YOL ROMANI (4-cü hissə)
(Əvvəli ötən şənbə
nömrələrində)
...Nəsə
tez oyanıram və yerimdə o üzə, bu üzə
çevrilə-çevrilə fəlsəfəyə
dalmışam. Mifik, uydurma, real hər nədisə, hər
kimdisə bura Yol qət edib gələnlərin kimdənsə,
nədənsə, nəyəsə, kiməsə
qaçış nədənləri var. Nobel
ödülçüsüsünün təsviri isə Qars
adına lap mistik çalarlar verib. Allahın da, bəndənin
unutduğu bir yer ola!... Allahım, bu nə şəhərdi
belə... Niyə belə cəzb edir ruhu aram olmayanları?
Binası qoyulandanmı belədi?
HAŞİYƏ
Yazanda isə
mənbələrə baxmalı oluram. Hər halda bu torpaqlar
üçün indi də tarixi göz yaşları tökənlər
çoxdu. Yaşayış məskəni kimi məşhur
Ani şəhəri ki var, ondan daha qədim olduğu güman
edilir. Və Aninin əksinə olaraq Qars heç zaman tərk
edilməyib. Səlcuqlular Anini fəth edəndən sonra
Qarsın erməni kralı (vallah belə yazıblar türkcə)
şəhəri Bizansa təslim edib. Amma dəxli yoxdu, yenə
türklərə uduzublar. Monqol istilasından sonra da 1284-də
Qarsı bir erməni şahzadənin yönətdiyi bildirilir.
(erməni qadınların gücünü nə bilirsiz bəs.
Günümüzdə də türk kişiləri onların
əlində əsir-yesirdi. Erməni web. saytları ümumiyyətlə,
buraları Poteryannaya Armeniya adlandırır). Nəsə bu
erməni söhbəti qanımı qaraltdı,
çıxıram haşiyədən.
***
Nobel
ödülçüsü bu şəhərdə nə
axtarırdı, İlahi? O, əslində romanı “Kar”
adlandırıb, qəhrəmanı Karsa gətirir, qəhrəmanın
adını isə Kamal Alaquşoğlu qoyub, qısaca KA
adlandırır. Türkiyə türkcəsində Kar, Kars,
KA. Bir az da söz oyunu var burda. KAnın xarakterinə qalanda
asi, nə istədiyini özü də bilməyən, təbəddülatlar
içində boğulan, özü ilə barışıq
yaşaya bilməyən, siyasi görüşlərinə
görə paytaxtdan uzaqlaşan və sairə...
...Mən
indi təvazökar xasiyyətimi bir yana qoysam və
özümü qəhrəman elan etsəm necə olar? Prinsip
etibarı ilə Nobel ödülçüsü də öz
xarakterini verir də öz romanında. İndi hamıdan
qaçsam, tək-təkcənə həmin qəhrəmanın
yolu, izi ilə getsəm, şəhəri vursam bir-birinə, bələdiyyəni,
jandarmanı, hərbçiləri, polisi işə
qarışdırsam, şeyxin qapısını çalsam,
Lacivərdi arasam... Yox, alınmayacaq... KA əks cinsin nümayəndəsiydi.
Kars da (mən də Orhan Pamuk kimi tələffüz etdim deyəsən)
ucqar əyalət şəhəridi, neyləsən
düzgün anlaşılmayacaq... Heyf, hərdən adamın
dəlilik eləməyə də ehtiyacı olur...
Yaxşısı budur, ağıllı insanı yuxudan
ayıldım... Ağıllı?!. Aqil Abbas... Yox, o da həddən
artıq ağıllıdı və ehtiyatlıdı.
Çox ağıllı adamdan qəhrəmanlıq, dəlilik
gözləmək mümkün deyil. Pamuk qəhrəmanını
abreviatura ilə adlandırır – KA. Samit və sait. A.A. – iki
sait çox uyumlu səslənir. Olmayacaq. Qəhrəman olmaq
istəyindən vaz keçə bilmirəm nəsə. Mənim
adımda necə olar görən sait və samit – İ və
T. Vaay, yox, heç dilə gətiriləsi deyil. Xasiyyətimi
ifadə eləsə də... Abreviatura və cinsiyyət
faktoru qəhrəman olmaq arzumu ürəyimdə qoydu. Və
mən... Ağlıma bir şey gəlir amma... Qalsın
sonraya... İndi isə Aqili yuxudan durğuzmaq lazımdı.
