Yaşar
Nuri: “60 yaşa çatasan, səhv etməyəsən, o nə
ömürdü?”
QATARDA
2009-cu il. Bakının 22 iyunu. Dəmir
Yolu Vağzalı həmişəki kimi qələbəlik
idi. Hər kəs yola düşürdü, kimi evinə, kimi
dostugilə, kimi də... Bizim heyət, yəni Mədəniyyət
və Turizm Nazirliyinin bir qrup əməkdaşı və bir
neçə teatr xadimləri Gəncəyə – Milli Teatr
Festivalında iştirak etmək üçün qatarın
vaxtını gözləyirdi. Heyətdə bir-birilərini
qiyabi və əyani tanıyanlar müxtəlif mövzulu
söhbətlər edirdilər. Birdən uzaqdan Xalq Artisti
Yaşar Nuri təmkinli yerişi ilə bizə
yaxınlaşdı. Ətraf qaranlıq olsa da, onun geydiyi
yalnız ağ pencək deyil, elə üzünün təbəssümü
də ətrafımızı işıqlandırdı. Salam-əleykdən
sonra hiss etdim ki, əhvalıma bir başqa əhval da əlavə
olunur. Bu qürur, fərəh hissi idi və səbəbi də
aydın idi. Çünki xalq sevgisinin ifadəli və ifadəsiz
şəklini canlı seyr edirdim. İstər-istəməz ətrafa
nəzər yetirdim. Hər bir sərnişinin üzündə
təbəssüm var idi. Bələdçi qadınlar
arasında çaxnaşmanı,
pıçıldaşmanı görəndə isə qətiyyən
təəccüblənmədim. Dəqiq bilirdim ki, həmin
anda onların beyinlərini məşğul edən bir məsələ
var idisə, o da “Görən, o, kimin vaqonuna düşəcək?”
sualı idi. Əlbəttə, onları başa düşmək
olardı- tanınmış, sevilən aktyor sərnişinləri
olacaqdı. Belə hadisələr onların səfərləri
zamanı nadir hallarda baş verdiyindən sanki
yığılıb qalmış sevincləri sel kimi məcrasından
çıxmışdı.
Yaşar Nuri ilə eyni vaqonda yol gedib,
“Qatarda” tele-tamaşasından onun məşhur Dadaşov
obrazını xatırlamamaq mümkün deyildi. Əlbəttə,
onun söhbətində, hərəkətində Dadaşovu
xatırladan heç nə yox idi. Bununla belə o obrazı,
ümumiyyətlə, tamaşadan epizodları SV-də
teatrşünas Aliyə ilə birgə canlandırmağa
çalışıb aktyorun sənətinə olan rəğbətimizi
bir-birimizə nümayiş etdirdik. Aliyə gecə
yarısına kimi Dadaşov, mənsə gah Fətulla, gah
Qasım kişi, gah da Sabit Mirzə olub özümüz
üçün oynadığımız “tamaşaya” həm
güldük, həm də bu mürəkkəb obrazları,
ümumiyyətlə, Yaşar Nurinin digər rollarını təhlil
etdik. Bütün bunları söyləməkdə məqsədim
xatirələrimi sözlə ifadə etmək deyil, Xalq
Artistinin yaratdığı obrazların sadə xalqın
yaddaşında, ürəyində necə yer
aldığını söyləməkdi. Əlbəttə,
bu cür səfərlər və belə xatirələr
Yaşar Nuri üçün bəlkə də adi haldı.
Çünki o, sənətə gələndən
şöhrət atını çapır. Hətta son illər
səhhətində yaranmış problemlər belə onun
xalq tərəfindən sənətinə olan
marağını, sevgisini azaltmayıb. Əksinə, birə
beş artırıb və aktyor özü də qeyd edir ki, hər
zaman gördüyü xalq məhəbbəti son illərdə
daha da geniş vüsət alıb. Burada Yaşar Nuri fenomeni
sualı ortaya çıxsa da, cavabı çox sadədir.
Fenomen istedad, zəhmət, şəxsiyyətinə hörmət
və müxtəlif insan xarakterlərini yalnız səhnədə
yaratması hesabına formalaşıb. O isə həyatda elə
özüdür: Yaşar Məmmədsadıq oğlu Nuri.
