“Azərbaycanda dini tolerantlıqdan istifadə etmək istəyən qüvvələr var

 

SEYİD CAMAL ƏZİMBƏYLİ: “İNSAN HAKİMİYYƏTDƏN İNCİK OLA BİLƏR, ANCAQ BU DÖVLƏTİN BAŞINDA DURAN ŞƏXS DƏ AZƏRBAYCAN XALQININ ÖVLADIDIR 

 

Artıq Həcc ziyarətinə sayılı günlər qalıb. Həcc ziyarətinin təşkilatçılığı hər zaman müzakirə predmeti olub. Bütün bunlar, eləcə də ölkədəki dini vəziyyət, bəzi qüvvələrin tolerantlıqdan çirkin məqsədlər üçün istifadə etmək məqsədi, habelə digər məsələlərlə əlaqədar Şərqşünas Seyid Camal Əzimbəyli ilə söhbətləşdik.

– Qurban bayramı öncəsi hər bir müsəlman və müsəlman kimliyini yaşantısını özündə hiss edən, habelə bu duyğuları yaşayan şəxs öz əməli, zənginliyi ilə bu müqəddəs ayda ibadət etməsini göz önünə gətirməlidir. Yəni bu ay günahların bağışlanması üçün əlavə fürsətin verilməsi kimi dəyərlidir. Məhz buna görə də Müqəddəs Qurban bayramı ərəfəsində hər bir müsəlman Həcc ziyarətinə gedərək, günahlarının bağışlanmasını Ucu Allahdan diləyir və hacılıq tituluna layiq görülməyə çalışır. Amma bu hacılıqdan öncə mömin olan şəxs Allaha təslimiyyət anı yaşayaraq, yaxşı əməllərə gəlmək, pis işlərdən çəkinmək öhdəliyi götürür. Hesab edirəm ki, hər bir müsəlman pis əməllərdən çəkinməli, yaxşı işlərə üstünlük verməlidir. Təbii ki, hər kəs bu əməllərə sahib olarsa, o, Allah-Təala dərgahında da böyük haqq sahibinə çevirirlər. Həcc ziyarətinə gedən şəxslər məhz bu kimi hallara önəm verməlidir. Çünki onlar hər bir müsəlmanın nail ola bilmədiyi belə bir yüksək zirvəni əldə etmiş olurlar.

– Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Həcc ziyarətinin təşkili ilə bağlı heç də birmənalı fikir səslənmir. Siz bu barədə nə deyə bilərsiniz?

– Tam məsuliyyəti ilə deyə bilərəm ki, son iki-üç ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən birmənalı olaraq Həcc missiyası proqramlı şəkildə və yüksək səviyyədə həyata keçirilir. Həqiqətən də, belə bir müqəddəs missiyanın yüksək və proqramlı şəkildə təşkil edilməsi çox sevindiricidir. Bildiyimə görə, bu il də sözügedən məsələnin ən kiçik məqamı belə nəzərə alınaraq, yüksək şəkildə və peşəkarcasına həyata keçirilir. Təbii ki, bu da insanların dini ibadətlərinin həyata keçirməsində hansısa əngəlin yaranmaması anlamına gəlir.

– Türkiyəni Dini İşlər nazirinin bu günlərdə ölkəmizə səfər etməsini necə qiymətləndirirsiniz?

– Həqiqətən də, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, dini sahədə də əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Son zamanlar qardaş ölkə siyasətçilərinin Azərbaycana çoxsaylı səfərləri ilə yanaşı, dini işlər nazirinin də ölkəmizə təşrif buyurması bunun nümunələrindən biridir. Qardaş ölkələr arasında bütün sahələrdə əlaqələrin yüksələn müstəvidə olması ürəkaçandır. Bu səfər bir tərəfdən Azərbaycan dövlətinin tolerant ölkə olmasının göstəricisidirsə, digər tərəfdən Türkiyə Cümhuriyyətinin Azərbaycana qarşı olan münasibətinin açıq tərəfinin göstəricisidir. Türkiyənin dini işlər nazirinin ölkəmizə gəlişi, onun yüksək səviyyədə qəbul edilməsi səfərin nə dərəcədə əhəmiyyətli olmasının təzahürüdür. Xüsusilə Türkiyənin dini işlər nazirinin Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə görüşlərinin qardaş ölkələrin dini mühiti üçün yeni başlanğıc olacağını düşünürəm.