Gedirəm odasına, görürəm ayılıb da, geyinib
də... Səhər tezdəndən oyanmağa öyrəncəli
Vurğun telefonla oyadıb.
... Enirik
aşağı. Səhər yeməyi, çay və mənim
sevimli sualım:
– Hara gedirik?
– bazar günüdü, sayın hocanın bu gün işi
yoxdu, bizə bələdçilik vəzifəsini uğurla
davam etdirəcək.
–
Sarıqamışa gedək, oralar xoşuma gəlib. Gecə
də qalarıq.
– Belə
uzaq yerdi ki? – deyirəm.
– Yox,
yaxındı. Orda niyə qalmaq istəyirsən ki, Aqil,
gəzib
qayıtmaq olar – deyir Vurğun. Və deyəsən
razılaşırlar.
Təki gəzmək
olsun, təki yol olsun...
Şəhərciyin
səliqəli ərazisindən çıxıb da, gecəqondu
məhəllələrindən keçib gələn əsas
yola çıxırıq. Burda yol azmaq mümkün deyil, hər
yerdə işarələr var.
Sarıqamış
son illər sürətlə inkişaf edən dağ
kurortudu. İnkişaf etməyinə edir də, amma mən
Türkiyənin başqa turistik bölgələrində
gördüyüm vüsəti burda görə bilmirəm. Bəlkə
mənə elə gəlir? Qarsdan təxminən 60 km
uzaqdadı Sarıqamış. Və bir qəsəbənin
içindən keçirik, soruşuruq turistik təsislərin
harda olduğunu. İzah edirlər. Sıxıntı verir mənə
qəsəbənin görkəmi, bizim əyalət qəsəbələrinə
oxşayır. Amma bir az irəlidə açıqlığa
çıxırıq və...
SARIQAMIŞ
İlahi, nə
gözəllikdi bu? Dağlar, şam ağacları və
ortada bir zolaq. Bura kayak mərkəzidi axı. Yəni
professionallar üçün deyil, amma yeni öyrənənlər
üçün rahat bir yer sayılır. Mən bilmirəm
ha, oxuduqlarımın günahkarıyam. Ümumiyyətlə,
bura qışda gur olur. O zolaq ki görünür meşənin
ortasında, xizəklə sürüşmək
üçündür. Yaxınlaşırıq – “Kayakçı”
heykəlindən başqa kimsə gözə
görünmür. Heç otelin kafesində də – taxta- dəmir
qarışıq bir pilləkənləri var, qalxırıq
yuxarı, bu taqqıltıya kafedən bir qarson ərincək-ərincək
boylanır. Çay istəyirik, içirik də... Vurğun
burdakı yaşamını anladır, işindən
danışır. Dinləyirəm və bir neçə ay əvvəl
Cavanşirlə, Cavanşir Quliyevlə Kiprdə etdiyim
söhbət yadıma düşür. Günlər
keçir ağır-ağır... Təxminən belə...
Çayı
içib meşəyə doğru qalxırıq. Bizim
getdiyimiz yolda qışda kayak yapırlar deyəsən. Zatən
buralar qış turizmi üçün nəzərdə
tutulub – ən yaxşı istirahət vaxtı isə
dekabrın 20-dən martın 20-nə qədərdi. İndi
isə iyun ayıdı, iyunun 26-sı. Hava sərindi. Gün
yandırmır. Amma dağdı da, yuxarı qalxdıqca
oksigen çatışmır. Ona görə də
Çamurlu adlanan bu dağın və Sarıçam adlanan
bu meşənin ətəklərində elə otun
üstündə bir yerdə sərələnirik. Həyatdan
zövq də almaq olur, bioloji yaşını unutmaq da olur
burda. Fotoaparatımın yaddaşındakı lazımsız
şəkilləri təmizləmək istəyirəm, əlim
bir düyməyə toxunur və Naxçıvanda çəkdiyimiz
bütün şəkillər silinir.
– Aqil, sənə
bir söz deyəcəm, amma hirslənmə.
– Hə.
– Şəkillər
pozuldu.
– Hansı
şəkillər?
–
Bütün çəkdiyimiz şəkillər.
– Necə
pozuldu?
– Düyməni
düzgün basmadım, o da elə oldu.
Deyinməyə
başlayır, mən də sakit qulaq asıram.
Bir az
keçəndən sonra isə cür-cücü də
bezdirir məni. Qalxıb aralanıram, tək olmaq istəyirəm.
Sayın millət vəkili narahat olur deyəsən:
– Hara gedirsən?
