Salam, Əjdər müəllim...
Onunla
sonuncu dəfə bu ilin soyuq yanvar günlərinin birində
“Elm məbədi”, “milli düşüncə ocağı”
adlandırdığımız Elmlər Akademiyasının
beşinci qatdakı işıqlı və geniş dəhlizində
görüşdük. Harasa tələsdiyini gizlədə
bilməsə də, ayaq saxladı. Həmişə kədərli
fikirlərin, qəmli düşüncələrin
ağırlığından çöhrəsini tutqun
gördüyüm Əjdər müəllimin,
qarabağlılar demişkən, elə bil
qırışığı açılmışdı
(Sonralar bildim ki, məhz həmin gün onun vəzifə
maaşının artırılması barədə əmr
verilibmiş). Çoxdan axtardığını qəfil
tapan insanlar kimi qeyri-adi səmimiyyətlə əlimi ikiəlli
sıxaraq dedi:
–
Asif müəllim, xoş gördük. Budapeştdən gətirdiyiniz
o səsi mənə nə vaxt verəcəksiniz?
Əjdər müəllimin sualı mənə tam aydın idi. Şəxsi görüşlərimizdə bəzi elm adamlarının ona qarşı olan biganə, laqeyd münasibətlərdən üzüldüyünü mənə dəfələrlə xatırlatmışdı. Ötən il Macarıstanda Beynəlxalq elmi konfransda olarkən fasilə zamanı onun elmi araşdırmaları barədə alimlər arasında söz açmışdım. Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli o vaxt Əjdər Fərzəli yaradıcılığını yüksək qiymətləndirərək demişdi: “Azərbaycanda Qobustan və Gəmiqaya mədəniyyətinə vahid mədəniyyət kimi baxmaq, yanaşmaq, vahid bir mədəniyyətin tərkib hissəsi kimi təhlil etmək, birləşdirmək və üzə çıxarmaq işi hamıdan çox Əjdər Fərzəliyə məxsusdur. Gəmiqayada olan boşluqları Qobustandan, Qobustanda çatmayan və ya gözə görsənməyən elementləri Gəmiqaya ilə doldurub və vahid Qobustan-Gəmiqaya əlifbası – işarələr sistemi hazırlayıb. Qobustan mədəniyyəti ilə Gəmiqaya mədəniyyəti arasındakı oxşarlıqları, bənzərlikləri ortaya qoymaqla sistemli fikir deyə bilib. Azərbaycanın qayaüstü mədəniyyət dövrü haqqında ilk dəfə sanballı elmi fikirlər söyləyə bilib. Bu məncə Əjdər Fərzəlinin xidmətləridir.”
Budapeştdən qayıtdıqdan sonra Əjdər müəllimi Ədəbiyyat İnstitutundakı iş otağıma dəvət etdim. Hazırladığım sürpriz, gözləntilərimlə nəticələndi. Kompüterin yaddaşına köçürdüyüm akademik İ.Həbibbəylinin onun haqqında söylədiyi dəyərli fikirləri dinlədikcə böyük qürur hissi keçirdiyini duymamaq mümkünsüz idi. Aradan ay yarım vaxt keçməsinə baxmayaraq Əjdər müəllim haqqında deyilən fikirləri ümumi müsahibədən ayırıb SD-yə köçürərək ünvanına çatdıra bilməmişdim. “Budapeştdən gətirdiyiniz səs” – deyəndə Əjdər müəllim akademik İ.Həbibbəylinin onun haqqında verdiyi müsahibənin səs yazısını nəzərdə tuturdu. Vədimə əminliyini bildirdikdən sonra ani xəyala dalaraq növbəti fikrini birmənalı və yumuşaq şəkildə çatdırmağa çalışdı:
– Asif müəllim, təklifiniz barədə bir daha düşündüm, xahiş edirəm “Salam, Layısqi dağları” kitabımın adını dəyişməyəsiniz.
O, redaktə üçün kitabının əlyazmasını mənə verəndə müəlliflə bu mövzuda söhbətimiz olmuşdu. İlk baxışdan mənə elə gəlmişdi ki, Əjdər müəllim əsasən elmi oçerklərdən ibarət olan kitabına bədii sərlövhə seçib. Kitabın adına münasibətimi bildirəndə o vaxt qəti söz deməyə tələsməmişdi. İndi isə fikrində israrlı görünürdü...
Xəyal məni səkkiz ay əvvələ apardı. Hələ universitetdə oxuduğu illərdən yaxşı tanıdığım, kiçik qardaşım Nəsibin tələbə yoldaşı və yaxın dostu Abdulla Yusifli görüşlərimizin birində məni doğulub boya-başa çatdığı Şəkinin Baş Layısqi kəndinə qonaq dəvət etdi. Layısqi sözünün etimologiyası, elmi mənşəyi barədə maraqlandığını bildirdi. Azərbaycanda toponimik adların fədakar və istedadlı tədqiqatçısı, AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əjdər Fərzəli ilə kəndə gələcəyimə söz verdim. 28 May İstiqlal bayramını Baş Layısqidə, Eşik qalasında qarşılamağı qərara aldıq.
