Azay Quliyev: “Özəl sektorun nümayəndələri sosial məsuliyyəti bölüşməklə bağlı heç bir ciddi addımlar atmırlar”

  

Müsahibimiz millət vəkili Azay Quliyevdir

 

Biz 4 qanun layihəsi hazırlamışıq ki, onların da noyabr ayının 1-də ilkin olaraq ikisinin ictimai müzakirəsinə başlayacağıq. Bunlar isə “Peşə birlikləri haqqında” və “ İctimai iştirakçılıq haqqında” qanunvericilik aktlarıdır. “Peşə birlikləri haqqında” qanun , ümumiyyətlə, ölkəmizdə yoxdur, bu yeni bir sənəddir, yeni bir təşəbbüsdür, yeni bir yanaşmadır. O cümlədən, “İctimai iştirakçılıq haqqında” qanun layihəsi də yeni təşəbbüs sayıla bilər. Ona görə məncə , burada indi hansısa qanuna yeni əlavələr və dəyişikliklərdən yox, yeni layihələrdən söhbət gedir. Düşünürəm ki, ictimai müzakirələr zamanı biz vətəndaş cəmiyyəti təmsilçilərinin də, millət vəkillərinin də fikirlərini öyrənəcəyik və həmin layihələri haradasa qarşıdan gələn növbəti yaz sessiyasının gündəliyinə təqdim edəcəyik...

– Adını çəkdiyiniz sənədlərinin mahiyyəti nədən ibarətdir?

Bilirsiniz, bizdə “QHT-lər, ictimai birliklər və fondlar haqqında” qanun varbu qanun peşə birliklərinin fəaliyyətini tam tənzimləmir. Düzdür, dünyada peşə birlikləri – məsələn, belə deyək, Müəllimlər Assosiasiyası, Həkimlər Assosiasiyası, hətta, Diş Həkimləri Assosiasiyası var , bunlar xüsusi fəaliyyət sahələridir, ancaq bunlar demək olar ki, Azərbaycanda yoxdur. Odur ki, bu yöndə yeni qanunun qəbul edilməsi hesab edirəm ki, bu sahənin inkişafını təmin edəcək, bir az da məsələlərə aydınlıq gətirəcək , onların qeydiyyatından tutmuş, digər məqamlarına qədər yeni bir yanaşmanı ortaya qoyacaq. İctimai iştirakçılıq isə tamam yeni yanaşmadır. Məsələn, biz ictimai nəzarətdən tez-tez danışırıq. Bəs,ictimai nəzarətin mexanizmləri necədir? Bu məsələ qanunvericilikdə təsbit olunub , ancaq praktik həyatımızda yoxdur. İctimai iştirakçılıq ölkədə irimiqyaslı proqramların hazırlanmasında iştirakdan tutmuş, onların icrasına ictimai nəzarətin həyata keçirilməsinə qədər mühüm bir sahəni əhatə etməlidir, orada konkret mexanizmlər müəyyənləşdirilməlidir. Bu baxımdan , bu qanun da çox aktualdır...

–Bəs, digər iki qanun layihəsi hansılardır və onlar mahiyyətcə nələrlə bağlıdır?

Qeyd edim ki, biz onların ictimai müzakirəsini noyabr ayının sonları,dekabr ayının sonlarına planlaşdırırıq ki, həmin sənədlər də “Korporativ sosial məsuliyyət haqqında” və “Sosial sifariş haqqında” qanun layihələridir. Bildiyiniz kimi, korporativ sosial məsuliyyətin bu gün ümumiyyətlə, mahiyyəti tam şəkildə dərk olunmur. Xüsusilə özəl sektorun nümayəndələri sosial məsuliyyəti bölüşmək, sosial layihələri genişləndirmək, ictimai yatırımları artırmaqla bağlı təəssüflər olsun ki, heç bir ciddi addımlar atmırlar və bəzi hallarda verilən layihələr də yalnız reklam xarakteri daşıyır. Ad çəkmək istəmirəm, şirkətlər var ki, vəsait ayırır,pul buraxır və jurnalistə deyir ki, məni təriflə, ya da mənim haqqımda mənfi şey vermə . Ona görə hesab edirəm ki, bu məsələ də qanunla tənzimlənməlidir. Bu gün neft kontraktlarının xüsusi müddəası var ki, bu müddəaya əsasən neft şirkətləri əldə etdikləri gəlirlərin bəlli bir hissəsini sosial sərmayəyə yatırmalıdırlar. Bəzilərində bu 4, bəzilərində bu 5, bəzilərində isə bu 10 faizdir. Amma gəlin görək, onlar bunu edirlərmi? Bunun adi bir monitorinqini aparsanız görərsiniz ki, belə bir yatırım yoxdur, varsa da, çox cüzidir. Onlar isə ya şəffaf deyil, ya da bizim arzu etmədiyimiz sahələrə yönəldiblər. Hesab edirəm ki, məhz “Korporativ sosial məsuliyyət haqqında” qanunla bu məsələləri tənzimləmək mümkün olacaq. Sizə bir məqamı da demək istəyirəm.Bu gün ekoloji tarazlığın pozulmasında bu şirkətlərin nə qədər mənfi rolu var. Bəs görəsən, onlar bu ekoloji məsələnin konkret həlli ilə bağlı addım atıblarmı? Bunun da monitorinqini aparsanız, burada xeyli problemlərin olduğunu görərsiniz. Xarici ölkələrdə bilirsiniz ki, vətəndaş cəmiyyətinin, QHT sektorunun möhkəmlənməsində özəl sektorun payı haradasa 40-50 faizə qədərdir. Amma bizdə bu cəmi 2-3 faiz civarındadır. Bu isə çox ciddi məsələdir. Ona görə mənə elə gəlir ki, bu məsələnin özü də mütləq qanunla tənzimlənməlidir...

Sosial sifarişlərlə bağlı nə deyərdiniz?

Sosial sifarişlərə gəlincə,deməliyəm ki, bu, çox maraqlı bir fəaliyyət növüdür. Sosial sifarişlə bağlı qanun qəbul olunarsa , hökumət bir çox sahələrdə qeyri-hökumət təşkilatlarına, bələdiyyələrə sifarişlər verə və bu sifarişlər nəticəsində də QHT-lər, bələdiyyələr müəyyən sosial xidmətlər, başqa-başqa fəaliyyətlər göstərə bilərlər . Bununla isə onların maliyyə dayanıqlılığı öz müsbət həllini tapa bilər. Bu da Avropanın təcrübəsinə əsaslanmış bir fəaliyyətdir. İndi mən bunun detallarına varmaq istəmirəm , hər halda qanun layihəsi təqdim olunanda orada hər şey daha aydın şəkildə açıqlanacaq.

 

 

VAHAB

 

525-ci qəzet.- 2011.- 28 oktyabr.- S.5.