Ölüm mələyi

 

Romandan parça

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Yazıçı Mustafa Çəmənlinin “Ölüm mələyi” tarixi romanı 50 ildən artıq hakimiyyətdə olan I Şah Təhmasib Səfəvinin keçdiyi ağır, ziddiyyətli, ictimai-siyasi hadisələrlə zəngin olan həyatından, onun Osmanlı–Səfəvi müharibələrdəki tutduğu tarixi mövqeyindən, ömrünün son günlərində hakimiyyət uğrunda gedən saraydaxili mübarizələrdən, iyirmi ilə yaxın Qəhqəhə qalasında dustaq etdiyi oğlu II Şah İsmayılın hakimiyyətə gəlməsindən və onun hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edir. Dramatik hadisələrlə, psixoloji məqamlarla zəngin olan bu romandan üç fəsli möhtərəm oxucularımıza təqdim edirik.

 

 

XIX FƏSİL PƏRİXAN BƏYİMİN HİYLƏSİ

 

Cinayətdən sonra tövbənin  xeyri yoxdur.

Sədi Şirazi

 

Pərixan bəyim qapısı bağlı otaqda tək-tənha oturub sarayda atasının ölməyi ilə bir gecənin içində baş vermiş bu olaylardan xəbərsiz, Qəhqəhə qalasında öz məhbus həyatını yaşayan İsmayıl mirzəni düşünürdü. Fikirləşirdi ki, əgər Heydər mirzə çox yox, tək bircə gün şahlıq taxtını əlində saxlaya bilsə, İsmayıl mirzənin Qəhqəhə qalasından çıxmağı qaldı qiyamətə. O isə nəyin bahasına olursa-olsun qiyamət gününü gözləmək istəmirdi.

Pərixan bəyim şah taxtına ancaq İsmayıl mirzəni layiq bilirdi. Qəlbinin lap dərinliyində osmanlılarla müharibədə igidliklər göstərmiş İsmayıl mirzəyə xüsusi rəğbəti, vurğunluğu vardı. Onu hər cəhətdən bütün şahzadələrdən üstün tuturdu. Hər yoldan ötən, şah oğlu olsa belə, şahlığa layiq ola bilməz deyirdi. İsmayıl mirzə onun nəzərində misilsiz bir qəhrəmandı. Onun belə düşünməyə əsası və haqqı da vardı. Axı bu İsmayıl mirzə on dörd yaşından əlində qılınc hərb meydanına atılmışdı. Hələ onda Pərixan bəyim anasının bətnində idi. O, bu dünyaya bir il sonra (1548) gələcəkdi. Sonralar biləcəkdi ki, atası Şah Təhmasib ona xəyanət eləmiş qardaşı Əlqas mirzənin yerinə on dörd yaşlı İsmayıl mirzəni Şirvanın hakimi təyin etmişdi. Qacar tayfasından olan Göyçə sultan da onun lələsiydi və İsmayıl mirzənin bir sərkərdə, dövlət adamı kimi yetişməsində çox əmək sərf eləmişdi. İsmayıl mirzə sücaətdə, fərasətdə babası Şah İsmayıla çəkmişdi. O da on dörd yaşında olanda Şirvanşahlar sülaləsində olan Burhanla vuruşub ona qalib gəlmişdi. Daha sonra İsmayıl mirzə I Sultan Süleymanın ordusu ilə vuruşmada özünü qəhrəman sərkərdə kimi tanıtmışdı. İsmayıl mirzə Qarsı üç gün mühasirədə saxlayıb Osman Çələbinin qoşununa qalib gəlmişdi. Əmisi Bəhmən mirzəylə çiyin-çiyinə Bayburt ərazisində osmanlılarla döyüşmüşdü. O, 1552-ci ildə qızılbaşları Ərzurumun Osmanlı hakimi, özündənrazı, lovğa İsgəndər paşanın üzərinə yeridib, sonra qəsdən geri çəkilmiş, bu yolla rəqibini qalasından kənara çıxmağa həvəsləndirmişdi. Beləcə, İsmayıl mirzə İsgəndər paşanın qaladan kənara çıxmış qoşunlarını mühasirəyə alıb darmadağın etmişdi. İsmayıl mirzə bu döyüşdə İsgəndər paşanın qardaşı Ramazan bəyi, Sultan Süleymanın qullarından Məhəmməd qullarağasını, Mərəş, Malatay, Trabzon hakimlərini, Rasin və kürd əmirlərini, sancaq? bəylərini əsir almışdı. Osmanlılar bu gəncin sürətli və cəsarətli həmlələrindən özlərini itirmişdilər. Onun qəhrəmanlığını, sücaətini “Dəli İsmayıl” ayaması ilə etiraf etmişdilər.

