74 il əvvəl
qırılan alim ömrü
VƏ YA BƏKİR
ÇOBANZADƏ HAQQINDA ƏFSANƏYƏ BƏNZƏR
GERÇƏKLƏR
“Çobanzadə beynində elm və mədəniyyət yükü, ürəyində türklük və yurd sevgisi daşıyan, misli-bərabərinə zəmanəmizdə az-az təsadüf olunan idealist ruhlu bir türk övladı idi”. Abdulla Battal Taymas
Böyük şəxsiyyətlər, görkəmli
insanlar haqqında həmişə əfsanələr
yaranır və yayılır – bu, sevgidən, heyrətdən
və hörmətdəndir. Bəkir Çobanzadə
haqqında da gerçəkliklə uzlaşan və
uzlaşmayan əfsanələr dolaşmaqdadır. Bəs, əslində,
kimdir Bəkir Çobanzadə? Bəkir Çobanzadə 15
may 1893-cü ildə Tavrida vilayətini Simferopol (Akməscit) qəzasının
Qarasubazar bölgəsi yaxınlığındakı
kiçik Arqun kəndində anadan olmuşdu. O, ailəsi
haqqında “Bakinskiy raboçiy” qəzetində
yazdığı məqalədə “əsil-nəsilcə mən
çoban oğluyam və 15 yaşıma qədər
özüm də çoban olmuşam” qeydini etmişdir. Onun
atasını Vahab çağırırdılar. Lakin bəzən
ona Qurd Vahab, Əbdülvahab da deyərdilər. İlk bioqrafa
görə anasının adı Zahidə olub. Ancaq Bəkirin
bacısı xatırlayır ki, onun anasını Vadə-şərfə
çağırırlarmış. Qardaşından 11
yaş kiçik olan Zəlixa (Züleyxa) isə 1904-cü ildə
doğulmuşdur. Bəkir Çobanzadənin müxtəlif
adları və ləqəbləri olduğu məlumdur. Onu
yaxından tanıyan Şövqü Bektorə yazırdı
ki, əvvəllər onu xəlifə Əbu Bəkrin şərəfinə
Əbu-Bəkr adlandırıblar. Daha sonra, o, rüşdiyyədə
oxuyanda, adına Sidqi təxəllüsü əlavə
olunub. Özünün ilk ədəbi və elmi məqalələrini
o, Çobanzadə Bəkir, Çobanoğlu Bəkir Bavbək,
Bəkir Cavbək, Krımlı Çobanoğlu və Bəkir
Sidqi imzası ilə yazmışdı. Bəkir Sidqi adı
onun 1916-ci ildə Budapeşt Universitetinə qəbulu
haqqında sənəddə və 1919-cu ildə öz əli
ilə rektora yazdığı ərizədə də
göstərilmişdir. Onun Krıma döndüyü pasport
23 iyun 1920-ci ildə “cənab doktor Sidqi Bəkir”in adına
verilmişdir. İ.Otarın iddiasına görə, artıq
1916-1919-cu illərdə o, yazdığı şerlərə
Bəkir Sidqi Çobanzadə imzası qoyurmuş.
Çobanzadə özünün ilk təhsilini 1904-1908-ci illərdə
Qarasubazar rüşdiyyəsində aldığını
yazmışdı. Avtobioqrafiyasında o yazır” 8
yaşımda əvvəlcə ibtidai sinifə getmişəm
və üç ildən sonra, daha doğrusu 1904-cü ildə
Yeni üslublu gimnaziya tərkibində olan” Rüşdiyyə”
yə qəbul olundum , hansı ki 1908 ci ildə onu bitirdim” . F.
