Məhəmməd Əmin Rəsulzadə

 

Əsərləri

 

Üçüncü cild

 

(1915-1916)

 

Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

 

Möhtəşəm və milli bir gün

 

Gürcü şairi Akakinin mərasimi-dəfnindən

 

Fevralın 8-i Tiflis üçün başqa, gürcülər üçün özgə bir gün idi.

Nəcib gürcü milləti “bəzən göyləri, bəzən də yerləri inikas etdirən” böyük şairanə son borcunu əda etmək üçün bütün qüvvəsini toplayaraq bu gün bir araya gəlmişdi. Heç bir vəchlə təsviri-qail olmayan bu mənzərə görülməli bir hal idi. Görməlidi ki: “Dağları dərələrə əvəz etmək istəyənlərlə öz millətini unudub da vətənə xəyanət “edənlərə” minlərcə lənət! “Yalan bir şan və şöhrət üçün doğma dilini yadırqayanlara və hər dəqiqə vətənin səadəti üçün çalışmayanlara da min nifrət”-deyən böyük şairini gürcü milləti nə kibi səmimi bir hissiyyat ilə sevir və onun nəşini nə kibi bir əlaqə ilə topraqlara nəql ediyordu.

Gözəl və aydın bir gün. Xoş hava. Milli amalın, hürriyyət düşüncələrinin ürəklərə verdigi inşirah və bunun gözəl gürcü simalarında hasil etdigi inikas... otuz minə qərib xəlqin böyük bir ədəb, ehtiram və intizam ilə yürüməsi... Nə ali bir mənzərə, nə şairanə bir lövhə. Böyük Akakinin qovmiriyyət qədər böyük bir iqtidara malik olmaq istər ki, şairin ölümündən hasil olan bu şairanə mənzərəni təsvir etmək mümkün olsun.

Tiflisdəki gürcülərin hamısı dışarıda: qoca, qarı, ər, arvad, oğlan, qız, böyük, kiçik, hamısı... Hamısı gəlmiş, evdə kimsə qalmamış... Yalnız Tiflis gürcülərini degil, Gürcüstanın hər tərəfindən, ən uzaq guşələrindən dəxi bir çox nümayəndələr, vəkil göndərilmiş. Yalnız gürcülərdən degil, qonşu millətlərin hamısından hazır olanlar var. Bunlar miyanında müsəlmanlar naminə gələn vəkillər mümtaz bir mövqe tutmaqda...

Müsəlmanlar naminə dəfn mərasiminə hazır olanlar arasında atidəki zəvat görünüyorlardı. Bakıdan cəmiyyəti-xeyriyyə və məarif müəssisələri naminə Əlimərdan bəy Topçubaşov, Qasım Qasımov, müsəlman mətbuatı tərəfindən – Məhəmməd Əmin Rəsulzadə, “Kaspi” naminə: Həsənağa Hüseynov, Gəncədən: bələdiyyə rəisi Xəlil bəy Xasməmmədov, uyezdindən-Səməd bəy Zülfüqarov, Borçalıdan: Həsən bəy Yadigarov, Tiflisdən: polkovnik İbrahim Ağa Vəkilov, müəllim Nərimanov, Mirzə Hüseyn Həsənzadə və müəllim Rövşən Əfəndiyev ilə sairləri. İran cəmiyyəti-xeyriyyəsi nümayəndələri, bunlarla bərabər başqa millətlərə nəzərən mümtaz bir hal təşkil edərək Zaqafqasiya şeyxülislamı Pişnamazzadə həzrətləri, idareyi-ruhaniyyə əzası və mufti əvəzinə də idareyi – ruhaniyyə əzasında Əlaələddin Əfəndi ilə sair üləmayi-kiram hazır idilər. Ələlümum müsəlmanlar naminə igirmidən ziyadə nümayəndə vardı.

