Aydın ƏLİYEV:
“AzTV MDB məkanındaən güclü telekanallardan biri hesab olunur”
“DÜNYA TELEMƏKANINDA
LAYİQLİ YER TUTACAĞIMIZ GÜN ÇOX DA UZAQDA
DEYİL”
6
noyabr – Azərbaycan Teleradio əməkdaşlarının
peşə bayramı günüdür. Bu il Azərbaycan
Radiosunun 85, Azərbaycan Televiziyasının (AzTV) 55
yaşının tamam olması isə bayrama xüsusi rəng
qatır. “İdman Azərbaycan” telekanalının baş
redaktoru, əməkdar mədəniyyət işçisi
Aydın Əliyev teleradio ilə birgə addımlayanlardan,
onun tarixini yazan jurnalistlərdən, tanınmış idman
şərhçilərindən biridir. Bayram ərəfəsində
onunla ötən günlərə bir də qayıtmaq istədik:
– Azərbaycan Teleradiosunun neçə
ilini birlikdə bölüşmüsünüz?
–
Düz 50 ilini. 1961-ci ildə bu ocağa üz tutmuşam. Kiməsə
eyni sahədə yarım əsr çalışmaq qəribə
görünə bilər, amma mən taleyimdən razıyam.
Radionun “Xəbərlər” redaksiyası ilə əməkdaşlığım
isə 1959-cu ildən başlamışdı. Buna səbəb
müasir jurnalistikamızın patriarxı hesab etdiyim
“Bakı” qəzetinin baş redaktoru Nəsir İmanquliyev
olmuşdu. O, bizə ADU-nun jurnalistika şöbəsində dərs
deyirdi. 3-cü kursda oxuyarkən müəllimim məni
“Bakı”da işləməyə dəvət etdi. O redaksiyada
Oqtay Atayev, Mark Peyzel, Şamil Şahməmmədov kimi təcrübəli
jurnalistlər çalışırdılar. Onlardan çox
şey öyrənə bilərdim, amma “Azərbaycan dəmiryolçusu”
qəzetində tərcüməçi işlədiyimçün
təklifi qəbul edə bilmədim. Nəticədə, Nəsir
müəllim Azərbaycan teleradiosunda təcrübə
keçməyi məsləhət gördü. Ən yaxın
dostum, hazırda BDU-nun jurnalistika fakültəsinin dekanı,
professor Yalçın Əlizadə ilə birlikdə Azərbaycan
Teleradio Komitəsinə gəldik. O zaman radio və televiziya
eyni binada yerləşirdi. Hacı Hacıyev, Valid Sənani və
Altay Zahidov məni çox mehribanlıqla
qarşıladılar. İdman yarışlarına tez-tez
getdiyimdən, teleradioda da idman jurnalistikasını seçdim.
–
İlk dövrü necə xatırlayırsınız?
– Həmin
dövrdə teleradioda işləmək çox çətin
idi. Teleradio əməkdaşlarının hamısı eyni
binada oturduqlarından çox qələbəlik idi. Çəkilişlərə
bəzən trolleybus, avtobus, hətta yük maşını
ilə gedirdik. Elə vaxt olurdu ki, bir gündə 3–4 süjet
çəkirdik. Operativlik naminə xüsusi çevikliklə
işləməyə çalışırdıq.
Verilişləri əvvəlcədən yazmaq mümkün
olmadığından canlı yayımla efirə
çıxırdıq. Amma o dövrdə desəydilər
ki, 30–40 ildən sonra Azərbaycan teleradiosu belə müasir
görkəmə düşəcək, inanmazdıq. Təkcə
son 5 ildə nə qədər böyük dəyişikliklər
baş verib. İndi əməkdaşlarımızın
müasir avtomobillərdə çəkilişlərə
getdiyini, rahat studiya və redaksiyalarda
çalışdığını görəndə
qürrələnirəm.
– Bəs
teleradionun hansı dövrünü xatırlamaq sizə daha
xoşdur?