D. Aşinin Çobanzadə haqqında yazdığı məşhur
məqaləsində qeyd edir ki, “ ...bir il ərzində onu “43
nömrəli şagird” adlandırmışlar”. Lakin bu 43
nömrəli şagird öz fitri istedadı ilə
rüşdiyyədə böyük hörmət və soyad
qazanır Çobanzadə. 1909-cu ildə Müsəlman
xeyriyyə Cəmiyyətinin köməkliyi ilə
İstambula gedən Bəkir Sidqi Türk liseyinə qəbul
olunur. 1914-cü ildə liseyi və paralel olaraq İstambul
Universitetinin nəzdində olan 3 illik ərəb və
fransız dillərini öyrədən ali kursu bitirir və
orta məktəblərdə və liseylərdə bu dilləri
tədris etmək hüququ alır. 1914-cü ilin yayında təhsilini
bitirib Krıma gələn Bəkir az keçmir ki, rus dilini
mükəmməl öyrənmək üçün Odessaya
gedir. 1914-cü ilin payızında isə yenidən
İstambula qayıdır. 1914-cü ilin payızından
1915-ci ilin payızına qədər İstambul universitetində
azad dinləyici olan Çobanzadə,professor Mesaroşla və
Macarıstanın baş konsulu ilə münasibət yarada
bilir. 1915-ci ilin dekabrında Qalatasaray liseyindən müvafiq sənədlərini
götürən Bəkir təhsil almaq üçün
Macarıstana gedir. 7 fevral 1916-ci ildə o, sənədlərini
Budapeşt Universitetinə və universitetin nəzdində
olan, baron Yozef Etveyş adına kolleguma verir. Lakin onun sənədləri
qəbul olunmur. Bu iki səbəbdən ola bilərdi:ya
artıq boş yer qalmamışdı, ya da Çobanzadənin
macar dilini bilməməsi onun normal təhsil almasına
maneçilik törədəcəyini
düşünürdülər. Çörəkpulu qazanmaq
üçün bir baronun kənd təsərrüfatında
işləyən Bəkir , eyni zamanda macar dilini öyrənməyə
başlayır.
12 oktyabr
1916 cı ildə o Universitetin tarix-filologiya fakültəsinə
qəbul olunur. Türkoloq Dyul Nemetin və ərəb dili
üzrə mütəxəssis olan İqnaç
Qoldçierin rəhbərliyi altında türk, ərəb və
macar filologiyasını öyrənir. O dövürdə
Budapeşt Universitetində çox görkəmli şərqşünas
alimlər çalışırdılar. A. Çoma de
Kyeryeşi, Armin Vamberi, İqnaç Qoldçier, Dyula Nemet,
Layoş Fekete, Dyula Mesaroş, Layoş Liqetinin adlarını
sadalamaq kifayətdir. Məhz Budapeştdə 1881-ci ildə
qraf Kun ilk dəfə türk dilinin qiymətli abidəsi olan
“Codex Cumanicus”un tam mətnini və tərcüməsini nəşr
etdirmişdi. Çobanzadənin dissertasiya mövzusu da məhz
“Codex Cumanicus” olmuşdur. Dissertasiyanın bizə gəlib
çatmaması ilə əlaqədar olaraq onun necə
adlanması ətrafında fikir ayrılığı
mövcuddur. Lakin D. P. Ursunun “Bekir Çobanzade. Jizn. Sudba.
Epoxa.” kitabında Çobanzadənin özü tərəfindən
yazılmış avtobioqrafiya da yayımlanıb ki, burada
dissertasiyanın mövzusu, “Kodeks Kumanikus” da görünən
ahəng qanununun pozulması və Türk dillərində tələffüz
mənbələri problem” kimi göstərilib. Kommunist lideri
Bela Kun (1886-1938) 1919-cu il martın 21 də Macarıstan Sovet
Respublikasının yarandığını elan edir. Həmin
ilin avqustun 1 də Antanta tərəfindən dəstəklənən
rumın qoşunları Budapeşti işğal etdi və bu
respublika süquta uğradı. O zaman Macarıstanda təhsil
alan Çobanzadə özünün də etiraf etdiyi kimi, o
, bu zaman kommunistlərin tərəfində idi. 1919-cu ilin
aprelində doktorluq imtahanı verən və 15 mayda
dissertasiyasını müdafiə edən Çobanzadə fəlsəfə
doktoru adını alır. Dissertasiyanın taleyi qəribə
olub. Yalnız bir adam , professor İştvan Mandoki Q. Yankovskiyə
etiraf edib ki, Çobanzadənin dissertasiyasını
görüb və ondan bir neçə
çıxarış yazıb. Heç bir yerdən gəliri
olmayan Çobanzadə maddi durumunu düzəltmək məqsədilə
1919-1920 ci illərdə Budapeştdəki Şərq
akademiyasında türk dili müəllimi işləyib.