Müsəlmanların gərək bu heyəti-tammə ilə dəfn mərasimində hazır bulunmaları və gərək İrəvan meydanında bələdiyyə dairəsi qarşısında rusca və türkcə (rusca Əlimərdan bəy, türkcə Məhəmməd Əmin Rəsulzadə və Rövşən Əfəndiyev) olaraq söylədikləri nitqlər görməlidi ki, gürcü qonşularımız üzərində nə kibi və gözəl təsir oyandıyor və müsəlmanlara qarşı nə kibi məvəddət və məhəbbət hissləri tovlid ediyordu. Bu gün deyə bilərəm ki, mütəvəffi şairin tabutundan sonra gürcülərin ikinci bir nöqteyi-nəzərləri haman müsəlman nümayəndələri idi. Müsəlman nümayəndələri hər tərəfdən ibraz olunan səlamlar, iltifatlar, ibtisam və xoş ayəndlərə qarşı nə dürlü təşəkkür edəcəklərini bir dürlü bacarmıyorlardı. Keşişlər varıncaya qədər gürcü xadimləri, mətbuat müntəsiləri, mühərrir və advokatları əsilzadəgan və ürəfası bir-bir gəlib müsəlman, bilxassə Bakı nümayəndələrinin əllərini sıxır, təşəkkür ediyorlardı. Keşişlərdən birisi Əlimərdan bəyin nitqindən bəhs edərək “siz bizim şairimizi bizdən əla dərk etmişsiniz” dedi. Bir çoxları mənə müraciət edib “sözünüzü məəttəəssüf dərk etmədimsə də mükəmməl və səmimi bir nitq söylədiginizə haman qənaət yetirdim. Sanki siz bir şeir oxuyordunuz. Əlbəttə, tərcüməsindən qəzetə vasitəsilə bizi məhrum etməzsiniz!!”diyorlardı.

Cənazə səhər saat 11-dən qaldırılmış, kilsədən İrəvan meydanına gətirilmiş idi. Meydanda əksəri gürcücə, bir azı rusca və ikisi də türkcə olmaq üzrə bir çox nitqlər söyləndi. Nəhayət islam üləması tərəfindən başda Şeyxül-islam olduğu halda cənazəyə dua oxundu və oradan qaldırılaraq nəşi Kalovinski ilə götürülüb ehtifali-nam ilə Şeyx Sənan sovməəsinə çıxarıldı və orada da İlya Çavçavadze ilə bərabər basdırıldı. Mərasimdən ancaq saat 6-da qurtarılmışdı.

Böylə möhtəşəm və milli bir mənzərəni seyr etdikdən sonra, nə qədər kiçik də olsa, gürcü millətinə öz milliyyət həqq və hüququni verməmək ədalətdən degildir. Akaki kibi dahi şairlər yetirən və sonra da ona bu qədər qədir və qiymət qoya bilən bir millət əlbəttə ki, istədigi bir cəhətlə yaşamaq həqqinə malikdir. Bu günki bu ixtifalda da şübhəsiz ki, gürcülər burasını göstərmək istəmişlərdi. Həmin bunu göstərmək üçün şairin öz vəsiyyətinə rəğmən onu Saçkere kəndində gömməyib Tiflisə gətirmiş və Gürcüstan paytaxtına hakim və kabiri-müqəddəs bir məkanda dəfninə qərar vermişlərdi. Gürcülər şairinin iradəsi Saçkeredə basdırılmaq idi... Onun bu iradəsinə ehtiram üçün biz onun üçün orada bir yadigar dikəldəriz: fəqət sevdigi millətinin iradəsi Şeyx Sənanda basdırılmasıdır. İradeyi-millətisə hakimdir. Akaki sağlığında millətin idi, öldügündə də onun olmalıdır – diyorlar. Milli hissiyyatlarını oxşayn və milli amallarına xidmət etmək üçün bu nəzəriyyədə böyük bir faidə görüyorlardı. Fevralın 8-dəki ehtişam bunun doğru olduğunu göstərdi.

