“Hava
tam qaralmayıb”
Gürcüstanda
çıxan “Apra” jurnalının 17-ci sayında
tanınmış Azərbaycan şairi, tərcüməçisi
və publisisti Səlim Babullaoğlunun şeirləri
haqqında məqalə dərc edilib. Yazını
diqqətinizə çatdırırıq.
Səlim
Babullaoğlu şeiri
özünüdərk, axtarışlar, ətraf aləm və
insanlarla, ən əsası da insanın özünün
özü ilə tanışlıq
poeziyasıdır. Buna görə də onun şeirlərində
müasir dövr üçün xarakterik olan zorakılıq, narazılıq və hər
cür əsarət motivləri mövcud deyil. Əksinə,
Babullaoğlunun şeirlərindən
xeyirxahlıq, sadəlik, insanları anlamaq
hissi süzülür
oxucu qəlbinə. Onun
kristal kimi möhkəm,
həm də incə təbiətli lirik
qəhrəmanı gülməkdən gözləri yaşara – yaşara öz düşüncələrini
açıq, bəzən də eyhamla bizə
çatdırır. Onun şeirləri
sadə oxucuya aydın, bəzən də
qəliz sözlərdən yaranır. Bu
şeirlər kədər və ağrı ilə doludur. Maraqlıdır, onun
qəhrəmanlarını bu qədər
ağrıdan nədir? – İnsanı insan
edən hər şey. İlk
növbədə insanın vicdanı. Narahatlıqdan yoğurulan, çəkdiyi əzablardan
ağrılar içində qovurulan vicdan! Bu içdən gələn
səs olmadan insan robota, cansız əşyaya çevrilərdi.
“Hava tam
qaralmayıb./Göyün süfrəsində yemiş
dilimi ay/ Dənizdəki
əksi ilə çoxalır./Bu ziyafət dənizdən evə
dönənlərin/ Aclığa tabını azaldır,
canını sıxır./ Ağzı köpüklü
dalğalar şırhaşırla/ Sanki nəyisə anlatmağa
çalışır,/Sahil boyu ləpirlər
əvvəl doldurur,/ Sonra
isə onları yuyub aparır./ Dəniz burda bitirmi?
Başlayırmı?/Bəndə deyilən kəs bunu hardan bilsin?”
/.../ “Hava tam
qaralmayıb./ Zibillikdəki milçəklər bu qonaqlıqdan məmnundular,/Amma baş açmaq olmur ki,/İnsanların bu
qədər xeyirxah
olduqlarından,/İsrafçılıqdan, ya
pintilikdənmi danışır bu
vızıltılar/Bəndə deyilən kəs bunu hardan bilsin?”
Yay küləyi
söyüdləri yellədə-yellədə,
qonşuların səslərini öz
ünvanlarına apara-apara getdikcə
güclənir. İtlər isə sanki
hönkürtüylə ağlayırlar. Səbəb nədir?
Adi, öləri insanlar
bunu hardan bilsin?
Şair ağıllı sözləri
ilə özünü əbədiləşdirməyə,
bizi təəccübləndirməyə
çalışmır. Əksinə, “ Adi
bəndə, adi öləri insanda bu qədər bilik haradan olsun”
adi fikri ilə bizi heyrətə salır. Həqiqətən
də , çimərlikdən evə tələsən
adamı sadəcə olaraq iştaha yaradan Ay cəlb edir və ya edə bilər.
“...Sahildə
oynayan balıqçı uşaqları/ Qumdan balıq yoğurub
yapır, yeni dəniz qazırlar. /Bunu dənizin sahilində yalnız uşaqlar bacarar./Bu dünya hər şeyi məhv edir,
sözdən başqa,/ O da
daim sükutda gizlənir
tərs kimi.”
Şair üçün
peyzaj, təbiət, əşyalar... çox mühümdür
və o, bizimlə birlikdə bu sükut möhürünü
sındırmağa çalışır. Çay,
göl, dəniz sahilində ay haqqında düşüncələr poeziyaya yaxşı tanış olan cizgilərdir. Babullaoğlu
poeziyası nə ilə fərqlənir, onun
maraqlı cəhəti nədədir, bəs?
Düşünmürəm ki, o, insanın keçmişini
və bu gününü
qiymətləndirmir (bu romantiklərə xas, bizim üçün
də əziz olan cəhətdir), ancaq indini daha
qiymətləndirir, bu anı
işıqlandırır.
“Maşının
vurub yol kənarına
atdığı it leşi/
Ölümün əl çantasından
düşən əşyaya bənzəyir.”
Bütün bunlar
hər an öz-özü
ilə dialoqa girən lirik
qəhrəmanın nəzərlərindən yayınmır.
“Adi öləri insanda bu qədər bilik
haradan ola bilər?” İnsanın heyrəti və təəccübü
güclü akkordla müşayiət olunur: “Hələ tam
qaralmayıb”. Bu, xəbərdarlıq, ehtiyatlı olmağa
çağırış kimi səslənir, eyni zamanda
ümid doğurur.
Aşağıdakı şeirlər
vicdan, daxili səs haqqında danışır.
İnsanın, vətəndaşın, şairin taleyin
dönüklüyü üzündən əzablara,
çürüməyə, yanmağa düçar olmuş
qadın üçün yalvarışları. Burada
Dostoyevskinin “Cinayət və cəza” əsərindəki
öz kiçik bacı və qardaşları
üçün böyük qurbanlar verməyə məcbur
olan qız obrazını xatırlamamaq olmur.