El arasında İsmayıl mirzə haqqında rəvayətlər dolaşırdı. Onun adı gələndə qızılbaşlar ordusunda canlanma yaranırdı, adı ilə öyünürdülər. Söyləyirdilər ki, bir axşam altı yüz yeniçəri İsmayıl mirzənin qərargahına gələrək onun tərəfinə keçdiklərini söyləyirlər. Elə ki onların başçıları İsmayıl mirzənin çadırına girir, gözlənilmədən qılınclarını siyirib şahzadənin üstünə atılırlar. İsmayıl mirzə bu qəfil həmlənin qarşısını qılıncının və qolunun gücü ilə alır. Xəyanət niyyətilə gəlmiş yeniçərlər qılıncdan keçirilir.

Bax belə bir qəhrəman şah atanın qəzəbinə gəlmişdi. Nə idi bu qəzəbin səbəbi? İsmayıl mirzə nə günah işlətmişdi? Pərixan bəyim günlərlə bu barədə düşünmüşdü, işin içində olan əyanlardan soruşub öyrənmişdi. Qələbə eşqi ilə alovlanan İsmayıl mirzə Osmanlılarla Səfəvilər arasında bağlanmış Amasya sülh (29 may 1555-ci il) sazişinin şərtlərini heç cür qəbul edə bilmirdi. Bu sülhün şərtlərinə görə Səfəvi dövləti Qərbi Gürcüstan vilayətini, Bağdadı itirmişdi.

Şah, İsmayıl mirzəni qardaşı Məhəmmədin yerinə Herata hakim göndərmişdi. Bu uzun yolda onu Əli sultan Təkəli müşayət edirdi. Şah Təhmasib Əli sultana gizlində məktub verib tapşırmışdı ki, onu Məhəmməd mirzənin lələsi, Heratın əmir-əl-ümərası Məhəmməd xan Təkəliyə çatdırsın. Məktubda göstərilmişdi ki, İsmayıl mirzə hər bir işdə ancaq və ancaq əmirin razılığı ilə hərəkət edə bilər.

Əli sultan şahın əmirinə əməl etməmiş, məktubun məzmunu ilə İsmayıl mirzəni elə yoldaca tanış eləmişdi. Əli sultan Herata çatanda Məhəmməd xan Təkəliyə belə söyləmişdi: “Şah əmr edib ki, siz hər bir işdə şahzadəyə tabesiniz, nə buyursa, o da olmalıdır”.

İsmayıl mirzə Məhəmməd xan Təkəlini dövlət işlərindən uzaqlaşdırdı və şahın razılığını almadan vilayətlərin hakimlərinə məktub yazıb onlardan dərhal qoşun toplamağı, Amasya sülh sazişini pozub Osmanlı vilayətlərinə yürüşə başlamağı tələb etdi.

Məhəmməd xan Təkəli görüb-eşitdiklərini, İsmayıl mirzənin əməllərini bircə-bircə yazıb şaha göndərdi. Qəzvində həmin gecə şahın gözünə yuxu getmədi. Çünki bu məsələdə şəxsi-qərəzlik yoxdu, şahzadənin vilayət hakimlərinə göndərdiyi məktublar onun əlindəydi. Bu məktublar açıqca şah atanın iradəsi əleyhinə idi. Şah səhər tezdən qorçubaşı Sevindik bəy Əfşarı Herata göndərdi ki, İsmayıl mirzəni vəzifəsindən kənar etsin.

İsmayıl mirzə beləcə Heratın hakimliyindən uzaqlaşdırılıb Qəhqəhə qalasına atıldı, Əli sultan isə bu yolda canından keçdi.

