. Bəzən çıxırdı. Evə gəlmirdi. Mən küsürdüm, amma o, hər dəfə özünü bağışladırdı. Bircə şirin sözlə, güllə, ya da öpüşlə yuyurdu günahlarını. Hə. Yenə gələcək. Tomas məni sevir. Mütləq gələcək!...

 

Gəldilər! Tomas yox, ağxalatlılar! Əl-qolumu tutub yatağa uzatdılar. Gözlərimi açanda yanımda ata-anam vardı. Tomasın harda olduğunu soruşdum. Bu vaxt anam mənə mərhəmətli nəzərlərlə baxdı və mən həmin an onu boğmaq istədim! Müvəqqəti küsməyimizi fürsət bilib aramızı vurmaq üçün gəlmişdilər yenə! Anamın gözləri doldu, ağlamağa başladı. Atam onu sakitləşdirməyə çalışırdı. Nəhayət, anam özünü ələ alıb, dilə gəldi. Deyirdi ki, Tomas heç yerə getməyib. O, ümumiyyətlə, heç vaxt gəlməyib. Elə bir insan mövcud deyilmiş. Onunla bir yerdə xoşbəxt yaşadığımız “ev” əslində “xəstəxana”, gəzdiyimiz küçələr “koridorlar” imiş və mən heç vaxt Parisdə olmamışam. Hər şey həyatın mənimlə əylənmək üçün qurduğu tələ imiş, sən demə.

Məni evə gətirdilər. Vəziyyətim normala yaxın olduğuna görə həkimlər müalicəmin evdə davam etdirilməsinə icazə verdilər. Xəstəliyimə qəribə bir ad deyirdilər – şizofreniya. Tomasın mənim tənhalıqdan və sevgi aclığından uydurduğum bir xəyal olduğu həqiqəti sərt bir şillə kimi çırpılmışdı sifətimə.

Amma mən artıq belə yaşaya bilmirəm. Bilmərəm də. Sağlam yaşamaq mənlik deyil. Yazdıqlarımı kimin oxuyub-oxumayacağı vecimə deyil. Birazdan ovcumdakı dərmanlarla bədənimi zəhərləyib, var olmayan bir insan üçün döyünən ürəyimin əzabına son verəcəyəm. İnsanlar məni heç vaxt başa düşmədilər. Mən onların vermədiyi sevgini Tomasda tapmışdım. O mənim ruhumun dərmanı idi. Bəlkə də xəstəydim, lap bəlkə dəliydim, amma xoşbəxtdim! Məni “sağaltmaqla” öldürdülər. Tomasın sözləri bu dəqiqələrdə də yaddaşımdan boy verir: “Sənə Günəş qədər yaxın olanları sev! Çünki əsl yaxın olan toxuna bildiyin deyil, hiss edə bildiyindir”.

 

 

Xülya SABİRLİ

 

525-ci qəzet.- 2011.- 20 oktyabr.- S.7.