General Maqsud Əlixanovun
ömür yoluna və
Naxçıvan xanları ilə bağlılığına
bir nəzər
Mirzə
Cəlilin həyat yoldaşı Həmidə xanım
Cavanşirin bütün nəsillərə yadigar qalacaq
gözəl, əvəzsiz bir hədiyyəsi var: “Mirzə Cəlil
haqqında xatirələrim”. Həmidə xanım xatirələrinin
birini belə qələmə alır: “Söhbət Mirzə
Cəlilin katib olduğu xeyriyyə cəmiyyətindən
getdikdə o, bizə dedi; niyə gərək siz, savadlı
müsəlman xanımları əl-ələ verib,
qadınlar arasında belə bir cəmiyyət təşkil
etməyəsiniz? Bu fikir çox xoşumuza gəldi və biz
dərhal onun həyata keçirilməsi uğrunda işə
girişdik. Sofiya xanım Şahtaxtinskaya Tiflisin sakini
olduğu üçün, demək olar ki, şəhərin
bütün ziyalı müsəlmanlarının
ünvanlarını bilirdi. Siyahı tutmağa
başladıq. O biri gün Gövhər xanımla bir daha evlərə
getdik. Axşam oturub, Qoridə yaşayan Firudin bəy
Köçərlinin arvadına, həmçinin Əlixanov-Avarskinin
arvadına məktub yazıb, onları da
yığıncağa dəvət etdik”. Kitabın sonunda tərtibçilərin
şərhində isə oxuyuruq: “Əlixanov-Avarski o zaman
Kutaisinin müvəqqəti general-qubernatoru”. Burada həm də
“mürtəce” sözünü əlavə ediblər. Bəs,
görəsən doğrudanmı bu qorxmaz, cəsur general
mürtəce adam olub? Bu suala cavab vermək üçün
Qafqazın bizə qaranlıq olan tarixinin bəzi səhifələrini
vərəqləyək. Qafqaz, istər Şimali, istərsə
də Cənubi Qafqaz özünün bənzərsiz gözəlliyi,
cəsur insanları, zəngin etnoqrafiyası və kəşməkəşli
tarixi ilə həmişə diqqət mərkəzində
olub. Yadelli işğalçılar isə Qafqaz uğrunda hərbə,
döyüşə girişiblər. Bu, biz qafqazlılarda həmişə
təəssüf və nifrət doğurub. Çünki
Qafqaz qədimdən etnoqrafik muzeyə bənzəyir.
Qafqazın incisi olan Azərbaycan da o cümlədən. Burada
hər yüzillikdə hamı Azərbaycan uğrunda
döyüşüb. Hələ Azərbaycanda xanlıqlar
dövründə də belə olub. Cənubi Qafqazda olduqca
mühüm ərazidə yerləşən Naxçıvan
xanlığı yarandığı bir gündən Azərbaycanda
olan xanlıqların hər biri ilə, qonşu gürcü
knyazlığı, Avar xanlığı və s. dostluq
münasibətləri saxlayıb. Bu günün özündə
Naxçıvan xanlığının maraqlı tarixində
hələ açılmamış səhifələr var.
Çox maraqlıdır ki, Naxçıvan xanlığı
İberiyada (Gürcüstanda), Avar xanlığında,
qaraqaytaqlar və kumık xanları arasında xüsusi
hörmətə sahib olub. Bunun da bir neçə səbəbi
var. Ən ümdə səbəblərindən biri
Naxçıvanda məskunlaşan tayfaların “süvari”,
“döyüşçü” olmalarıdır. Məncə,
ən əsas cəhətlərdən biri
də Naxçıvan xanlığının düzgün
diplomatiyası olub. Şərqşünas
alim Smirnov yazır: Bundan başqa Kalbalı xan Naxçıvanski Şulaverin
müsəlman əhalisi arasında, həmçinin Qazaxda, Borçalıda hərbi-siyasi iş aparırdı. Və bu
rayonların əhalisinin fars meylli olması üçün
danışıqların nəticə verəcəyinə İran hökumətini inandırırdı”.
