Mediamızın mənzərəsi: boşluqlara
problemlər dolur
ELEKTRON POÇTA MƏLUMAT AXINI
İnternetdə,
onlayn rejimdə işləyən jurnalist kollektivlərinin bir
ciddi problemi var: elektron poçta dayanmadan keyfiyyətsiz məlumat
axır. Portalda çalışan jurnalist öz elektron
poçtunu qapamır, tez-tez onu nəzərdən
keçirir, bu isə gündə azı 150-200, bəzən
bundan da artıq məlumatı nəzərdən keçirmək
deməkdir. Bu məlumatların hətta bir dəfə
açılıb-bağlanması az qala bir iş
gününün yarısı deməkdir. Üstəlik,
çoxunun bərbad gündə olması, yəni bir
informasiya kimi zay tərtib edilməsi də ciddi
başağrısına gətirir.
İnternet
mediasının elektron ünvanlarına məlumat göndərən
mənbələri bir neçə qrupa bölmək olar:
dövlət strukturları; biznes sahəsi; QHT sektoru; siyasi
partiyalar; diaspor təşkilatları; media qurumları və
jurnalistlər; şikayətçilər; yazı göndərən
müəlliflər.
Elektron
poçta gələn məlumatlar müxtəlif formada olur:
press-reliz, şikayət məktubu, spam, müəllif
yazıları, reklam, tədbirə dəvət və s.
Dövlət
strukturlarından press-reliz gəlir. Adətən bu press-relizlər
iri həcmli olur, məlumatın məzmunu söz
yığını içində itib-batır, adı
çəkilən şəxslərin vəzifələri,
titulları press-relizdə təkrar-təkrar göstərilir.
Belə məlumatı alan jurnalist seçim
qarşısındadır: ya qızıl kimi qiymətli
vaxtını materialın ixtisarına, redaktəsinə sərf
etməli, onu oxunaqlı hala salmalı, ya da imkanı yoxdursa,
elə olduğu kimi verməlidir. Həmişə informasiya
ötürməkdə birinciliyə can atan bəzi media
strukturları elə belə də edir, press-relizləri dəyişmədən,
ya da səthi düzəlişlərlə virtual məkana yerləşdirir.
Bu məlumatın oxunub-oxunmaması başqa məsələdir,
çünki internet oxucusu iri həcmli yazıları sevmir.
Çox vaxt heç jurnalistin özünün
anlamadığı materialı oxucu necə anlasın?
Dövlət
idarələrindən press-relizlər bir qayda olaraq yalnız
Azərbaycan dilində gəlir. Saytların isə əksərinin
rus və ingilis dilində də versiyaları var. Onlar da xəbəri
operativ verə bilmir, çünki tərcümə vaxt
aparır, bəlkə də medianın xəbəri tərcümə
etməyə nə vaxtı, nə də kifayət edəcək
qüvvəsi var. Xəbərin yalnız ölkədaxili tələbatı
ödəməsinə yönəlməsi hətta bəzi
dövlət idarələrinin mahiyyətinə də ziddir. Məsələn,
Diaspor Məsələləri üzrə Dövlət Komitəsi,
Xarici İşlər Nazirliyi. Bu strukturların Azərbaycan
dilində hazırlayıb göndərdikləri press-relizlər
peşəkarcasına tərtib edilir, amma fəaliyyəti
bütün dünyada izlənən bu cür dövlət
qurumlarının məlumatları niyə yalnız azərbaycanca
olsun? Niyə bu qurumlara press-relizləri başqa dillərə
çevirmək üçün tərcüməçi
qrupları verilmir?
Böyük
şirkətlər, biznes strukturları da elektron ünvanlara
press-relizlər yollayırlar, ya şirkətin öz mətbuat
və ya PR xidmətindən, ya da hər hansı müstəqil
PR şirkətinin vasitəsilə. Bu press-relizlərin bir
çoxu əslində ictimai əhəmiyyətli xəbər
funksiyası daşımır, sadəcə, gizli reklamın
bir formasıdır. Şirkət məlumatın pulsuz
yayılmasında, mətbuat isə reklam müqaviləsinin
bağlanmasında maraqlıdır.
