“Yada
düşdü”nün ilk sayı təqdim edildi
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Yada düşdü” ədəbi-bədii jurnalının ilk nömrəsinin təqdimat mərasimi gerçəkləşib. Giriş sözü ilə çıxış edən AYB-nin birinci katibi Fikrət Qoca dərgi haqqında fikirlərini dilə gətirib: “Dərginin təqdim olunduğu gündə yağışın yağması onun gələcək taleyinin uğurlu olacağına işarədir. Ən vacibi isə dərgidə müraciət edilən görkəmli ədəbiyyat xadimləri, qələm adamlarının yaradıcılıqları haqqındakı yazılar bunu deməyə əsas verir. Yazıçı üçün ədəbiyyat, bambaşqa aləm, dəyişik bir mühitdir. Azərbaycan ədəbiyyatının tanınmış yazıçıları, söz adamları bu başqa aləmdə özlərini təsdiq etməyə nail olublar. Dünyasını dəyişən ədəbiyyat adamları haqqında yazıların jurnalda dərc edilməsi onların yaradıcılıqlarına olan dərin hörmətdən irəli gəlir. Bu həm də gələcək nəsillərin maariflənməsi, öz tarixlərinə, ədəbiyyatlarına sahiblənmələri baxımdan vacib amildir”.
Şair Oqtay Rza jurnalın əhəmiyyəti, orada yer alan materiallar barədə danışıb: “Görkəmli yazıçı, dramaturq və publisist, əməkdar mədəniyyət işçisi Nahid Hacızadənin baş redaktoru olduğu dərginin ilk sayında “Mirzə İbrahimov – 100”, “Qabil yazıçı İsmayıl Şıxlının qələmiylə”, “Nəsrə qovuşan yol” və başqa maraqlı yazılar dərc olunub. Dərginin məzmunu ilə yanaşı, onun nəfis tərtibatı, yüksək poliqrafik keyfiyyəti də diqqəti cəlb edir”. O.Rza jurnalın təsisçisi Nəzakət Məmmədovanın dərgidə yer alan şeirləri haqqında danışaraq, müəllifin “Həmdəmim dəniz” və “Payız” şeirlərini çox bəyəndiyini deyib.
Şair-publisist, jurnalın baş redaktor müavini Zülfüqar Şahsevənli çıxışında dərginin mahiyyəti və məqsədləri haqqında söz açıb. Onun sözlərinə görə, ədəbiyyat dərgilərinin azlıq təşkil etdiyi günümüzdə, belə bir jurnalın yaranmasının əsas məqsədi mədəniyyətimiz, ədəbiyyatımızın görünən insanlarını və onların yaradıcılıqlarını təbliğ etməkdir.
“Yada düşdü”nün işıq üzü görməsini sevindirici və təbii hal kimi qarşılayıram. Adından göründüyü kimi dərgi ədəbiyyatımızda özünəməxsus yeri, dəst-xətti olan yazıçıların, şairlərin yaradılıcılıqlarına işıq tutaraq, onları başqa aspektdən öyrənməyə, təbliğ etməyə istiqamətlənib. Azərbaycan ədəbiyyatında və mədəniyyətində elə insanlar var ki, zaman-zaman onların həyat və yaradıcılıqlarına müraciət etmək, onları yada salmaq bizim borcumuzdur. Bu həm də gələcək nəsillərə öz mədəniyyət, ədəbiyyat tarixlərində olan şəxsiyyətləri təqdim etmək baxımından vacibdir”. Bu fikirləri “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə səsləndirib.
Yazıçı-dramaturq Firuz Mustafa, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli və başqaları çıxışlarında dərginin əhəmiyyəti haqqında danışaraq, fikirlərini bölüşüblər.
Qeyd edək ki, dərginin baş redaktoru Nahid Hacızadə, təsisçisi Nəzakət Məmmədova, bədii redaktoru Nəvai Məmmədoğludur.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 27 oktyabr.- S.7.