Pərixan bəyim heç kəsə deməsə də, atasının İsmayıl mirzəni Qəhqəhə qalasına saldırmaqda həm də şahzadədən ehtiyat etdiyini düşünürdü: “Deməli atam həm də İsmayıl mirzənin hakimiyyət ehtirasından qorxub. Görəsən zindan həyatı onu dəyişməyib ki? Mənim onun barəsində yazdığım “Zendaniyi-qəleye-Qəhqəhe” mənzuməmdən xəbəri varmı? Yox, nə yolla olur-olsun İsmayıl mirzəni zindandan xilas etməliyik! Yaxşı, çox yaxşı, bəs nə yolla?”

Bu yerdə atasının dövlət müşavirələrindən birində təsadüflərin insan həyatında gözlənilməz dəyişikliklər etdiyi barədə söylədiyi əhvalat yadına düşdü. Bir padşahın imarətinin qabağında bir nalbənd yaşayırmış. Onun əxlaqlı, gözəl bir arvadı varmış. Amma bu qadının baş-gözü açıq olarmış. Bir dəfə padşah onu görəndə soruşur ki, bu qadın kimdi? Deyirlər, nalbəndin arvadıdı. Padşah deyir:

– Ə, nalbənd qələt eləyir. Bu saat gedin ona deyin, arvadı boşasın, onu alıram.

Vəzirlərdən biri yalvarır:

– Padşah sağ olsun, bizi xalqın içində biabır eləməyin. Belə iş görməyin, o, nalbəndin kəbinli arvadıdı.

O biri vəzir isə deyir:

– Padşah sağ olsun, o qadını mən sənə alaram.

Gəlir nalbəndin yanına, deyir:

– Ölkə hakiminin qəlbinə toxunmaq olmaz. Arvadını boşa, padşah alsın.

Nalbənd deyir:

– A kişi, sən nə danışırsan, mən heç vaxt arvadımı boşamaram.

Arvad da öz növbəsində deyir ki, mən heç zaman padşaha ərə getmərəm.

Qansız, insafsız vəzirin biri padşaha məsləhət verir:

– Qibleyi-aləm sağ olsun, gündə əlli adamın boynunu vurdurursan. Nalbəndə əmr elə ki, sabaha qədər bu qədər at üçün nal kəs, səhər müharibəyə gedirik. Əgər səhər tezdən nallar hazır olmasa, boynunu vurduracam.

Padşah razılaşır.

Padşahın əmrini eşidən nalbənd arvadına deyir:

– Ayrılıq aşı bişir, mənə ölüm qərarı kəsildi.

Arvad deyir:

– A kişi, ruhdan düşmə, qalx ayağa, mən də kömək eləyim nalları kəsək.

Kişi deyir:

– Yox, bir belə nalı bir gecəyə kəsib qurtarmaq olmaz. Ümidim tək olan Allahadır. Heç bir çəkic də vurmayacağam.

Səhərə yaxın qapı döyülür. Arvad deyir ki, əşi, səni çağırırlar. Nalbənd deyir:

– Arvad, sənə yaxşı olmuşam, pis olmuşam, halal elə.

Qadın deyir:

– A kişi, zəhər içərəm, kimsəyə təslim olmaram. Dünyadan imansız getmə.

Nalbənd durub qapını açır, dörd nəfər sadə adam girir içəri. Onlardan biri nalbəndə deyir:

– Qardaş, nal lazım olmadı. Bu gecə padşah ölüb. Onun tabutu üçün beş-altı mismar düzəlt ver, aparaq.

Onun üçün deyir ey:

 

Ey mıxı mismar eyləyən kişi,

Ey sayılı borcdan qurtaran kişi.

 

... Qapı açıldı. Qabaqda anası, ardınca gürcü qızı, sonra Heydər mirzə içəri girdi. Anası boynunu qucaqladı:

– Qızım, özünü şərdən-böhtandan qoru. Sənin üçün kimin şah olmasının nə fərqi?

Pərixan bəyim nə düşündüsə:

– Doğru buyurursan, ana, – dedi, – mən ağılsızlıq etmişəm.

O, bir anda şahlıq tacını başında gəzdirən Heydər mirzəyə tərəf atılıb onun ayaqlarını öpdü. Sonra Heydər mirzənin anasına tərəf dönərək: – Şahid ol, bəyim, əlahəzrəti taxta çıxdığına görə təbrik etmək və onun mübarək ayaqlarını öpməkdə heç kəs məni qabaqlamadı, – dedi.