– Əlbəttə
ki, gənclik dövrümü. Arada AzTV-dən
uzaqlaşıb “Space”də çalışdım. “İdman
Azərbaycan”ın 1 illiyi münasibətilə verilişə
dəvət edilmişdim. QSC-nin ərazisində “İdman Azərbaycan”ın
yerini öyrənmək istəyərkən, bir cavan oğlan
nəyi axtardığımı soruşdu. Zarafatla cavab verdim:
“Gəncliyimi axtarıram, onu mənə verə biləcəksinizmi?..”.
–
Vaxtilə AzTV-dən uzaqlaşanları yenidən burada
görürük...
– Bəli,
QSC sədri Arif Alışanovun peşəkarlara layiqincə
qiymət verməsi diqqətdən kənarda qala bilməz.
Götürək Rafiq Hüseynovu. Azərbaycanda ikinci
R.Hüseynov yoxdur və Arif müəllim bilirdi ki, Rafiqin
aparıcıların bədii rəhbəri vəzifəsinə
gətirilməsindən QSC udacaq. Bu gün
aparıcılarımız səlis danışıqları
ilə digər TV-lərdəki həmkarlarından fərqlənirlər.
Eldar Məmmədov kimi sənətkar operator bu gün AzTV-dədir.
Teleməkanımızda o cür ikinci operator yoxdur. Onların
hamısı AzTV-nin təəssübünü çəkən
insanlardır.
Mənim
qayıdışım belə oldu: AzTV-yə iki layihə təqdim
etmək üçün gəlmişdim. Söhbət
zamanı sədr Arif Alışanov “İdman Azərbaycan”ın
mənim təcrübəmə ehtiyacı olduğunu söylədi
və baş redaktor vəzifəsini təklif etdi. Arif müəllim
şəxsən özü mənimlə bərabər
“İdman Azərbaycan”a gəldi və burada əsl sürprizlə
qarşılaşdım. Sən demə, Arif müəllim
vaxtilə hansı otaqda oturduğumu yadında
saxlayıbmış. Həmin otağın yanından
keçəndə “nostalji hisslərin oyanmadı ki” deyə
zarafatla soruşdu və dərhal oranın mənim
üçün hazırlanmasına göstəriş verdi.
Yenidən illərlə çalışdığım
iş otağına qayıtdım. İdarə rəhbərinin
bu cür diqqətli olmasını və həssaslığını
sözlə ifadə etmək çətindir.
–
Sovet dönəmində AzTV SSRİ-nin Mərkəzi Teleradiosu
ilə ayaqlaşa bilirdimi? Yoxsa o dövrdə əksəriyyət
Mərkəzi TV-yə baxmağa üstünlük verirdi?
– Məncə, seyrçilər hər ikisini izləyirdilər. O dövrdə AzTV 24 saat efirdə olmurdu və verilişlərimiz Moskvadan daha tez başa çatırdı. Mərkəzi TV-nin imkanlarını – maddi-texniki bazasını, kadr potensialını – müttəfiq respublikaların heç bir TV-si ilə müqayisə etmək mümkün deyildi. Sovet imperiyasının əsas təbliğat ruporu olan bu TV üçün hər cür imkan yaradılırdı. Ümumittifaq ekranı üçün bütün verilişlərimizi Mərkəzi TV təsdiqləyirdi. Buna baxmayaraq, 80-ci illərdə AzTV postsovet məkanında 4-cü yerə çıxmışdı. Mərkəzi TV-dən sonra ikinci yerə layiq olsaq da, Ukrayna və Baltik ölkələri TV-lərini irəli çəkirdilər.
– Ölkədə hansı telekanalı AzTV-yə rəqib görürsünüz?
– Rəqabət olmasa, inkişafdan söhbət gedə bilməz. Amma tam məsuliyyətlə deyirəm ki, son beş ildə götürülmüş sürətli tempdən sonra indi AzTV ilə ölkədə rəqabət apara biləcək ikinci telekanal yoxdur. Bu kanala ailə üzvləri ilə bir yerdə rahat baxa bilirsən.
– Bəs AzTV nə vaxt dünya teleməkanında layiqli yer tutacaq?