Biznes-media
münasibətlərinin hələ də dəqiq
formalaşmaması əslində hər ikisinin maraqlarına
ziyan vurur. Böyük şirkətlər əsas reklam vəsaitini
televiziyalara yönəldir, sürətlə inkişaf edən
internet mediası hələ də iş adamlarının diqqətindən
kənardadır. Adətən bu sahəyə çox cüzi
maliyyə ayrılır, bir balaca bazarda təsdiqlənən
şirkət internetdə reklam bannerlərinin və press-relizlərin
yerləşdirilməsinə marağını itirir. Sovet
sistemindən çıxmış mətbuat da
üzünü biznesdən uzaq tutur, maraqlarını
anlamır, onu sevmir. Qəzetçilikdən internet
mediasına gələn jurnalistin tədbir keçirən
şirkətə münasibətini darıxan simasından və
sonra redaksiyasına təqdim etdiyi formal yazısından
aydın hiss etmək olar.
Qərbdə
təhsil almış, marketinq, menecment haqda biliklərlə
silahlanmış, ingilis, rus dillərini tum kimi
çırtlayan orta səviyyəli şirkət
işçisi elektron ünvanlara yolladığı press-relizlərin
nə qədər bərbad olduğunu duymur, çünki Azərbaycan
dilini mükəmməl bilmir. Məlumatlarda uzunçuluq və
yaradıcı potensialın işlədilməməsi adi hala
çevrilib.
QHT sektoru,
siyasi partiya, diaspor təşkilatları, media qurumları və
jurnalistlərin göndərdiyi məlumatlar da eyni qüsurla
doludur, çünki öz maraqlarını oxucu və mətbu
orqanın marağından üstün tuturlar. Xəbərin
yığcam və qısa verilməsini qısqanclıqla
qarşılayır, etiraz bildirirlər.
İnternet
mediasına yazı göndərən müəlliflərin
bir çoxu hələ də qəzetlə saytın fərqinə
varmır. İnternet oxucusu 500 işarəlik məlumatı
güclə oxuyur, 25-30 minlik mətni oxuyarmı? Uzun-uzadı
başlanğıca ehtiyac yoxdur, elə birinci cümlədən
məsələnin mahiyyətindən yazılsa, oxucunu cəlb
etmək şansı çoxalar.
Medianın
elektron ünvanlarına lazımsız kommersiya, reklam xarakterli
xüsusi proqramlarla yollanan fayllar da çox gəlir. Buna spam
deyilir. Spamla bütün internet istifadəçiləri
bacardığı kimi mübarizə aparır, lakin hələ
ki, effektiv yollar tapılmayıb.
İnternet
jurnalisti gündəlik praktikasında maraqlı hallarla
çox rastlaşır. Məsələn, hər hansı dəvət
bəzən tədbir başlayandan sonra gəlir və ya məlumat
məktuba qoşmada yox, elə birbaşa poçta
yazılırsa, oxunması mümkün olmayan cızma-qara
şəklində görünür. Sadəcə, “Mail.ru”
ünvanında qeydiyyatda olan istifadəçi Azərbaycan
şriftindən istifadə etməməlidir, bunlar oxunmur,
xüsusilə – ə, ö, ü, ş, ğ hərfləri.
Bu sistemin bütün dillərdəki işarələri
oxumaq imkanı olan unikod kodlaşdırma standartı yoxdur. Məlumat
göndərən istifadəçi bunu bilməlidir. Bəzi
sistemlər rus şrifti ilə yazılan məlumatı da
oxumur.
Gülməli
hadisələr də olur, elektron ünvana dalbadal kimlərinsə
yazışması gəlir. Bu, necə baş verir? Hansısa
bir elektron ünvandan birdən-birə 50-100 ünvana məlumat
yollanır, sonra kimsə bu məktuba cavab yazarsa, iki cavab
variantından səhvən “Reply” əvəzinə “Reply all”
seçir. Yəni hamıya cavab vermək. Beləliklə,
kimlərinsə yazışması hamının
ünvanına göndərilmiş olur.