Biz araşdırıcılar yazanda ki, bütün
istiqamətlərə kəngərlilərin köçməsi
Naxçıvandan başlayıb, bəzi adamlar
bu fikrə “üsyan”
edirlər. Bax, görürsünüzmü İrəvan
xanlığı və Gəncə xanlığı həmin
yerlərə Naxçıvandan yaxın olsa
da, Fətəli şah,
oğlu Abbas Mirzə öz qohumları olan Qacarlara yox,
Naxçıvanın Kəngərli xanlarını belə bir təbliğə sövq
edirdilər. Bəs buna səbəb
nə idi? Buna səbəb
onların Qafqazda çox
yüksək nüfuza sahib
olmaları idi. Tanınmış alim Q.Qeybullayevin “Qədim
türklər və Ermənistan” (Bakı, 1992, səh. 111)
kitabında yazılıb: “Ermənistanın Quqasyan
rayonunda indi də Kəngər
dağları var. Kəngər əyalətini
ermənilər e. ə. II əsrdə işğal etmiş, I əsrdə
isə gürcülər ermənilərdən
almışlar”.Və həmin Şulaverdə,
Borçalıda, Qazaxda-əhalisinin əksəriyyəti kəngərlilər
olan yerlərdə I Kalbalı xanın, oğlu Ehsan xanın və
nəvəsi II Kalbalı xanın sözünün
qarşısında söz yox idi. Naxçıvan
xanlığı dost olduğu
türk xanlıqları ilə qohumluq əlaqəsi də yaradırdı. Kəngərlilərin
qohum olduğu
xanlıqlardan biri də Avar
xanlığıdır. Bəs, Maqsud Əlixanov
kimdir? Avarskinin həyat
yoluna qısaca nəzər salaq. “Maqsud Əlixanov–Avarskinin
atası Əlixan Hüseyn oğlu yaxın qohumu igid Hacı Muradın taleyini
yaşayırdı. Bunlar mənşəcə
qədim türk avarlar
qoluna mənsub idilər. Maqsud
Əlixanov 61 il 7 ay 9 gün ömür sürüb. Bütün
həyatı rus imperiyasının ordusunda keçən Əlixanov 44 il 11 ay bu
orduda xidmət etmişdir.
Əsgərdən-generala qədər yüksəlib. Maqsud Əlixanov 30 ali mükafat alıb. Hələ polkovnik olanda 4-cü dərəcəli
Georgi ordeninə layiq görülüb və onun
adı Kremlin Georgi salonunda qızıl hərflərlə mərmər
lövhəyə yazılıb. 1883-1885-ci illərdə o, bu mükafata
layiq görülən yeganə türkdür. Ondan sonra daha heç
kəs bu mükafata layiq görülməyib. Sovet
hakimiyyəti illərində “mürtəce” general-qubernator
adlandırılan Əlixanov hərbçi olmaqla
bərabər sox mühüm
şəhərlərin başçısı vəzifəsini
də icra etmişdir.
Maqsud Əlixanov 1877-78-ci illərdə rus-türk müharibəsində
Naxçıvanskilərlə birgə vuruşub.
II Kalbali xan və
İsmayıl xan Naxçıvanski ilə
dostluq edib. Və bu dostluq qohumluqla
nəticələnib. O, təxminən 1888-1889-cu illərdə
general-mayor II Kalbalı xanın
qızı Zərrintac bəyim Naxçıvanskaya ilə evlənib.
Zərrintac xanım 1861-ci ildə Naxçıvan şəhərində
anadan olub.Bunu Zərrintac
xanımın atasının 1877-ci ildə tərtib edilmiş xidmət kitabçasındakı
qeydə istinadən deyirik.Bu kitabçada Zərrintac xanımın 16
yaşı olduğu qeyd
edilib. Atası general-mayor
Kalbalı xan Naxçıvanski İrəvanda
və Tiflisdə yaşayıb işlədiyindən Zərrintac
xanımın da uşaqlıq və gənclik
illəri bu şəhərlərdə keçib. Bu səbəbdən
də o, rus dilində
mükəmməl təhsil alıb. Mütərəqqi fikirli ziyalı kimi ictimai işlərdə, xeyriyyəçilik, maarifçilik tədbirlərində fəal olub. Əsl vətənpərvərlik
nümunəsi göstərib. Məqamındaca qeyd edək ki, Tiflisdə
savadlı müsəlman xanımlarının əl-ələ
verib yaratdığı xeyriyyə cəmiyyətinin
fəal üzvlərindən biri də məşhur
general Maqsud Əlixanov-Avarskinin
ömür-gün yoldaşı Zərrintac
xanım idi. Bir məsələni demək çox
yerinə düşər ki, o vaxtlar Naxçıvan
xanlarının xanımları və qızları İrəvandakı
üç kilsədən biri
olan Müqəddəs Ripsime