İlk addımlarını Bakının Sovetski məhəlləsindəki
kiçik mənzildə atan və sənətin zirvəsinə
pillə-pillə ucalan sənətkar...
Onunla mənzilində
görüşdük. Üzündəki təbəssümün
dəyişilmədiyini görəndə neçə
vaxtın narahatçılığı birdən-birə
sovuşdu. Ürəyim elə dolmuşdu ki, verəcəyim
sualları da unutmuşdum. Ancaq və ancaq köhnə
tanışlar kimi söhbət etmək istəyirdim. İndi
sual oluna bilər ki, iki il yarımın tanışları
haradan köhnə oldu? Yaşar Nuri elə insandır ki,
söhbətinin ilk dəqiqəsindən onu çoxdan
tanıdığını zənn edirsən. Odur ki,
münasibətimizə artıq “köhnə tanış”
statusu vermək olar.
“ŞANS
ÖLÜM DEYİL Kİ, YOLUNU GÖZLƏYƏSƏN...”
– Yaşar müəllim, necəsiniz?
– İndi yaxşıyam.
Bir az ayaqlarım sözümə baxmır. O da düzələr,
əsas odur ki, ağlımız yerindədir...
– Nə
vaxt səhnəyə qayıtmağı planlaşdırırsınız?
– Hələ Türkiyədə olanda
söz vermişdim ki, martın 10-da qayıdacağam.
Qayıtdım da. “Azdrama”nın açılışında
iştirak etdim. “Qarabağnamə”, sonra isə “Lənkəran
xanın vəziri” tamaşasına baxdım. Kukla Teatrında
“Məşədi İbad”, Musiqili Komediya Teatrında “Ər və
arvad”, Opera və Balet Teatrında “Arşın mal alan”da
rollarım məni gözləyir. Sentyabr ayında “Azdrama”da
“Tiflis yengələri” dramı üzərində məşqlərə
başlayacağıq. Daha sonra rejissor Samir Kərimoğlu
filminin ssenarisini mənə təqdim edib. Təklif, iş çoxdur.
Səhhətimdə də qorxulu bir şey yoxdur...
– Buna
heç şübhə etmirdim. Sizin
adınız Yaşardı. Özünüz də, sənətiniz
də bu ada uyğun yaşayırsız. Sizə
nə olasıdı ki?
– Haqq verir ki, bu ada yaşayasan. Bu
dünyaya iş görmək üçün gəlmişik.
Bacardığım qədər bu yaşıma qədər
işlər görmüşəm. Hətta
bacardığımdan da çox... Bundan sonra nə olar olar.
Adımla bağlı bir faktı deyim. Orta məktəbdə
olanda dəftərimə belə misralar yazmışdım:
“Soruşsalar
bu dünyada
nəyin
vardır?
Deyərdim
ki, tək bir adım
Cəfərimdən
yadigardır”.
Atam o vaxtı Gəncə teatrında işləyəndə “Yaşar”
pyesində Əmirqulu
rolunu oynayıb.
İstəyib o vaxtı adımı
Əmirqulu qoysun.
Mən də qəşəng uşaq olmuşam. 5 kq. 300 qram. Deyiblər ki, bu nə addı? Ona görə fikrindən vaz keçib.
– Maraqlıdır, hansı rollarınızı daha çox bəyənirsiniz?
– Rollarım hansı tamaşaçının
xoşuna gəlmirsə,
deməli, mənə
də yaxın deyil. Hələ ki, üzümə
dəqiq deyən olmayıb. Ola bilsin elə bir rolum olub
ki, tamaşaçıdan
utanmışam. Elə
şey də ola bilər.
Bir devizim var- mən
bütün qazandığım
və əgər varsa, uğurlarıma görə öz səhvlərimə borcluyam.
Yəni
60 yaşa çatasan,
istər həyatda, istər yaradıcılıqda
səhv etməyəsən,
o nə ömürdü?
Mənə çatmır elə
ömür.
– Ümumiyyətlə, qəhrəman
olmaq asandır, yoxsa qəhrəmanı oynamaq?
– Elə yaxşı ifa edirsənsə deməli, qəhrəmansan. Əgər
öz işinin öhdəsindən gəlirsənsə,
xalq səni sevirsə... Bilirsiz, sənə əl
çala bilərlər,
növbəsiz konfet
ala bilərsən, qırmızı
işıqdan keçə
bilərsən, amma xalq sevgisi ayrı
şeydir. Mən
bunu son 3-4 il
ərzində hiss elədim.