Heydər mizə sarayda nüfuz sahibi olan qürurlu Pərixan bəyimdən bu “mütiliyi” qətiyyən gözləmirdi, ona görə də:

– Bacı, sənin sədaqətinə tamam inanmağım üçün “Quran”a and iç!

Pərixan dərhal kitab dolabına doğru gedib əlinə ilk keçən kitabı götürüb qardaşının hüzurunda dayandı:

– Sənin şahlığını qəbul edir, sənə itaət edirəm. – Əlini kitabın üstünə qoydu: – Bu “Quran”a and içirəm, sənə heç zaman xəyanət etməyəcəyəm.

Ürəyində isə başqa söz deyirdi:

– “Sən Heydər mirzəni qəhrəman İsmayıl mirzənin haqqını tapdalamağa qoymayacağam”. – İnandın, qardaş?!

– İnandım!

– Onda icazə ver evimə gedim. Qardaşım şahzadə Süleymanı, dayım Şamxal sultanı muştuluqlayım. Onları da saraya gətirim, sənin xidmətində dursunlar.

– Oldu, əziz bacım, gözləyirəm, get qardaşın Süleymanla, Şamxal dayını gətir mənim yanıma.

Pərixan bəyim baş əyib otaqdın çıxdı. Daha doğrusu, qanadlanıb uçdu. “Uduzdun, Heydər mirzə, uduzdun! Sənin şahlığın bitdi! Mən sənin ayaqlarından Qəhqəhə qalasında yatan qəhrəman İsmayıl mirzənin xətri üçün öpdüm”.

Tələsirdi, çox tələsirdi, əsrə bərabər saatlardan qurtulmuşdu, indi hər şeyi dayısı Şamxal sultana çatdırmalıydı. O, tələsik hərəmxana bağından At meydanına aparan gizli qapını öz açarı ilə açaraq dayısının yanına qaçdı. Qaçarkən yaylığının sürüşərək çiyinlərinə düşdüyünü, bir cüt xurmayı hörüyünün kürəyində ilan kimi qıvrılıb açıldığını, sinəsini qabardan döşlərinin necə incə bir ahənglə silkələnmələrinin fərqində deyildi. Onu ancaq illərlə xəyalında əzizlədiyi, igidliyi, şəxsiyyəti ilə öyündüyü, güvəndiyi İsmayıl mirzənin sağ-salamat zindandan çıxıb şahlıq taxtında oturması düşündürürdü. Hər gün ünsiyyətdə olduğu, əməlisaleh, rəhimdil, ədalətli, mehriban Heydər mirzə qətiyyən düşündürmürdü. Heç elə bil onu görmürdü. Xoşbəxtlik də belədi, bəzən o, əl altında olacaq qədər bizə yaxın olur, amma biz onu görmürük. Xoşbəxtliyimizi gedib çox-çox uzaqlarda axtarırıq.

Pərixan bəyim dayısı Şamxal sultan Çərkəzi tapıb hərəmxana bağçasının açarını ona verdi. Şamxal sultan hərəmxana bağçasının açarlarını əlində görəndə gözləri parıldadı. Pərixan bəyim dayısının gözlərindəki bu parıltıdan diksindi. O, Heydər mirzənin öldürülməsini istəmirdi, sadəcə onu şahlıq taxtına layiq bilmirdi. Amma indi dayısının gözlərindəki o parıltıdan sümükləri eyməndi. Bir anlıq bilmədi neyləsin, dayısı Şamxal sultan bircə dəfə fit verdi, dərhal üç yüz çərkəz hazır oldu. Şamxal sultan qabaqda, çərkəzlərdən ibarət qorçuları ardınca hərəmxana bağçasına keçdilər.

Pərixan bəyim iki yol ayrıcında qaldı. Gedənlərin arxasınca xeyli baxandan sonra evinə döndü.

 

lll

 

Günün axırıydı. Hüseyn bəy Yüzbaşı və tərəfdarları başa düşdülər ki, Hüseynqulu Xüləfa onları aldadıb. İsmayıl mirzədən bir xəbər yoxdu. Onun gəlməsi söhbəti boş bir xülyadı. Hüseyn bəy Yüzbaşı tərəfdarlarına dedi ki, gedək dövlətxananın keşiyini təhvil alaq. Hamısı atlandı, şahzadə Mustafa mirzə də onlarla idi. Yolda Allahqulu sultan Aycəkoğlu onun sözünü eşidib Hüseynqulu Xüləfanın üstünə getmədiklərini bəhanə gətirərək onlardan ayrıldı.

