Tofiq Qarayev: “Dünyaya gəlməkdə düz eləmədim,

 

AMMA ÖZ ƏLİMDƏ DEYİLDİ...”

 

“Ayağım sağalsın yenə səhnəyə qayıdacam, yenə əvvəlki Tofiq Qarayev olacam...”

 

Respublikanın əməkdar artisti Tofiq Qarayev “facebook”dakı “Ağdamdan Qarabağa” qrup üzvlərinin suallarına cavab verir.

Mən onu səhnədə heç vaxt görməmişəm... Düzü, bir neçə dəfə rastlaşmışıq, amma heç vaxt onu yaddaşıma yazmağa zərurət görməmişdim. Bu dəfə yazdım! Həm də elə bir formada yazdım ki..., yəqin, bu yazı məni uzun müddət ağrıdacaq.

... Publisist Vahid Qazi xahiş eləmişdi ki, “facebook” iştirakçılarının Tofiq Qarayevə bir neçə sualı var, onları müsahibə şəklində hazırlayım... Mənə göndərdiyi nömrəyə zəng edəndə xəttin o başında yorğun, lakin çox mehriban bir səs həvəssiz razılaşdığım müsahibəyə maraq oyatdı: kimdir bu adam?! Vədələşdiyimiz vaxtdan 10-15 dəqiqə sonra gedib çıxa bildim görüş yerinə. Daha doğrusu, Ağdamın Mərkəzi Rayon Xəstəxanasına... Tofiq Qarayevdən müsahibə alacağımı ona məndən əvvəl Vahid Qazi demişdi... Çiyinlərinin ikisini də qoltuq ağaclarına dayaq verə-verə xəstəxananın ikinci mərtəbəsinə qalxdı. Pilləkənlərdə elə şəkildə fasilə verirdi ki, vaxtilə, öz təbirincə desək, səhnədən tamaşaçısına qızılquş kimi baxan Tofiq Qarayevin yorulduğunu gizlətmək istədiyi açıq-aydın hiss olunurdu. Yatdığı palataya yetişdik. Oturduqdan sonra söhbətimizin ilk məqamındaca söz xarici dil bilməyindən düşdü. Dərhal da böyük alman şairi Henrix Heynenin “Lorelay” (Su pərisi) şerini söylədi... Ədəbi çıxışını başa çatdırdıqdan sonra, Vahid Qazinin Facebook komandasının suallar dolu “əsərinin” yazılı formasını ona təqdim etdim. Müsahibəyə hazırlaşanda diktofonu görüncə, üz-gözünü turşutdu: Vahid bilir axı, mənim diktofondan xoşum gəlmir... Əlimi səsyazanın üstündən götürdüm. Sualları bir-bir, təkrar-təkrar oxudu. Sonradan, niyəsə, diktofona danışmağa razılaşdı.

 

Elnarə Ramizin ”Tofiq Qarayevin ilk rolu hansı olub və onda aktyorluğa həvəs nə vaxtdan, neçə yaşlarından yaranıb” sualına dərindən köks ötürdü. Gözlərini məchul bir nöqtəyə zilləyib başını təəssüflə yırğaladı:

– Elnarə, qızım, hər kəs anadan olanda onun qanında gələcəkdə seçəcəyi peşənin kodları da dünyaya gəlir... Mən də qanımda aktyorluq kodu doğulmuşam... Cavan oğlan idim. Çilingər işləyirdim, özü də əsasən QAZ-21 ustasıydım... Bir dəfə rəhmətlik Ədil İsgəndərovla Leyla Bədirbəyli Ağdama gəlmişdilər, Səməd Vurğunun “Vaqif” dramını oynayırdılar... İlahi, onlar necə oynadılar o əsəri?! Bax, ondan sonra qərar verdim ki, mən də aktyor olacam. Bu da belə, düz bura qədər gəlib çıxdım...

İkinci sırada Rey Kərimoğlunun adına rast gələndə, çoxdandır eşitmədiyim xalis Ağdam şivəsində “Bu mənim qaqamdı, buna qurban olum. Ürəkli oğlandır ey bu, qaqa...” deyə səsləndi. Sonra Reyin sualı: “Ağdamda ən çox nədən ötrü və ya kimin üçün darıxmısan?”

– ...Ağdamda, mənim üçün “Nə ” anlayışı yoxdur, “Kim” var. Hamıdan ötrü darıxmışam. Ən çox qəbirlər üçün darıxmışam. Atamın, anamın, nənəmin, şəhidlərimiz qəbirləri üçün darıxmışam. Onlara canım qurban. O qəbirlər canlıdırlar...