1920-ci il martın sonlarında isə o, Budapeşti həmişəlik
tərk edib İsveçrəyə gedir. Ordan İtaliyaya,
İtaliyadan isə İstanbula gələn Çobanzadə
17 iyul 1920-ci ildə Çobanzadə artıq İstanbulda idi.
Bəzi tədqiqatçılar Çobanzadənin
Budapeştdə , Lozannada və Neapolda professor olduğunu iddia
etsələr də bu belə deyil. O dövürdə
Lozannada türkologiya kafedrası yox idi, Neapolda isə daha sonra
yarandı. Çobanzadə yalnız Krımda professor
olmuşdur. Bir qisim tədqiqatçılar isə
Çobanzadənin Macarıstanda” Şərq” qəzetində
işlədiyini göstərirlər. Lakin Vilayət Quliyevin
araşdırması bunun həqiqətə uyğun
olmadığını sübut edir. Macarıstanda ,
ümumiyyətlə bu adda qəzet olmayıb. İsveçrədə
olarkən Çobanzadə , Xalq partiyasının Milli Firqəsinin
lideri Cəfər Seydəmətlə görüşür.
Bu görüş hər ikisində uzun müddət sürən
xoş hisslər buraxır. Hətta Cəfər Seydəmət
Lozannada Krım haqqında çap olunan kitabında da
Çobanzadənin şerlərini verib və şişirdilərək
“ikiqat filosofiya və filologiya doktoru” kimi göstərilib.
Onların bu görüşü Bəkirin taleyində rol
oynadı və sonralar da onların yazışmaları davam
edirdi. Krıma döndükdən sonra Çobanzadə siyasi
fəaliyyət göstərməyə başladı və
özü də qeyd etdiyi kimi “Budapeştdə kommunist olan
Çobanzadə Krımda millətçi oldu”. Çobanzadənin
Krımdakı fəaliyyəti D. P. Ursunun kitabında daha
geniş işıqlandırılmışdır. Krıma
döndükdən sonra Çobanzadə 1917-ci ilin iyulunda
yaradılan və qarşısına Krım tatar
milli-demokratik respublikasını yaratmaq kimi məqsəd qoyan
Milli Firqə ( Xalq partiyası) nin sədri olmuşdu.
Krımda yaşadığı müddətdə
Çobanzadə var gücü ilə xalqının müstəqilliyi,
savadlı gələcəyi uğurunda
çalışmışdı. Krım Universitetinin
yaradılmasında onun da əməyi az olmamışdır.
1920-ci ildə o, Simferpoldakı Tavri Universitetindən təklif
alır və dilçilik kafedrasının dosenti olur.
1924-cü ildə Krım Universitetinin rektoru seçilir.
1922-ci ilin avqustun 11 də V. İ. Lenin Azərbaycan MK-nın sədri
S. İ. Ağamalıoğlunu və onu müşayiət edən
A.S.Enukidzeni qəbul edir. Görüşün səbəbi Azərbaycanda
yeni əlifbaya keçmək idi. Ərəb əlifbasından
Latın qrafikasına keçrilmənin N. Nərimanov da tərəfdarı
idi. 20 oktyabr 1923-cü ildə Latın qrafikasına keçmək
barədə dekret imzalandı. Azərbaycanda yeni əlifba
islahatını gerçəkləşdirə biləcək,
Türk dillərini gözəl bilən, milli ruhlu bir insan
lazım idi. S. Ağamalıoğlu Türk dövlətlərinə
səfərlərindən birində belə bir insanla
rastlaşdı. Bu alman, türk, macar, fransız, ərəb,
fars, rus, özbək, qazax, türkmən dillərini bilən
Bəkir Çobanzadə idi. Ağamalıoğlu
Çobanzadəni Bakıya dəvət edir. Artıq
Krımdakı yersiz təzyiqlərdən bezmiş olan
Çobanzadə bu təklifi qəbul edərək Azərbaycana
gəlir. 1925-ci ilin yazından ömrünün son
gününə kimi-13 oktyabr 1937-ci ilə qədər
Çobanzadə Bakıda yaşamışdır. Bu 12 il
Çobanzadənin elmi fəaliyyətinin ən məhsuldar
dövrü olub. Çobanzadə Azərbaycanda yeni əlifba
komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq
Mərkəzi Komitəsinin rəhbəri təyin
edilmişdir. Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və
Krımda latın əlifbasına keçidlə əlaqədar
iş aparan Çobanzadə, eyni zamanda Tavrid, Bakı, Daşkənd,
Fərqanə və Buxara ali məktəblərində
türkologiyanın ayrı-ayrı problemlərinə dair
mühazirələr oxumuşdur (1920-1936).