– Siz söhbətinizi
eləyin, mən buralarda bir az gəzim.
– Bir ətək
pul verib arvad almışam, canavar-zad olar birdən...
– Kimə
vermisən- e o pulu. Otuz ildi deyirsən... Canavar olsa lap
yaxşı da, başından olaram... – deyirəm və həm
də fikirləşirəm ki, sayın millət vəkili hətta
belə romantik ortamlarda da realist ola bilir, qazanıb da kayb edəcəklərini
düşünə bilir. Yəqin yaxşı xasiyyətdi...
...
Uzaqlaşıram kişilərdən. Meşənin o biri tərəfində
daha böyük kayak yolu var. Yolun kənarında da
böyük bir daş var. Daşın üstündə oturub
ətrafa baxınıram. Uzaqdan Allahu-Əkbər
dağları görünür. Bu dağlara niyə belə
deyiblər, nə vaxtdan deyiblər? İslamdan əvvəlki
adı nə olub? Allahın Əkbər olduğunu anlamaq
üçün uca-uca dağlara baxmaq gərək deyil ki...
Elə bu otların arasından günəşə boylanan
çiçəkləri görmək bəs eləyir...
Səhər
yeli çık dağlara
Günəş
topla benim için
Umutların
arasından
Kirpiklərin
karasından
Döştə
bıçaq yarasından
Günəş
topla benim için
Səhər
yeli, yar gözündən
Havadakı
kuş izindən
Gecələri
gökyüzündən
Günəş
topla benim için.
Səhər
yeli dağlardasın... Dağlarda... Sən içinlə
savaşırsan, Qumral gözlüm, amma bu dağlarda öylə
bir savaş olub ki...
SAVAŞ
... Əslində
bu savaş bu torpaqlarda hər çiçəyin ləçəyində,
şeh damlasında, göydən yağan yağmurda,
rüzgarda, günəşin parıltısında,
rahatlıqla içimə çəkdiyim havada da var.
Kiçicik bir ərazidə, azacıq bir vaxtda 90 min əsgər
həlak olub burda... Təbii, dünya müharibəsi gedirdi, təbii
dünya yenidən bölüşdürülürdü, təbii
dünya imperiyaları dağılırdı...
1914-cü
ilin sonları, 1915-ci ilin əvvəlləri. I Cahan
savaşının eyforik illəri. Osmanlı tarixinin
üfüqlərində yeni qəhrəman parlamaqdadır. Əslində
“İttihad və Tərəqqi” olaylarından sonra Xanədan
da onunla hesablaşmağa məcburdu. Hələ üstəlik
Sultanın çoxsaylı cariyələrindən
doğulmuş və şahzadə adlanan xanımlardan biri ilə
evlənməsi də xeyrinə işləyib. O, Damad
Paşalardan biridi. Yaraşıqlıdı, əzmlidi, hikkəlidi,
amma... Məsələ bu ammadadı... Hərb istedadı yoxdu
bu adamın... Yoxdu... Dövləti-Aliyyənin ali rütbələrini
daşıyır, orduda istədiyi dəyişikliyi edir, hər
kəsi – necə deyim düz alınsın, bəlkə ən
doğrusu bu olacaq – öz avanturalarına qurban etməkdən
çəkinmir. Ənvər Paşa! İçindəki
utopik arzularla, ideyalarla, xəyallarla, iddialarla xarizmalı bir
insan! Əslində bu savaşda onun mənəm-mənəmliyi
çox şeyləri güdaza vermişdi. Ordunun dəyərli
fərdlərini istefaya göndərib də özünə tabe
etdiyi, şəxsiyyəti olmayan kimsələri ətrafına
toplamışdı. Şöhrəti sevən və
bölüşə bilməyən Ənvər Paşa... O,
böyük Turanın qəhrəmanı olmaq istəyirdi...
Ənvər
Paşanın planladığı və Sarıqamış
Savaşı adını daşıyacaq hərəkatın məqsədi
1878-də rusların işğal etdiyi Qars, Ərdahan və
Batumu geri almaqdı. Fikir olaraq alqışlana bilərdi ancaq. Ənvər
Paşa haqlı olaraq düşünürdü ki, ruslar
Qafqaz və İrandakı vəziyyətdən faydalanacaqlar və
Doğu Anadolunu da istila etməyə çalışacaqlar.
Amma düşüncələrinin olumsuz bir tərəfi də
vardı. O, bölgədəki türk, müsəlman toplumun
Osmanlıya dəstək olacağını var sayırdı.