Akaki dəfninin ehqaqində iştirak edən gürcü firqələri ilə müxtəlif təbəqələri nəzər diqqətə alırsa, həqiqətən iradeyi-millətin bir gün tam mənası ilə müttəhid olduğu isbat edilmiş olur. Bütün gürcü ürəfası və bütün gürcü milləti bu gün burada idi. Sinif və firqə ixtilafi gözləmədən bütün gürcülər bu gün birləşmişlərdi. Tabuti-əzəmə qarşı nitq edənlər arasında mültəci gürcülər ilə yan-yana olaraq Qekeçqori kibi məşhur sosial – demokratlar da vardı. Bu günki gürcü qəzetələri dəxi eyni ilə böylə bir ittihad əlaməti göstərmişlərdi.

Gürcülər naminə söylənilən nitqlərin hamısı haman gürcücə idi. Qoca bir müsəlman acarlının gürcücə söylədigi nitqin də olduqca müəssər olduğunu söyləyirlərdi. Qoca Acarlı böyük şairdən istimdad ediyor, diləyordu ki, tapşır bizi də qardaş bilsinlər, rəayət etsinlər. Yalnız bu qardaşlıqdır ki, bu gün bizə gələn müsibətləri yüngülləşdirə bilər.

Bu sətrləri qaralayan aciz, məlum olduğu üzrə mətbuat nümayəndəsi olaraq bu ehtifalə iştirak etmək şərəfinə nail olmuşdur. Mətbuat naminə söylənilən nitq isə aşağıda dərc ediliyor.

 

M.Ə.Rəsulzadə

 

“İqbal”, 11 fevral 1915, ¹862

İnşirah – məmnunluq

Məvəddəm – sevgi, məhəbbət

Tovlid – doğma, səbəb olma

Sovməə – ibadətgah, hücrə

Ehqaq – meydana gətirmə

Mültəce – pənah gətirən, qaçqın

 

Müsəlman mətbuatı nümayəndəsi Məhəmməd Əmin Rəsulzadənin nitqi

 

Müsəlman mətbuatı nəcib gürcü millətinə gələn müsibətinə iştirak etmək və müsəlman əfkari-ümumiyyəsinin təsəllisini müsibətzədə qonşularımıza yetirmək üçün birləşdi. Birləşmiş müsəlman mətbuatının böylə qardaşca hissiyyatını sizə yetirmək üçün vasitə olmaq şərəfi mənim öhdəmə düşmüşdür. Bununla həqiqətən iftixar edərim.

Nədir müsəlman mətbuatını böylə bir iqdamə vadar edən? Nədir səbəb ki, gürcü milləti ilə bərabər müsəlmanlar da bu böyük şairi təqdir ediyorlar. Məlum olduğu üzrə Akaki amaliyyə və insaniyyə şairidir. Onun istədigi odur ki, hər millət öz dili ilə danışsın, öz yazısı ilə yazsın, özi bildigi kibi Allahına ibadət etsin.

Bittəbii böyümək, tərəqqi etmək və dəgərli bir həyat keçirmək istəyən hər millət üçün nəcib gürcü millətinin şairi tərəfindən gözəl surətdə təsvir olunan bu əsas mənidardır, əzizdir.

Fəqət Akaki yalnız bununla qalmıyor idi, o öz millətini xoşbəxt və mütərəqqi görmək istərkən, bu həqqi başqa millətlər üçün də istiyor, başqa millətləri də öz arzu və amalları mövcibincə böyümək, artmağa həqli görüyordu. İştə, onu yalnız gürcülərin olmaqdan çıxarıb da ümumiləşdirən cəhət də budur.