Elektron
ünvana məlumat göndərməklə vətəndaşlar
medianın xəbər siyasətində mühüm vasitəyə
çevrilirlər. Sayt ünvanına dünyanın hər
yerindən məlumat gəlir, internet də bu xəbərlərin
dəqiqləşdirilməsi, ictimailəşdirilməsində
mühüm vasitədir. Poçta gələn şikayət
məktublarının araşdırılması da xəbər
departamentinin əsas işidir.
İnternet xəbər
mediası hələ inkişafdadır, gərgin rejimdə
çalışır. Elektron poçtlara göndərilən
məlumatların keyfiyyətli olmasına ehtiyac var.
TELEAPARICILARIN “BAXMAYIN!” VƏ “DİNLƏMƏYİN!”
SİQNALLARI
Azərbaycan
teleaparıcısı, telejurnalisti, müəllif
proqramının aparıcısı hansı dildə
danışır? Onun danışıq tərzi və tempi
tamaşaçını qane edirmi? Yabançı dillərin
bizim aparıcılara təsiri nə dərəcədə
güclüdür?
Azərbaycanda
teleaparıcıların orta yaş həddi, fikrimizcə,
25-35 yaş arasındadır. Xanım aparıcıların
sayı nisbətən çoxdur. Haradasa,
aparıcıların 60 faizi xanımlardır. Bu nisbətin
xanımların xeyrinə dəyişməsi sovet
quruluşunun dağılmasından sonraya təsadüf edir.
Kişi
aparıcılar daha təmkinli, ciddi və konservativ təsir
bağışlayırlar, dəyişikliklərə cətin
uyğunlaşırlar. Ancaq bu, onların nitqini qüsurlardan
da qoruyur.
Xanım
aparıcılarda nitq problemi daha ciddi və qabarıqdır.
Onlar verilişlərinin rəngarəng olmasını istəyir,
ən çox buna fikir verirlər və nitqin səlisliyi məsələsini
yaddan çıxarırlar.
Azərbaycanda
telekanallara çıxan aparıcıları Azərbaycan
dilinə münasibətdə iki qrupa bölmək olar: dili
mükəmməl bilənlər və bilməyənlər.
Dövlət
dilini dərinliyinə qədər bilən və ekrandan
qüsursuz danışan aparıcılarımız əsasən
xəbər proqramlarında görünürlər.
Dili bilməyənlər
deyəndə təbii ki, Azərbaycan dilini tam bilməyən,
orfoepiya normalarını pozan, səlis nitqi olmayan
aparıcıları nəzərdə tuturuq. Onların yol
verdiyi kobud səhvlər milli şüura təsir edəcək
qədər ciddi və təhlükəlidir.
Qüsurlu
nitqin əsas səbəbləri sırasında rus dilinin, Azərbaycan
dialektlərinin və Türkiyə türkcəsinin təsirlərini,
ümumi nitq savadının aşağı olmasını və
bu sahədə nəzarətin yoxluğunu göstərmək
olar.
Azərbaycanın
dövlət müstəqilliyi qazanmasından artıq 16 il
ötür. Amma belə deyək, rus dilini ana dili kimi qəbul
edən, Azərbaycan dilini bilməyən və ya bu dildə
çətin danışan insanlar hələ də
çoxdur və onlardan bəzisi aparıcı kimi də fəaliyyət
göstərir. Aparıcının hıqqana-hıqqana
danışmasını cəmiyyətin sakit
qarşılaması, buna ictimai təhdidin olmaması belə
televiziya “mütəxəssislərini” daha da həvəsləndirir.
Sovet
televiziyasında olan ciddi nəzarət filtrlərinin yoxa
çıxması ilə müxtəlif şivələr,
dialektlər teleməkana yol tapıb. Dialektləri telekanallara
dilin zənginliyindən xəbərdar olanlar yox, məhz dili
bilməyənlər gətirir.
Türkiyə
türkcəsinin efirimizə təsiri göz
qabağındadır. Aparıcılarımızın bir
qismi, xüsusilə də bir müddət Türkiyədə
yaşayıb fəaliyyət göstərənlər sanki Azərbaycanın
ədəbi dil qaydalarının Azərbaycan xalqına lazım
olmadığı qənaətinə gəliblər.