Çinovniklər sənin evinə,olduğun
yerə soxulacaq, kimliyini təsdiq edən sənəd tələb
edəcək, saçlarından yapışıb döymək
üçün milis idarəsinə sürüyəcəklər.
Sənin xəstə qardaşına ikrah hissi yaradacaqlar.
“Nə qədər ki, paqonlu yarasalar
içəri soxulmayıb,/ Şəxsiyyəti təsdiq edəcək
hansısa əliçi boyda sənəd istəməyib/
Saçından yapışmayıb, süpürməyib/
Aparmayıb “N” saylı bölməyə döyməyə/Xəstə
qardaşından, tənha anandan və dünyadan iyrəndirməyə...”
Tənha ana və bütün dünyaya.
Şair öz personajının fiziki və
mənəvi ağrılarını, alçalmasını,
yenidən doğulmasını, cəmiyyətdə qəbul
edilməsini və elə cəmiyyətin məhvedici təsirini
açıb göstərir. Bunun davamı olaraq oxuyuruq:
“Sən cəmiyyətin sonuncu Mariya
Maqdalinası, / Doğulacaq gözəl körpənin
anası/ Allah xətrinə, dur get evinə!”
Və o çıxıb-gedir. Beləliklə,
şairin çiyinlərindən sanki yük düşür.
“Sən isə ey,/qaməti sual işarəsinə
dönmüş,/nəşələnmiş və
sönmüş,/ kütbaxışlı diskjokey! Kəs,
musiqini,/ dinlə getməyin-qayıtmamağın səsini!”
Yenə də Dostoyevski. “Cinayət və cəza”nı
oxuyan zaman Raskolnikovun bacısının Svidriqaylo və onun
kimilərinə yem ola biləcəyini oxuduğum zaman necə
narahat olduğumu xatırlayıram. Şair iradəmin əleyhinə
olaraq məni insanın çıxılmaz vəziyyətə
düşdüyü dünyaya çəkib aparır. Buna
görə də mən heç nəyi dəyişə,
bütün qəlbimlə yandığım bu insana kömək
edə bilmirəm. Səlimin bu şeiri məndə dərin
hisslər oyatdı. Yaxşı haldır ki, bu şeirdə əxlaqilik
güclənir, bununla da ədalət, möhtəşəmlik
və inam təsdiq olunur. O, ruh düşkünlüyünə
uğramış insanı yüksəldir, doğru yol
göstərir, həqiqətə doğru yönəldir.
“Şairlər öləndə nazirlər-/”onlar
xoşbəxtdilər/bizim bəxtimiz gətirdi ki,/ onlarla bir
dövrdə yaşadıq” dedilər./Yenə şairlər
xoşbəxtdi,/ yenə nazirlərin bəxti gətirdi.”
Bəli, hər kəs yaradıcı şəxsiyyətlə
yaxınlaşmağa, onunla doğmalaşmağa və bunu məziyyət
kimi qələmə verməyə çalışır.
Başa düşmək çətin deyil ki, bu şeirdə
taleyin hansı kinayəsi var—o, vicdana birbaşa eyham
vurmaqdır.
“ Yazdığım günləri toplasam,/
üç-dörd yaşında ancaq olaram./ Bəlkə
yazmaq üçün biz elə uşaq
qalmalıydıq,/yazmalı yox, ancaq
danışmalıydıq...”
Ümumiyyətlə, uşaqlar
S.Babullaoğlunun yaradıcılığında ayrıca
mövzudur. Tamamilə aydındır ki, şair uşaqlara həm
həqiqətin körpə dili ilə daha aydın səsləndiyi
üçün həm poeziyanın onlarla bütövləşdiyi
üçün diqqət yetirir.
“Ata, mən bilirəm ulduzlar göydə
yatır.”
Bir dəfə öz şeirini oxuyan Sofokl
demişdi ki, onu 3 günə yazıb.
– Necə? 3 gün ərzində cəmi
bir şeir? 3 gün müddətində mən yüz şeir
yazardım,-deyə müasiri olan başqa şair ona etiraz
etmişdi.
– Onların cəmi üç gün
ömrü olardı,- deyə Sofokl cavab vermişdi nə
vaxtsa.
Yaradıcılığa təzyiq göstərmək
olmaz. Anlayırsan ki, onu ehtiyatlı və incə olmağa
vadar edən fiziki yaşı ilə müqayisədə bu
dövr onun üçün nə qədər vacibdir. Beləliklə,
yaradıcılıq bir proses kimi şəffaf çərçivədir.
Səlim Babullaoğlu daim yazmağa
hazır olmaq üçün yaşayır. O, nadir şairlərdəndir
ki, yaradıcılıq yolu həyat yolu ilə kəsişir.
Beləliklə, “Hələ hava tam
qaralmayıb”.
Yazı boyu Səlim Babullaoğlunun
Şota İataşvili, Zaviad Ratiani, Nelli Məmmədli və Oqtay Kazumovinin
tərcüməsindəki şeirlərindən istifadə
olunub.
Oktay KAZIMOV
Tərcümə
Anna Bartkulaşvilinindir
525-ci
qəzet.- 2011.- 3 sentyabr.- S.27.