Qarabağ nisgilli
şair
Poeziyasının vurğunu olduğum, sözün dəyərindən mənəvi qida aldığım şair-jurnalist Əliş Əvəz çağdaş Azərbaycan diaspor ədəbiyyatının tanınmış nümayəndəsidir. Şairin canında bir hikmət yaşayır, bu hikmət onun poeziyasına əriyib qarışır, sözünün təsirini artırır. O, uzun illər Moskvada yaşamasına baxmayaraq, milli ruha, doğma torpaqlarımıza, saf, təmiz ana dilimizə ayrılmaz tellərlə bağlıdır. Şairin “Ana Tərtər” kitabını oxuduqca bu müqəddəsliyin canlı şahidinə çevrilirsən.
Əliş Əvəz 1956-cı ildə gözlərini Qarabağ torpağının Bərdə bölgəsində dünyaya açmışdır. Kənd həyatını yaşamış, safürəkli insanların əhatəsində onlardan etibar, sədaqət, inam, dəyanət öyrənmişdir.
O, hərbi xidmətdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuş, sonra M.V. Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmişdir. Təhsilini burada başa vuraraq, jurnalist ixtisasına yiyələnmişdir.
Təyinatla Bakıya göndərilən Əliş Əvəz o vaxtkı hökumət və kommunist partiyası məmurlarının süründürməçiliyi üzündən iki il işsiz qalmış, qəzetlərdən və radiodan aldığı cüzi qonorarlar hesabına yaşamışdır. Ən nəhayət, iş tələb etdiyi üçün Respublika Ali Təhsil Nazirliyindən milislə qovulmuşdur, hətta ona azad təyinat verməkdən də imtina etmişlər.
Elə o vaxtdan şairin taleyi Rusiya ilə bağlanmışdır.O, burada yerli Sənaye Nazirliyinin informasiya xidmətində redaktor vəzifəsində çalışmış, MDU-nun aspiranturasına qəbul olmuşdur. Ancaq yenicə başlamış Qarabağ müharibəsinin sıxıntıları onu namizədlik dissertasiyasını yarımçıq qoymağa məcbur etmişdir.
90-cı illərin əvvəllərində Moskvada çıxan Ümumittifaq “Neftyanik” kütləvi informasiya jurnalının məsul katibi işləyən Əliş Əvəz, Qarabağda baş verən Xocalı soyqırımının dəhşətlərinə dözməyərək, həmin günlərdə könüllü yazılmaq üçün cəbhə xəttinə gedir. Ancaq Qarabağda könüllülər işinə rəhbərlik edən Milli Qəhrəman Allahverdi Bağırov onun jurnalist olduğunu biləndən sonra “ qələmi ilə mübarizə aparmağı” məsləhət görür.
Moskvaya dönən şair-jurnalist “Qarabağ həqiqəti” və Rusiya jurnalistlərinin Azərbaycana qərəzli münasibətlərini tənqid edən “Jurnalist borcu, şərəf və vicdan haqqında” kimi məqalələr yazıb işlədiyi jurnalda dərc etdirir. Həmin yazılarda 366-cı alayın Xocalı soyqırımının əsas törədicisi olduğunu yazdığına görə onu işdən azad edirlər. Ancaq üç aydan sonra Rusiyalı dostlarının köməyilə o, işə bərpa edilir.
Qeyd etmək lazımdır ki, həqiqəti yazdığına görə belə işdən azad edilmələr şairin taleyində az olmamışdır. Sonralar işlədiyi bir qəzetdə məşhur türkoloq Murad Acı ilə türk dünyasının tarixi haqqında apardığı müsahibəyə görə yenidən işsiz qalmışdır.
Ümumrusiya “Rossiyskaya Federatsiya” qəzetinin xüsusi müxbiri işləyəndə də şair Qarabağ həqiqətlərini dünyaya çatdırmağa cəhd etmişdir.
Rusiyada zəngin mənəviyyatlı, güclü Azərbaycan diasporunun formalaşması Əliş müəllimin arzusudur. Bu yöndə də onun xüsusi xidmətləri vardır. O, Rusiyada fəaliyyətə başlayan ilk diaspor cəmiyyətlərinin (“Azərbaycan”, “Ocaq” ) işlərində fəal iştirak etməklə bərabər, həmyerlilərimizin ilk böyük diaspor təşkilatı olan Azərbaycan Vətəndaşlıq Assambleyasının təftiş komitəsinin üzvü olmuşdur. Hazırda Moskvada fəaliyyət göstərən ən böyük Azərbaycan diaspor qurumlarının da üzvü olmaqla, onların inkişafına əlindən gələn köməyi edir.
Elə bu həvəslə Əliş Əvəz 1990-cı ildə Moskvada nəşrə başlayan ilk Azərbaycandilli mətbuatın-“Azərbaycanın səsi” ( Şamil Qurbanov və Oktay Hüseynovla birgə), “Azərbaycan diasporu” ( Oktay Hüseynov və Rafiq Aranlı ilə birgə), “ Asudə vaxt” ( Cahangir Nəbioğlu ilə birgə) qəzetlərinin əsasını qoyanlardan biri, daha doğrusu, təcrübəli bir jurnalist kimi onların praktik yaradıcısı olmuşdur. Həmin qəzetlərin adlarını da Əliş Əvəz vermişdir. Daha sonra o, “ Diaspora-inform” qəzetini təsis etmişdir.
