“Jurnalistikanın saflaşdırılması və kənar təsirlərdən qorunması vacib vəzifədir”

 

ƏLİ HƏSƏNOV: “AZƏRBAYCAN MÜSTƏQİLLİYİNİ QAZANDIQDAN SONRA ƏLDƏ ETDİYİ ƏN BÖYÜK DƏYƏRLƏRDƏN BİRİ DƏ AZAD MƏTBUATA SAHİBLİKDİR”

 

Dünən Gəncədə “Media və dövlət müstəqilliyimiz” mövzusunda ümumrespublika konfransı keçirilib. 80 ildən artıq tarixə malik Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu konfrans zalında baş tutan tədbiri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıb. O bildirib ki, Azərbaycanda bütün sahələrdə həyata keçirilən geniş quruculuq işləri mediadan da yan ötmür. Mətbuat orqanlarının cəmiyyətdəki yeri və roluna toxunan E.Vəliyev onların ölkəmiz üçün taleyüklü anlarda həmişə qətiyyətli mövqe tutmasına diqqət çəkib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın XX əsrin əvvəlində dövlət müstəqilliyinə qovuşmasında və əsrin sonunda onu yenidən bərpa etməsində medianın müstəsna rolundan danışıb: “Mətbuatımız suverenliyimizlə bağlı bir-birindən fərqli zamanda fəaliyyət göstərərək müstəqilliyə uzanan yolda obrazlı desək, hədəfi nişan alan başlıca qüvvə kimi tanınıb. O qüvvə böyük siyasi təlatümlər qarşısında sarsılmayıb, milli özünüdərkdə və milli şüurun oyanışında katalizator rolunu oynayıb. Bu prosesin kökü Həsən bəy Zərdabinin böyük zəhmətlər bahasına ərsəyə gətirdiyi “Əkinçi” qəzetinə gedir. Həsən bəy onu cəmi iki il ayaqda saxlayıb. Lakin bu qısa müddətdəki fəaliyyət əsrin əvvəllərində belə demək mümkünsə, böyük mətbu təlatümün yaranmasında həlledici rol oynayıb. “Əkinçi”nin daha çox məişət zəminində qaldırdığı eybəcərliklər tədricən ideoloji səmt alır. Nəşr tərəfindən bəyan edilmiş başlıca prinsiplər – maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafına xidmət edir. Azərbaycan Demokratik Respublikasında mətbu siyasətin təməlinə çevrilir. Şərqdə ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətini doğurmuş azadlıq əslində məfkurə olaraq Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Cəlil Məmmədquluzadənin, Məmməd Əmin Rəsulzadənin, Nəcəf bəy Vəzirovun və başqalarının nəzərlərində canlandırdıqları, qəzet səhifələrinə daşımaqdan usanmadıqları azadlıq idi və o torpaq, millət, yurd sevgisi üzərində köklənən həqiqi ziyalı vətənpərvərliyinin nəsillərə miras şah əsəridir”.

