“Dostlarımın
mənim barəmdə yazdıqları ilə qürur duyuram”
Məlum olduğu kimi görkəmli yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox...” romanı ədəbi mühitdə geniş əks-səda doğurub. Bu müzakirələr və mübahisələr əsasən iki müstəvidə gedir: romandaxili və romanətrafı . Yəni, əgər belə demək olarsa, bəzi qələm sahibləri əsərin özünü, bəzi “qələm sahibləri” isə əsərin müəllifini təhlil və təftiş edir. Bu və digər məqamlara aydınlıq gətirilməsi üçün əməkdaşımız Kamal Abdullayla görüşərək müsahibə alıb. Həmin müsahibəni oxuculara təqdim edirik.
– Kamal müəllim, bu yaxınlarda Azadlıq radiosunun Oxu zalının redaktoru Rövşən Qənbərov sizin 525-ci qəzetdə və Kultaz portalında “Unutmağa kimsə yox...” romanınızın müzakirəsinə etiraz olaraq, “Kamal Abdullanı xorla tərifləmək” adlı bir yazı yazdı və bu, sanki roman ətrafında ikinci bir müzakirənin açılmasına səbəb oldu. Amma diqqət eləyəndə, bu müzakirə birincidən də çox roman-ətrafı küyə kökləndi, nəinki romanın özünün müzakirəsinə. Doğrudur, romana dair yeni məqamlar, şərhlər də üzə çıxdı, mülahizələr də söyləndi, amma çox az. Bütün bu müzakirələrə sizin münasibətiniz? Necə fikirləşirsiz, bütün bunlar romanın sirlərinin açılmasına, onun oxucuya yaxınlaşmasına kömək edirmi?
– Əlbəttə, edir. Ağıllı oxucu üçün hökmən edir. Amma bizdə axı hamı ağıllı oxucu deyil. Əlbəttə ki, bu “müxtəlifsəsli” müzakirə onlar üçün polifoniyaya çevrilmir, onlar vurnuxa-vurnuxa qalırlar və ağızları açıq halda, inanıram ki, səmimiyyətlə təəccüb edirlər. Necə ola bilər ki, bu romanı bu qədər ağıllı adam təqdir edir, tərifləyir?! Bu belə olmamalıdı axı orda belə cümlə var: “Allah şeytana, iblisə və onların hamısı köməkçilərinə lənət eləsin.” Bu cümlənin sintaktik ləzzətini duya bilməyənlər dildən, dil pintiliyindən ağız dolusu, canfəşanlıqla danışırlar. Danışırlar, üzləri də qızarmır.
– Bəziləri deyirlər ki, vaxtilə sizi tənqid ediblər...”Sizi tənqid edib”, deyənlərə sözünüz?
– İndi bəziləri deyir, özü də fəxrlə deyir ki, guya “Yarımçıq əlyazma”nı nə vaxtsa tənqid edib. Bu adamlar, sadəcə, tənqid nədir və necə olmalıdır – bunu özləri üçün müəyyənləşdirə bilmirlər. Onlar, əlbəttə ki, tənqidlə təhqiri, iftiranı, ittihamı, qarayaxmanı qarışdırırlar. İttiham edən nə qədər desən var... amma axı ittiham tənqid deyil. Mənim ünvanıma nələr demədilər?! “Xalq düşməni” – dedilər! “Millət xaini” – dedilər! Beyrək, Salur Qazan, Şah İsmayıl, Dədə Qorqud... və daha kimi, nəyi təhrif etmisən – dedilər. Ağlına gələn ağlına gələni, ağzına gələn ağzına gələni yazdı. Bəs tənqid hanı, tənqid harda qaldı?.. Bilirsinizmi, tənqid təhlil deməkdir. “Tənqid etdim” deyənlər ittiham edənlər idi, təhlil edənlər deyildi.
Əsl tənqid bəzilərinin “tərifnamə” kimi başa düşüb qəbul etdikləri təhlilin içindədi. Niyazinin konsepsiyasındadı. Akumovanın, Tehranın iradındadı. Rəhmanın təəccübündədi. Anarın arzusundadı...
