Şair doğulmuşlara
inanmaq gərək...
Tofiq Hüseynin
ikicildliyi haqqında düşüncələr
Şair-publisist Tofiq Hüseynin dövri mətbuatdakı
çıxışlarını, uzun
fasilələrlə çap olunan şeir
kitablarını müntəzəm izləyənlərdən
biri də mənəm. Publisistikası ilə
şeirləri sanki qoşa
qanaddır. Mənim düşüncəmə görə şair Tofiq publisist Tofiqi xeyli üstələyir.
Tofiq Hüseyn əslində daha
çox şairdir, nəinki
publisist.
İlahi, bir kimsə
inanmadı ki,
Şair doğulmuşdum doğulanda mən.
Əslində heç
özü də öz şairliyinə bəzən inanmamışdı. “Şair”
sözünün xofu
həmişə onu qorxutmuşdur. Onun aləmində poeziyada və bütövlükdə
həyatda “Kəbirlinsi”
olmaqdan dəhşətli
bir iş yox idi. Kandarında
dayandığı, daha
doğrusu kandarından
o yana şlaqbaum
qaldıran ədəbi
mühit, ədəbiyyat
“generalları” ürkütdülər
onsuz da təbiətən ürkək
və utanacaq olan Tofiqin ilham
pərisini. Ancaq o “ağlamalı olduğu qədər də gülməli şeylərlə dolu olan” ömrünə güzgü tutdu poeziyanı. Axı, yazmaya bilməzdi, mühiti və müasirləri inanmasa da, şair doğulmuşdu
Tofiq...
“Mütərcim” nəşriyyatında
işıq üzü
görən Tofiq Hüseynin “Seçilmiş
əsərləri. 2 cilddə”-buna əyani sübutdur. I cilddə
Tofiq Hüseynin əsasən ötən əsrin sonuncu çərəyində qələmə
aldığı müxtəlif
şeir və poemaları, mənzum felyetonları, II cilddə
nəsr əsərləri
və onun yaradıcılığına həsr
olunmuş yazılar toplanmışdır.(Yadıma
hörmətli şair-publisist
Tofiq Abdinin (Tofiq abinin) “Poeziya” və “Proza” kitabları düşür).
Tofiq Hüseynin bu iki cildliyi
Şirvan elində tikdiyi ev
kimi çox dəyərlidir. Biri daş evdir, digəri iki cildlik sözdən, “hörülmüş ev”dir, olub keçənlərin, yaddaşında
dərin izlər buraxmış pastoral, arxaik
ömür anlarının,
həyat axarının,
tale məcrasının bədii
panoramasıdır.
Tikdiyim bu evin
üstə çıxacam,
Ordan yaşadığım
ömrə baxacam,
Baxacam, görəcəm bu ömrə ancaq
Gülməkdən savayı
işim qalmayıb.
Şeirləri oxuduqca onların cazibəsindən
çıxa bilmirsən,
qanına, ruhuna hopan misralardan ayrılmaq olmur. Hərdən adama elə
gəlir ki, həmin misraları özün nə vaxtsa pıçıldamısan.
Məncə bunun bir adı var; ədəbi
uğur. İç dünyasının
poetik şəklini çəkən T. Hüseynin
lirik “mən”i sənləşir, bizləşir.
Daha dərd çəkməyə canda
yox təpər,
Ömrün əcəl adlı bazarındayam.
Yorulmuş atları güllələyirlər,
Buyur, Tanrım, buyur hüzurundayam...
Aman Allahım! Orta əsrlərin lay divarları arxasından bizə gəlib çatan bu dərd, qəm,
ələm, kədər
necə də doğmadır, türk qoxuludur, tanış ovqatlıdır.
Klassik poeziyanın şəhd-şərbəti yeni
deyimdə, ənənəvi
biçimdə ürəyə
məlhəm qoyur; vallah-billah, şeir gözü də, qulağı da, ürəyi də eyni zamanda “fəth”
edəndə gözəldir.
Şəxsən mən
rebus sayağı şeirləri
həzm edə bilmirəm, qafama daş kimi dəyib
çilik-çilik olur. Mən o fikirdən əsla
qəti uzağam ki, poeziya “həmdülillah,
necə görmüşdüsə
Nuh, öyləcə”
qalmalıdır.
İstedad bütün kanonların fövqündədir. Klassik ənənəyə hörmət və ehtiram T.Hüseynin yaradıcılığında qırmızı bir xətt kimi keçir. Bunun bariz nümunələrindən
biri də bax budur:
Burdan baş götürüb qaçsam
da hara,
Məni dərdə tərəf döndərir
Allah.
Keyfi- keyf çəkməyi
bacaranlara,
Dərdi-dərd çəkənə
göndərir Allah!
