Tələbə
Gənclər Təşkilatları İttifaqının “İnformasiya Texnologiyaları Evi”nin açılışı olub
Dünən
Tələbə Gənclər Təşkilatları
İttifaqının (ATGTİ) yaratdığı
“İnformasiya Texnologiyaları evi” və “Sağlam Həyat Tərzi
üzrə Gənc Təlimçilərin Resurs Mərkəzi”nin
açılış mərasimi keçirilib.
Mərasimdə
çıxış edən Prezidenti Administrasiyasının
Siyasi təhlil və informasiya təminatı şöbəsinin
rəhbəri Elnur Aslanov xatırladıb ki, Azərbaycanın
dövlət müstəqilliyinin 20 illik yubileyi qeyd olunur: “Bu tədbir
çox önəmli bir dövrə təsadüf edir. Bir tərəfdən
dövlət müstəqilliyimizin 20 illiyini qeyd edirik, digər
tərəfdən indi keçid dövrüdür. Bu dövr
gələcəyə doğru ölkəmizi inkişafa aparan
yoldur. Prezidentin müstəqilliklə bağlı dövlət
tədbirində dediyi kimi, gün o gün olsun ki, müstəqilliyimizin
yaşı 50, 100, 200 olsun. Eyni zamanda arzu edirəm ki, Tələbə
Gənclər Təşkilatı İttifaqı 10, 20, 50 illiklərini
qeyd etsin”. E.Aslanov ATGTİ-nin iki il ərzində böyük
yol keçdiyini qeyd edib. Onun sözlərinə görə,
bu müddət ərzində təşkilat öz üzərinə
düşən vəzifələri yerinə yetirib: “Xüsusən
də, təşkilatın indiki rəhbəri Şahin
İsmayılov öz üzərinə düşən
missiyanı yerinə yetirib. Tələbələrin problemlərini
qaldıra bilib. Bu, böyük bir nailiyyətdir. Bu nailiyyət
dövlət idarəçiliyinin səmərəli şəkildə
həyata keçirilməsinin, cənab prezidentin
apardığı güclü ordu, güclü iqtisadiyyat,
güclü dövlət siyasətinin bariz nümunəsidir.
Gənclər ümumiyyətlə indi önəmli bir
dövrdə yaşayırlar. Onlar güclü dövlət
siyasətinin həyata keçirilməsində mühüm
rol oynayırlar”.
E.Aslanov
həmçinin qeyd edib ki, informasiya texnologiyaları həyatımızın
ayrılmaz bir hissəsinə çevrilib: “Həyatımız
səhər tezdən axşama qədər İKT ilə
bağlıdır. Bir növ insan həyatı
informasiyanın yeni texnologiyaları ilə üzbəüzdür”.
Təhsil
naziri Misir Mərdanov bildirib ki, ATGTİ-nin layihələrinə
kollecdə təhsil alan gənclərin də cəlb
olunmasının vacibliyini vurğulayıb: “Azərbaycanda,
deyilən kimi, 120 min yox, kolleclər də daxil olmaqla, 200 minə
yaxın tələbə kontingenti var”. Nazir bu kimi tədbirlərin
yerindən asılı olmayaraq bütün ölkə ərazisində
keçirilməsinin tərəfdarı olduğunu deyib.
Tədbirdə
gənclər və idman naziri Azad Rəhimov ATGTİ-nin gənclərlə
bağlı həyata keçirdiyi tədbirləri yüksək
qiymətləndirib. Onun sözlərinə görə, təşkilat
həyata keçirdiyi layihələrə geniş tələbə
kütləsini cəlb edib. A.Rəhimov qeyd edib ki, “İT Evi”
– ittifaqın nəzdində yaradılan və tələbələrə
informasiya texnologiyaları sahəsindəki biliklərini
artırmağa dəstək olacaq təlimlərin
keçirilməsi üçün nəzərdə
tutulmuş geniş mərkəzdir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 20 oktyabr.- S.2.