Mədəniyyət-bəşəriyyə, ayrı-ayrı millətlərin mədəniyyətlərindən əmələ gəlmiş bir hasildir. Dünyanın tərəqqisi kamil olmaq üçün ayrı-ayrı millətlərin tərəqqisinə əngəl olmamaq lazım. Gürcü şairi bu nəzəriyyənin tərəfdarı və onun müqtədir bir nümayəndəsi idi. Bunun üçün də o yalnız Gürcüstanın degil, əvvəlcə bütün Qafqasiyanın, sonra da bütün aləmindir. Bu nöqteyi-nəzərdən, ey nəcib gürcü milləti, sənə gələn müsibətdə özünü yalnız görmə, mili tərəqqilərini hər bir qeydən qurtarmaq istəyən bütün millətləri, bilxassə müsəlmanlar sənin ən səmimi dərddaşlarındır.

Ey böyük şair, ey nəcib bir millətin yetirdigi ali düha, sən sağlığında birlik və məhəbbət tərvic ediyordun. Öldün: Fəqət əmin ola bilərsən ki, sənin ruhun ölməmiş, o hala diridir. Bu nə idi, iştə buraya kəmali-diqqətlə toplanmış on minlərlə əhali burada, sevdigin gürcülər də birləşmiş, mədəniyyətlərinə ehtiram etdigin qovmlər, dostlar da hazır!...

Bu günki bu münir lövhəyi-ittihadın baisi, ruhu sənsən, sənin ilhamındır. Binaənileyhə, sənə ey dahi, minlərcə ehtiram!

“İqbal”, 11 fevral 1915, ¹862

 

Şeyxülislamın təsdiqi münasibətilə

 

İki gün əvvəl Petroqrad agentəsi bir az şübhəli bir xəbər gətirmişdi. Teleqraf diyordu ki: “İdareyi-ruhaniyyə əzası molla Məhəmməd Axundzadə cənabları şeyxülislamlığa təsdiq edilmişlərdir”.

İlk nəzərdə öylə görünüyordu ki, guya hal-hazırda Şeyxülislam olan zat Axund molla Məhəmməd Pişnamazzadə cənabları məqamından əzl edilmişlər də, yerinə başqa birisi: Molla Məhəmməd Axundzadə nəsb olunmuşlardır. İdareyi-ruhaniyyə əzasından Molla Məhəmməd Axundzadə namində birisinin mövcud olmadığının nəzərdəki bu şübhəni bittəbii bərtərəf edib Pişnamazzadə əvəzinə teleqraf səhvi olaraq Axundzadə deyə yazıldığına ihtiman verdiriyordu. Öylə də oldu. Sonradan gələn xəbərlərdən vüzuhilə anlaşıldı ki, şiyəlik məqamına nəsb və təsdiq olunan hal-hazırda məzkur məqami işğal etməkdə olan zat özü, yəni Pişnamazzadə cənablarıdır.

Burada bir təzad da bu qədər. Çünki, Pişnamazzadə cənabları bu vəqtə qədər şiyəlik məqamında yalnız Şeyxülislam vəzifəsini ifa etmək surətilə duruyorlardı. Bunun səbəbi də var idi.

Rusiyalıların ümid və arzularını əyani-izhar edib hər millətin istədigini tələb etməgə məxsus olan illərdə, yəni 1905, 1906 sənələrində müsəlmanlar arasında böyük bir cərəyan hasil olub və bu cərəyan şeyxlik və müftilik mənsəbinə təyin olunacaq zatların müsəlmanlar tərəfindən intixab olunmasını tələb və ona bunun üçün Zaqafqasiya müsəlmanları hökumətə müraciət eləmişlərdi. Şeyxülislamlıq məqamının münhəll qalması münasibətilə meydana çıxan bu məsələ yuxarıda məzkur sənələrdə gərək müsəlman mətbuatı və gərək başqa milli məhfillərcə bir çox müzakirələrə meydan vermişdi. O vəqtin mətbuatına inikas edən arzuyi-milli şeyxülislamlıqda imdiki üsulun iqtiza elədigindən daha artıq bir milliyyət və müsəlman xəlqi ilə mərbutiyyət cəhətlərini düşünməkdə idi. Ruhanilərə hələ onların başçısı olan şeyxlər və müftilər ilə cəmaətin arasında yaxın bir rabitə və ruhani bir əlaqə bulundurmaq üçün Zaqafqasiya müsəlman əfkari-ümumiyyəsi hökumətdən istəmişdi ki, şeyxülislamların əhali tərəfindən intixabına müsaidə verilsin. Bu məqsədlə Bakıdan və Zaqafqasiyanın sair nöqtələrindən böyük bir heyət Tiflisə getmiş və canişin həzrətlərindən xahiş etmişlərdi ki, onların bu arzusunu məqamati-aliləyə yetirib istədiklərini hasil etməgə səy buyursunlar. canişin məhafilində o sıralarda müsəlmanların təbii olan bu arzularına hüsni-nəzərlə baxıb söz verilmişdi ki, xüsusda Petroqrad ilə lazım gələn müzakiratda bulunülsun.

