Azərbaycan günləri:
unudulmaz təəssüratların izi ilə
Şimali Amerika qitəsinin yuxarı hissəsində
böyük bir ərazini əhatə edən Kanadanın
insanların firavan, rahat yaşayışı
üçün çox əlverişli bir ölkə
olması barədə kifayət qədər məlumatımız
var idi. Təsadüfi deyil ki, hazırda Kanadada azərbaycanlıların
da sayı artıq minlərlə ölçülür. Onlar
ən müxtəlif sahələrdə – neft sənayesi,
biznes,təhsil və xidmət sektorunda işləyir və
tamamilə fərqli mentalitetə malik ölkədə öz
milli və dini mənsubiyyətlərini qoruyub saxlamağa
çalışırlar. Bizim gəlişimizin müqəddəs
Ramazan ayına düşməsi də bu fikrin həqiqiliyini
bir daha təsdiqlədi. Toronto hava limanında nümayəndə
heyətini qarşılayan həmvətənlərimiz öz
avtomobillərində bizi Niaqara şəhərinə
çatdırdıqdan sonra tələsik geriyə dönməli
oldular: 200 nəfərlik iftar süfrəsini azərbaycanlılar
birgə açmalı idi. Niaqara şəhəri isə bizi
elə ilk tanışlıqdan füsunkar
yaşıllıqları , sözün əsil mənasında
gül-çiçəyə qərq olmuş küçələri
, zövqlə bir-birinin ardınca sıralanmış,
özü də aralarında heç bir hasar və arakəsmə
olmayan orijinal dizayna malik evləri , gülərüz, nəcib
insanları ilə qarşıladı. Kanadanın əsasən
imkanlı vətəndaşlarının villaları yerləşən
bu əsrarəngiz cənnətməkanda musiqi
festivallarının, eyni zamanda Vilyam Şekspir və Bernard
Şou adına teatr festivallarının möhkəm bir ənənəyə
çevrilməsi tamamilə təbii göründü.
Avqustun 25-də Memorial Bələdiyyə binasında keçən
ilk tədbirimiz – Azərbaycanın görkəmli sənətkarları,heykəltəraş
Ömər Eldarov və rəssam Tahir Salahovun, habelə sənətdə
ilk uğurlu addımlarını atan Məryəm Ələkbərli
və Ülviyyə Şükürovanın işlərindən
ibarət sərgi də yerli ziyalılar, hakimiyyət nümayəndələri
tərəfindən diqqət və ehtiramla
qarşılandı. Şəhərin mərkəzində
yerləşən və özündə şərəfli
bir tarixi yaşadan bu qədim binada Kanada tarixində önəmli
rol oynamış, habelə dünya çapında iz
qoymuş şəxsiyyətlərin portretləri, onlara aid əşyalar
qorunub saxlanılır. Əlbəttə, bu sırada
ümummilli lider Heydər Əliyevin büstünü görmək
ürəyimizi fərəh hissi ilə doldururdu. Tədbir boyu
çıxış edənlər – Niaqara tədbirlərinin
əsas təşkilatçısı və
iştirakçısı kimi bu məclisdə də
aparıcılıq missiyasını öz üzərinə
götürmüş istedadlı həmvətənlimiz, bəstəkar
və dirijor, Azərbaycanın əməkdar incəsənət
xadimi, Niaqaranın beynəlxalq artisti İsmayıl Hacıyev,
millət vəkilləri, tanınmış publisist və
yazıçı Elmira xanım Axundova, Milli məclisin
Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə,
virtuoz ifası ilə daim bizləri heyrətləndirən
xalq artisti, ustad tarzənimiz Ramiz Quliyev, bu sətirlərin
müəllifi Azərbaycanın tarixində, o cümlədən
mədəni inkişafında ulu öndərin müstəsna
rolundan danışıb, bu ənənənin layiqli
davamçısı olan Heydər Əliyev Fondunun hazırda
milli incəsənətə, musiqi irsinə, muğama
xüsusi qayğı ilə yanaşdığını
vurğuladılar. İlk öncə isə Azərbaycandan gələn
qonaqları Niaqara şəhər merinin müavini , onun
ardınca Niaqara Musiqi Festivalının bədii rəhbəri,
Toronto Kral Akademiyasının professoru Atis Bankas salamladılar
və hər il Niaqarada Azərbaycan günlərinin
böyük məmnunluqla qarşılandığını
dilə gətirdilər. Sözün, rəngin və musiqinin
üzvi vəhdətini nümayiş etdirən məclisin
canlı və səmimi gedişatına Ramiz Quliyevin
ehtiraslı, bəzən deyilən sözə qüvvət
kimi qavranılan bədahətən çalğısı,
habelə istedadlı muğamatçılar – xanəndə
Ehtiram Huseynov və tarzən Sahib Paşazadə, muğam
üçlüyündə kamançanı məharətlə
dilləndirən amerikalı muğam vurğunu Ceffri Verbax məxsusi
bir ovqat qatırdılar. Sonda səslənən məşhur
xalq mahnısının “Səni mən yaman sevirəm, ürəkdən,candan
sevirəm” kəlmələri isə uzaq Kanadada, vətəndən
çox-çox uzaqlarda yaşayan həmvətənlərimizin,
elə qısa səfərə gəlmiş bizlərin də
sanki ürəyindən xəbər verirdi.