Bu adi şərq fatalizimi deyil, tanrının məsləhət
bildiyinə şairin poetik baxış bucağıdır, xalq təfəkkürünə söykənən
bir deyimdir.
Allahın bəndəni hara döndərməsini qoyaq bir tərəfə. Ancaq bəndələr
də dinc dayanmır, bir-birini bezar edir, əlavə
giley, ağrı-acı
yaradır, şairin könül aynasını
qırmaq istəyir:
Bir kəlmə könlümü bezar eyləyib,
Bilmirəm yerliyəm, ya yersizəm mən.
Oğulsan Gəncəyə güzar eyləyib.
“Yerli şair” söylə Nizamiyə sən...
Bahalı quldurlar, ucuz qullar dünyasında,
Absurdstanda “Güllütəpə
kəndinin alatoranı”ndan
keçən şair
vüsalın yerinə
dərd gəldiyinə,
istiqlalın yerinə
əzab gəldiyinə
görə “Şərq
boyda bir xaraba”nı min təsbeh lənətləsə də
ruhdan düşmür,
dünya gözündən
düşsə də
belə! Sözün səsini eşidir,
sözün rəngini
görür, “yerli” şair, “əyalət” şairi kimi epitetlərin, eyhamların
başı üzərində
bir çəngə bulud kimi fırlanmasına
rəğmən poeziyada
öz səssiz-küysüz,
hay-haraysız yolunu gedir. İnanmaq istərdim ki,
bu məbədə aparan yoludur.
Bəzən də:
Namərdə dəyəsi kötək görmürəm,
Namaz qılınmalı ətək görmürəm,-
deyən şair qadir Allahın çox müşküllərə
əncam çəkəcəyinə
əmindir.
Yuxarıda qeyd etdiyim
kimi kitabın 2-ci cildi prozadır.Bu cilddə ən maraqlı, sanki, bir nəfəsə oxunan əsər “Avtonekroloq” povestidir. Bəşər nəsli mövcud
olandan nekroloqlar yazılıb, yazılır
və yazılacaqdır.
Amma... avtonekroloq yazmaq hər yazarın işi deyil. Tofiq Hüseyn bu povestdə bir çox maraqlı və ibrətamiz məqamlara toxunur. “Biz niyə beləyik?”ritorik sualına avtonekroloq prizmasından mövqe sərgiləyir, ədəbi camenin iç aləmindən bəhs edən fikir və düşüncələri
vətəndaş yanğısı,
vicdan əzabı ilə müşayəit olunur. Müəllifin gəldiyi qənaətlərə
şərik olmaya bilmirsən: Özündən
müştəbehlər, psevdopatriotlar,
yarımallah bütpərəstlər
istəsə də, istəməsə də “əcəl zəngləri”
hamı üçün
bir gün çalınacaqdır!
İnsana inam T.Hüseyn
yaradıcılığında abstrakt mahiyyət daşımır. İnsana inamı ucbatından
lirik qəhrəmanı
kimi özü də tez-tez aldansa da, badalaqsız
işi badalağa tuş gəlsə də bu aldanışdan
daha çox ruhani bir qələbə
hissidir, bu rəzalət daşıyıcıları
üzərində bir
sarkazmdır.
İnsana inamla köklənib
sazım,
O, mənimlə yaşar, neçə ki, sağam.
Arxadan badalaq atmaq
nə lazım,
Qarşıma çöp
atsan yıxılacağam.
Həyatda və yaradıcılğında
hər cürə çətinliyə sinə
gərən, infarktın
“atasını yandıran”,
badaqlara və uğursuzluqlara mərdanə
duruş gətirən,
öz taleyinin dəmirçisi olan T.Hüseyn “Güllütəpə
kəndinin alatoranı”ndan
çoxdan çıxsa
da qarşıda hələ yaşanmamış
çeşidli alatoranlar
var. Zaman və mühit, “fövqəlbəşər”lər,
zamansız və amansız olaylar həyatın axarını
dəyişə bilər,
şair taleyinin məcrasını isə
əsla yox!
Dan yeri sökülür, poeziya işıqlı və ümid dolu bir sabah üfüqlərdən
boylanır, haralardasa
lap uzaqlarda bir it də hürür... bu, bol işıq
və günəş
vəd edən alagözlü bir sabahın qarşısını
kəsə bilərmi?!
Əsla! Və inanıram ki,
belə sabahların birində yenidən T.Hüseynin duyğusal və ruhsal şeirləri ilə qənşər-qənşərə dayanacağıq.
Şahid ƏFƏNDİYEV
525-ci qəzet.- 2011.- 22 oktyabr.-S.22.