Solmaz Quliyevanın sualını oxudu: “70-ci illərdəki tamaşaçı alqışlarını xatırlayırmı Tofiq müəllim. O anlarda hansı hissləri keçirir?”

– Xatırlayıram! Yaxşı xatırlayıram. O alqışlar ən gözəl alqışlar idi... İndiki alqışlar kimi bayağı deyildilər. Hansı hissləri keçirəcəm ki? Deyəsən indi keçirməyə hiss də qalmayıb...

Vasif Qurbanzadənin yazdığı “Bildiyimiz qədər səhnə insanın şəxsi azadlığının məhdudlaşdığı yerdir. Əcaba, həyatda insan tam azad ola bilər?” sətirlərə göz gəzdirib, xeyli sükuta daldı, sonra “bu sualı gərək təhlil edəm” dedi...Gözlərini suallar dolu varaqdan ayırıb astadan dilləndi...

– Səhnə insanın azadlığının alındığı yox, yaşadığı yerdir. Səhnə insanın azadlığını yox, hər şeyini əlindən alır. Gəncliyini, qüvvəsini, hətta ailəsini belə... Dünyada heç bir insan tam mənada azad deyil.

Yusif Rzayevin ”1991-ci ildə Yaşarın eyni adlı hekayəsi əsasında çəkilmiş “Divar” filmindən sonra Sizə kinoda rast gəlmədik. Kinoya maraq olmadı ya başqa səbəblər var?”sualını qəribə bir tərzdə qarşıladı:

– Niyə ki, mən Mətanət İsgəndərli haqda çəkilən “Əlvida” filmində Mətanətin atası rolunu oynamışam. Əslində mənim üçün teatr daha doğmadır, səhnə daha əzizdir...

“Tofiq müəllim, iki sualım var. 1) 60 illik yubileyiniz yaxınlaşır. Bəri başdan təbrik edirəm! Yubileyinizi necə keçirmək istərdiniz, dövlətdən və tamaşaçılardan hansı hədiyyəni gözləyirsiniz (təbii ki, torpaqlarımızın geri alınmasından başqa). 2) Bugünkü şou-biznes aləminə münasibətiniz necədir? Səhnəmizi səviyyəsiz artistlərdən necə təmizləmək olar?” Vüqar Haqverdiyevin suallarına göz gəzdirəndə bomba kimi partladı...

– “Bu nə sualdır, kimdir bu, harda işləyir? Nə yubiley? 60 yaş? Hə-ə-ə! Tofiq Qarayev, necə keçirəcəksən yubileyini? Sağ bud çanaq sümüyün protezlənməsi əməliyyatını aparmaq üçün 5 min manat lazımdır. Sağ olsun, rayonun icra başçısı Nizami Sadıqov bunun bir hissəsini verib. Qalan hissəni Ağdamın bir ovucluq ərazisində idarə-idarə düşüb axtarıram. Az qala hamıya ağız açmışam... Təsəvvür edin, neçə gündür mən burda xəstəxanada yatıram, bir nəfərin də yadında düşmür ki, Tofiq burda ölür... Sağ olsun bu xəstəxananın kollektivi, baş həkimi sağ olsun! Onlar mənim səhər, günorta, axşam yeməyimi də hazırlayıb gətirirlər. Yoxdur ey, Tofiq Qarayevin, bax bu xəstəxana döşəyindən, yataq üzündən özgə heç nəyi yoxdur. Neçə illərdir kirayələrdə yaşayıram. Yenə əvvəllər teatrdan aldığımı verə bilirdim kirayə haqqına, indi nə o var, nə də gedəcəyim kirayə ünvanı... Ayağım sağalsın yenə səhnəyə qayıdacam, yenə əvvəlki Tofiq Qarayev olacam...

Novruz Novruzov: “Tofiq bəy, “Ruhlar şəhəri”nin sakinləri bir gün yığışıb “Biz yaşayırıq” adlı virtual tamaşa yaratsalar və sizi də bu tamaşaya dəvət etsələr, hansı rolu götürərdiniz?”

– Əzrail rolunu götürərdim və o obrazı sevə-sevə canlandırardım... Deməyə sözüm çoxdur!