Bittəbii dövlətcə mühüm bir məsələ təşkil edən bu xüsusun həllini haman tez bir zamanda gözləmək olmaz idi. Məmafiyə bu məsələnin həlli babətdə olan bir çox digər mühüm dövləti məsələlər zümrəsinə keçmiş kibi sayılmaqda idi. Hətta bir aralıq Zaqafqasiya müsəlman əfkari-ümumiyyəsi məsələnin istədikləri kibi həll olunacağına ümidvar kibi görünmüş, ilk intixab olunacaq həqiqi müsəlman şeyxinin şəxsindən belə bəhs etmiş, bəzi namizədlər də göstərilmişdi. Namizədlər miyanında Molla Məhəmməd Pişnamazzadə cənabları dəxi var idilər.

Pişnamazzadə cənabları əslən gəncəli olub Qafqasiyanın münəvvər və iqtizai zəmanə aşina üləmasından ədd olunmaqda idi. Üsuli-cədid məktəbləri həqqində bir çox məsaisi görülmüşdür.

Böylə olmaqla bərabər məsələnin əsasən həllini gözləməkdə olan müsəlmanlar Pişnamazzadə cənablarının yalnız müvəqqətən təyinini iltizam etmişlər və buna müvəffəq olmuşlardı. Məqsəd məsələnin amali-milliyyəyə müvafiq həllini gözləməkdən ibarət idi.

Pişnamazzadənin şeyxülislamlığa degil, şeyxülislamlıq vəzifəsini ifayə təyin olunması və bu sifəti illərcə saxlaması ilə denilmək istənilir ki, bundan sonra şeyxülislam olacaq zat yeni üsul ilə hissi-milli intixabı ilə olmalıdır. Bu intixab əsli müsbət olaraq həll edilincəyə qədər bu məqamda olan zat əsil degil, fəri kibi qalacaqdır.

Fəqət artıq bir əmri-vaqe şəklini alan təsdiq göstəriyor ki, bir çox zamanlarda və sürüncmədə qaldıqdan sonra məsələ qəti bir surətdə həll edilmişdir. Fəqət heyhat ki, bu həll amali-milliyyənin tələb elədigi vəchlə degil, onun əksinə vaqe olmuşdur.

Şeyxülislamlıqların intixabi-milli surətilə olması yalnız Zaqafqasiya müsəlmanlarının tələbini degil, bütün Rusiya islamlarının ümumi bir arzusunu təşkil etməkdədir.

Bu arzunun ən şamil və ən kamil bir şəkil və ibarəsini Ümumrusiya müsəlmanları idarəsinin məşhur qətminaməsi göstərməkdədir.

Rüəsayi-ruhaniyyənin milliləşdirilməsi və onların cəmaət tərəfindən intixabı bütün Rusiya islamlarının əxzi-amalını təşkil etməkdədir.

Rusiya müsəlman mətbuatı tədqiq olunacaq olursa, bu amalın zaman-zaman meydana çıxıb da ən qırqı xətlərə meydan verdigi görünər.

Ümuri-ruhaniyəyə aid keçən sənə ehqaq edən Petroqrad müsəlman beyni münasibətilə vaqe olan nəşriyatda da bu xüsus haman görünməkdə idi.

