Yada düşdü oxudum

 

YADIMA NƏ DÜŞDÜ

 

Köhnə dostum Nahid Hacızadəni ürəkdən təbrik edirəm: indi o, ikiqat baş redaktordur. Məsuliyyəti böyük, yükü ağırdır. Bir çiynində “Respublika Xatirə Kitabı”, bir çiynində də “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalı. Amma düşünürəm ki, Nahid müəllimin çiynindəkilər kitab və jurnal cildində Tale və Söz mələkləridir. Körpə yaşlarından yalnız Sözlə ovunan, Sözün sehrinə düşəndən sonra taleyini ona bağlayan, aylarını, illərini Söz yolunda gilə-gilə, damla-damla əridən və müsəlləh əsgər kimi daim Sözün keşiyində dayanan kövrək bir insanla baş-başa, nəfəs-nəfəsə veriblər bu mələklər...

Onun həmkarlarının – bədii söz ustalarının böyük əksəriyyəti yalnız öz işini görür, bu dünyada yalnız öz missiyasını yerinə yetirir. Yəni yazıb-yaradır, kitablar nəşr etdirir, bununla da həm ədəbiyyatı zənginləşdirir, həm də özlərini yaşadırlar. Görkəmli yazıçı, dramaturq və publisist, Əməkdar mədəniyyət işçisi Nahid Hacızadənin də Azərbaycan nəsri, dramaturgiyası və jurnalistikasının çox dəyərli nümunələri kimi qiymətləndirilən o qədər əsəri var ki! Kitabları Vətənin sərhədlərini hələ gənclik illərində aşıb, dünya xalqlarının dillərində çap edilib, Moskvanın “Sovetski pisatel” nəşriyyatında böyük tirajlarla buraxılıb. “Bir ana tanıyırdım”, “Məhəbbət ölüncə var”, “Payız leysanları”, “Dağlar, sizdə gözüm qaldı”, “Köçündən ayrılan durna” kimi hekayə və povestləri indi də məhəbbət və sədaqət haqqında titrək və həzin nəğmələrtək oxunur. “Ömrün sorağında”, “Ömür gözləyir bizi” pyesləri ölkə teatrlarının, “Qisas qiyamətə qalmaz” pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və gözəl rəylər doğurub. Yazıçının ssenariləri əsasında televiziyada 30-a qədər sənədli və bədii ekran əsəri çəkilib. Azərbaycan televiziyasının Qızıl Fondunda saxlanılan “Son qəmin olsun, Vətən!”, “Qayalarda qalan səs”, “Yaşa, ey haqq!” kimi filmlər öz azadlığı və torpağının bütövlüyü uğrunda mübarizə edən xalqın fədakarlıq epopeyasının təsirli fəsilləridir. Nahid müəllim ürəkləri riqqətə gətirən bir çox mahnı mətnlərinin, lirik şerlərin də müəllifidir. Onun poeziyası milyonları ayağa qaldırmağa qadirdir. Nahid müəllimin sözlərinə bəstəkar Eldar Mansurovun yazdığı “Qalx, qalx, ulu torpaq!” mahnısının ilk akkordları səsləndikdə adamların yerlərindən qalxdıqlarını, onu axıradək ayaqüstə dinlədiklərini dəfələrlə görmüşəm.