XX əsrin sonlarına doğru Azərbaycanın dövlət müstəqilliyinin bərpasına yönələn mübarizədə mətbuatın oynadığı rola diqqət çəkən Ə.Amaşov bildirib ki, həmin vaxt mövcud olmuş KİV-lərin əksəriyyətinə xas cəhət əsl ziyalı missiyasını üzərinə götürmək olub: “Milli müstəqilliyimizə doğru aparan yolda meydana çıxan mətbuat fəaliyyəti ilə yeni jurnalistikanın, fikir təqdimatı formasının, üslub və tərzin əsasını da qoyub. Həmin əsasa və prinsiplərə sadiqlik Azərbaycanın xalq azadlıq hərəkatını susdurmağa yönəlmiş 20 Yanvar faciəsi kimi dəhşətli olayın qarşısında geri çəkilməmiş, insanları mübarizəyə səsləmişdi. Buna qədər isə sovet Azərbaycanında bir sıra maraqlı olaylar baş vermişdi ki, onların hər birini mətbuatımızın adına böyük uğur kimi dəyərləndirmək mümkündür”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ölkə müstəqilliyini qazandıqdan sonra əldə etdiyi ən böyük dəyərlərdən biri də azad mətbuata sahiblikdir. Bu prosesin 1998-ci ildə ümummilli lider Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı imzaladığı fərmandan sonra geniş vüsət aldığını deyən Ə.Həsənov mətbuatın varislik prinsiplərinə sadiqliyi üzərində dayanıb: “1918-ci ildə qazanılmış müstəqilliyin təməl kökləri əsrin əvvəllərinə gedir. Həmin vaxt xaricdə təhsil almış ziyalılarımız Vətənə döndülər. Nəşrlər təsis etməyə başladılar. Həmin nəşrlər mahiyyətcə dövlətçilik ideyalarının daşıyıcısı rolunda çıxış edirdilər. Ümumən Azərbaycan mətbuatını inkişaf baxımdan bir neçə dövrə bölmək mümkündür. İlk olaraq birinci dövlət müstəqilliyinə qədərki dövrü qeyd etmək istərdim. Xalq Cümhuriyyəti dönəmində həmin maarifçilərin ideyaları artıq dövlət siyasəti formasında inkişaf etdi. Daha sonra mətbuatımızın sovet dövrü başlandı. Amma bu dövrü gerilik mərhələsi kimi xarakterizə etməzdim. Nəyi necə yazmalarından asılı olmayaraq bir nəsil yetişdi ki, sonralar onun nümayəndələri istiqlalımızın əldə edilməsində və möhkəmlənməsində müstəsna rol oynadılar. Onlar fəaliyyətləri ilə dövlətçilik ruhunu bərpa etdilər”.

Azərbaycan dövlətinin media sahəsində gördüyü işlərdən bəhs edən Ə.Həsənov jurnalistikanın saflaşdırımasını və onun kənar təsirlərdən qorunmasını vacib vəzifə kimi önə çəkib. İstər bu işdə, istərsə də maddi-texniki bazasının möhkəmləndirilməsində dövlətin mediaya hər zaman böyük dəstək verdiyini deyən PA rəsmisi mövcud kursun təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb və bildirib ki, bu münasibət jurnalistlər tərəfindən yüksək qiymətləndirib: “Heydər Əliyev Azərbaycanda “Jurnalistlərin dostu” mükafatına layiq görülmüş ilk dövlət başçısıdır. Ölkə jurnalistləri ötən il cənab prezident İlham Əliyevə də “Jurnalistlərin dostu” mükafatını təntənəli şəkildə təqdim etdilər. Bu təqdimat media nümayəndələrinə göstərilən həssas münasibətdən irəli gəlib”.

Konfransda “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktor müavini Dağbəyi İsmayılov, “Assa İrada” İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan, Azəri-Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışlarında müstəqilliyin əldə edilməsində ölkə mətbuatının olduqca çətin və məşəqqətli mərhələ keçdiyini və bu prosesdə ayrı-ayrı qələm sahiblərinin fədakar əməyinin olduğunu vurğulayıblar.

Sonda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev jurnalistlər tərəfindən irəli sürülən təkliflərin dəyərləndiriləcəyini, xüsusən də şəhərin mərkəzi yerlərinin birində mətbuat evinin inşa ediləcəyini bildirib. Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində müstəsna xidmətləri olan media orqanlarına Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olunub. Həmin KİV-lərin təmsilçilərinə, eləcə də qərb bölgəsində fəaliyyət göstərən qəzetlərin təmsilçilərinə “Bakcell” tərəfindən bu şirkətin nömrəsi olan telefonlar hədiyyə edilib. Konfrans iştirakçılarına həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş medal və digər xatirə hədiyyələri verilib.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 20 oktyabr.- S.4.