İmdiki müdhiş bu müharibənin nəticəsində var-yoxunu vətən müdafiəsinə həsr edərkən hər kəsin ürəgində bəslədigi ən böyük amalı haman düşməni basdıqdan sonra Rusiyaya böyük islahat dövrü gələcəginə iman etməkdən ibarətdir.

Müsəlmanlar kəza gözlərlərdi ki, ümumi imtahan nəticəsində gələcək səadətli günlər onların da üzünü güldürsün. Onlar da arzu edirlərdi ki, milli ümidlərinə yetişmək üçün qarşılarında bir dürlü mane görməsinlər. Fəqət heyhat ki, şeyxülislamlıq əsasına təəllüq edən yuxarıdakı əsaslı məsələnin məlum şəkildə həlli başqa bir təmayilin mövsif bir əlamətidir.

Buradan yalnız bir nəticə çıxarmaq qalıbdır ki, o da amali-milliyəmizin hədəfə aldığı biganəlik daşa toxunmuş olduğudur.

Əlbəttə, bununla ümidimizi kəsr edib də tamamilə məyus olmayalım. Biləlim ki, hər bir ana kibi Rusiya da ancaq ağlayan cocuqlarına sud verir.

 

M.Ə.Rəsulzadə

 

“İqbal”, 13 fevral 1915, ¹864

Münhəll – həll edilmiş

Məhfil – məclis, heyət

Ehqaq – aşkar etmə

Kəza – həmçinin

Təəllüq – mənsub olma, asılı olma

Beyn – aralıq, orta, iclas

 

Tanrıquliyevin benefisi

 

Cümə gecəsi operaçılarımızdan müqtədir aktiyorumuz Məhəmməd Hənəfi Tanrıquliyevin benefisinə olaraq Üzeyir bəy Hacıbəyovun “Şah Abbas və Xurşidbanu” operası mövqei-tamaşaya qoyulmuşdu.

Bu gecə “Səfa” cəmiyyəti tərəfindən fransız elektro bioqrafında müsəlman hərbzədələrin mənfəətinə bir tamaşa vaqe olub da əldə bilet satıldığı və Mayılov teatrosunda digər bir dəstə tərəfindən “Molla cəbi” operettası oynandığı halda Tanrıquliyevin benefisinə oynanan operanın oynandığı Tağıyev teatrosu da dolu idi.

Oyun ümumən bəd keçmədisə də, bu gecəki musiqinin idarəsi tam bir təsir bağışlamıyordu. Müslümbəy xəstələndigindən müəllif cənabları özləri idarə ediyorlardı.

Benefis sahibi Tanrıquliyev bu gecə özü-özünə təfəvvüq etmişdi. Sair aktyorlar da yoldaşlarının benefisinə ehtiram edəcək bir əlaqə göstəriyorlardı. Bilxassə. Sarabski ilə Ağdamski vəzifələrini hüsni ifa ediyorlardı.

Tanrıqulov Məstavər rolunda səhnəyə çıxarkən üzərinə təbriki mütəzəmmin kağız paralar satıldığı kibi, pərdə nahayəsində xoristlər, müəllimlər müəllif və sairləri tərəfindən benefis sahibinə töhfələr təqdim edildi.

 

M.Ə.

 

“İqbal”, 15 fevral 1915, ¹865

Təfəvvüq – üstünlük, yüksəklik

Mütəzəm – içərisində

 

Bayramın yaxınlaşması münasibətilə

 

Mart gəliyor. Təbiət qışdan çıxıyor. Sovuqların sövləti qırılıyor. Havaya bir etidal, ruhlara bir tazəlik ariz oluyor. Şərqin şairanə ruhunu oxşayan gözəl günlər, bütün heyvanat ilə nəbatatə can verən havalarla ruhabəxş bəstələr və nurlar gəliyor. İslam Şərqinin, bilxüsusə Zaqafqasiya müsəlmanlarının əziz bayramı novruz yaxınlaşıyor.