Bəli, Azərbaycan ədəbiyyatı və jurnalistikasının gecə-gündüz çağlayan Nahid bulağı könüllərdə yarpaq-yarpaq, çiçək-çiçək titrək və işıqlı duyğular göyərdir. Bu, Nahid Hacızadənin bilavasitə bədii yaradıcılıq missiyasının bəhrəsidir. Lakin onun özü üçün müəyyən etdiyi başqa bir missiya da var. Bu, Azərbaycanın sənət adamlarının, elm, mədəniyyət və incəsənət xadimlərinin, xalqa sədaqətlə xidmət etmiş görkəmli insanların xatirəsini yaşatmaq, onları daha yaxşı tanıtdırmaq və sevdirmək missiyasıdır. Bu xeyirxah missiyanın kökü ötən əsrin 90-cı illərinin əvvəllərində “Bilik” Cəmiyyətinin nəşr etdirdiyi “Dalğa” qəzetinə gedib çıxır. Qəzetin baş redaktoru Nahid Hacızadə o vaxt burada “Unutsaq, unudularıq” rubrikası altında ara-sıra bir-birindən maraqlı xatirələrini dərc etməyə başladı. Bir qədər sonra başqa qəzetlər “Dalğa”nın sağlığındaca bu rubrikanı “ata malı” kimi özününküləşdirdilər... Nahid müəllim isə artıq yaddaşının qapı-pəncərəsini taybatay açıb, bütöv bir obrazlar qalereyası üzərində işləməyə başlamışdı. Sonra “Unutsaq, unudularıq” rubrikası da onun qələmində transformasiyaya uğrayıb, “Yada düşdü” şəklini aldı. Nəhayət, 2008-ci ildə onun eyni adlı kitabı çapdan çıxdı və bu kitab görkəmli sənət adamlarının şərəfinə ucaldılmış böyük söz abidəsi kimi dəyərləndirildi. Müəllifin qələmə aldığı xatirələri oxduqca Bülbül, Əli Vəliyev, Mir Cəlal, Rəsul Rza, Mirzə İbrahimov, Nəsir İmanquliyev, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Seyfəddin Dağlı, Teymur Elçin, Əliağa Kürçaylı, Vilayət Rüstəmzadə, Qabil, Əlibala Hacızadə kimi unudulmaz sənətkarları, İlyas Tapdıq, Zəlimxan Yaqub, Musa Yaqub, Oqtay Rza kimi müasirlərimizi sanki yenidən kəşf edirsən. “Yada düşdü” kitabında tələbə dostlarımın, mənə çox əziz və doğma olan iki qələm sahibinin – tanınmış yazıçı-publisist Əlövsət Bəşirlinin və onun xanımı jurnalist Dilarə Vəkilovanın portret cizgiləri də diqqəti cəlb edir. Ə. Bəşirlinin portretini müəllif xüsusi bir səmimiyyətlə işləyib. Dilarə xanım isə özünün jurnalistlik məharəti barəsində təsəvvürü redaktor kimi kitabı nəşrə yüksək səviyyədə hazırlaması ilə yaradıb.

Təxminən iki-üç ay bundan qabaq Nahid müəllimlə görüşəndə dedim ki, “Yada düşdü”nün işıq üzü görməsindən artıq üç il keçir. Bu üç ildə daha yada düşən olmadı?”. O da gülümsəyib cavab verdi ki, “Bu yaxınlarda yaxşı bir xəbər eşidəcəksən”. Dövlət müstəqilliyimizin 20 illiyi günündə isə Əlövsət zəng edib bildirdi ki, “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalının ilk nömrəsi çapdan çıxdı. Nahid müəllim onun bir nüsxəsini mənə hədiyyə etdi, birini də sənin üçün ayırdı”...

Yada düşdüyüm üçün təşəkkür etdim və jurnalla elə həmin gün tanış oldum.

İlk nömrə jurnalın təsisçisi Nəzakət Məmmədovanın xeyir-duası ilə açılır. Təəssüf ki, Nəzakət xanımı tanımıram. Lakin onun jurnalda dərc edilmiş şeirləri Nəzakət xanımın iç dünyası barədə müəyyən təsəvvür yaradır. İnanırsan ki, bu jurnalın təsisçisi yalnız belə bir xanım ola bilərdi.

“Baş redaktordan” yazısı Nahid müəllimin oxucularla “dərdləşməsi”, yaradıcı insan və zaman haqqında düşüncələridir. O yazır: “Bütün dünyada xatirə ədəbiyyatı ən çox oxunan, gözlənilən ədəbiyyatdır. Təkcə məşhur insanların – dövlət başçılarının, sərkərdələrin, qəhrəmanların, məşhur sənətkarların, tarixi şəxsiyyətlərin deyil, həm də ilk baxışda çox sadə görünən insanların həyatı, ömür yolu o qədər maraqlı, heyrətamiz hadisələrlə, əhvalatlarla doludur ki, yaxından tanış olanda özünü də heyrət, təəccüb bürüyür”.