Olan oldu...
1915-ci ilin yanvarında Sarıqamışın quzey yüksəkliklərində
7 minlik Osmanlı ordusuna qarşı ruslar 30 min nəfərlə
hücuma keçdilər. Geri çəkilmə əmri gecikmişdi.
Ənvər Paşa komutanı başqa birinə dövr edərək
ordudan ayrıldı. Geriləmə zamanı ordunun görkəmli
simaları əsir düşdü, hərbi sursatları məhv
etmək məcburiyyəti yarandı. Önəmli olan isə
bu deyildi – bölgənin qara qışında 80-90 min (indi fərqli
rəqəmlər deyirlər, amma minlərdən söhbət
gedir) əsgər donub öldü. Bölgədəki
xalqın ruh halını üstünə gələk –
insanlar rusların, ən çox da ermənilərin
zülmündən qorxub da köç etməyə məcbur
oldu. Bu savaş üç həftə çəkmişdi,
böyük itkilər verilmişdi. Ənvər Paşa isə
İstanbulda bu olayı belə anlatmışdı: “Getdik,
gördük, saldırdık, geri döndük”... Sezar
iddiaları... Tanrım, nəyin bahasına?
Bu vaxt
başqa bir cəbhədə başqa bir komutan bu olayları
diqqətlə izləyirdi. Hələ onun saatı gəlməmişdi.
Amma onlar Monastır hərb lisəsindən tanış idilər,
tanış nədi, rəqib idilər. Həmin o komutan da
hirsli, iddialı idi, şöhrəti sevirdi, amma Ənvər
kimi şanslı olmamışdı bu günə qədər.
Saraydan qız istəmişdi, rədd etmişdilər,
böyük vəzifələrə yaxın
qoymamışdılar. Hər zaman paytaxtdan uzaqlara göndərmişdilər.
Amma irəlidə Çanaqqala zəfəri vardı onun
taleyində... Mustafa Kamal... Həmin o zəfər Ənvər
Paşanı çox tedirgin etmişdi əslində və
Mustafa Kamalı təltifləndirmək istəyəndə Ənvər
mane olmuşdu, hətta söyləmişdi ki, “siz onu
yaxşı tanımırsız, bu gün general olsa, sabah
Sultan olmaq istəyəcək, Sultan olsa Allahlıq iddiasına
düşəcək”. Və o əlbəttə ki,
haqlıydı.
Türk
tarixinin iki önəmli ismi, iki parlaq ismi... Hər ikisi riskə
getməyi bacarırdı, risksiz qəhrəman olunmaz axı.
Fərqliydilər, amma bu fərq sonra rasional düşüncəli
Mustafa Kamalı Atatürk yapdı. Ənvər isə
ilğımların arxasınca gedə-gedə kayb etdi...
Mustafa Kamal
İstiqlal savaşı aparanda, Ənvər Türküstan
yaratmağı düşünürdü... Yenə mane
olurdular bir-birinə... Və Mustafa Kamal bunu da həll etdi...
Tale onu seçmişdi... Qəhrəman o oldu!
... Bu nədi
belə? Səhər tezdən təqib edir məni bu söz –
Qəhrəman... Bu torpaqlarda nə qədər adsız qəhrəman
da yatır axı.. İnanmıram mən burda turistik cənnətin
yaranacağına... Olmayacaq... Ağrı çoxdu... Necə
ki bizdə indi Nargində turizm cənnəti yaratmaq istəyirlər
ey, orda da olmayacaq...
Səhər
yeli, dağlardasın... İçimdəki buludları qov...
Günəş topla benim için...
... Nə qədər
vaxt keçdi görəsən mənim bu daş üstü
düşüncələrimdən? Qayıdım gəldiyim
yerə. Sayın millət vəkili mənsiz qala bilmir... Son
vaxtlar yəni...
... Bax,
dediyim kimidi, məni görən kimi gözləri
parıldayır:
– Harda
qaldın, gedək yeməyimizi yeyək.
Enirik
aşağıya, gəldiyimiz yolla, həmin o ərincək
qarsondan menyunu soruşuruq. O da yeməyi bura gətirə bilməyəcəyini
deyir, bizi içəriyə dəvət edir.
– Qayıdaq
Qarsa – deyirəm – bəs sən buraları tərifləmişdin?
Hələ qalmaq da istəyirdin burda...