Novruz adından da bəlli: yeni gün.

Fəqət bu martın doqquzu bizim üçün həqiqətən də bir yeni gün təşkil edəcəkmi?

Dəhşətli müharibənin qanlı vaqeələri. Milli mübarizələrin cansuz faciələri təbiətin ən gözəl bir gününü bayram saxlayan bizim aləmə də az bəla və az müsibət gətirmədi.

Zavallı dindaşlarımızın, bəlalı millətdaşlarımızın Kars və Ərdahan dağlarında çəkdikləri ğədr və zülmləri, gördükləri fəlakət və səfalətləri mümkün olsaydı da, bütün təfsilatı ilə təsvir edə bilsəydik, o zaman qarelərimiz bayrama degil, haman matəmə hazırlanarlardı.

Fəqət yalnız matəmə hazırlanmaqdan nə çıxar?

Təfsilən olmasa da müxtəsərən bizə yetişən xəbərlərdən anlıyoruz ki, Osmanlı sərhəddində olub da hərb meydanı təşkil edən yerlərin müsəlmanları olmazın bəlayə düçar olmuşlardır: kişilər doğranmış, arvadlar qaçırılmış, uşaqlar dağlara, meşələrə pərakəndə olmuş, vilayət bir xarabazara dönmüşdür.

Düçari-ğədr olan mahallardan ətrafa qaçan zavallılar öylə səfil bir haldadırlar ki, soyuqlara qarşı müdafiə üçün degil, həyalarını saxlamaq üçün belə arvadların bir carqadları da yox...

Qaçqınlar ac, çıplaq və möhtacdırlar. Ehtiyac həddindən artıqdır. Bu ehtiyacları rəf edə bilmək üçün əvvəla mənəvi həmiyyət, sonra da maddi müavinət lazımdır.

Bu vəqtə qədər cəmiyyəti-xeyriyyə vasitəsilə toplanan ianələrin yekunu 25 min radəsində bir şeydir. Sarıqamışdan kərbəlayi Ağabala Quliyev ilə doktor Məhəmməd Rza Ağavəkilov cənablarının teleqrafla istədiklərini göndərmək üçün ilk sifariş olaraq haman 11 min manat sərf etmək lazım gəliyor. Demək ki, bir daha böylə sifariş olursa ki, mütləq olacaqdır, çünki sair yerlərin ehtiyacı Sarıqamışdakindən yüz dəfə artıqdır – iştə 25 min manat qurtardı. Buradakı ehtiyacı rəf edə bilmək üçün minlər degil, yüz minlərə ehtiyac vardır.

Xəlqimizə əminiz ki, bu ehtiyacın rəfi üçün əldən gələni əsirgəməz. Görüyoruz ki, Rusiya müsəlman aləminin hər tərəfində Qafqasiyadaki fəlakət xəbərləri bir təsir oyatmış, bu təsirdən istifadə edə bilmək və ondan zavallı hərbzədələr üçün də bir faizdə çıxarmaq lazım.

İştə qabağı bayram gəliyor.

Yəqinən ki, imdidən belə bir çoxları bayram tədarükündədirlər. Fəqət bir kərə düşünülsün insanlığını, müsəlmanlığını və türklügünü hiss edib də qardaşlıq və millətdaşlıq vəzifəsi ilə ruhlanan bir insan eyləyə bilərmi ki, böylə qanlı ildə millətdaşının, vətəndaşının, dindaş və qardaşının başına min bəla gələn böylə bir zamanda hüzuri-qəlb ilə bayram saxlaya bilsin.

Bayram millətləri ayrı-ayrı fərd olmaqdan çıxarıb bir təni-vahid kibi hiss etdirən vasitələrdən biridir. Bayram olunca diri olan millət bir adam kibi mübini-hissiyyatə malik olmalıdır. Novruz bayramı da böylə bayramlardan biridir. Bu günü məhdud bir dairəyə alarsaq, bütün Zaqafqasiya özünü bir adam kibi hiss edib hamısı sevinər, şənlənər, təbiətə qarşı gülümsünər. Fəqət Zaqafqasiya hər ilki kibi bu bayramda da sevinə biləcəkmi?