məbədinin nəzdində yaradılmış maarifçilik cəmiyyətinin hesabına üzvlük haqqı veriblər. Və bunun hesabına İrəvandakı müsəlman
uşaqlarının təhsil aldıqları rus
gimnaziyası fəaliyyət göstərirdi. Zərrintacın
anası Xurşud xanım belə maarifpərvər,
hünərli qadınlardan olub. Zərrintac
xanım sonralar Tiflisdə, Qoridə,
Kutaisidə yaşadığı illərdə də marifə
xeyriyyəçilik etmişdir. Sankt-Peterburq şəhərində yerləşən
Rusiya Dövlət Tarix
Arxivində əlahəzrətin kameral
şöbəsinin işləri saxlanılır. Həmin sənədlərin birində deyilir ki, Qafqaza
səyahət edərkən Zərrintac xanımın
dünyagörüşünə və gözəlliyinə heyran qalan Rusiya
çarı ona 500 rubl
dəyərində olan göy
və qırmızı yaqutlarla, həmçinin
brilyantlarla bəzədilmiş bir qolbaq hədiyyə edib. Həmin sənəddə göstərilir
ki, bu qolbağı mahir zərgər Faberje
düzəltmişdir. Moskvadakı Rusiya Hərbi
Dövlət Tarixi Arxivindəki sənədlərdə
də Zərrintac xanımın birinci ərinin
Abbasquluxan İrəvanski olduğu
yazılıb. Onların övladlarının olub-olmaması
haqqında məlumat yoxdur. Zərrintac
xanımın Maqsud Əlixanovla
nikahından 1899-cu il iyunun
19-da ilk övladları olan
Adil xan doğulub. Təəssüf ki,
Adil xan az yaşayıb. İkinci
oğulları Hafiz xan
Sankt-Peterburqda Paj korpusunda oxuyub və general Qlebovun qızı Yelena ilə ailə qurub. Böyük zəfər yolu
olan Maqsud Əlixanov
1907-ci il iyulun 3-də
gecə saat 2.30-da erməni terrorunun qurbanı olub. Kabardin polkunun iclasından
qayıdanda onunla birgə oğlu
Hafiz xan, gəlini, gəlininin
anası ekipajda idilər. Onlara
atılan iki bomba Əlixanovun
həyatına son qoyur.
Oğlu və gəlini yaralanırlar. Bu hadisə o vaxtkı Aleksandropol (Gümrü)
şəhərində baş verir. Hadisə zamanı Hafiz
xan onunla birgə olsa da, Allah
onu qürbət ellərdə tək-tənha
qalan anası və birdə onu sevən doğmaları üçün
qoruyub saxlayıb. Onun
faciəli ölümü haqda
ilk xəbəri “Russkie
vedomosti” qəzeti 4 iyul
1907-ci il, 151 sayında dərc edir. Rusiyanın ən nüfuzlu
qəzetləri bu haqda
təfsilatı ilə xəbər verirlər. Bu
haqda ən tutarlı yazını isə
“Russkoe znamya” qəzeti
çap edir (7 may 1907, ą 147). Onun faciəli
ölümündə birbaşa Qafqaz canişini qraf Vorontsov-Daşkovu
günahlandırır. Tiflisin o zamanlar çox
populyar olan dövlət
qəzeti “Kavkaz” özünün
146-cı sayında (13 iyul 1907-ci il) məşhur general-leytenant
Maqsud Əlixanov-Avarskinin həlak
olması və Aleksandrapolda dəfn
olunması haqqında ətraflı məlumat verir.
Ancaq generalın həyat yoldaşı buna çox ciddi etiraz edərək deyir ki, o,
müsəlmandır erməni qəbiristanlığında torpağa tapşırıla bilməz. Zərrintac
xanım 17 iyulda cənazəni təntənəli
surətdə Tiflisə gətirdir, oradan
Bakıya, Bakıdan isə Avarıstanın paytaxtı Xunzaxa aparıb generalın doğulduğu
torpaqda dəfn edir. Sənədlərin
məlumatına görə bu kədərli
səfərdə onu oğlu
Hafiz xan və
qardaşları Cəfərqulu xan və
Rəhim xan müşayiət edir. Maqsud Əlixanova birinci dəfə bombanı Kutaisidə
atmışdılar. Yaralansa da ölməmişdi. Amma
ikinci dəfə qurtara
bilmədi. Yerindəcə qeyd
edək ki, Əlixanovun öldürülməsi
ilə bağlı Rusiyanın təhlükəsizlik idarəsi
çox ciddi təhqiqat
aparırdı. Bu təhqiqat 1914-cü ildə
yekunlaşdı. Amma əsl qatilləri
bilsələr də açıqlamadılar. Çünki
bu “Daşnaksütyun”
partiyasının işi idi.