Azərbaycan muğamlarının və
bəstəkar musiqisinin kanadalılar və şəhərin
qonaqları tərəfindən həqiqətən də
canlı maraqla qarşılanmasına isə avqustun 26-da
Müqəddəs Mark kilsəsinin klassik musiqi salonunda baş
tutmuş möhtəşəm konsert zamanı öz
gözümüzlə şahidlik etdik. Konsertin rəsmi hissəsi
Kanada parlamentinin deputatı, böyük nüfuz sahibi cənab
Monte Kvinterin, Niaqara regionunun qubernatoru Lord Qerri Borrounun və
parlamentin xanım üzvü Yasmin Ratanzinin səmimi, ölkəmizə
böyük rəğbətlə dolu
çıxışları ilə hafizəmizdə qaldı.
Kanadalı çıxışçılar Azərbaycan
parlamentinin iki nümayəndəsinin xüsusi olaraq bu beynəlxalq
musiqi məclisinə təşrif buyurmasını yüksək
qiymətləndirib, onlara dərin təşəkkürlərini
bildirdilər. Öz növbəsində Azərbaycan mədəniyyətinin
Kanadada təbliğinə xüsusi dəstək verən bir
qrup Niaqara ziyalısına Azərbaycanın Kanadadakı səfiri
Fərid Şəfiyev xatirə hədiyyələri və fəxri
fərmanlar təqdim etdi. İki ölkə arasında
qarşılıqlı ehtiram mühiti nümayiş etdirən
rəsmi hissədən sonra isə tədbirin musiqi hissəsi
Niaqara “İpək yolu” orkestrinin ifasında (bədii rəhbər
və dirijor – İ.Hacıyev) Üzeyir Hacıbəylinin
ölməz “Koroğlu” Üvertürası ilə
açıldı. Konsertin rəngarəng proqramı sanki Azərbaycan
muğamının müasir musiqi aləmində ən
müxtəlif təzahür formalarını əks etdirirdi:
muğam parçaları bəstəkar
yaradıcılığının dəyərli nümunələri
ilə növbələşərək Şərq və Qərb
musiqi təfəkkürünün orijinal musiqi dialoqunu
xatırladırdı. Orkestrin müşayiəti ilə
Qarabağ Şikəstəsi (muğam triosu – Ehtiram
Şükürov,Sahib Paşazadə,Ceffri Verbax) və
Heyratı zərbi muğamları (solist Ramiz Quliyev) T.Quliyevin
“Qızıl üzük”, “Bakı haqqında mahnı”sı(
solist Həsən Enami), Motsartın piano üçün 23
saylı konserti (solist Riyad Məmmədov), Qara Qarayevin
“İldırımlı yollarla” baletindən “Qızların rəqsi”,
habelə gənc bəstəkar Kərəm Əkbərovun “Qəbələ”
simfonik süitası ilə əvəzləndi. Hər
çıxış sürəkli alqışlarla müşayiət
olunurdu. Xüsusilə xalq artisti, ustad tarzənimiz Ramiz
Quliyevin dolğun, mükəmməl səslə tarı dilləndirmək
bacarığı dinləyiciləri vəcdə gətirirdi.