Bu illərdə
Britaniya və Ərdəbil nüsxələri əsasında
Xətai divanının müqayisəli mətnini
hazırlamışdır. I Ümumittifaq Türkologiya
qurultayının təşkilində fəal
çalışmışdır (1926). Türk
xalqlarının yeni əlifbaya keçməsində fəal
mübarizə aparmış, Moskvada təlimatçı
kurslarında mühazirələr oxumuşdur (1928). Azərbaycan
Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik
etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsində kafedra
müdiri, dekan vəzifəsində
çalışmışdır (1924-1929). Moskvada Şərq
xalqları İnstitutunun həqiqi üzvü
seçilmişdir (1928). Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir
(1929). SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin
(1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi
üzvü seçilən Çobanzadə, Paris Dilçilik
Cəmiyyətinin üzvü olmuşdur. Çobanzadənin
1926-cı ilin fevralın sonu, martın əvvəlində
Bakıda keçirilən Ümumittifaq Türkoloji
qrultayın keçirilməsində əməyi
danılmazdır. Dünyanın ən məşhur 24
türkoloq-aliminin dəvət edildiyi bu qrultayda Almaniyadan 6,
Türkiyədən 7, Macarıstandan 5 , İtaliya, Danimarka ,
İsveçrə, Finlandiyadan hər birindən bir nəfər
iştirak edirdi. V. Tomsen, Teodor Mançel, Valter Radebold , Yulius
(Dyula) Mesaroş, Fuad Köprülü, Əli bəy
Hüseynzadə, Hikmət Cövdətzadə, İsmayıl
Hikmət kimi alimlərin iştirak etdiyi bu qrultay Türk
dünyasının həyatında əhəmiyyətli bir
addım kimi səciyyələndirilmişdi. Çobanzadənin
elmi fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmadığını
yuxarıda qeyd etmişdik . 1930-cu ildə onu Fərqanədə
yaradılan pedaqoji institutda özbək dili və ədəbiyyatı
kafedrasının müdiri vəzifəsinə dəvət
ediblər. 1935-ci ildə isə o Daşkənd və Buxara
universitetlərində türk dillərinin problemləri
adı ilə xüsusi kurs keçmişdir. Çobanzadə
A. Tahirzadə və Vəli Xluflu ilə birlikdə
üçdilli azərbaycanca-almanca-rusca lüğət
işləmişdilər. 1930-ci ildə Çobanzadəyə
qarşı təzyiqlər başladı və Azərbaycanda
Çobanzadəyə ilk qarşı çıxan Mikayıl
Rəfili oldu. Rəfilinin başladığı kompaniyanı
“İnqilab və mədəniyyət” jurnalında Mustafa
Quliyev və Osman Əfəndizadə davam ediblər. Mehdi
Hüseyn isə onu Trotskinin tərəfdarı
adlandırırdı. Təzyiqlər 1931 ci ildə pik
nöqtəyə çatdı. Krımda isə onun ailəsinə,
yeganə bacısı Zəlixaya təzyiqlər olurdu.
Çox keşməkeşli taleyi olan Zəlixa 18
yaşında Simferopolda Darülmüəllimatı (qadın
peoqoji uçilişi) daha sonra qiyabi olaraq Krım pedaqoji
institutunu bitirir. Ömrü boyu müəllim işləyən
Zəlixanın şəxsi həyatı əsl faciə olur: əri
1940-ci ildə vəfat edir, müharibə zamanı isə
uşaqlarını-qızını və iki oğlunu itirir.