Ümumiyyətlə,
Azərbaycan aparıcısı demək olar ki, ekstremal vəziyyətdə
fəaliyyət göstərir. Efirə qonaq qismində dəvət
alan bir sıra şəxslərin danışığı
da bizim acı reallığı özündə əks
etdirir. Aparıcılar rusdilli və ya türkdilli (Anadolu
türkcəsi nəzərdə tutulur) qonaqların nitqinə
uyğunlaşmalı olur, beləliklə, bəzən məcburiyyətdən
ədəbi dil qaydalarını pozurlar.
Teleməkana
nəzarət funksiyalarını həyata keçirən
qurumun rəhbəri Nuşirəvan Məhərrəmli də
müsahibələrinin birində “milli dilimizin teleefirdəki
vəziyyəti ilə razısınızmı” sualına “Biz
özümüz özümüzə hörmət etmirik. Bu
məsələdə qeyri-normal vəziyyət hökm
sürür” cavabını verib. Milli Televiziya və Radio
Şurasının sədri son zamanlar ingilis dilində
verilişlərin artmasını da bir problem kimi qeyd edib və
bildirib ki, bizdə dünya praktikasına zidd olaraq belə
hallarda ekranın aşağısından subtitrlər verilmir.
Təhsil səviyyəsinin
aşağı düşməsi, telekanallarda aparıcı
işləməyin professional hazırlıqdan çox
başqa nüanslardan asılı olması aparıcıda
öz işinə etinasız münasibət
formalaşdırır. Verilişinə sponsor tapan şəxs
fərli-başlı nitqi olmadan da efirə
çıxacağına əmindir.
Aparıcıların
nitq qüsuru danışıq tempinə də aiddir. Çox
vaxt teleaparıcı mətni elə sürətlə oxuyur
ki, məlumatı başa düşmək olmur. Bu təkcə
aparıcının günahı deyil, müəyyən vaxt ərzində,
tutalım, 20-25 saniyəyə mətn oxunmalıdır. Ola
bilsin, eyni mətni xarici dildə eyni müddətə oxuyanda
qeyri-adi heç nə baş vermir. Amma bunu “dünya
standartı” kimi qəbul etmək olmaz. Bizim dilin öz
xüsusiyyəti, hər dilin öz tempi var. İngilis dili
öz tempinə görə rus dilindən iki dəfə,
fransız dili bundan da çox sürətlidir. İngilisdilli
kanalın efirindən qısa vaxtda daha çox informasiya
çatdırmaq olar. Həm də ingilis dilində xeyli
ixtisardan istifadə olunur ki, bu, vaxta bir az da qənaət etməyə
imkan yaradır.
Aparıcının
öz işinə biganəliyinin başqa səbəbləri
də var. Müstəqil olmağımıza baxmayaraq hələ
sovet sistemindən miras qalmış inzibati idarə
formaları bu gün də telekanallarda hökm sürür.
Aparıcılar cüzi məvaciblə, demək olar, katorqa
şəraitində işləyirlər. Bəzi kanallarda hətta
5-10 dəqiqə işə gecikən jurnalistin məvacibindən
cəza kimi 10-20 manat tutulur. Aparıcının gecə-gündüz,
işdən sonra qalıb işləməsi isə “nəzərdən
qaçır”. Bir kanalı tərk edib digərində işə
düzəlmək də qəliz məsələdir. Məkan
balaca, imkanlar dardır. Belə vəziyyət
aparıcının yaradıcı həvəsi
üçün öldürücüdür. Azərbaycan
teleaparıcısının qüsurlu nitqi əslində hər
şeydən əvvəl iki məqamla bağlıdır: Azərbaycan
televiziyasının milli inkişaf konsepsiyasının və
bundan doğan qanuni nəzarətin yoxluğuyla.
Azərbaycan
teleaparıcısının zahiri görünüşü,
geyimi və bunların studiyanın tərtibatına
uyğunlaşdırılması qənaətbəxş
sayıla bilərmi? Aparıcılarımızın
tamaşaçını cəlb etmə qabiliyyəti nə səviyyədədir?
Kanallarımıza
baxarkən bir faktı tam aydın görürük: vizual
baxımdan aparıcıların seçimində hansısa
bir standart yoxdur, hər bir kanal kadrları öz rəhbərliyinin
zövqünə uyğun seçir. Aparıcıları
zahiri görünüşünə görə seçmək
vacibdirmi və bu zərurət nədən doğur?