Əjdər müəllim təklifi məmnunluqla qəbul etdi. O, 2010-cu ilin may ayının 27-də Bakıdan Baş Layısqiyə şütüyən taksidə səfərin ürəyincə olduğunu, dəfələrlə şəkili dostlarının, o cümlədən “İpəkçi” qəzetinin redaktoru Salis Məmmədovun onu bu gözəl diyara qonaq çağırdığını, lakin imkanı olmadığını, indiki səfərə isə taleyin qismət etdiyi fürsət kimi yanaşdığını vurğulayırdı.
Axşamüstü Şəki şəhərində bizi Abdulla müəllimin qardaşı, nüfuzlu ziyalı, fəlsəfə doktoru Mehman Yusifli qarşıladı. Baş Layısqi rayon mərkəzindən təxminən 40 km məsafədə yerləşir... Bu da yaşıllığa bürünmüş, başı qarlı Qafqaz sıra dağlarının köksünə sığınmış qədim və sirli-sehirli Baş Layısqi...
Kənd üç tərəfdən təbii müdafiə sədləri – uca dağlar, sıldırım qayalar ilə əhatələnib. Yaşı min illərlə ölçülən qədim qalaların, kurqanların, məzar yerlərinin bugünümüzə gəlib çatan izləri Layısqinin strateji məkan və əski mədəniyyətimizin daşıyıcısı olduğunu təsdiqləyir. Ötən əsrin 80-ci illərinin əvvəllərində sel yuması nəticəsində bir kurqandan 90-dan çox adda müxtəlif bürünc nümunələrin – qolbağların, muncuqların, sırğaların, bilərziklərin, nizə uclarının və s. tapılması, üzə çıxarılması Layısqının eramızdan əvvəl IX-VIII əsrlərdə mövcudluğundan, burada yüksək zövqlü insanların yaşadığından xəbər verir. Kəndin toponimlərində (coğrafi adlarda) alban, hun, oğuz və s. türk soylarının, tayfalarının mifik düşüncələrinin izləri yaşamaqdadır. Baş Layısqi ilə dərindən tanış olmağımıza yaşı 85-i haqlamış, görkəmli maarif xadimi, işıqlı və müdrik ziyalı, xeyirxah el ağsaqqalı Əhməd Salman oğlu bələdçilik etdi. Əslində Əhməd müəllim Baş Layısqi kəndinin çağdaş epoxasının sanlı ensiklopediyasıdır. Geniş təfəkkürə, möhkəm yaddaşa, yenilməz iradəyə və məfkurəyə malik şəxsiyyətdir. Əsilli-nəcabətli ailədə dünyaya göz açan Əhməd Salman oğlu Yusifli iki yaşında ikən atadan yetim qalmış, ana himayəsində böyümüş, həyatın bütün məşəqqətlərindən, İkinci Dünya müharibəsinin odlu-alovlu yollarından mətanətlə keçmiş, ali təhsil almış, vətənpərvərlik ruhunda övladlar böyüdüb tərbiyə etmişdir. Onun ləyaqətlə daşıdığı, övladlarına miras qoyduğu Yusifli soyadı XIX əsr Baş Layısqinin adlı-sanlı ziyalılar təbəqəsinə mənsub idi. Respublika Baş Arxivlər İdarəsinin Tarix Arxivində Rusiya imperiyası dövrünə aid mühafizə olunan Nuxa qəzası Baş Layısqi kəndinin 1886-cı ildə ailələrin siyahıya alındığı Əyalət dəftərində birinci Yusif Əfəndi Hacı Qurbanəli oğlunun adı yazılıb, iki oğlu (Salman və İsrafil), iki qızı, iki evi və 9 atı olduğu qeyd edilmişdir. Sənəddə Salman Yusif Əfəndi oğlunun 22 yaşda, atası Yusif Əfəndi Hacı Qurbanəli oğlunun isə 52 yaşında olduğu göstərilmişdir. 1886-cı ildə Nuxa Qəza rəisinin köməkçisi, knyaz Andronikovun təsdiqlədiyi Əyalət dəftərindəki siyahıya əsasən bu vaxt Baş Layısqi kəndində 202 ailə, 1250 nəfərdən çox sakin yaşayırmış. 1824-cü ildə siyahıya alınma zamanı əhalinin 983 nəfər olduğunu nəzərə alsaq 60 ildə artım elə də böyük deyildir.
Baş Layısqi kəndinin milli tərkibi bütün sənədlərdə tatar (türk) olduğu qeyd edilir, əhalinin soyad sonluqlarında Rusiya İmperiyasının köləlik nişanəsi olan “ov, yev” şəkilçilərinə rast gəlinmir – Əhməd Yusiflinin ata, baba və ulu babalarında olduğu kimi: Salman Yusif Əfəndi oğlu, Yusif Əfəndi Hacı Qurbanəli oğlu, Hacı Qurbanəli İsrafil oğlu və s...