1933-cü ildə Zəlixanı Qarasubazar rayonundakı 9
nömrəli məktəbdən-iş yerindən
çıxardırlar. Bir müddətdən sonra o kəndlərin
birində müəllim işləməyə müvəffəq
olur. Ömrünün sonuna qədər də bu məktəbdə
müəllim işləyir. Onu qeyd edək ki, 1928-35 ci illər
ərzində Çobanzadə ilə bağlı
araşdırmalar aparılsa da, onu günahlandırmaq
üçün tutarlı bir dəlil
tapılmamışdı. Hətta Azərbaycanın daxili
işlər üzrə xalq komitəsi olan Y. D. Sumbatov-Topuridze
1935-ci ilin sonunda Moskvaya hesabat vermişdi ki, Çobanzadəni
həbs etmək üçün heç bir əsas yoxdur.
1937-ci ildə onun siyahıya düşməsinin səbəbi
kimi Çobanzadənin Ruhulla Axundovla dostluğunun olduğu
ehtimal edilir. Bağırov R.Axundovu özünə rəqib
bildiyi üçün ilk anda onu və onun ətrafını
məhv etməyi düşünmüşdü. Axundovun
yaxınları siyahısına Çobanzadədən
başqa Əziz Qaybadulin, Vəli Xuluflu, Hənəfi
Zeynallı, Əli Kərimov, Ağakərim Dadaşov, Qulam
Bağırov, Xalid Səid, A. Mahmudzadə, Yaqub Zəki və
başqaları vardı. 1935-ci ildən sonra Çobanzadə
burulğanın sovuşduğunu güman edirdi. Lakin təəssüf
ki bu belə deyildi. Onu 28 yanvar 1937-ci ildə Kislovodskda “Qornyak”
sanatoriyasında dincələrkən həbs edirlər . Əvvəlcə
Pyatiqorsk türməsində saxlanılan Çobanzadə daha
sonra Bakıya gətirilərək Azərbaycan SSR Daxili
İşlər Xalq Komissarlığının təcridxanasında
saxlanılır. Bakıya gətirildikdən sonra dəfələrlə
– ümumilikdə 32 dəfə – dindirilən Çobanzadənin
məhkəməsi Ali məhkəmənin hərbi kollegiyasının
3 nəfər əməkdaşının iştirakı ilə
keçirilmişdi. Məhbusların sayı çox
olduğundan məhkəmə 3 gün – 11, 12 və 13 oktyabrda
olmuşdu. Çobanzadə 12 oktyabrda dindirilmiş və 13
oktyabrda məhbuslarla bir yerdə güllələnmişdi.
Onun məhkəməsi 11.20-dən 11.40-a qədər, yəni
cəmi 20 dəqiqə davam etmişdi.
Çobanzadədən sonra tatar
tarixçisi Əziz Qaybadulin mühakimə edilmiş və
ona da ölüm hökmü kəsilmişdi. Çobanzadənin
ölümünün sabahısı günü – 14 oktyabrda
qadını, Bakı opera teatrının aktrisası Ruqiyə
Qireyevna Abdulina həbs olunmuşdu. Tezliklə ona da vətən
xaininin ailəsi damğası vurulmuş, islah-əmək
düşərgəsində 8 il müddətində həbs
cəzasına məhkum edilmişdi. Ruqiyə xanımın həyatı
haqqında az məlumat var. Yalnız o məlumdur ki,
Qazaxıstandan – sürgündən qayıtdıqdan sonra
Xaçmaz rayonunda musiqi müəllimi işləyib. Bəzi
araşdırmaçılar iddia edirlər ki, 1941-ci ildə
Ruqiyə xanımın Çobanzadədən bir oğlu olub
– Qirey Bəkir oğlu Abdulin. Yeri gəlmişkən onu qeyd edək
ki, Çobanzadə ilk qadını Dilarə xanımın
öncəki ərindən olan oğlu Mustafanı
oğulluğa götürmüş, ad və soyadını
ona vermiş, həmişə oğlu kimi qayğısına
qalmışdı. Ruqiyə xanımdan isə 1941-ci ildə
onun oğlu ola bilməzdi. Baxmayaraq ki, onun ölüm
haqqında şəhadətnaməsində Çobanzadənin
12 iyul 1939-cu ildə Xaçmaz kəndində
öldüyü göstərilsə də, həqiqətdə bu
böyük alim 1937-ci ildə güllələnmişdi. Bəkir
Çobanzadənin qəbri məlum deyil. Keşməkeşli
ömür yaşamış böyük Türk aliminə
sonralar bəraət verildi.
Şahnaz KAMALOVA
525-ci qəzet.-
2011.- 21 oktyabr.- S.6.