Əslində
aparıcıları zahirinə görə seçərkən
onların televiziyanın hansı departamentində
çalışmasının əhəmiyyəti var, yəni
xəbər aparıcısı ilə şou
proqramının aparıcısı bir ölçüdə
seçilə bilməz. Hər birinin öz formatı var, xəbər
aparıcısına qarşı tələblər daha
ciddidir.
Simaların
seçimi baxımından postsovet məkanında ən
uğurlu kanallardan biri keçmiş ORT, indi “Birinci kanal”
adlanan Rusiya televiziyasıdır. Bu kanalın xəbərlərini
efirdən yayan aparıcılar müəyyən bir standarta
uyğundurlar. Yekaterina Andreyeva, Janna Aqalakova, Olqa Kokorekina kimi
ulduz aparıcılar zahirən müxtəlif olsalar da,
onların bənzərliyi aydın hiss edilir. Bu gözəl, zərif
xanımlar həmişə səliqəli, zövqlü geyimləri,
düzgün makiyajları ilə seçilirlər. Onlar
hündür boya, mənalı və canlı gözlərə
malikdirlər. Özü də bütün bunlar studiya ilə
həmişə harmoniya təşkil edir. Xəbərləri
dinləyənlər sakitləşdirici dizaynla bəzədilmiş
studiya, intellektual və incə xanımların səlis
danışığı ilə qarşılaşırlar.
Bu aparıcıların
zahirini soyuq yunan antik gözəlliyinə aid etmək olar,
tamaşaçının diqqəti aparıcının
simasında yox, məhz xəbərlərdə cəmlənir.
Bizim xəbərlərdə
yumrusifət, bol makiyajdan istifadə edən, Şərq
mentallığına uyğun simalar üstünlük təşkil
edir. Aparıcının geyimi və siması ilə
studiyanın dizaynı arasında çox vaxt kəskin ziddiyyət
seçilir. Parlaq gözəllər-aparıcılar
tamaşaçının fikrini xəbərlərdən
yayındırır. Simalarda, geyimlərdə ümumi fikir xətti
olmadığındın studiyanı hansısa bir formatda bəzəmək
olmur. Bu qarmaqarışıqlıq tamaşaçının
əsəblərini gərildir. Ümumiyyətlə, belə
bir fikir var ki, xəbər aparıcısı çox gözəl
ola bilməz, əsas məsələ informasiyanı
ötürməkdir. Xəbər aparıcısının
simasında hər bir elementin – məsələn, eynəyin,
qol saatının, gözlərinin rənginin də
böyük əhəmiyyəti var.
Əgər
hər kanal xəbər aparıcısının zahiri
görünüşünü öz təsəvvürünə
uyğun və peşəkarlıqdan uzaq quracaqsa, bu halda
ötürülən xəbərlərin böyük faizi
sadəcə ünvana çatmayacaq. Yəni bəzi hallarda
tamaşaçı heç özü də bilmədən
xoşuna gəlmədiyi aparıcını görən kimi
kanalı dəyişəcək.
Səhər
verilişlərinin aparıcılarının seçimində
də problemlər var. Efirdən uzun illər dəyişməyən
cansız, maraqsız və sönük simaları
müşahidə edirik. Adətən səhər
proqramları bir neçə, bəzənsə bir-birini əvəzləyən
iki aparıcıdan ibarət olur. Təbii ki, ildən-ilə
eyni formatda günbəgün efirə çıxmaq
aparıcını yorur, onların simaları
darıxdırıcı və yorğun görünür.
Makiyaj və geyim də əhəmiyyət kəsb etmir.
Vaxtilə
Rusiyanın “Birinci kanal”ı səhər proqramlarını
canlandırmaqçün maraqlı ideyadan istifadə edib,
efiri hər gün bir aparıcı və ya aparıcı
cütlünə tapşırıblar. Müxtəlif
zamanlarda bu kanalı hər gün bir-birindən maraqlı
simalar – Arina Şarapova, Larisa Krivsova, Larisa Verbitskaya, Yekaterina
və Aleksandr Strijenovlar və s. təmsil ediblər. Yəqin
ki, onların uğuru həftədə bir günlük iş
rejimi və elə buna görə də efirə xüsusi təmtəraqla
hazırlaşmaları ilə bağlıdır.