Moskvada bu gün müvəffəqiyyətlə nəşr olunan, diaspora aid iki ən böyük rusdilli qəzetin ( “Azerros” və “Azerbaydjanskiy konqres”) ilk nömrələrindən başlayaraq Əliş müəllim öz qələmi ilə onların təşəkkülünə kömək etmişdir. O, həmdə Rusiyada latın qrafikası ilə nəşr olunan ilk qəzetin –“Azerros” qəzetinin azərbaycanca variantının praktik yaradıcısı ( Tariyel Süleymanla birgə) olmuşdur.
Əliş Əvəz müntəzəm olaraq müxtəlif qəzetlərdə çıxış edərək öz yazıları vasitəsilə Azərbaycan həqiqətlərini, Qarabağ dərdimizi Rusiyalı oxuculara çatdırır, mədəniyyətimizi, adət – ənənələrimizi təbliğ edir. Onun Ulu Şəhriyarın 100 illiyi münasibətilə Moskvada dərc etdirdiyi iki məqaləsi Şəhriyar fenomeninin Rus xalqına tanıtdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Əliş müəllim artıq on ildən artıqdır ki, Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi-mədəni cəmiyyətinin ilk yaradıcılarından biridir.
Əliş müəllim hazırda Rusiya Federasiyası Dövlət Tarix muzeyinin əməkdaşıdır. O, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Rusiya Jurnalistlər Birliyinin, Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Yazarlar və publisistlər Assosiasiyasının üzvüdür. Əliş müəllim həmdə Cənubi Azərbaycandan olan soydaşlarımızın dərc etdirdikləri “21 Azər” jurnalının Moskva nümayəndəsidir. Burada dərc etdirdiyi yazıları ilə şair cənub dərdimizi dilə gətirmişdir. O, Azərbaycan jurnalist müharibə veteranları təşkilatının da üzvü və Moskva nümayəndəsidir. Qarabağ müharibəsindən yazdığı məqalələrə görə bu quruma üzv seçilmişdir.
Əliş Əvəzin diaspor ədəbiyyatımızda
öz yeri, öz nəfəsi vardır. Onun şeirləri
özünəməxsus dərin fəlsəfi tutumu və
lirizmi ilə fərqlənir. Şair uşaqlıq illərində
tərəkəmə həyatını yaşamış,
elatla dağa-arana getmiş, çətinlikləri, təbii
gözəllikləri görmüşdür. Bu müşahidələr
onun yaradıcılığına daim öz təsirini
göstərmişdir. “Qalıbdı” şeiri
dediklərimizə sübutdur:
Çiçəkli
yollara mən də çıxmışam,
Qantəpər
dərmişəm, zirə yığmışam.
Sürü
otarmışam, qoyun sağmışam,
Əlimdə
əmcəyin kiri qalıbdı.
Ümumiyyətlə,
onun poeziyası hamar olmayan ömür yolunun bədii ifadəsidir.
Bu poeziyanın yolu mənəvi mənəvi ağrılardan
keçir: Qarabağ nisgili, vətən həsrəti,
qürbət acıları, dəlicəsinə sevdiyi
xalqını birincilər cərgəsində görmək
arzusu ilə
“Vətən”
şeirində yazır:
Vətən!
Qədrini
bilsinlər deyə
Dara
çəkilməyə hazıram.
Çiçəklərinin
dərdindən
Ölsünlər
deyə
Dərdlərinə
dözürəm.
Ürəyim
əlimdə silahım,
Müsəlləh
əsgərinəm mən.
Yəqin
şəhidin olacam
Ona dəyən
güllələrdən.
Qarabağ
itkisi şairi daim göynədir:
Qara
çadırdan oğuz igidin doğuldu,
Qara
bəxtim qılıncına yetmədi.
Qarabağım
yad əllərdə əsir oldu,
Qara
bəxtim qara daşa dönmədi.
Az
sözlə geniş fikir, dərin hiss-həyəcan ifadə
etmək Əliş Əvəz şeirlərinə xas
xüsusiyyətlərdir.
Yaxınlar-həsrətim,
Uzaqlar-qismətim.
Uzaqlarda
anam ağlayıb,
Göz
yaşları salxım bağlayıb.
Əliş
Əvəz poeziyasında bir yenilik də özünü
göstərir. Bu, onun “İlahiyyələr” silsiləsindən
yazdığı şeirlərin əksərinin forma və məzmunda,
bir çox şeirlərinin qafiyə sistemində, palindromik
(müstəvi) şeirlərində nəzərə
çarpır. Onun təcnisləri də yeni məzmunda,
quruluşda səslənir:
Sənət
neyinin yanıqlı xalıyam,
Həsrət
içində adayam, xalıyam.
Dövrün
zülmüylə naxışlı xalıyam,
Qəmdən yaranıb, dərddən toxunmuşam.
Şairin yaradıcılığı haqqında məqalələr yazmış görkəmli şeir-sənət biliciləri-mərhum professor Rafiq Sarıvəlli (Qurbanov), şair Ağa Laçınlı, professor Kamil Vəli Nərimanoğlu və başqaları onun poeziyasını yüksək qiymətləndirmiş, şeirlərindəki səmimiyyəti və lirizmi xüsusi vurğulamışlar.
Əliş Əvəz qəlbinin səsinə qulaq asan, özünə tələbkar, poeziya qarşısında səcdə edən şairdir. Onun poeziyası da, publisistikası da Şimallı-Cənublu, Qarabağlı-Göyçəli bütün Azərbaycanı əhatə edir. Onun yaradıcılığının hər iki qolu bir-birini tamamlayır.
Vasif MƏMMƏDOV,
“Şəhriyar” Ədəbi-Mədəni
cəmiyyətinin
sədri
525-ci qəzet.- 2011.- 13 sentyabr.- S.
7.