Mən səhnəyə çıxan
gündən alqışlanmışam.
10 yaşından səhnəyə çıxmışam.
22 yaşından teatrda çalışıram.
Amma xalq sevgisi ayrı
aləmdir. Həyatda qəhrəman
olmaq o demək deyil ki, gedib
iki saat döyüşəsən. Ancaq qəhrəman qəhrəman
olduğunu heç vaxt bilmir. Yəni heç kim səni
məcbur eləmir ki, gedib döyüşəsən.
Qeyrət səni boğur,
gedib erməniyə
mina atıb olursan qəhrəman. Sonda özün
də ölürsən.
O, gedəndə qarşısına
məqsəd qoymursan ki, mən gedib
onları öldürüm,
qəhrəman olum. Yox, o içəridən gələn
hissdir.
–Siz həmişə, xüsusən də qadınlar tərəfindən
sevilirsiniz. Qadınlara
münasibətini bilmək
istərdik...
– Ey azad qadın,
gözlərin
aydın,
Mən nə yazardım
sən
olmasaydın?
Mən bu misranı bir az dəyişmişəm: “Ey
azad qadın, gözlərin aydın, mən kim olardım
sən olmasaydın?” Yəni, söhbət sənətdən
getmir. Qadınım mənə istedad
verməyib. İstedadı Allah verib, ona isə
dözüm verib.
Qadına o qədər
təriflər deyilib ki... Yəni qadın böyük
dühadır, qadın
qeyrətdi. O səni
həm qaldıra, həm də vura bilər.
– Siz özünüz də “Ordan-burdan” tamaşasında qadın rolu oynamısınız. Çətin deyildi ki, ifa etmək?
– Mən bir dəfə də söhbətlərin
birində bunu demişəm. O tamaşada
qadın rolunu
oynamamışam. Mən Rafael Dadaşovla millətin
xüsusiyyətini göstərmişəm. Gənc oğlan qızı görə bilmir deyə
əyninə qadın libası geyinir. Bu,
Üzeyir bəyin mövzusudur. Qızı görmək
üçün biri arşın malı
satır, biri də qadın paltarı geyir. Əlbəttə
ki, çətin idi. Beş-on dəqiqəlik
səhnə olsa da çətin idi.
–
Əksər sənət adamları öz uşaqlarına bu sənətdə
çalışmalarına icazə vermirlər. Siz necə, övladlarınıza belə
bir qadağa qoymuşdunuzmu?
– Düzü, ayağımı dirəmədim
ki, olmaz. Xasiyyətimə bələd idilər.
Özləri görmürdü ki, mən saat
ikidə gəlirəm, həm də əsəbi? Səhər durursan əsəbi. Mənə
cürbəcür zənglər olurdu. Yəni
o çətinliyi görüb istəmədilər. Buna baxmayaraq, musiqi təhsilləri var, sənəti
hiss edirlər. Düzdür, mənə
deyə bilərsiz ki, bəs, sən niyə atanın yolu ilə
getdin? Biz dörd övlad idik. Bacılarım,
qardaşım getmədi, bu sənəti mən davam etdirdim.
Ümumiyyətlə, bu çox əzablı sənətdi.
Belə də deyirlər ki, şansın gərək ola. Yox,
bu fikirlə razı deyiləm. Oturum gözləyim ki, nə
vaxtsa şansım gələcək? O ölüm deyil ki,
gözləyəsən. Hamı bu dünyadan gedəcək.
Fikirləşib iş görmək lazımdır ki, tarixdə
izin qalsın. Yaradıcı insanların sənətinin
gözəlliyi odur ki, iki ömür yaşayalar. Bir indi, bir də
sonra. Heç vaxt filmlərimə baxmazdım. İndi-indi
baxıram və baxanda deyirəm, hə, olmamağa dəyər.
Heç olmasa da bir əsr yaşayacaqsan...
– Siz həmişə
Yaşarsınız! Sizə cansağlığı, daha
böyük uğurlar arzulayırıq!
– Çox sağ olun!
Ülviyyə HEYDƏROVA
525-ci
qəzet.- 2011.- 3 sentyabr.- S.11.