Günay Yelmarqızı: “Dünya bir səhnə, insanlarsa aktyordur, deyirlər. Hər kəs taleyinə yazılan rolu oynayır. Siz səhnədə müxtəlif obrazlar yaratmısınız. Hansı daha çətindi – səhnədə rola girmək, yoxsa, həyatdakı rolunuz? Taleyinizə düşən rolu dəyişməyi arzulamısızmı heç?”

– “Dünya bir səhnə, insanlarsa aktyordur”... Bunu demirlər, a bala, a qızım, bunu Uilyam Şekspir deyib. Bayaq dediyim kimi, mən səhnədə rola girmirəm, yaşayıram, ağladıram, güldürürəm, düşündürürəm. Həyatda isə rolum olmayıb. Mən Tofiq Qarayev həyatı yaşamışam... Tofiq Qarayev! İkinci belə şansım olsaydı, dünyaya təzədən gəlsəydim, yenə də Tofiq Qarayev ömrü yaşayacaqdım... Taleyimə düşən rolu dəyişməyə gəlincə, mən həyatımın Oqtay Eloğlusuyam.... həmişə də belə olacaq!

Qabil Hüseynovun “Neçə-neçə şəhərdə tamaşalarınız olub. Ağdamlı tamaşaçılar digər şəhər tamaşaçılarından nə ilə fərqlənirdi?” sualına təmkinlə, aram-aram cavab verdi.

– Əslində, mənim üçün tamaşaçılarımın hamısı əzizdir, hamısı doğmadır. Ağdamlı tamaşaçılar bir onunla fərqlənirlər ki, biz bir-birimizi əvvəldən tanıyırdıq. Həm də, mənim səhnədə canlandırdığım obrazların çoxu onlara tanışdır. Ağdamlılar bilirdilər ki o obrazda “oda tutulan” kimdir.

Sahibə Rəşid: “Həsrət Məcnunu da divanə etdi, Kərəm eşq oduna alışdı, bitdi. Aşiqlər dünyadan bir dərdlə getdi, Tofiqi bu hala “YURD” eşqi saldı? Sualı oxuduqdan sonra bir xeyli başını məmnunluqla, sükut içində yellədi. Sonra Şücaətin “Ağlayır” şerini dedi:

 

– Canım Vətən, axır qaldın yadamı?

Görən dağlar saxlayırmı sədamı?

Görmüşük ki, dərd ağladar adamı,

Dərdə bax ki, mənim dərdim ağlayır.

 

Oba gedir, oymaq gedir, el gedir,

Çəmən gedir, çiçək gedir, gül gedir.

Bu tərəfdə gözlərimdən sel gedir,

O tərəfdə yuvam, yurdum ağlayır.

  

Şücaət, ürəyim bir qırılan sim,

Nələr çəkdiyimi kim anlayır, kim?

Yurdun göz yaşını silə bilmədim,

Yatdım, yuxuda da gördüm ağlayır.

 

Vahid Qazi: “Tofiq Qarayev bu günün tamaşaçılarını teatra cəlb etməyin konkret reseptini bilirmi?”

– Vahid, qardaşım, tamaşaçıları teatra cəlb etməyin yeganə resepti sanballı əsərlərin səhnələşdirilməsidir. Nə qədər ki, düşük, səviyyəsiz aktyorfasonlar və onların “əsərləri” efirlərdədir, səhnələrdədir, səhnələrimiz xarabazara bənzəyəcək.

Şahverdi Şirinli Türksoy: “Səhnəni hansı tanınmış sənətkarlarla bölüşmüsünüz?”

– Kimlərlə bölüşməmişəm? Dahilərlə, böyük sənətkarlarla bir səhnədə olmuşam. Amma... Amma bircə onu bilirəm ki o vaxtkı Azərbaycan teatrı mafiya idi. Siciliya mafiyalarından da güclü bir mafiya. Özü də, həmin mafiyaların başında Həsənağa Turabovlar, Əlabbas Qədirovlar dayanırdı. Allah Səməndər Rzayevə rəhmət eləsin, deyəsən mən də onun kimi dəyərsiz ölüb gedəcəm, unudulacam... Ona da, Yusif Vəliyevə də həmişə pərəstiş eləmişəm.

Şəbnəm Gülməmmədova: “Səhnədə müasir Azərbaycan tarixindən hansı şəxsiyyətin obrazını yaratmaq istərdi Tofiq Qarayev?”

– Azərbaycanın çox böyük şəxsiyyətləri var... Mənim dostum Abdal Qəhrəman yeni bir əsər yazır. Orda Cəfər obrazı var. Bax o Cəfər obrazını oynayacam.