– AzTV hələlik MDB məkanında ən güclü telekanallardan biri hesab olunur. Amma inanıram ki, dünya teleməkanında layiqli yer tutacağımız gün çox da uzaq deyil. Bir faktı xatırladım. Ötən əsrin 70-ci illərində Türkiyənin idman şərhçiləri təcrübə keçmək üçün AzTV-yə gəlirdilər. İndi Türkiyə teleməkanı çox inkişaf edib. TRT-nin baş direktoru İbrahim Şahinin AzTV-nin efirini diqqətlə izləməsi, mədəniyyət və incəsənətlə bağlı verilişlərimizi çox bəyənməsi haqda xəbəri “Modern.az” saytında oxuyanda məmnunluq duydum. İdman verilişlərinə görə də üstünlüyü AzTV və “İdman Azərbaycan”a verirəm. Bizim şərhçilər son illərdə dilimizə yad sözlərdən qaçmağa başlayıblar. Türkiyə TV-lərində isə bu problem gündən-günə güclənir.
– Bu il dövlət müstəqilliyimizin 20 ili tamam oldu. Azərbaycan teleradiosu dövlət müstəqilliyinin qazanılmasına hansı töhfəni verə bildi?
– Müstəqilliyin qazanılmasına gedən yol, bütün xalqımız kimi, AzTV üçün də çox ağrılı oldu. AzTV-nin 6 əməkdaşı həmin illərdə şəhid oldu. 1988-ci ildə komendant saatı elan olunduqdan sonra biz sovet əsgər və zabitlərinin nəzarəti altında işləyirdik. İndi təsəvvür edə bilmirəm ki, o vaxt biz idman proqramlarını efirə necə verirdik. Hər kəlməmizə diqqət yetirirdilər. Bir dəfə Qılıncoynatma üzrə yığma komandanın baş məşqçisi Yaşar Məmmədov verilişə qonaq kimi dəvət olunmuşdu. O, efirdən komendant saatına kəskin etirazını bildirdi. Studiyadan çıxanda Yaşar həyəcanlı olduğumu görüb soruşdu: “Aydın, mənim bu çıxışımdan sonra səni tutub aparmasalar yaxşıdır”. Dedim: “Aparırlar – aparsınlar”. Amma hər şey yaxşı qurtardı. Qanlı 20 yanvar hadisələrindən bir müddət sonra Bakıda beynəlxalq yarış keçirilirdi. Canlı yayımda dolayısı ilə fikirlərimizi xalqımıza çatdırırdıq. Hesab edirəm ki, o dövrdə xalqımızı teleradiosuz qoymamaqla AzTV-çilər müstəqilliyimizə böyük töhfə verdilər.
– Sizcə, idmansevərlər “İdman Azərbaycan”dan razıdırlarmı? Bəzən iddia edirlər ki, kanal idmanı, xüsusilə də futbolu yaxşı təbliğ etmir...
– Bizim ən çox diqqət yetirdiyimiz idman növü elə futboldur. Azərbaycan çempionatını, Avropanın ən məşhur futbol klublarının keçirdiyi oyunları kanalımız yayımlayır.
– Deyirlər ki, İngiltərə, İspaniya, Almaniya çempionatları nəyimizə lazımdır...
– Bu, subyektiv fikirdir. Elə isə nə üçün Dünya, Avropa çempionatlarına baxırlar? Avropa ölkələrinin çempionatları ona görə maraq kəsb edir ki, futbol peşəkar səviyyədə tamaşaçılara təqdim olunur. Həm də onları izləmək istəyən seyrçilərimizin sayı çoxdur. Bəzən iki maraqlı oyun eyni vaxta düşəndə birini AzTV-də, digərini “İdman Azərbaycan”da göstərməli oluruq. “İdman Azərbaycan” bütün idman növlərinin təbliğ olunmasında əhəmiyyətli rol oynayır. Elə vaxt olur ki, bir gündə 4 yerdən reportaj hazırlanır. İrimiqyaslı yarışlar üst-üstə düşəndə, tamaşaçını ən çox cəlb edən turniri canlı yayımda verməyə çalışırıq. Bunun üçün AzTV-nin efirindən də istifadə edirik.
