Səni tanımağa çox şad oldum, Emin!

 

İTALYANLARI HEYRƏTƏ SALAN AZƏRBAYCANLI GƏNC – ONUN ADI EMİN EMİNZADƏDİR

 

Ofisimə qonaq gəlmişdi. İtaliyadakı uğurlu çıxışı, planları barədə söhbətlər etdik. Bu cür böyük istedada malik gəncləri görəndə qürur hissi keçirir insan. Emini çıxışlarından qiyabi tanıyırdım. Dünya şöhrətli italyan müğənni Robertino Lorettinin Bakıda konserti zamanı Eminin ifasına heyran qalması və onun haqqında yüksək fikirlərindən çox sevinmişdim. Sonra onun italiyada möhtəşəm çıxışını izləyen hər kəs kimi mənim də sevincdən gözlərim yaşarmışdı. Amma onunla görüş zamanı mən böyük istedada malik bir gənclə yanaşı, mədəni, tərbiyəli, ağıllı, vətənpərvər bir sözlə hərtərəfli gözəl bir Azərbaycan gəncini tanıdım və onunla söhbətdən çox məmnun oldum. Mən inanıram ki, dövlətimizin də dəstəyi ilə bu böyük istedad dünyada öz sözünü deyəcək və uğurları ilə Azərbaycanımızı və dünyadakı bütün Türk insanını sevindirəcək. Sənə uğurlar Emin! Səni tanımağa çox şad oldum! Bəlli olduğu kimi, bu il fevralın 13-də dünya şöhrətli italyan müğənni Robertino Loretti Azərbaycan tamaşaçıları üçün ilk dəfə Bakı səhnəsində solo-konsert proqramı ilə çıxış etdi. Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti, hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzinin nəzdindəki musiqi məktəbində (fortepiano şöbəsində) təhsil alan Emin Eminzadə əfsanəvi tenorun ünlü “Jamayka” (sonra isə digər gənc solist İslam Qasımovla birgə “O Sole Mio”) mahnısını oxumuşdu. İtaliyalı müğənni həmin çıxışdan sonra Emin Eminzadəni “Azərbaycanın Robertinosu” adlandırdı, ona vurğunluğunu ifadə etdi. Ardınca Robertino Lorettinin də təşəbbüsü ilə Emin Eminzadə Roma şəhərində keçirilən “Elia Catalano” milli festivalına dəvət aldı. Artıq mətbuatdan bəlli olduğu kimi, ötən ayın 13-dən 16-dək keçirilən festivalda İtaliyanın tanınmış sənətçiləri və musiqiçiləri iştirak ediblər. İyulun 13-də, yəni festivalın ilk günündə Azərbaycanın gənc vokalçısının Robertino Lorettinin repertuarından məharətlə ifa etdiyi mahnılar tamaşaçıların sürəkli alqışları ilə ayaqda qarşılanıb və Emin Eminzadə ən yüksək sonuca çataraq “Elia Catalano” milli festivalının laureatı olub. Ödül gənc solistə, başqa bir görkəmli italyan sənətçisi – (festivalın Təşkilat Komitəsinin rəhbəri,) maestro Fabrizio Masci tərəfindən təqdim olunub. Necə deyərlər, iş bununla da bitmir – iyulun 15-də Emin Eminzadə dünya şöhrətli müğənni Robertino Loretti və ailəsinin qonağı olub və əfsanəvi toner gənc solistimizə bir neçə günlük “Master class” keçib. Gənc Azərbaycanlı balasının səsinə və sənətinə tutqusunu bir daha vurğulayan Robertino Loretti onu payızda Moskvada keçiriləcək yubileyinə dəvət edib. Bir Azərbaycanlı kimi sevinir və qürur hissi keçirirəm ki, Moskvada keçiriləcək yubiley tədbirində əfsanəvi toner gənc solistimizlə birgə səhnədə oxuyacağını bildirib! Bizim Emin isə vətənpərvərlik duyğuları ilə daha bir təklifdə bulunaraq, ustad Lorettidən onunla birgə Azərbaycan xalq mahnısı oxumağı xahiş edib! Əfsanəvi toner də şanına yaraşan şəkildə Azərbaycan xalqının musiqisini və mədəniyyətini çox sevdiyini söyləyib. Onu da əlavə edim ki, iyulun 16-da Emin Romanın mərkəzində (Trastevere səmtində) düzənlənmiş “Elia Catalano” milli festivalının möhtəşəm qala-konserti olan “Festa de noantri” konsert proqramında çıxış edib. Qala-konserti böyük tamaşaçı kütləsi izləyib. Qonaqlar arasında Azərbaycan Respublikasının İtaliyadakı böyükelçisi Vaqif Sadıxov və diplomatik korpusun əməkdaşları da olub. Eminin gözəl çıxışından sonra tədbirin aparıcısı Azərbaycan böyükelçisini səhnəyə dəvət edərək, ona və Azərbaycan xalqına İtaliya xalq mahnılarını peşəkarlıqla ifa edən belə istedadlı gənc yetişdirdiyinə görə təşəkkür edib. Hörmətli diplomatımız da öz növbəsində bütün tamaşaçılara, konsertin təşkilatçılarına, özəlliklə Fabrizio Masciyə və digər qonaqlara Emin Eminzadənin sənətinə yüksək qiymət verdiklərinə görə təşəkkürünü bildirib. Əziz oxucu, mən bu sətirləri yazmağa niyə ehtiyac duydum? – Ona görə yox ki, bu bilgilər geniş ictimaiyyətə bəlli deyildi. –Xeyr! – Mən sadəcə olaraq, bir millət vəkili, bir Azərbaycan vətəndaşı olaraq, 14 yaşlı Eminə, onun valideynlərinə, müəlliməsi, Milli Konservatoriyanın dosenti, respublikanın əməkdar müəlliməsi və sənətşünas-alim Məryəm Babayevaya, Eminə əməyi keçən hər kəsə, təhsil aldığı məktəbin kollektivinə öz sayğımı, şükranlıq duyğularımı ifadə etmək istədim! Yeni uğurlar, Emin! İndiyə qədər qazandıqların səni arxayın salmasın. Bunlar yaxşıdır, indiki yaşın üçün çox yaxşıdır, ancaq biz səndən gələcəkdə daha böyük uğurlar, başarılar gözləyirik! Bizim buna haqqımız var. Bu haqqı isə bizə sənin istedadın, yetənəyin, sənə bəslədiyimiz inam verir!

 

Sayğılarımla,

 

Qənirə PAŞAYEVA,

millət vəkili

 

525-ci qəzet.- 2011.- 13 sentyabr.- S. 7.