Bizim kanallar
belə ideyaları həyata keçirməyə nə
psixoloji, nə də maddi cəhətdən hazırdılar.
Çox heyf ki, Azərbaycan tamaşaçısı bu
cür vəziyyətə dözmək məcburiyyətindədir.
Teleməkanda
müəllif və şou proqramlarının
aparıcılarının zahiri də elə qənaətbəxş
deyil, sadəcə bu istiqamətlərdə
yaradıcılıq imkanları çox, standart təsəvvürlərsə
azdır. Bu elə özü də ayrı bir yazının
mövzusudur.
Aparıcıların
zahirindən də vacib daha bir gərəkli məqamı
telekanallar, demək olar, nəzərə almırlar. Bu
xüsusiyyət onun şəxsi cazibəsinin, başqa
sözlə desək, xarizmasıyla bağlıdır. Xarizma
deyilən anlayış haqqında müxtəlif təsəvvürlər
olsa da, bu, çox hallarda siyasi liderlərə, dini rəhbərlərə,
güclü şəxsiyyətlərə xas olan bir
xüsusiyyətdir. Xarizmatik insanların adamları valeh etmə,
bir neçə sözü ilə böyük bir kütləni
arxasınca aparmaq imkanları çox vaxt Allah vergisi kimi
başa düşülür.
Telekanalların
beyinlərə təsirini gücləndirmək vasitəsi
kimi xarizmatik aparıcılardan istifadə etmək ideyası
yeni deyil. Kanalı seyr edən tamaşaçı çox
vaxt həmin bu cazibəyə malik olmayan aparıcının
sözlərini ciddi qəbul etmir, onun dediklərini
qulaqardına vurur.
Yuxarıda
adı çəkilən “Birinci kanal” öz müvəffəqiyyətinin
çox hissəsinə görə məhz
aparıcılarının xarizmatik şəxsiyyətlər
olmasına borcludur. Belə aparıcılar kanalda illərlə
çıxış etmələrinə baxmayaraq
tamaşaçını bezdirmirlər. “Birinci kanal”da
Rusiyanın məşhur müğənnisi, 70-ci illərin
bütün gənclərinin sevimlisi, sadə və hamıya
aydın olan meyarların tərənnümçüsü
Andrey Makareviç düz 13 il mətbəx verilişi
“Smak”ın dəyişməz aparıcısı olub. Elə
düşünmək olardı ki, bu amplua müğənni
üçün ağır bir imtahan ola bilər, lakin
A.Makareviç öz şəxsi xarizması və
işıqlı aurası hesabına verilişi milyonlarla insan
üçün cazibəli edib.
Uzun illər
mitropolit Kirilin apardığı “Pastorun sözü” yüksək
reytinqli verilişlərin sırasında məhz
aparıcının şəxsi keyfiyyətlərinə
görə yer ala bilib. Son dərəcə baxımlı
“Fazenda” layihəsi öz uğurunun yarısına görə
aktyor Sergey Kolesnikova borcludur. Bütün veriliş boyu bu
insanın şəxsi cazibəsindən, intellektindən,
gözlərdəki işıqdan doymaq olmur. Aktyorun dediyinə
görə, bu iş ona gəlirdən əlavə həm də
sevinc hissi gətirir.
Xarizmatik
şəxsiyyət tamaşaçını həm də
qeyri-adi səsi ilə də cəzb edə bilər. Məsələn,
2-ci dünya müharibəsi zamanı SSRİ məkanında
Levitan adlı radioaparıcısı səsiylə
möcüzələr yaradıb və insanlara çox
böyük emosional təsir etmək imkanlarına malik olub.
Qarabağ müharibəsi zamanı Azərbaycanda çox
uğurlu Şəmistan Əlizamanlı nümunəsi də
vardı.