– Nə
bilim, qışda gəlmişdim, adam əlindən tərpənmək
olmurdu, yaxşı da qulluq edirdilər.
– Qayıdaq
– deyirəm. Bu arada Vurğun tələbəsinə zəng
edib buralarda harda bir normal lokanta olduğunu xəbər
alır. Nəsə bir yer deyir o tələbə. (İrəlidə
sizi o tələbə ilə də görüşdürəcəm).
Qəsəbədə arayıb-axtarırıq. Mənim bəyənəcəyim
yer deyil. Günel Mövlud demişkən, mənim solçu
ruhuma uyğun gəlməyən burjua zövqüm var...
İncə zövqüm yəni... Görünür, mənim
bu xasiyyətlərimi müşahidə edən Vurğun da
eyni qərara gəlir. Sabahdan o da mənə “solçu burjuy”
deyir.
Geri dönəndə
Şəhidlik Anıtının yanından sürür
maşını Aqil. İçəri girir, şəkillərin
çəkirəm. Mən belə yerlərdə şəkil
çəkdirə bilmirəm.
Dönürük
Qarsa, elə yorulmuşam yemək yadıma düşmür.
Axşam gedərik də... Vacibdi elə hər yemək
vaxtı... Qalxırıq, qapanırıq odalarımıza...
EVRİKA!
... Necə
oxuyurdu Teoman? “Saatım yok, tam olarak biləməm... Bir az bira,
bir az şarab öncəydi...” Belə bir ortam yəni...
Mübahisələr, müzakirələr... İddialar
cövlan edir hər birimizin içində, içində nədi,
lap ortadadı. Hərdən susuram (Rəşad Məcid deyir
ki, İradə susanda da danışır. Və yadıma
düşür ki, 2-ci kursda oxuyanda bir ədəbiyyat müəlliməmiz
vardı, mənə “Sözsüz mahnı” deyirdi) və
müşahidə edirəm. İçimdə komediya var – ay
aman, bu kişilər özlərindən necə
razıdılar?.. Yox, səhv elədim, Aqil Abbası
tanıyanlar bilir, o heç vaxt özündən
danışmağı sevmir, tərifi isə ümumiyyətlə,
qəbul eləmir. Vurğun Əyyubu tanıyanlar da bilir,
heç tərsliyi, inadı, höcəti yoxdu, tez
razılaşandı hər şeylə. Yəqin
inandınız?! Mən axı heç yalan
danışmıram. Burda bir təbəssüm işarəsi
qoymaq gərəkəcək. Və mən bəndəniz –
İradə Tuncay – Sözsüz mahnı... Adları
sadalayıram və həm də fikirləşirəm ki, burda
da bir hikmət var ha... Adlarda... İradəli İradə,
ağıllı Aqil və Vurğun vurğun kimi... Hər
birimizin öz əzablı yollarımız olub...
İçimizdə nə çəkirik Allah bilir... Təbii...
Amma Vurğunun payına çox düşüb. Hələ
soyadına fikir verirəm – Əyyub peyğəmbər
Tanrının ən çox əzab göndərdiyi bəndələrdən olub. Deyəsən
abreviatura və qəhrəman məsələsində son
çözümü tapdım – samit və sait. VƏ –
uyğun gəlir. VƏ bağlayıcıdı – burda da siyasətlə
ədəbiyyat bağlanır. Siyasi görüşlər məsələsi
də var, paytaxtdan uzaq yaşamaq da var. Qəhrəman da
tapıldı. Evrika yəni! Qalır mənim romanımı
Nobel mükafatına təqdim eləmək... Deyirəm dahiyəm...
lll
... Kefimiz
yaxşıdı. Qonaq Evinə qayıdanda VƏ bərk-bərk
tapşırır ki, səhər yatıb qalmayaq,
çünki iş həftəsi başlayır, sabahdan
işdə olmalıdı, bizi universitetdə gözləyəcək.
Ağıllı Aqil başını qoyan kimi yatır. Əşi,
yatmıram mən... Kefim belə istəyir... Əsl şeir
yazmalı gecədi... Qız, sən niyə şeir yaza bilmirsən?...
Mən də belə deyə bilsəydim:
Səninlə
olmanın ən həyəcanlı yanı nə, biliyormusun?
Aynı şeyləri səninlə aynı anda
düşünmək, birlikdə ağlamaq- gülmək. Və
buradaykən belə səni çılğınca özləmək...
(Ardı var)
İradə TUNCAY
525-ci qəzet.- 2011.- 29 oktyabr.- S.14.