Bu adamlara mən necə sifariş verə bilərəm
ki, məni tərif elə?! Amma edirlər. On – on beş
adam tərif edirsə niyə bu, bəzilərini narahat edir. Mənim
on beş xeyirxahım ola bilməz?!
Romanım on – on beş adamın xoşuna
gələ bilməz?! Xoşuna gəlməyən
ya susur (çox nahaq yerə!), ya da yazır. Yazsın! Əcəb eləyir. O zaman xoşuna gələn
də yazanda eyni şeyi edir!
– Deyirlər,
siz tənqidə dözümsüzsünüz...
– Mən?!
Mən tənqidə dözümsüzmüşəm... “Yarımçıq əlyazma” barədə olmayan hədyan
yazıldı, ittihamlar səsləndi, tənqid də oldu.
Kimə cavab verdim, yaxud güldən ağır söz dedim?
Amma və lakin! Rəhmətlik Vaqif İbrahimoğlu demişkən,
amma və lakin təhqir – başqa! Əlbəttə
ki, mən heç bir təhqiri cavabsız qoymaram. Amma di
gəl, eləsi də özünü ”mən
də varam” deyib ortaya dürtür ki, mənə deyirlər,
həşəratdı, fikir vermə. Döymə
– ölər, söymə – ürəyi gedər, cavab vermə
– fəxr eləyər. Bəs nə eləmək
qalır? Qalır vecə almamaq! Ağıllı
adamlar onsuz da çuvalda nəyin gizlədildiyini yaxşı
bilir.
– R.Qaraca
deyir ki, siz başqalarının xaricdə çapına
kömək etmirsiz...
– Rasim Qaraca hamıya olduğu kimi mənə də “dərs”
vermək iddiasındadır. Xaricdə heç kimi
tanıtmamışam, çapına kömək etməmişəm,
deməli, mən “pis” adamam. Bir şeyi bilərlər,
sonra danışarlar. Elə on gün əvvəl
“Literaturnaya qazeta”ya Ramiz Rövşənin, Salamın,
Etimadın, Aqşinin şeirlərini göndərmişəm.
Ondan əvvəl iki ildi ki, Etimada, Salama deyirəm,
əsərlərinizi verin, Türkiyədəki dostlar orada
çap eləsinlər. Tənbəlliklərindən
indiyənədək durub qalıblar. O ki, qaldı Fransa,
Braziliyada çap olunmağa – bu bir başqa söhbətdir.
Orda dost yoxdur. Bu yaxınlarda Salam, Etimad və mən
bir balaca kitab hazırlamışıq, çap olsun,
özünüz görəssiniz. Rasim
Qaraca isə inciməsin, həmişəki kimi ağzına gələni
danışır. Bu cür yavaş-yavaş
komediya obyekti olmaq olar.
O ki
qaldı onun məni tənqid eləməsinə və bundan
sonra da münasibətlərimizin normal qalmasına, bəs nə
cür olmalı idi?! Niyə təəccüb
edir?! Düzdü, Qaracanın mənim
romanımı hansı məqamına görə “tənqid”
etməsini xatırlamaqda yenə də çətinlik çəkirəm.
Çünki tənqid təhlildir. O isə,
məlum anekdotda olan kimidir: Qaraca ancaq ittiham edir, Qaraca təhlil
etmir! İttihama isə, “mualəsəf”, mən
cavab vermirəm.
– Təhlildən
doğan tənqidə qarşı necəsiz?
– Bəli,
bu da olub. Çox normal haldır. Bir-iki məqam var ki, həqiqətən, təhlildən
doğub və qüsur kimi göstərilib. Bunun birini Akimova edib. “Unutmağa kimsə yox...”
romanında Bəhram kişi, onun fikrincə
(bunu mənə başqa deyənlər də olub), bu cür
elmi və intellektual düşüncə sahibi ola bilməz. Kənd
adamı, qoca kişi...