Heyhat, nasıl sevinə biləriz ki, bugünki gündə minlərcə müsəlmanın çöllərdə səfil və sərgərdan olaraq dolandıqlarını xəbər alıyoruz.

Nazpərvər uşaqlarını başına toplayıb bayram süfrəsi ətrafında şadman oturan bir ailə əcəba igirmi saətlik bir fasilədə düçari-ğədr olan ailələri unuda biləcəkmi? Əcəba bayram ləzzətlərinə uyub da fəlakətləri görmək istəməyənlərin nəzərində keçən sənə bayram xonçəsi başında və öz xanimanında oturub övladları ilə bərabər zövq duyan bir zavallı arvadın imdiki halda yetim qalmış balalarına “ana, acıq”-deyə zarıllayan yavrularına qarşı xəcil və şərmənd qalıb da daldalanmağa bir yer, istilənməgə bir paltar, yeməgə yavan çörək tapmadığını təsəvvürlərindən qova biləcəklərmi?

Müsəlman imanı və türk qanı olan bir şəxs övladına bayram libası geydirdikdə bu günü yüngülləşdirmək üçün götürə bilmədigi yavrularını qarlar içində buraxıb da son bir bucəyi vidayla Allaha tapşıran fəlakətzədə qaçqınları düşünməzmi?

Xayır, böylə bir çox kabuslar və qan qarartan xəyallarla pərişan olacaq bir bayramdan imtina edəlim. Qoy bu ilki bayramımız təntənəsiz və şövkətsiz keçsin. Qoy bu ilki bayram zahiri alayişlərdən, bəzəklərdən mübərra olsun.

Bəli, qoy bu ilki bayramımız mənəvi və həqiqi bir bəzəklə zinətlənsin, zavallı qardaşlara müavinət zinətilə!

Demək istiyoruz ki, ay müsəlmanlar, bu ilki bayrama sərf edəcəginizi müsəlman hərbzədələri üçün veriniz: veriniz də biliniz ki, şəkərləmələr, noğullar və şirnilər verəcəyiniz bu pullar quru çörək degil, arpa qorğasını belə tapmayan acları doyduracaq.

Şair bir ürəgin ələ gətirilməsini min həçdən əfsəl görmüşdür.

Şübhəsiz ki, fəlakətə uğramış bir zavallı qaçqını geyindirib doyurmaq min bayram xönçəsindən əfzadır.

Yaxınlarının dərdini aldırmıyıb da öz keyflərindən qalmıyan insanlar bilməlidirlər ki, onların keyfi də tez pozula bilər.

Dindaşlarının ağlar gözlərinə yazıqlanmayan ağalar Faiq əfəndi dedigi kibi, öz gözlərinin qüvvətli olduqlarına heç inanmasınlar.

Şadlıq və bayram günlərində fəlakət və səfalətə uğrayanlarını unudan bir millət əmin olsun ki, həqiqi bir bayram üzü görməkdən məhrum olub qalar.

İştə milli bir bayram gözliyor və həqiqi bir novruz amalımızdan isə bu ilki novruza sərf edəcəgimizi Kars və Ərdəhan hərbzədələrinə verəlim!

Həqiqi bir müsəlman, rəhmdil bir insan üçün bu ən mütəntən bayramın verəcəgi zövqdən min dəfə artıq bir zövqi-ruhani bəxş edər.

 

M.Ə.Rəsulzadə

 

“İqbal”, 19 fevral 1915, ¹869

Sövlət – şiddət

Etidal – mülayimlik

Cansuz – qəlbi yandıran

Ğədr – zülm

Nazpərvər – nazla bəslənən

 

(Ardı var.)

 

 

Şirməmməd Hüseynov

 

525-ci qəzet.- 2011.- 29 oktyabr.- S.26-27.