Hüseyn bəy Yüzbaşı başının dəstəsi ilə dövlət xəzinəsinin arxa tərəfindən keçən yolla irəliləyirdi.Çünki əsas yol tutulmuşdu. Xəzinənin keşikçiləri onları qarətə gələnlərə oxşadıb güllə-ox yağışına tutdular. Hüseyn bəy Yüzbaşı qışqıra-qışqıra dedi ki, bizim sizinlə heç bir şərikli malımız yoxdur. Keşik çəkməyə gedirik. Bəsdirin, saxlayın bu güllə-ox yağdırmağı...

Hüseyn bəy Yüzbaşının dəstəsi dövlətxanaya çatanda qapıları bağlı gördülər. Onlar təlaşla qapıları döysələr də, açan olmadı. Hüseyn bəy Yüzbaşı başa düşdü ki, gecikiblər. İçindən ağrı keçdi: “Gərək Aycəkoğlunu eşidəydik, bu qazdan ayıq Hüseynqulu Xüləfanı o dünyaya göndərsəydik, indi qapılar üzümüzə bağlanmazdı”.

Onlar aramsız olaraq qapıları döyürdülər, sanki dövlətxanada ins-cins yoxdu, qapılar onların üzünə bəlkə də həmişəlik qapanmışdı.

Hüseyn bəy Yüzbaşı dostlarına söylədi ki, biz çox ləngimişik, qorxuram Hüseynqulu Xüləfa tərəfdarlarını xiyaban yolu ilə aparıb At meydanından hərəmxana bağçasına keçirsin. Yəqin ondan ötrü heç bir müqəddəs dəyər qalmayıb.

Hüseyn bəy Yüzbaşı yanılmamışdı. Doğrudan da, Hüseynqulu Xüləfa tərəfdarlarını At meydanından hərəmxana bağçasına keçirərək Şamxal sultanın adamlarıyla birləşdirmişdi. Bu iki birləşmiş dəstənin yarısı bağçada qalmışdı, yarısı isə artıq hərəmxana dairəsinə adlamışdı. Lap öndə tosqun Hüseynqulu Xüləfa, yanağından qan daman Şamxal sultan, onların ardınca Süleyman mirzə, Əli bəy Şamlu, Cəmşid bəy Çərkəz, Vəlixan bəy Rumlu irəliləyirdilər. Sanki böyük bir qoşunun üstə gedirdilər. Siyrilmiş qılınclar günəşin şəfəqləri altında bərq vururdu, ox-yayını çiyninə salanlar, əlitüfəngli olanlar da vardı. Elə bil ov dalınca gedirdilər. Bu “ovun” canlı insan olduğunu, dünənə qədər görəndə “Şah, Allah” deyə qarşısında ikiqat olduqları Şah Təhmasibin oğlu olduğunu, sanki, unutmuşdular. Başlarını soxmadıqları dəlmə-deşik yoxdu...

Heydər mirzə heç vaxt inanmazdı ki, şahın təbəələri nə zamansa hərəmxana otaqlarına soxula bilərlər. Amma yanılmışdı, sağlığında şahın ayaqlarını öpənlər onun hərəmxanasında eşələmədikləri künc-bucaq qalmamışdı. Hamı Heydər mirzəni axtarırdı.

Xanımlar, kənizlər hürkmüş göyərçinlər kimi otaqdan-otağa qaçırdılar. Xanımlar Heydər mirzəni qana susamış bu kütlənin qabağına çıxmağa qoymurdular. Onlar çox gözəl bilirdilər ki, bu həngamə ancaq Heydər mirzəyə görədir. Hiyləgərlərin fitnəsiylə ortaya atılan adamların başlarında ağıl deyilən şey qalmamışdı, onlar Heydər mirzənin “qətlinə fərman” vermişdilər. Guya Heydər mirzə ölən kimi hər şey düzələcəkdi. Axı, bu Şah Təhmasibin üçüncü oğlu Heydər mirzə niyə, nə üçün, kimə və nəyə görə ölməli idi, heç kəs bu sualı özünə vermirdi.

