“Allahı, yoxsa Əzrayılı
qatil edənlər?”
Nəhayət ki, Azərbaycan ədəbiyyatında dövlətin və cəmiyyətin əsas hissəsi olan ordumuz haqqında tənqidi roman yazıldı. Söhbət Aqil Abbasın “Allahı qatil edənlər” əsərindən gedir. Məni əsas təəccübləndirən bu romanı Aqil Abbasın yazmasıdır. Çünki görüşlərimizdə, mətbuata açıqlamalarında ordumuz haqqında ən çox dözümlülük göstərən, ordudakı neqativ halları xəsisliklə öz qəzetində yerləşdirən elə bu romanın müəllifidir.
“Öz ordusunu yedizdirməyən xalq, başqa ordunun əsgərlərini yedizdirməyə məcbur olacaq” kəlamı romanda qırmızı xətlə keçir.
Məlumdur ki, son zamanlar orduda ölüm sayları əsasən intiharların ayağına yazılır. Bu roman məhz bir neçə intiharın ümumiləşdirilməsi nəticəsində yaranıb, desək yanılmarıq.
Bütün
dövlətlərin ordusunda belə hallar olur. Şəhid, qəza,
döyülmək, söyülmək, təhqir olmaq və ya
çoxsaylı başqa hallar. Bu halları təhqiq edən
müstəntiqlər, kriminalistlər, polkovniklər (bilərəkdən,
Aqildən fərqli olaraq adları kiçik hərflərlə
yazıram, yalnız yaratdığın “Akademik”, böyük
hərflə yazılmağa layiqdir) başqa ölkələrdə
ədalətlə bu işin axırına gedir, cavabdehləri
qanunla mühakimə edirlər. Yəqin ki, kimsə romanın
əvvəlində ölüm hadisələrini oxuyanda fikirləşəcək
ki, Aqil Abbas da bu yolla gedəcək və N saylı hərbi
hissədə baş verən intihar hadisələrinin səbəbkar,
yaxud səbəbkarları tapılacaq və layiqli cəzalarını
alacaqlar və roman sizə quru süjet üzərində
qurulan əsər kimi deyil, yaxud quru məhkəmə prosesi qədər
maraqlı gəlməyəcəkdir.
Yox, yox, tələsməyin,
romanı oxumaqda davam edin. Aqil də Aqil Abbas olmazdı ki, əsəri
quru və konyuktur süjet üzərində qursun. Hadisələr
tez- tez dəyişir. Aqil Abbas qatilin axtarışına
çıxdıqca gah müstəntiqin, gah da kriminalistin dili
və məntiqi ilə Şerlok Holms kimi axtarışa
çıxır, mülahizələr yürüdür. Nəticədə
istədiyinə çatır. Qanunsuz işlər görən,
hərbi hissəni öz dükanı hesab edən alay
komandirini oğlunun ölümünə görə güllələyən
şəxs nəhayət ki, tapılır. Qatil Anadır,
ölən əsgər- Akademikin anası.
Bax burada
Aqilin improvizəsi baş gicəlləndirir. Necə yəni
alay komandirinin qatili qadındır, özü də
böyük hərflərlə yazılan ANA. Bəs atalar,
oğullar haradadır? Bəs qanunlar haradadır? Hə, bax
burada oxucuları intizarda saxlamağa məcbur olacam ki, özləri
oxuyub ədalətin necə bərpa olunduğunu
görsünlər.
Aqil Abbas
bu romanda çox ciddi bir problem qoyub. N saylı hərbi hissədə
qanun işləmirsə, kimsə etdiyi cinayətə görə
həbsxanada deyil, azadlıqda gəzirsə, bu cəzasızlıq
sindromu yaradır. O zaman cəzasızlıq sindromu
özbaşınalıqla əhatələnir. Və... ürəyi
param-parça olmuş insan intiqam hissi ilə
alışıb yanır. Bu intiqamı almağı əsərdə
ANA boynuna götürür və həyata keçirir. Amma əsərdə
Aqil bəy onu da cəzasızlıq sindromuna yuvarlayır və
haqq da eyləyir.
Nə isə,
Aqil bəy demişkən, yenə qırx bulağın suyunu
bir çaya axıtdım deyəsən. İstənilən
halda Aqil Abbas romanında cəmiyyətdə bu gün
yaşanan problemin üzərinə cəsarətlə gedib və
onu cəsarətlə açıb göstərib, həm də
həllini tələb edir... “Axı biz bu ölkədə
hamımız qardaşıq, müsəlmanıq, bir yerdə
çörək kəsib yemişik”.
Təşəkkürlər
Aqil Abbas!!!
P.S.
Dünyaya gəlmək və ölmək əmrini Allah verir.
Amma bu əmri mələklər və insanlar həyata
keçirir. Əgər bu romanı mən yazsaydım onu belə
adlandırardım: “Əzrayılı qatil edənlər”.
Yunus OĞUZ
525-ci qəzet.-
2011.- 22 oktyabr.- S.17.