Gənc, lakin artıq kifayət qədər məşhurlaşmış
və Niaqara festivallarında ad çıxarmış Sahib
Paşazadənin proqramdankənar solo
çıxışı da zalda coşqu ilə
qarşılandı. Tarzən cəsarət edib Montinin məşhur
“Çardaş”ını müşayiətsiz, özü də
tara səciyyəvi olmayan qeyri-adi çalğı
üsulları ilə təqdim etdi. Əgər milli musiqi
ifaçılarımız salonda əyləşənlərə
yeni, bəziləri üçün isə ilk dəfə olan
və bununla da hələ kifayət qədər müqayisə
imkanı yaranmamış bir sənəti nümayiş
etdirirdilərsə, gənc pianoçumuz Riyad Məmmədov
yüksək rəqabətli bir şəraitdə öz məharətini
göstərirdi. Artıq 20-dən çox güclü
pianoçunun çıxış etdiyi Niaqara festivalında
Riyad nəinki çox məşhur olan klassik əsərin
öhdəsindən uğurla gəldi, habelə
tamaşaçı alqışlarına cavab olaraq bədahətən
populyar Kanada bəstəkarının melodiyasına
yaxşı bir caz improvizasiyası da quraşdırıb
çaldı. Konsertin ikinci hissəsi də maraqlı yeniliklərlə
zəngin oldu . Xüsusilə, muğamlarımızın, hər
bir azərbaycanlının dillər əzbəri olan
mahnıların həm də kanadalı ifaçıların
təfsirində səslənməsi böyük maraq
doğururdu. Niaqara Musiqi
Festivalının bədii rəhbəri, Toronto
Kral Akademiyasının professoru
məşhur skripkaçı Atis Bankas “Bayatı-Şiraz” muğamını
yüksək şövqlə dinləyicilərə
çatdıra bildi. Bunun ardınca səhnəyə
çıxan qeyri-adi tərkibli “Gelato” kvarteti
(skripkaçı – müğənni, qoboy,
violonçel və akkordeon-piano)
virtuoz, yüksək cərəyanlı ifa tərzi ilə bizləri riqqətə gətirdi.
Əvvəlcə Beynəlxalq aləmdə çox
məşhur olan bəstəkarımız,
xalq artisti Firəngiz Əlizadənin
“Yanar Dağ” əsəri qrupun
solistləri – Elizabet Maqlellan
(violonçel) və Aleksandr
Sebastianin(akkordeon) təfsirində
parlaq, sözün əsil
mənasında alovlu bir
təsir bağışladı. Lakin bu virtuoz kvartetin
gözəl sürprizi bununla
bitmədi. Gelato kvarteti Atis
Bankasın iştirakı ilə xüsusi
olaraq onlar üçün aranjiman edilmiş Azərbaycan mahnılarından (“Sən
gəlməz oldun”, “Bu
gün ayın üçüdür”
və s.) ibarət orijinal
kompozisiyanı elə ürəkdən çaldı ki, bir anlığa çox uzaq bir məkanda olduğumuzu
belə unutduq.Ən maraqlısı isə odur ki, bu
əlvan mahnı çələngini çalmazdan
qabaq, qrupun rəhbəri
italyan mənşəli Peter
de Sotto gözlənilməz
bəyanatla çıxış etdi. O dedi: “Agah olun
ki, indi sizlərə
təqdim edəcəyimiz melodiya erməni
mahnısı deyil. Bu
Azərbaycan melodiyasıdır, Azərbaycan
melodiyasıdır və yenə təkrar edirəm ki, Azərbaycan melodiyasıdır”. Bax, beləcə! İnsanların beynindən
möhkəm kök salmış yalan məlumatı çıxartmaq üçün italiyalı musiqiçi
həqiqəti düz üç
dəfə təkrarlamağı lazım bildi.
Nəhayət, bu şux ovqatlı musiqi məclisinin
sonuncu nömrəsi – ayaqüstə
alqışlanan bir ifa
– “İpək yolu” orkestrinin
və ustad sənətkarımız Ramiz Quliyevin bənzərsiz
təfsirində səslənən mərhum bəstəkarımız
Həsən Rzayevin ehtiraslı “Çahargah” rapsodiyası oldu.
Yalnız əsərin son
parçasını yenidən təkrarlayandan sonra
dinləyicilər axır ki,
ifaçıları səhnədən buraxdılar.