Dövlətxanada aləm bir-birinə qarışmışdı. Hüseyn bəy Yüzbaşının dəstəsi hələ də içəri keçə bilməmişdi. Ancaq Zal bəylə Əlixan bəy Gürcü bir neçə silahdaşlarıyla hərəmxana bağçasına adlaya bilmişdilər.

 

lll

 

... Dayısı Şamxal sultanın yanına qaçan, hərəmxana bağçasının açarını ona verən Pərixan bəyim evdə qərar tuta bilmədi. Ona elə gəldi ki, dövlətxanada boynu vurulmuş zavallı Heydər mirzənin qanı hərəmxana bağçasından At meydanına, oradan da onun evinə axır. Axan bu qan kəsmək bilmirdi. Pərixan bəyim, doğrudan da, qana batmış kimi zərif ayaqlarına baxdı və qorxmuş halda özünü çölə atdı. O, indi də dövlətxanaya tərəf qaçırdı. Qaçırdı ki, baş verəcək fəlakətin qarşısını alsın. Dayısının gözlərindəki o parıltının, alışıb yanan intiqam odunun üstünə su səpməliydi. Pərixan bəyim demirdi ki, Heydər mirzə şah olsun, yox, qətiyyən, ancaq ona qıymasınlar, eybi yoxdur, lap tutub zindana atsınlar, amma öldürməsinlər.

Pərixan bəyim böyük bir məmləkətin şahzadəsi, sevilib-seçilən bir xanımı olduğunu unudub dövlətxanaya doğru qaçırdı.

... Heydər bəy ölümün artıq lap yaxınlıqda olduğunu hiss edirdi. Gənc idi, təcrübəsiz idi, birinci dəfəydi belə bir oyuna düşmüşdü, nə edəcəyini bilmirdi. Bu anda ona arxa duracaq beliqılınclı bir kişi də yoxdu, həkim Əli Nəsir səs-küyü eşidən kimi harasa yox olmuşdu. Yazıq Heydər mirzə qadınların əhatəsində qalmışdı. Bu qadınlardan biri anası, beşi isə analığıydı. Ögey bacısı Gövhər bəyim də onlarlaydı. Yerdə qalanları kənizlər, qaravaşlar, xadimələr idi. Bu qadınların heç biri bu sarayın hərəmxanasına öz istəyi ilə gəlməmişdi. Gürcü qızı deyilən doğma anası gürcü əyanlarından birinin qızıydı. Anası atasının xanımı Sultanım bəyimin ilk günüsü idi. Amma insafən Sultanım bəyim onun anasına qarşı kin bəsləməmişdi. Sultanımın sevmədiyi günülərindən biri Pərixan bəyimin anası idi. Heç xoşu gəlmirdi ondan. Bu qadın Dağıstan hakiminin qızıydı. Şahzadə Süleyman da bu qadından doğulmuşdu. Heydər mirzənin anasından başqa şahın xanımlarından daha ikisi gürcü əsilliydi. Bunun səbəbi şahın bir neçə dəfə Gürcüstana yürüş etməsiylə bağlı idi. Yerdə qalan xanımlar, kənizlər, qaravaşlar şaha hədiyyə olunmuşdular. Onların getməyə başqa bir yerləri də yoxdu. Bütün ömürlərini saray hərəmxanasına bağlamışdılar. Bu qadınlar birinci dəfəydi ki, sarayda belə bir iğtişaşla qarşılaşmışdılar. Amansız insan seli onlara doğru gəlirdi. Gələn bu sel Heydər mirzəyə görəydi. Bu sel onu qadınların əlindən alıb aparacaqdı. Gürcü qızı son çarəyə əl atdı. Bir göz qırpımında oğlunu çadraya bükdü. Heydər mirzə özünə yaraşdırmadığı çadradan xilas olunmağa çalışdısa da, qadınlar ona mane oldular. Sultanım bəyim şəfqətlə dedi:

– Başqa yol yoxdu, şahzadə! Bu gözüqızmışların əlindən qurtarmağın ayrı çarəsi yoxdur!

– Bəs mənim şərəfim?!

