Bəstəkarlar İttifaqında Ramiz Mustafayevin 85 illik yubileyi qeyd edilib

 

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bəstəkar, xalq artisti Ramiz Mustafayevin 85 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə Ramiz Mustafayevin çox məhsuldar bəstəkar olduğunu qeyd edib: “O, xüsusilə iri həcmli, monumental musiqi janrlarında yazmağı çox sevirdi. Onun yaradıcılığına miqyaslılıq çox xasdır. Elə bunun üçün də Ramiz Mustafayevin yaradıcılığında musiqili-səhnə əsərləri, simfonik və vokal-simfonik bəstələr başlıca yer tutur”. Əməkdar incəsənət xadimi Aida Tağızadə yubilyarın sənət yoluna nəzər salaraq vurğulayıb ki, xalq artisti Ramiz Mustafayevin musiqili-səhnə, vokal-simfonik əsərlərə meyli onun keçdiyi mürəkkəb, lakin maraqlı həyat yolu ilə də ciddi bağlıdır: “Müstəqil yaradıcılıq yoluna qədəm qoyduqdan sonra onun yaradıcılığında opera və operetta janrı xüsusi əhəmiyyət kəsb edir. Yazdığı beş opera arasında ona daha çox uğur gətirən “Vaqif” operası olub”. Tədbirdə əməkdar incəsənət xadimi Zemfira Qafarovanın “Ramiz Mustafayev” monoqrafiyası da təqdim olunub. Tədbirin davamında Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına Xoru öz ifasını səsləndirib.

 

 

525-ci qəzet.- 2011.- 29 oktyabr.- S.18.