Bu gün də Rusiya Dövlət Arxivinin
fondunda “Məxfi” və “Tamamilə məxfi”
qrifləri ilə ermənilərin inqilabçı “Daşnaksütyun”u
haqqında qalın-qalın qovluqlar
durmaqdadır. Bugünkü nəsil üçün həmin qovluqlarda
çox vacib məlumatlar
var. Maqsud Əlixanov həm
də gözəl ədəbiyyatçı, tarixçi
və jurnalist idi.
Rusiyanın ən nüfuzlu qəzet və
jurnallarında 58 irihəcmli yazısı çap
edilib. Onu da deyək ki, o, “Mərv vadisinə gedən yollar”,
“Tarixi-Dərbəndnamə”, “Şahın
qonaqlığında” və “Xivəyə yürüş”
kitablarının müəllifidir. Xeyli əlyazması
qalıb. O, həm də gözəl poliqlot
idi. Rus,ərəb, fars,
türk və dağlı dillərini
mükəmməl bilirdi. Onun
“Tarixi-Dərbəndnamə”sini oxuyanda əsil
şərqşünas, ərəbşünas, Qafqazşünas və coğrafiyaşünas
kimi görürük.
Generalın yaradıcılığı Qafqaz tarixinin dərindən
öyrənilməsində də əvəzsiz mənbədir.
Əlixanovun Azərbaycan tarixinə bəxş etdiyi ən dəyərli iş
isə general-leytenant İsmayıl xandan aldığı müsahibədir. 1895-ci
ildə qələmə aldığı bu
müsahibə “Kavkaz” qəzetində dərc
olunub. Bu ailənin
başına gətirilən faciə haqqında “Kavkaz” qəzeti əvvəldən axıra kimi məlumat verib.
Generalın matəm günlərini təsvir etməklə
yanaşı onun xanımını çox sədaqətli olduğunu
dönə-dönə yazıb. “Kavkaz” qəzetinin
Tbilisidəki mərkəzi kitabxanada bütün nömrələri qorunub saxlanılır. Yazıçı
və hərbiçi, tarixçi, etnoqraf olan general-leytenant
Maqsud Əlixanov və onun
xanımı haqqında olan
yazıları oxuduqdan sonra
20 il bundan əvvəl
Xunzaqda gördüyüm
tarmar olmuş məzarını
xatırladım. Ötən əsrin 20-illərində sovet hökumətinin sağ
əli olan daşnaklar
onun Xunzaxda-Qədim Avar
xanlığının paytaxtında olan
məqbərəsini partlatmışdılar. Zərrintac
xanımın hünəri və qorxmazlığı məni
Kutaisi və Qoriyə aparıb
çıxardı... Onun barəsində çox maraqlı faktlar
öyrəndim. Yaddaş üçün qeyd edək ki, Zərrintac
xanım tariximizdə 6 cəsur Kəngərli general
– general-mayor I Ehsan xan, general-leytenant
İsmayıl xan, general-mayor
II Kalbalı xan, tam süvari generalı Hüseyn
xan, general-mayor III
Kalbalı xan, general-mayor
Cəmşid xan Naxçıvanskilər kimi qorxmaz və hünərli
olduğunu tarixə yazdı. Bu yöndə
axtarışlarımı davam etdirdiyimdən
hələlik bunlar haqqında
yazmağı sonraya saxlayıram. Ərinin
öldürülməsindən sonra oğlu Hafiz xanla yad ellərdə tək-tənha
qalan Zərrintac xanım son
günlərini, aylarını, illərini harada
yaşayıb? Onu inqilab
tufanları dünyanın hansı ölkəsinə
aparıb? Yəqin ki, axtarışlar öz sözünü deyəcək.
Musa RƏHİMOĞLU
(QULİYEV),
AMEA Naxçıvan Bölməsi
Tarix,
Etnoqrafiya və Arxeologiya
İnstitutunun elmi işçisi
525 qəzet.- 2011.- 7 sentyabr.- S. 7.