Anası oğluna bozardı:

– Şahın meyitinin üstündən adlayıb onun oğlunu doğramağa hazır olan bu ikiayaqlı cəlladlar şərəfli, amma iyirmi iki yaşlı şahzadə qana susamış insan sürüsündən gizlənmək üçün başına çadra örtəndə şərəfsiz olur?!

Hirs-hikkəsindən şahzadənin gözlərində yaş parladı: “Allahım, bu şərəfsizliyi sən mənə yox, körpə qızıma bağışla”.

Azğınlaşmış kütlə artıq eyvana soxulmuşdu. Qadınlar bir-birinə qısılıb qabaqda gedirdilər. Onlar bu selin qabağından qaçıb xilas olmaq istəyirdilər. Doğrudu, onlara toxunan yoxdu, amma Heydər mirzə aralarındaydı. Xanımlar şahzadəni ölümün pəncəsindən xilas etmək istəyirdilər. Kütlənin qabağında gələn Hüseynqulu Xüləfa, Vəlixan bəy Rumlu, Şamxal sultan Çərkəz, onun qulamı Cəmşid bəy Çərkəz, şahzadə Süleyman, Əli bəy Şamlu ovunu itirmiş qartal kimi vurnuxurdular: “Hansı deşiyə girdi bu “şah qoduq?”.

Birdən Əli bəy Şamlu qatarlaşıb gedən qadınlar arasında onların yerişilə uyuşmayan ayaqları sezdi:

– Budur bizim “şahımız”, əyninə arvad paltarı geyinib qoşulub arvadlara. Ey Səfəvilər nəslinin adını batıran murdar, gəl bura! – deyib yerində donmuş Heydər mirzənin başından çadranı çəkib yerə atdı. Gürcü qızı oğlunu xilas etməyə atılanda Vəlixan bəy Rumlu onu geri itələdi. Heydər mirzə ona bozardı:

– Murdar, əlini çək!

Şahzadə Süleymanın qulamı Cəmşid bəy Çərkəz Vəlixan bəy Rumluya köməyə gəldi, Heydər mirzəni çəkib qadınlardan araladılar. Hər iki cəllad sorğulu gözlərini Hüseynqulu Xüləfa ilə Şamxal sultana zillədilər: “Ağalar nə buyurur?” Onlardan səs çıxmadı, amma hiyləgər baxışları ilə “vur boynunu” işarəsini verdilər. Gürcü qızı özündən getmişdi. Heydər mirzənin ikiyaşlı qızı qorxusundan sarısını udmuşdu, anası onun gözlərini əli ilə örtmüşdü ki, atasının ölüm səhnəsini görməsin. Bu vaxt hər iki cəlladın qılıncı göydə parladı.

– Dayan! – Sultanım bəyim hayqırdı. Ancaq gec idi, Heydər mirzənin başı yerdəydi. Sultanım bəyim qadınlardan ayrılıb Şamxal sultanın qarşısında dayandı və var gücü ilə onun ətli sifətinə bir şapalaq vurdu:

– Şərəfsiz! Sən bu gün qəbrini öz əlinlə qazdın. – Sonra üzünü Hüseynqulu Xüləfaya tutdu: – Dövlətxananın xüləfasına bax. Gör kimlərin ümidinə qalmışıq. Qalx ayağa, hökmdar! Gör bunların murdar şərəfini! Gör sarayında nə qədər gödən yırtan canavarlar bəsləyirmişsən!

Bu hərəkəti heç kəs gözləmirdi. Yenicə içəri girən Pərixan bəyim eyvanın sütununa söykənib donmuşdu: “Heydər mirzə, biz sənin ölümünün baiskarıyıq. Allah bizi bağışlamayacaq!”

Zal bəyin səsi gəldi: “Heydər şah, hardasan?”

Kütlə yenidən coşdu. Vəlixan bəy Rumlu şahzadənin kəsilmiş başını yerdən qaldırıb Zal bəylə Əlixan bəy Gürcünün qarşısına atdı:

– Alın, bu da sizin şahınız!

Sütuna söykənmiş Pərixan bəyim kənara sıçradı. Ona elə gəldi ki, Heydər mirzənin kəsilmiş başı onun qucağına düşdü. “Bismillah!” deyib çökdü.

 

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet.- 2011.- 22 oktyabr.- S.28-29.