İndoneziya ilə Azərbaycanın konstitusiyaməhkəmələri arasında memorandum imzalanacaq

 

MƏHƏMMƏD MAHFUD: “SƏNƏDDƏ HƏR İKİ TƏRƏFİN MARAQ DAİRƏSİNƏDÜŞƏN MƏSƏLƏLƏRDƏ ƏMƏKDAŞLIQ NƏZƏRDƏ TUTULUB”

 

Ötən həftə sonu İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfud Azərbaycanda səfərdə olub. Səfər zamanı bir sıra görüşlər keçirilib və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Məhəmməd Mahfud “525”ə müsahibəsində bu barədə ətraflı danışıb.

 

–Azərbaycana səfərinizin əsas məqsədi nə idi?

–Bu, İndoneziya Konstitusiya Məhkəməsi ilə Azərbaycan Konstitusiya Məhkəməsi arasında dostluq görüşüdür. Əvvəllər də bizim yazışmalarımız, söhbətlərimiz olub və əlaqələrimizin bu sahədə daha da genişləndirilməsi barədə razılığa gəlmişik. İndoneziyanın Konstitusiya Məhkəməsinin dəvəti ilə 2010-cu ildə Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti bizim ölkəmizdə səfərdə olub.

Azərbaycana səfər mənim üçün çox əhəmiyyətli oldu. Çünki tək Konstitusiya Məhkəməsinin sədri deyil, eləcə də digər yüksək dövlət rəhbərləri tərəfindən, Ali Məhkəmənin sədri, ədliyyə nazirinin müavini, Ombudsman və Milli Məclisin sədri tərəfindən qəbul olundum. Dillər Universitetinin rektoru ilə də görüşümüz oldu.

Bu universitetdə İndoneziya Mərkəzi fəaliyyət göstərir. Mən İndoneziyanı, onun mədəniyyətini öyrənən tələbələrlə görüşüb, söhbət etdim. Orda qeyd etdim ki, bu mərkəz iki xalq arasında bir körpü rolunu oynaya bilər.

–Bəs görüşlərdə məhkəmə sahədə əməkdaşlıqla bağlı nə kimi məsələlər müzakirə olundu və sizcə, bu səfər ikitərəfli münasibətlərin inkişafına necə təsir edə bilər?

–Biz hər iki ölkənin hüquq mühafizə orqanları barədə söhbət apardıq. Eyni zamanda əməkdaşlıq edə biləcəyimiz sahələri müəyyənləşdirməyə çalışdıq. Hüquq sahəsində əməkdaşlıq əlbəttə, bir qədər çətindir. Çünki hər ölkənin özünəməxsus hüquq sistemi olur. Amma bununla belə ümumi nöqtələr var ki, onları müəyyənləşdirib, əməkdaşlıq etmək olar. Məsələn, əməkdaşların mübadiləsi, hüquq sahəsinə aid birgə jurnalların dərc edilməsi, insan hüquqlarının qorunması və s. Bu məsələlər müzakirələrin mövzusunu təşkil etdi. Amma müzakirələrimiz yalnız hüquqi məsələlərlə bağlı olmadı.

Parlament sədri ilə biz bir-birimizi beynəlxalq forumlarda dəstəkləmək barəsində də söhbət etdik. Bu görüşlərdən çox məmnun oldum. Bütün bunlar gələcək əməkdaşlığımızın daha da inkişafına xidmət edir.

Hər bir görüşdə vurğulandı ki, İndoneziya istənilən beynəlxalq forumlarda Azərbaycanı dəstəkləyir. İndoneziya həm də Azərbaycanı düşünülmüş şəkildə dəstəkləyir. Çünki tarixə nəzər salsaq, ölkəmizin Azərbaycana bənzər yol keçdiyini görmüş oluruq. Hər iki ölkə əsarətdən, müstəmləkə sistemindən çıxıb.

Ona görə də bizim bir-birimizin beynəlxalq dəstəyinə ehtiyacı var. Azərbaycan müstəqilliyini elan edəndə onu dəstəkləyənlərdən biri də məhz İndoneziya olub. Mübarizə yolları da təxminən eyni olub. Amma artıq hər iki ölkə suveren bir dövlət kimi formalaşıb.

–Azərbaycanda Konstitusiya Məhkəməsi 10 ilə yaxındır yaradılıb. Bu baxımdan qarşılıqlı olaraq iki ölkə bir-birinin təcrübəsindən necə yararlana bilər?

–Əslində İndoneziyanın Konstitusiya Məhkəməsi Azərbaycanınkından yaşlı deyil. Müstəqil dövlət kimi İndoneziyanın 66 yaşı var, amma 2003-cü ilə qədər ölkəmizdə Konstitusiya Məhkəməsi yox idi. Indi Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə daxil olan bütün məsələləri həmin ilə qədər Ali Məhkəmə həyata keçirirdi. Konstitusiya Məhkəməsini formalaşdırmağa başlayandan sonra əslində burda insan hüquq və azadlıqları, dövlət quruluşu və digər məsələlər onun səlahiyyətlərinə daxil oldu.

–Gələcəkdə bu sahədə iki ölkə arasında nələr gözlənilir? Hansısa sənəd imzalana bilərmi?

–Biz Konstitusiya Məhkəməsində görüş keçirərkən orda iki ölkə arasında memorandum imzalanmasına dair razılığa gəldik və bu sənədin layihəsi hazırlanıb. Bu sənədin mətnini hər iki tərəf kifayət qədər öyrəndikdən sonra qərar verəcək. Çünki burda fərqli məsələlər var. Bir neçə aydan sonra biz bir neçə mütəxəssis ayıracağıq ki, bu məsələni öyrənsin və sonra müvafiq qərar qəbul olunsun

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2011.- 26 oktyabr.- S.5.