Naz Xan: “Ağdamda ilk olaraq hansı tamaşada, hansı rolu oynamaq istərdiniz?”

– Ağdamda, bayaq dediyim kimi, “Ruhlar Şəhəri” bir tamaşa olmasını istəyərdim və orda həmin bizim o ruhlarımızın hamısı donmuş göyərçindirlər, onların buzunu əridərdim. Bir sözlə, Əzrail rolunu istəyərdim, amma rol olaraq yox, həqiqət olaraq...

Sənan Əsədov: “Ağdam səhnəsində son rolunuz hansı idi?”

– Son rolum elə 23 iyul 1993-cü il idi... Bu tarix mənim özümün həyat səhnəmdə məğlubiyyət dolu bir obraz oldu... O məni elə Ağdamdaca öldürdü.

Elməddin Səfərov: “Tofiq Qarayevdən yaxşı bir lətifə deməsini xahiş edirəm. Təzə bir lətifə”

– Elməddin, əzizim, qismət olsun görüşək, lətifələri, sənin özünə deyəcəm. İndi lətifə söyləməyə halım yoxdur, inan ki...

Sevinc Məmmədova: “Məcburi köçkün taleyi yaşayan Ağdam teatrı bu gün hansı vəziyyətdədir?

– Hansı vəziyyətdədir deyəndə, Allah İlham Əliyevin canın sağ eləsin. İndi Quzanlı mədəniyyət evini əla təmir edib Ağdam Dövlət Dram Teatrına veriblər. Yəqin bundan sonra tamaşaları da, səhnə əsərləri də çox olar.

Elşad İsmayıl: “Tofiq Qarayevin biz Qarabağlı gənclərə ən vacib mesajı və sözü nə olardı?”

– Gənclərə əsas sözüm odur ki, hər keçən dəqiqənin qədrini bilsinlər. Bu torpağı sevsinlər, Vətəni dəyərləndirsinlər həmişə.

İlqar Rəsul: “Həyatda nəyi düz eləmədiniz? ”Əlindəki sual dolu vərəqdə bu sualın qarşısına “+” işarəsi qoydu:

– Dünyaya gəlməyimi düz eləmədim. O da öz əlimdə deyildi... Atamla-anamın bir-birindən aldığı zövqün qurbanı mən oldum!

Cavabdan sonra başını buladı xeyli... Bayaqdan bəri, sanki danışdığı, sadaladığı bütün problemləri həll edə biləcək bir adam kimi nəzərlərini zillədiyi diktofondan gözünü çəkib üzümə baxdı: ”Bu qədər”.

– Bu isə mənim sualım oldu: “Bu otaqdan çıxanda dəhlizin o başından sənə tərəf iki qoltuq ağacına söykənə-söykənə, gözü eynəkli, dərdlərinin ağırlığından yorulsa da, qürurundan əyilməyən, qamətini düz saxlamağa gücü yetməyən bir Tofiq Qarayevlə rastlaşsanız ona nə deyərdiniz, nə məsləhət görərdiniz?

– Ona, elə Tofiq Qarayev olmağı, Tofiq Qarayev kimi yaşamağı məsləhət görərdim...

 

Sual-cavabları yazdı: Teymur ZAHİDOĞLU

 

Quzanlı. Ağdam Rayon Mərkəzi Xəstəxanası.

 

P.S. Düzü, Vahid Qazi mənə Tofiq Qarayevin xəstəxanada olacağını demişdi. Amma, xəstə yanına əliboş getmişdim. Müsahibəni isə palatada almağım xəcalət dolu ağırlıq gətirirdi mənə... Sıxıldığımdan gözlərimi pəncərənin qarşısındakı kitablardan və Tofiq Qarayevin bir-birinin ardınca yandırıb tüstüsünü ciyərlərinə daşıdığı siqaretlərin “ölü”lərini atdığı külqabıdan çəkmirdim. O isə, müsahibə boyu bəzi suallara əsəbiləşəndə elə bilirdim ki, gərginləşməyinə mənim qanacaqsızlığım – xəstə yanına əliboş getməyim səbəb olur. Diktofonu söndürəndən sonra bütün bunları ona da söylədim... “Sən bura, Tofiq Qarayevin yanına ürəyi dolu gəlmisən, narahat olma” dedi.

 

 

525-ci qəzet.- 2011.- 22 sentyabr.- S.18.