Səlim Babullaoğlu 2005-2011-ci illərdə Azərbaycanda
tərcümə işinin vəziyyətilə
bağlı məruzə edib
Ötən
gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan”
klubunda 2005-2011-ci illərdə tərcümə işinin vəziyyəti
mövzusunda “Dünya ədəbiyyatı” dərgisinin baş
redaktoru Səlim Babullaoğlunun qurultayqabağı məruzəsi
dinlənilib. AYB-nin katibi Arif Əmrahoğlu giriş
sözü ilə çıxış edərək deyib:
“Qurultay ərəfəsində ədəbiyyatımız
üçün əhəmiyyətli olan silsilə tədbirlər
həyata keçirilib. Bu isə qurultayöncəsi son tədbirdir.
Müstəqillikdən öncə və sonrakı dönəmlərdə
ədəbiyyatımızda öz sözünü demiş,
yüksək peşəkarlığı ilə seçilən
bir sıra tərcüməçilərimiz olub.
Bugünkü tədbirin mövzusu ədəbi-mədəni həyatımızda
ciddi mövqeyə malik tərcümə işi və
dünya ədəbiyyatından tərcümələrlə
bağlıdır”.
“Dünya
ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim
Babullaoğlu məruzəsinə ölkə prezidentinin Azərbaycan
və dünya ədəbiyyatı nümayəndələrinin
əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı
kitabxanası”nın nəşr edilməsi üçün
imzaladığı sərəncamın əhəmiyyətini
vurğulamaqla başlayıb: “Dünya ədəbiyyatı
kitabxanası”nın nəşr edilməsi müasir Azərbaycan
oxucularının dünya ədəbiyyatına olan mənəvi
tələbatını təmin etməkdə mühüm əhəmiyyətə
malikdir. Kitabların tərcüməsi və nəşri
Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullanın
başçılığı ilə həyata
keçirilir. Bu seriyadan artıq 53 kitab işıq üzü
görüb. Seriyadan Anton Çexov, Viktor Hüqo, Aleksandr
Puşkin, Mark Tven, Gi de Mopassan, Vilyam Şekspir, Henrix Heyne,
Fridrix Şillerin “Seçilmiş əsərləri”, Cek
Londonun “Martin İden”, Daniel Defonun “Robinzon Kruzo”, Homerin
“İliada” və “Odisseya”, Sədi Şirazi “Gülüstan” və
“Bustan” əsərləri tərcümə edilib”.
Məruzəçi
daha sonra dövri mətbuatda önəmli yerə malik dərgilərdə,
jurnallarda tərcümə olunan əsərlər, onların
tərcüməçiləri haqqında məlumat verib:
“Dövri mətbuatda əhəmiyyətli yer tutan “Ulduz”, “Azərbaycan”,
“Ədəbiyyat”, “Mütərcim”, “Körpü”, “Alatoran”
jurnallarında 2005-ci ildən bu günə qədər
maraqlı tərcümə nümunələrini,
irili-xırdalı esseləri, hekayələri əks etdirib.
“Sönməz məşəl” təşkilatının təşəbbüsü
ilə yaradılan “tərcümə.az” saytı, bundan
başqa, lit.az, kitabxana.net saytları özlərində yetərincə
geniş materialları əks etdirirlər”.
Son
illərin ən maraqlı və məhsuldar tərcümə
hadisələrindən danışan məruzəçi
bildirib: “Son illərdə tanınmış alim Ramiz Əsgərin
Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərini,
Adil Cəmilin Qırğız eposu “Manas” dastanını tərcümə
etməsi əhəmiyyətli hadisələrdir. “Ədəbiyyat
üzrə Nobel mükafatçıları” kitabının,
Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanının, Rəşad
Nuri Güntəkinin “Yarpaq tökümü” əsərinin tərcüməsi
bu sahədə önəmli işlərdəndir”.
“Dünya
ədəbiyyatı” dərgisi haqqında danışan
baş redaktorun sözlərinə görə, nəşr
olunmuş dörd sayda bir sıra maraqlı tərcümə əsərləri
yer alıb. Daha sonra dərginin təsis etdiyi “Dünya ədəbiyyatı”
və “525-ci kitab” seriyalarından danışan S.Babullaoğlu
deyib ki, dünyanın böyük söz adamlarından bir
çoxunun yaradıcılığından tərcümələr
burada işıq üzü görüb. Son illər Azərbaycanda
tərcümə işi sahəsində görülən
işlər haqqında dolğun və ətraflı
çıxış edən S.Babullaoğlunun məruzəsi
maraqla dinlənilib və yüksək qiymətləndirilib.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 20 oktyabr.- S.7.