– Ölkəmizdə dini vəziyyət hər zaman müzakirə edilən məsələlərdən biridir. Hətta tolerantlıqdan məkrli niyyətləri üçün istifadə etməyə çalışan qüvvələrin olduğu bildirilir. Bu barədə düşüncələriniz necədir?

Sözün həqiqi mənasında bəzi qüvvələr var ki, ölkədəki dini tolerantlıqdan öz məkrli niyyətləri üçün istifadə etməyə çalışır. Elə vəziyyət yaranıb ki, hətta bəzi şəxslər Azərbaycandan xarici ölkələrə dini tolerantlığı təhdid edən ismarıclar göndərirlər. Bunu bu yaxınlarda müstəqilliyimizin 20 illiyi ilə bağlı Moskvada keçirilən tədbirdə bunu müşahidə etdim. Orada bir çox soydaşımız belə məzmunlu smsləri mənə göstərdilər. Həqiqətən bu çox utancverici məqamdır. Deməli, masqalanmış din adamlarının əlləri hətta Moskvanın timsalında xarici ölkələrə də gedib çatıb. Bu mesajlarda hakimiyyətin dinə basqı etdiyi, inanc sahiblərinə zor tətbiq etdiyindən, hətta İslamı boğduğundan bəhs edilirdi. Bütün bunlara öz etirazımı bildirdim və həqiqətləri insanların diqqətinə çatdırdım. Unutmaq lazım deyil ki, Vətəni sevmək imandandır. Düzdür, problemlərin olması danılmazdır, lakin onların həlli yolunun tapılmasında inanclı şəxslər ön sıralarda dayanmalıdırlar. Əksinə bəzi inanclı şəxslər masqalanaraq dini durumdan hansısa qüvvələrin məqsədləri naminə istifadə edirlər. Kimlərsə sanki Azərbaycanda startda dayanıblar və onlar hansısa fürsəti gözləyirlər. Onlar insanların dini duyğularından istifadə etməyə çalışırlar. Zənnimcə, bu kimi “dindarların” dövlət din münasibətlərinin zədələməsinə imkan vermək olmaz. Həqiqi din adamları bu məsələlərdə hər zaman ayıq olmalı və belə xoşagəlməz halların qarşısını almalıdırlar. Həmçinin dini məsələlərlə məşğul olan qurumlara deyirəm ki, həqiqi inanclı şəxslər ilə masqalanmış “dindarların” ayırd edilməsinə nail olsunlar. İnsan hakimiyyətdən incik ola bilər, ancaq unutmaq lazım deyil ki, bu dövlətin başında duran şəxs də Azərbaycan xalqının övladıdır. Hesab edirəm ki, dövlət başçısının dinə münasibəti hər birimizə bəllidir və bunun heç kəs unutmamalıdır. Bəlkə də bir çoxları nə demək istədiyimi başa düşməz, lakin mən bəzi məsələlərdən əndişələnirəm. Bu qüvvələr Azərbaycanı Əfqanıstana, İraqabaşqa ölkələrə bənzədirlər. Həmçinin insanların dini duyğularından istifadə etməyə çalışan bu qüvvələr ölkəmizdə dövlət-din münasibətlərini gərginləşdirmək və sadalanan bu ölkələrdəki prosesləri sanki Azərbaycanda davam etdirmək istəyirlər. Təəssüf ki, bu şəxslərə dəstək olan qüvvələr var. Düşüncəmə görə, bu, həqiqi din təəssübkeşlərinin kənarda qalmasının nəticəsidir. Azərbaycan dövlətinin bu məsələlərlə bağlı lazımi addımlar atmasının vacib olduğunu düşünürəm.

 

 

Aqil LƏTİFOV

 

525-ci qəzet.- 2011.- 22 oktyabr.- S.6.