Bu kənd əhalisinin inzibati təpkilərə baxmayaraq milli-mənəvi dəyərlərə sahib çıxması, milli xüsusiyyətləri qoruyub saxlaması qürur hissi doğurur.
Əhməd müəllimin Layısqinin dünəni,
keçmişi haqqında söhbətləri
gecə keçənə qədər davam
etdi. Əjdər müəllim
müsahibinə daha çox
suallarla müraciət edirdi.
Vaxtsız yatsaq da bülbüllərin cəh-cəhi,
quşların zümzüməsi bizi obaşdan oyatdı. 28 May
səhərinin Layısqidəki gözəlliyi bənzərsiz
idi. Əjdər müəllim üzü Çakıl dağlarına
sarı dayanaraq ilkin təəssüratlarını
belə ifadə etdi: “Vallah, adam bu
cənnəti görəndə heyranlığını
bildirmək üçün dayanmalı,
fikrə getməli, düşüncəyə dalmalı olur. Bura Azərbaycanın
gözəllik səltənətidir. Bu
yerlərin əsrarəngiz təbiətində Layısqi sözünün mənasını
görürəm. Dağlar burada bir-birindən lay-lay ayrılır. Yaşıllıqlar
bir-birini lay-lay əvəz
edir... Vadilər qarşımızda laybalay açılır.
Başı qarlı zirvələrin yetirdiyi, sınağa çəkdiyi
insanlar da təbiətin özünə
oxşayır – gözəl,
istiqanlı, qonaqpərvər,
vüqarlı... Əhməd müəllimi
bu dağlardan birinə bənzədirəm.
Elə bilirəm onu “Avesta”dan, “Bilqamıs” dastanından, “Kitabi-Dədə
Qorqud”dan tanıyıram.”
Əjdər müəllimlə istiqlal
bayramımız Layısqıda
çox yaddaqalan oldu. O kəndin ziyalıları,
ağsaqqalları ilə
görüşdü, Əhməd
müəllimdən müsahibələr
aldı, gördükləri
barədə hər şeyi dəftərçəsinə
qeyd edirdi. Mən isə kənd ziyalılarından Əvvəl
Hüseynli və Şöhrət Həmidli
ilə iki min metr yüksəklikdə yerləşən, ensiz dağ cığırları
ilə Eşik qalasına qalxdım.
IX əsrdə, Alban çarlığı dövründə
gözətçi məntəqəsi
kimi tikildiyi ehtimal edilən, Baş Layısqi kəndi ilə Şin çayı arasında yerləşən
üçbucaq şəkilli
bu qala diqqətdən
və tədqiqatdan kənarda qalmış, divarlarının böyük
bir qismi sökülüb dağılmışdır.
Maddi-mədəniyyət abidələrinə qayğının artdığı
bir zamanda tarixi keçmişimizə
ehtiram əlaməti olaraq Eşik qalasının bərpası
məsələsinin vacibliyi
barədə düşüncələr
altında Layısqiyə
qayıdırıq. Molla Cümənin
abidəsini, kənd məscidini, orta məktəbi, tarixi yerləri ziyarət edirik. Əjdər müəllim Layısqidən
ayrılmaq istəmir...
Əhməd müəllim
təkidlə daha bir gün qalmağımızı
xahiş edir... Mehman, Şöhrət, Əvvəl
hələ Layısqidə
nə qədər görməli yerlərin olduğunu bildirirlər.
Mənim fikrimi soruşurlar... Cavabımın
ləngiməsi Əjdər
müəllimi hövsələdən
çıxarır:
– Asif, “Salam, Layısqi dağları” kitabımın
adına toxunma!
Xəyaldan ayılaraq: – Baş
üstə Əjdər
müəllim, – deyirəm.
O inam ifadə edən təbəssümlü
baxışla xudahafizləşərək
liftə doğru tələsir... Mən isə dəhlizdə dayanıb onun ardınca baxıram... Doğrudan da, Əjdər müəllim
az vaxt
içərisində Layısqi
haqqında sanballı
bir əsər yarada bilmişdi. Bu onun elmi, ədəbi-bədii mövzuda
yazdığı sayca
on doqquzuncu kitabı idi.
Akademiyanın dəhlizindəki sonuncu görüşümüzdən cəmi bir gün
keçmişdi. 2011-ci il
yanvar ayının
21-i idi. Səhərin sübh çağı
mobil telefonuma zəng gəldi. Əjdər Fərzəli idi. Fikirləşdim ki, “Salam,
Layısqi dağları”
kitabı ilə bağlı yəqin təxirəsalınmaz təklifləri
var. Telefonu açaraq:
– Salam, Əjdər müəllim
– dedim. Lakin xəttin o başından Əjdər Fərzəlinin
yox, həyəcanlı
bir qadının boğuq, hıçqırıqlı
səsi gəldi...
Asif RÜSTƏMLİ
525-ci qəzet.- 2011.- 27 oktyabr.- S.7.