Jurnalın elə birinci nömrəsində dərc olunmuş materiallar baş redaktorun fikrini əyani şəkildə təsdiq edir. Xalq yazıçısı Mirzə İbrahimovun həyatı, ictimai-siyasi fəaliyyəti və yaradıcılığı barədə bildiklərimizi Nahid Hacızadənin xatirələri zənginləşdirir. Yazıçı – jurnalistlər Şamil Xurşudlunun, Sərdar Mehdiyevin və şair Şahmar Əkbərzadənin mənəvi dünyası onların qələm dostu Qədir Tərtərlinin xatirələrində canlanır. Əlövsət Bəşirlinin “Kür sahilləri, ömrün dolayları”, Nüşabə Əsəd Məmmədlinin “Eşit, atam” və unudulmaz yazıçı-şair Səyavuş Sərxanlının doğmalarının “Ömrümüzün ən şirin nəğməsi” adlı nisgilli-göynərtili xatirələri bizi öz yaddaşımızın “qapılarını” açmağa sövq edir. Şair Məmməd İsmayıl öz xatirələri ilə qələm dostu Akif Səmədin portretini, onun iç dünyasının mənzərələrini çəkir. Bədii yaradıcılığa ötən əsrin 20-ci illərinin ikinci yarısında şeirlə gəlmiş xalq yazıçısı Mir Cəlalın poetik nümunələri haqqında şair İlyas Tapdığın, yazıçı Rasim Gənzəli və onun romanları barəsində Kamil İsmayılovun düşüncələri maraqla oxunur. Jurnalda xalq şairi Bəxtiyar Vahabzədənin “Ana dili” şeiri, xalq şairi Məmməd Arazın 1983-cü ildə yazdığı xatirələr (“Söz haqqında söz”), şair-yazıçı Gəray Fəzlinin “Gündəliyindən” səhifələr, şair Sərvazla müsahibə, Zülfüqar Şahsevənlinin şeirləri və Mikayıl Müşfiqə həsr olunmuş “Ayrılığın üzü dönsün...” yazısı, Firuz Mustafanın “Bəyaz kəs” hekayəsi də dərc edilmişdir. Xalq yazıçısı İsmayıl Şıxlının “Dostum Qabilin qəribə əhvalatları” və Nahid Hacızadənin “Oqtay Rzanın mənalı anları” (elə bunlar da qəribə əhvalatlardır – Ə.A.–Ş.) adlı əsərləri müvafiq olaraq “Təbəssümlü duyğular” və “Şair ömründən notlar” rubrikasında verilib. Rubrikalardan söz düşmüşkən: vaxtilə Azərbaycan televiziyası və radiosunda, sonralar “Dalğa” qəzetində veriliş və yazıların adlarına, rubrikalara ciddi fikir verən Nahid müəllim “Yada düşdü” üçün də diqqəti “uzaqdan” cəlb edən rubrikalar “tapıb”: “Qəlbimizə yazılan şeirlər”, “Bizi heyrətləndirən insanlar”, “Dərdli ürəklərin dedirtdikləri”, “Saralmış əlyazmaları”... Əminəm ki, jurnalın gələcək nömrələrində bu rubrikalar altında oxuculara çox maraqlı yazılar təqdim ediləcəkdir.

Buradaca nöqtəni qoyub, yenidən jurnalın üz qabığına baxdım: insan əlləri içində saat... Haçalanmış əqrəblər... Yadıma düşdü: zaman atını dördnala çapır, vaxt gedir... Yazmaq lazımdır...

 

 

Ələkbər ABASOV – Şəhrili,

Əməkdar jurnalist

 

525-ci qəzet.- 2011.- 26 oktyabr.- S.7.