Amma bilirsizmi, o dövr keçdi ki, kənd soveti sədrinin,
yaxud, çobanın obrazını romana gətirmək istəyəndə
gedib aylarla kənddə oturub bu adamı “öyrənirdin”. Bəhram kişi,
əlbəttə, bu mənəm, Müzəffər kişi, əlbəttə,
mənəm, F.Q. – əlbəttə. Flober vaxtilə nahaqdan
demirdi: “madam Bovari – bu mənəm”. Odur ki, bu
qeyd, bəli, təhlildən doğan tənqidi qeyddir, amma onu
da deyim ki, mən onu qəbul etməyə çətinlik
çəkirəm.
Başqa bir tənqidi qeydi isə qəbul etmək də
olar, etməmək də. Bu qeydi Tehran edib.
Mən son romanımda, onun fikrincə, kifayət
dərəcədə ironik (“Yarımçıq əlyazma”da
olan kimi) deyiləm. Qəbul edə də
bilərəm, etməyə də bilərəm (məncə,
romandakı mötərizələr mənim əvəzimə
bu barədə öz sözünü deyir). Bəlkə də ironikliyin dozasını
artırmaq olardı – bu barədə düşünmək
olar. Hər halda bu qeyd də əsərin
dərin təhlilinin nəticəsində yaranıb. Tənqid
dediyin- budur! “Sən xalq düşmənisən”
demək tənqid deyil. “Sən
yazıçı deyilsən” demək heç tənqid deyil.
Bunlar ittiham və qarayaxmalardır. Onu əlavə
etmək istəyirəm ki, tənqid-təhlil söhbəti məhz
ədəbiyyat söhbətidir, bir qədər də kəsəsinə
desəm, kişi söhbətidir. “Ay sən
filan vaxt susdun, filan vaxt bunu eləmədin, səni tərifləyənlər
belədi, elədi”, bax bu, arvad söhbətidir. Mənim etdiklərimə və etmədiklərimə
gəlincə. Mənə bu yöndə
irad tutanlar gedib böyüklərindən öyrənib bilsinlər,
mən nəyi etmişəm, nə zaman etmişəm və
niyə etmişəm.
– Rafiq
Tağı Salamla bağlı bir məsələdə
dolayısı ilə sizə irad tutub...
– O deyir ki, Salam 150 cildlik dünya ədəbiyyatı
ilə məşğul olursa, professional şair kimi tükənir.
Bu iş ona mane olur. Bu işi ona tapşıran isə mənəm.
Deməli, dolayısı ilə məntiq belədir: mən
Salamın şairliyinə “zərbə” vururam. Hər
halda mən bunu belə anladım.
Bilirsinizmi, məncə, Salamdan bir şair kimi indi istədiyini
ala bilməyənlər dünya ədəbiyyatını
suçlayırlarsa – türklər demiş “yazıqlar olsun!”
Elə çıxır ki, vaxtilə işlədiyi bir
partiyanın funksioneri olarkən Salam gözəl şeirlər
yaza bilirdi, dünya ədəbiyyatının içində əlləşərkən
bunu edə bilmir. Və... günahkar Kamal
Abdulladır. Belə məntiq sahibinə nə
deyərsən?! Hər gəlişi
gözəl deyimin və hissin dalınca aludə olub
qaçmazlar – deyərsən.
– “Unutmağa kimsə yox...” ətrafında yaranan bu, belə
deyək, ədəbi “qalmaqal”ın əsl məqsədi nədir?
– İttiham budur. Mən, guya mənim haqqımda
yazanları satın almışam. Onlar mənə
yarınmaq üçün “xor” düzəldiblər. Bunu deyənlər qədər də gülünc
görünmək mümkün deyil. Molla
Nəsrəddinin “yorğan” məsələsi yada
düşür. Əslində, söhbət
“Unutmağa kimsə yox”, Kamal Abdulla, onun ədəbiyyatda yeri
söhbəti deyil. Söhbət
“yorğan” söhbətidir. Yaxşı, mən
burdakıları satın aldım, yaxud burdakılar mənə
yarındılar, təriflər yazdılar, bəs Türkiyə,
Fransa, Rusiya, Polşa, Braziliya, Estoniya, Yaponiya, Misir nə
olsun?!! O ölkələrdəki Universitet professorları necə
olsun?! Bir “fikirləşib” buna da cavab tapa bilsəydilər,
bəlkə dərdləri qalmazdı.