Bizim teleməkanda
belə qeyri-adi potensialı olan aparıcılara çox nadir
hallarda rast gəlinir. Bəlkə də televiziyalarımızda
hələ də mövcud olan inzibati idarə üsulu
maraqlı və cazibədar insanları həzm etmir. Üstəlik,
Azərbaycanda hazırkı teatr məktəbinin zəifliyi,
xarizmatik aktyorların tədricən yoxa çıxması da
belə insanların televiziyada istifadəsini
mümkünsüz edir. Vaxtilə bütün Azərbaycan
teatr məktəbinin nümayəndələri xarizmatik səsə
malik olublar, biz hələ də o səsləri köhnə
filmlər və tamaşalarda eşidirik. Yəqin ki, bu yerdə
səsinin emosional gücü ilə seçilən Hamlet
Xanızadəni və onun Topal Teymur obrazını yada salmaq
yerində olardı.
Aparıcını
ekranda cazibəli edən bir faktor da onun iştirak etdiyi layihəni
sevməsidir. Məsələn, əgər aparıcı
hansısa milli dəyərləri əks etdirən layihədə
iştirak edirsə və bu dəyərlərə şəxsən
özü yuxarıdan aşağı baxırsa, bu halda layihənin
uğursuzluğu bəri başdan aydındır.
Rusiyanın
“Birinci kanal”ı aparıcıları seçərkən ilk
növbədə onların məhz artistizm imkanını nəzərə
alır. Bütün xarizmatik xüsusiyyətlərə malik
və siyasi səhnədə öz rollarını məharətlə
ifa edən siyasi liderlər kütlələrə
güclü təsir göstərə biliblər. Hitler,
Mussolini, Lenin, Trotski qeyri-adi ustalıqla və uzunmüddətli
məşqlər nəticəsində cilaladıqları həmin
bu artistizmi milyonlarla insanın qarşısında
nümayiş etdirməklə onları şəxsi cazibələrində
saxlayıblar. Aktyorluq imkanları xüsusi qabarıq olan siyasətçi
Vladimir Jirinovski Rusiya kanallarının həm siyasi, həm də
şou proqramlarının daimi qonağıdır.
Xarizmatik
insanlar bəzən hətta tamaşaçıları
gözlərinin quruluşu ilə də cəzb edə bilirlər.
Kinorejissor Ayaz Salayevin fikrincə, sovet sistemindən
çıxmış azərbaycanlı aktyorların
arasında mənalı baxışa malik insanlara nadir hallarda
rast gəlinir. Rejissorun fikrincə, bizim insanların
baxışında nəsə bir günah kompleksi var.
Televiziyalarımızda da ifadəli baxışı ilə
seçilən aparıcıların qıtlığı
hiss edilir. Sönük və qorxu əks etdirən
aparıcı gözləri boldur.
Aparıcının
xarizması bəzən özünü yüksək intellektdə
əks etdirir və bununla da tamaşaçı rəğbətini
qazanır. Yaxşı xatırladığımız
“Haqqın dərgahı” verilişini uzun illər AzTV-də
akademik, şərqşünas Vasim Məmmədəliyev
aparıb. Gözəl səs, yüksək intellekt V.Məmmədəliyevi
bir aparıcı kimi sevdirib. Rusiya kanalları alimlər və
müxtəlif peşə sahiblərini daim öz sahələrinə
uyğun layihələrdə uğurla istifadə edə biliblər.
Kanallarımız öz sənətinə vurğun,
maraqlı və xarizmatik şəxsiyyətlərin teleməkana
çıxması haqda çox az düşünürlər.
İnformasiya
ötürən aparıcının şəxsiyyəti
tamaşaçıda hörmət doğurmursa, onun
xarizması yoxdursa, tutqun səs, sönük gözlər və
depressiv simalar heç bir tamaşaçını ekran
qarşısında saxlaya bilmir, dövlətin və reklam verən
şirkətlərin vəsaitləri boş-boşuna xərclənir.
Güclü
səsi, yüksək intellekti, maraqlı baxışı,
daxili cazibəsi olan aparıcı əslində orduya bərabər
bir qüvvədir. Milləti birləşdirə bilən,
ruhuna təsir edən edən bir qüvvə. Müharibə
şəraitində yaşayan ölkədə belə bir
qüvvəyə ehtiyac var.
İsmayıl İSMAYILOV
525-ci qəzet.- 2011.- 20 oktyabr.- S.6.