“İdman Azərbaycan” dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılmış telekanaldır. Bu kanalın əsas və ümdə vəzifəsi – idmanı təbliğ etməkdir. Məhz ölkə prezidentinin böyük dəstəyi nəticəsində “İdman Azərbaycan” telekanalının maddi-texniki bazası gücləndirilib.
– Bəs azarkeşlər “İdman Azərbaycan”ın futbol şərhlərindən razıdırlarmı?
– Reportajları şərhçilərimizlə birlikdə təhlil edirik. Hazırda teleməkanımızda “qola imza atdı”, “qarşısında filankəs var”, “ehtiyat oyunçular skamyasında yer alıb”, “adını tabloya yazdırdı” kimi əcaib ifadələr işlədilir. “İdman Azərbaycan”ın şərhçiləri isə bilirlər ki, bu, yolverilməzdir. Bu gün şərhçilərə ləhcəsiz, ədəbi dildə danışmağı, vurğunu düzgün qoymağı öyrətməyə, nəzəri biliklərini artırmağa məcburuq. Uzun illər ərzində idman jurnalistikası sahəsində toplanmış təcrübə darmadağın olub. Amma yenə ümidimi itirmirəm. İnanıram ki, gördüyümüz iş bəhrəsini verəcək, meydana yenə də istedadlı, bacarıqlı şərhçilər çıxacaqlar.
– “İdman Azərbaycan” 2012-ci ildə futbol üzrə Avropa çempionatı oyunlarını göstərmək hüququnu əldə edib. Şərhçiləriniz bu yarışlara necə hazırlaşırlar?
– “İdman Azərbaycan”ın şərhçiləri öz üzərlərində çalışırlar və hər reportaj – Avropa çempionatının məşqi sayılır. Bundan başqa, idman şərhçisi və jurnalistləri üçün müsabiqə elan etmişik. Artıq 120 nəfər bizə müraciət edib. Əgər onların arasından 5 nəfəri seçə bilsək, bu, böyük nəticə olacaq.
AzTV-nin indiki rəhbərliyinin tələbləri başqadır. Sədr Arif Alışanov şərhçilərin yerində saymasını qəbul etmir. Əvvəlcədən mənə dedi ki, şərhçilər anlaşılan dildə, süni pafosdan uzaq, tamaşaçıları qıcıqlandırmayan üslubda danışmağı öyrənməlidirlər. Artıq nəticə hiss olunmaqdadır. Amma hələ şərhçilərimizi tərifləmək fikrində deyiləm.
– 2009-cu ildən bəri “İdman Azərbaycan” hansı uğurları qazanıb?
– “İdman Azərbaycan”ın nüfuzu artıb. 5 il öncə AzTV əməkdaşlarının yarış meydanlarında həvəskar operatorlar üçün nəzərdə tutulan “VHS” kamerası ilə çəkiliş apardıqlarını görəndə doğma televiziyamızın yerinə xəcalət çəkirdim. İndi AzTV və “İdman Azərbaycan” yarışları ən müasir, futbol oyunlarını isə 12, bəzən daha artıq kamera ilə yayımlayır. Oyunların əksəriyyəti canlı yayımda verilir. Adamların çoxu bilmir ki, bu, hansı zəhmət bahasına başa gəlir. Bütün yarışlar güclü maliyyə vəsaiti və təşkilati iş tələb edir. Mənə elə gəlir ki, “İdman Azərbaycan” postsovet məkanında Rusiyadan sonra haqlı olaraq ikinci yerdədir. Bu, təkcə mənim deyil, ölkəmizə gələn xarici jurnalistlərin dəyəridir. Yeni ildən isə 24 saatlıq yayıma keçməyimiz gözlənilir.
– Yubiley qarşısında Azərbaycanın böyük teleradio ailəsinə nə arzulayardınız?
– Həmkarlarıma birinci növbədə cansağlığı, daha sonra yaradıcılıq uğurları arzulayıram. Tamaşaçılarımızdan isə xahiş edirəm ki, öz sağlamlıqlarını qorusunlar və xalqımızın çoxdan bəri gözlədiyi ən xoş xəbəri ilk dəfə məhz AzTV-dən eşitsinlər.
525-ci qəzet.-
2011.- 26 oktyabr.- S.6.