Söhbət isə bir başqa söhbətdir. Zamanı və
yeri gələndə bu barədə geniş danışmaq
olar.
Mənim romanlarımın daha çox məşhurlaşmasında
iki-üç adamın xüsusi xidməti olub. Biri Rasim Qaracadı, o biri
Rövşən Qənbərov. Hər ikisinə təşəkkürlər!
Zarafatsız!
– “Xural” qəzeti
sizin kitablarınızı kupon qarşılığı hədiyyə
edir...
– Mən
bunu sonradan bildim. Məndən soruşmayıb
bunu ediblər. Son zamanlar həm mətbuatda,
həm də müxtəlif saytlarda, radioda mənim
yazdıqlarımla bağlı çoxlu müzakirələr
gedir. Artıq son roman (“Unutmağa kimsə
yox...”) kitab dükanlarında tapılmır, məndən istəyirlər,
məndə də yox. Görünür,
siz dediyiniz “kupon məsələsi” bu ajiotajın nəticəsi
kimi ortaya çıxıb. Anlamaq
mümkündür.
–
Doğrudur, hər rektorun, millət vəkilinin, nazir
müavininin romanı “Unutmağa kimsə yox” kimi müzakirə
doğurmur. Hər yazıçının da əsəri
bu qədər fikir müxtəlifliyi yaratmır, ədəbi
mühitə canlanma gətirmir. Amma razılaşaq ki:
bir var roman haqqında Tehran Əlişanoğlu, Rüstəm
Kamal, Elnarə Akimova yazsın, Əsəd Cahangir, Rasim Qaraca,
Salam söz desin – bu normal qarşılanır, çünki
bu adamlar təzə ədəbi mətnlər barəsində
daim söz deyən tənqidçilər, yazarlardır. Bir də
var ki, müzakirəyə filosoflar Niyazi Mehdi və Rəhman Bədəlov
da qatılır, hörmətli Timuçin Əfəndiyev də
söz deyir, dilçilər: təqaüdə çıxan
və elmi mühitlə bütün əlaqələrini kəsmiş
Aydın Ələkbərov əyalətdən, Mehman
Musaoğlu Türkiyədən səslənirlər. Bu halda məsələ
heç də həmin müəlliflərin səmimiyyətinə
şübhə eləməkdə deyil, ədəbi prosesdə
doğurduğu qeyri-adekvat reaksiyadadır məsələ...
– Çəkdiyiniz
adlar hamıya yaxşı məlumdur. Bu
siyahıya o biri əsərlərimdən yazan onlarla (!)
başqa adı da əlavə edə bilərəm. Bu
adamları (bu sözü adam özünə
və onlara rəva bilmir) satın almaq olarmı? Belə çıxır ki, siz də bu
intervyünü hazırlamaqla, Azadlıq radiosu da müzakirəyə
başlamaqla satın alınıb?! Gülməli
məntiqdir. Mənim əsərimi təhlil
edib qiymətləndirənlər, belə deyim, “bildiyini
babasına da verməyənlərdir”, Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin, elminin “satılmaz”larıdır.
Əslində, həmən məqalə məni
yox, onları təhqir etmək məqsədi
güdürdü. Ona görə də
satılmazlardan gələn cavab təbii
sayılmalıdır. Onu da hökmən
deməliyəm ki, belə adamların – dostlarımın mənim
barəmdə yazdıqları ilə mən fəxr edirəm,
qürur duyuram.
Adekvat reaksiya deyirsiniz. Bu mənim həsrətində
olduğum, ən azı sağlığımda,
ilğımdır.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2011.- 22 oktyabr.- S.16.