Azərbaycan günlərinin sonuncu
möhtəşəm akkordu avqustun 27-də Niaqara şəhərinin
yaraşıqlı və zəngin malikanələrindən
birində Azərbaycanın görkəmli heykəltəraşı
Ömər Eldarovun heykəltəraşlıq portretlərindən
ibarət fərdi bədii sərginin nümayişi oldu. Sərginin
mərkəzini, daxili və zahiri gözəlliyinin vəhdəti
ilə hər zaman insanları heyran edən Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili, muğam sənətimizin böyük dostu Mehriban
xanım Əliyevanın büstü bəzəyirdi. Sərgiyə
toplaşanlar bu gözəl sənət abidəsinin
önündə muğam sədalarını dilləndirən
Ramiz Quliyevin, Sahib Paşazadənin, Ehtiram Hüseynovun
ifasına məmnunluqla qulaq asırdılar. Tədbirdə
bildirildi ki, Niaqarada Beynəlxalq Muğam studiyasının fəaliyyətə
başlaması qədim Şərq musiqi irsinin Qərb
dünyasına inteqrasiyasında əvəzsiz rol oynaya bilər.
Təbii ki, iki millət vəkilinin də
daxil olduğu Azərbaycan nümayəndə heyətinin
Kanadaya səfərində rəsmi şəxslərlə bir
sıra görüşlər də nəzərdə
tutulmuşdu. Qeyd edim ki, bu görüşlərdən,
onların keçirildiyi tarixi məkanlardan alınan təəssüratlar
heç də musiqi təəssüratlarından geridə
qalmadı. Xüsusilə, Toronto Parlamentinin ziyarəti hafizəmizdə
silinməz iz qoydu. XIX əsrin ortalarında inşa edilmiş
bu möhtəşəm memarlıq abidəsi özündə
həm də parlamentin zəngin, böyük və şərəfli
tarixini yaşadır. Geniş dəhlizlərin divarlarında
mərmər ağ lövhələr üzərində XIX əsrin
ortalarından, yəni ilk parlamentlərdən
başlamış bu günə kimi bütün tərkiblərin
siyahıları həkk olunub. XX əsrdə foto sənətinin
yaranması ilə millət vəkillərinin fotoşəkilləri
də böyük vinetka formatında öz əksini
tapmağa başlayıb. Əsil tarix muzeyini xatırladan
parlament binası ilə bizləri böyük hövsələ
ilə tanış edən parlamentin qocaman və çox
hörmətli üzvü cənab Monte Kvinter divardakı bir
neçə siyahıda öz adını da qürurla
göstərdi: axı dəfələrlə xalqın
etimadını qazanıb parlamentə seçilmək hər
siyasətçiyə nəsib olmur. Parlament
divarlarındakı ən fəxri yerləri isə
Böyük Britaniya kraliçası ilə bahəm(
xatırladım ki, Kanada parlamentin tarixində seçilmiş
bütün spikerlərin( müasir nümayəndələrin
belə) kətan üzərində yağlı boya ilə
çəkilmiş boyaboy portretləri bəzəyirdi.
Portretlərdən üzümüzə son dərəcə məğrur
və ləyaqətli simalar baxırdı. Aydın məsələdir:
Kanadanın dünyanın ən demokratik və inkişaf
etmiş ölkələri sırasına daxil olmasında bu
şəxsiyyətlərin müstəsna xidməti olub. Bu məmləkətdə
də keçmişə hörmət və ehtiram ən
möhkəm və sarsılmayan ənənədir. Parlament
binasının yaxınlığındakı parkda isə
bizi yeni və tamamilə təsadüfi görüş
gözləyirdi. Ağacların sırasında “doğma”
zoğal ağacını görüb, meyvələrindən
dadırdıq ki, gülərüz bir qadın bizə
yaxınlaşıb,- Siz, yəqin ki, azərbaycanlısınız.
Zoğalı yalnız bizimkilər başa düşür
–dedi. Məlum oldu ki, həmyerlimiz, 60 yaşlı Vera xanım
Əlizadə Bakıdandır. Özü də görkəmli
yazıçımız Sabit Rəhmanın
qohumlarındandır. Bu xanım artıq neçə illərdir
ki, Toronto Parlamentinin informasiya şöbəsində işləyir.
Bizdən ayrılmaq istəmirdi, lakin işə tələsirdi.
Nahar vaxtı artıq qurtarırdı.
Beləcə, uzaq Kanadada keçən
günlərimiz irili-xırdalı və ən müxtəlif
səpkili təəssüratlarla yaddaşımıza həkk
olundu. Unudulmaz və həmişəlik.
Lalə
HÜSEYNOVA,
Azərbaycan
Bəstəkarlar
İttifaqının
məsul katibi,
musiqişünas
525-ci
qəzet.- 2011.- 10 sentyabr.- S.11.