Bir
kamilin sözü
Yazısız
necə yaşamışıq? Yaşamışıqmı? Bu dünyadakı həyatımızı
yazısız təsəvvür etmək adamın heç ağlına da gəlmir.
Amma yazıdan əzəl söz vardı. Bir vaxtlar insan sözlə
yatır, sözlə də dururdu, sonra yazısını yaratdı. Söz yazıya söykəndi, ayrı yolu yoxuydu: sözü
eşidənlərin meydanı getdikcə daralırdı. Sonra sözlü adamlar azalmağa
başladı. “Nə olub, sözlü
adama oxşayırsan?” İndi
belə soruşmurlar. Ta
heç kim sözlü adama
oxşamır...
Yazının
dövrü, yazılı adamların
vaxtı uzun çəkdi, amma bu dünyada
heç nə əbədi deyil. Yazını oxuyanların da meydanının yavaş-yavaş
daraldığına baxmaqdan savayı yolumuz qalmadı: axı görüntü
vaxtıydı! Yazı görüntüyə – ekrana, kinoya, fotoya, videoya söykəndi.
İndi adamlar
görüntüylə yatıb-durur, uşaqlar
cizgili “rolik”lərlə
böyüyürlər...
“...kainatın
təzə övladı – yeni zaman doğulacaq”. “Eşqin sözü”nü bitirən bu son kəlməylə sanki
yuxudan ayılıram: görən bu yeni zamanda
insanlar necə yaşayacaq,
daha nələri icad
eləyib tapacaqlar və daha
nələrlə vidalaşacaqlar?
Mənim
üçün əsla ritorik
olmayan bu suala cavab tapmaq
istəyirəm və bir müəllim fəhmiylə
tələbəsini duyan Kamil
Vəlinin cavabını eşidirəm:
“Hər
cür yenilik bəşəriyyət
üçün arzu olunan yenilik deyil. Yeni xəstəliklər,
yeni faciələr, yeni
savaşlar, yeni-yeni nələr
kimi...”
Onun səsi uzaqdan
gəlir. Bu uzaq
haradır?
“Söz möcüzədir, möcüzə yoxdursa da, onu
yaratmaq lazımdır. Əsas inamdır.
Möcüzənin olub-olmaması o qədər
də önəmli deyil. İnsanın
möcüzəyə inanması insanın xilas
yollarından biridir (o
biri yolların nə olduğunu
bilmirəm, olsa belə).”
Sözün möcüzə
sayıldığı bu dövr
keçmişdə qalıb, yoxsa biz hələ o vaxta heç
çatmamışıq?
“İman sübut istəməz.
İman yazıçının
bağlı olduğu gerçəyə,
sübut olunmuş və
ya olunmamış həqiqətə
bağlılıqdır”.
Gerçəklik
hələ həqiqət deyil. Sovet xalqlarının həyatına boylananda buna əmin olursan. Sovet ədəbiyyatını
vərəqlədikcə nəyəsə təəssüflənirsən,
nəyəsə heyrətlənirsən... Və fikirləşirsən:
görən yeni nəslin süzgəci
necə olacaq? Onlar sələflərinə
hansı gözlə baxacaqlar?
Yazıçıları “sovet
zamanı”ndan xilas etməyə sözün gücü
çatacaqmı?
“Təbii
seçmə yalnız təbiətə aid
deyil. Sözün təbii
seçməsi – öz-özünü
seçməsi Allahın iradəsi daxilində olduğu qədər də, o
böyük yaradanın iradəsi daxilində
deyil”.
Dünya çox
sürətlə dəyişir... İnsan
özü də bilmədən yeni texnologiyanın modern məhsuluna
çevrilir. Sənət bu
sürətlə ayaqlaşa bilmir axı!..
“Əhəmiyyətli
olan – o insandan görünən dünya
dünyanın özündən zəngindir”.
Nədir
bu dünya: sınaq
şüşəsi, yoxsa oyun
guşəsi? Biz özümüzü
tanımaq istəyirik bəlkə? Əcəb oyuna
düşmüşük. Allah insanı niyə yaradıb? Bəs insan niyə yaradır?
“Dünya bir Kamilin dünyadan
getməyi, bir Kamilin dünyaya gəlməyidir”.
Bu, bir kamilin
sözüdür.
Səs gah çox
uzaqdan gəlir, gah da çox
yaxından. Hər vaxt eşitmək olmur.
Gərək sərhəddən yorulasan...
Hüdudsuzluğu arzulayasan...
Sözsüz darıxasan...
Sözlü adamlardan ötəri qəribsəyəsən...
“Eşqin sözü” onda eşidilir!
Söz gec-tez eşqə
aparır, amma ona qovuşmur.
Onlar Atlantik okeanı ilə Aralıq dənizi kimi yanaşı, əsla bir-birinə qarışmayan
möcüzələrdir. Aradakı sərhədi görmək
olmur. Amma bu, onun yoxluğu
deyil hələ...
“Sözün o tayındakı eşq ədəbiyyatın əzəli
və əbədi məhvəridir. O tay kainatın, dünyanın harasıdır,
İlahi?!”
Bu suala
yüzlərlə cavab tapmaq
olar. Ona
ritorik sual deyənlər də var! Dünyanı gözümüzdə adiləşdirənlər
nə qədər desən və ömürdən doymayan minlər, milyonlar! Eşqin insani hiss olduğunu hamı deyir, amma onun
nə vaxt, necə doğulması izahsız! Sözü sadəcə ünsiyyət
vasitəsi sayanlar və bir kəlmənin
güdazına gedən
insanlar, xalqlar, ölkələr! Yazının
cansız işarələr
toplusu olduğunu düşünənlər və
hələ də qurumayan “Liza gölü”, hələ də eşidilən Kefli İsgəndər qəhqəhəsi,
Hacı Murad iniltisi, Jan Valjan pıçıltısı!..
Eşq bir dünyadır!
Söz bir dəryadır!
Onlar bir-birinə
qarışmayan möcüzələrdir!
Amma “Eşqin sözü”ndə onlar bir-birinə qarışıb.
Çünki Kamil Vəlinin eşqi sözdən, sözü eşqdəndir...
Laura CƏBRAYILLI
525-ci
qəzet.- 2011.- 3 sentyabr.- S.30.