Akademik İsmayıl Hacıyevin yeni kitabı nəşr olunub

 

AMEA Naxçıvan Bölməsinin sədri, Milli Məclisin deputatı, akademik İsmayıl Hacıyevin Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)” adlı monoqrafiya işıq üzü görüb. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə qiymətli bir hədiyyə olan dəyərli nəşrin elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Elman Cəfərlidir. Naxçıvan “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində olduqca nəfis bir tərtibatda çap olunan monoqrafiya giriş, üç fəsildən, nəticə, istifadə edilən ədəbiyyat siyahısından və əlavələrdən ibarətdir. Naxçıvan Muxtar Respublikasının son on beş ilini zəngin materiallarla 272 səhifədə oxucusuna çatdıran yeni nəşr 1991-2011-ci illərdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatından, ictimai-siyasi proseslərdən, ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyətindən, Naxçıvanın qorunub saxlanmasında dahi öndərin tarixi xidmətlərindən, Heydər Əliyev siyasi kursunun muxtar respublikada uğurla davam etdirilməsindən bəhs edir. Eyni zamanda Heydər Əliyev dövlətçilik məktəbinin layiqli nümayəndəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada son illər görülən işlər, həyata keçirilən tədbirlər, qazanılan uğurlar və bu uğurlardan insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması, yaşayış şəraitinin yüksəldilməsinə yönəldilən tədbirlərdən danışılır. Kitabın ilk səhifələrində Naxçıvan Muxtar Respublikası haqqında ümummilli lider Heydər Əliyevin, Ölkə Prezidenti cənab İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çıxışlarından sitatlar verilib. “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı” bölməsində XX əsrin 80-ci illərinin sonlarından bəhs edən müəllif Naxçıvanın o dövrdəki çətin və mürəkkəb vəziyyətinə ətraflı nəzər salır. Zəngin faktlarla göstərilir ki, blokada vəziyyətinə düşən muxtar respublika ümummilli lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində qorunub saxlanıldı, inkişaf etdirildi və ictimai-siyasi həyatın sabitliyi təmin olundu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun gərgin əməyi, məqsədyönlü təşkilatçılıq fəaliyyəti, regionumuzun ayrı-ayrı bölgələrində aparılan quruculuq tədbirləri, ildən-ilə genişlənən ictimai-siyasi, sosial-iqtisadi sahədəki irəliləyişlər, habelə görülən işlərlə bağlı ümumi məlumatlar „Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı” bölməsində xüsusi qeyd edilir. Burada sənayenin, tikintinin, kənd təsərrüfatının, ekologiya, nəqliyyat və digər sahələrin inkişafı üçün atılmış uğurlu addımlar işıqlandırılmaqla yanaşı məhsul istehsalatının artımından və bu artımın əhalinin həyat səviyyəsinin yüksəldilməsində göstərdiyi təsirdən bəhs olunur. Üçüncü fəsil “Naxçıvan Muxtar Respublikasının mədəni inkişafı”na həsr olunub. Bu bölmədə təhsil sahəsindəki dəyişikliklərdən, elmin, mədəni-maarif müəssisələrinin inkişafından, səhiyyə müəssisələrinin yenidən qurulmasından, gənclər və idman siyasətindən və bu sahələrdə həyata keçirilən diqqətəlayiq tədbirlərdən ətraflı danışılır. Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müxtəlif vaxtlarda imzaladığı 20-ə yaxın sərəncamın da yer aldığı monoqrafiyada böyük qurucu və yaradıcı rəhbərinin ardıcıl və yorulmaz fəaliyyəti, məqsədyönlü siyasəti, danılmaz fədakar əməyi sayəsində simasını tamamilə dəyişən Nuh yurdu Naxçıvanın yeni görkəmini əks etdirən fotoşəkillər də öz əksini tapıb. Məlumat üçün onu da qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)” adlı monoqrafiyanın bugünlərdə təqdimatı da nəzərdə tutulub.

 

 

525-ci qəzet.- 2011.- 29 oktyabr.- S.25.