“Oktyabr yeni tamaşaların təqdimatları ilə əlamətdar olacaq”

 

“HƏR YENİ TAMAŞA AUDİTORİYA QARŞISINDA BİR İMTAHANDIR”

 

Sentyabr ayı müxtəlif günlərlə bərabər ölkədə teatr mövsümünün açılışı ilə də əlamətdardır. Bu məqsədlə müxbirimiz Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla görüşərək ondan teatrın bu mövsüm üçün nəzərdə tutulan repertuarı, hansı yeniliklərin gözlənildiyi barədə müsahibə alıb.

 

– İsrafil müəllim, biz ötən mövsümün sonunda da sizinlə görüşmək, nəticələr barədə söhbətləşmək istəyirdik. Amma cari işlər başımızı qatdı və bir də eşitdik ki, kollektiviniz yay məzuniyyətinə çıxıb. Deyəsən məzuniyyət qurtarıb, işə başlayırsınız. Necə deyərlər, mövsüm bitdi, mövsüm başlayır?

– Belə çıxır. Həqiqətən, mövsümün necə bitdiyi və yeni mövsümün necə gəlib çatdığını özümüz də bilmədik. Vaxt elə surətlə keçir ki...

 Əslində, bizim teatrın binasında əsaslı təmir – quraşdırma işləri aparıldığı səbəbindən digər teatr kollektivləri ötən ilin sentyabrında mövsümə başlasalar da Akademik Milli Dram Teatrı öz mövsümünə, 2011 – ci il martın 10 – da, yəni milli teatr günündə başladı.

– Məlum olduğu kimi, həmin vaxtdan mövsümün sonuna kimi kollektiv çox gərgin qrafiklə çalışıb.

– Elədir. Yaradıcılıq prosesi özlüyündə gərgin bir fəaliyyətdir. Amma Akademik Milli Dram Teatrının kollektivi qeyd etdiyim müddətdə əsl hünər göstərdi, böyük fiziki, mənəvi, istedad möcüzəsi ilə, fədakarlıqla çalışdı. Təsəvvür edin ki, bu ilin mart ayının 10-da fəaliyyətə başlayan kollektiv, iyul ayının 10-na kimi beş orijinal tamaşa təhvil verdi, əvvəlki repertuarda olan beş tamaşanı bərpa etdi. Bura onu da əlavə edək ki, həmin müddət ərzində paralel olaraq, daha beş tamaşa üzərində məşqlər aparılıb.

– Təhvil verilən tamaşalar hansılardır?

– Onlardan bir qismi, yəni İ. Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanan “Qarabağnamə” (qur. rej. M. Fərzəlibəyov), M. F. Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” (qur. rej. V. İbrahim oğlu), xalq yazıçısı Elçinin “Teleskop” (qur. rej. K. Şahmərdan), tanınmış yazıçı Afaq Məsudun “Qatarın altına atılan qadın” (qur. rej. M. Ələkbərzadə) tamaşaları dövlət sifarişi əsasında hazırlanıb, E. De Filipponun “Kabuslar” (qur.rej. N. Kazımov) tamaşası isə teatrın daxili imkanları hesabına ərsəyə gəlib. Teatrın əvvəlki repertuarında olan, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən beş tamaşa bərpa olunaraq, tamaşaçılara təqdim edilib.

– Doğrudanmı bu işlər cəmi dörd ay ərzində görülüb?

– Düzünə qalsa, üç ay ərzində...

– Necə?

– Həmin müddətdə teatrımızda “Avrovizion”, eləcə də “Muğam” müsabiqələrinin məşqləri və konsertləri, Gənclər və İdman Nazirliyinin, həmçinin Təhsil Nazirliyinin bir neçə gün ərzində keçirilən tədbirləri, eləcə də iyirmi günü əhatə edən istirahət və bayram günlərini nəzərə almalıyıq. Əlavə edək ki, həmin dövrdə K. Mərcanaşvili adına Gürcüstan Akademik Dram Teatrı teatrımızın səhnəsində iki günlük tamaşalarına, Polşanın Lyublin şəhərinin “Rəqs teatrı”nın tamaşasına, kollektivimizin Gürcüstana qastrol səfərinə, eləcə də respublika teatrlarının festivalı çərçivəsində ölkəmizin cənub bölgəsində çıxışlara ayrılan günlər də hesaba alınsa, yuxarıda qeyd etdiyimiz beş orijinal və beş bərpa tamaşalarının hansı zaman kəsiyində, ən vacibi isə uğurla hazırlanması təqdir edilməlidir.

Elə isə bu necə mümkün olub?

– Bilirsiniz, teatrın binası əsaslı təmir-quraşdırma işləri üçün iki ildən bir qədər artıq müddətə təmirə bağlandığından, fəal yaradıcılıq üçün ən sadə şəraiti belə olmayan binada çalışmaq məcburiyyətində qalan kollektiv fəaliyyətsiz vəziyyətə düşdüyündən, təbii olaraq, onun yaradıcılıq səyi azalmış, bütövlükdə teatrın ritmi zəifləmişdi. Razılaşın ki, səhnə yaradıcılığı isdedadın qanadlandığı fəaliyyətdir. Yaradıcı şəxsiyyət ruhla, ilhamla çalışır. Əgər o, qayğı, diqqət görərsə, möcüzə yarada bilər.

Təəssüf ki, yuxarıda qeyd etdiyim zaman içərisində yaradıcı heyət müəyyən mənada böyük məqsədlərdən uzaq olmuş, onun əmək və sənət intizamının səviyyəsi aşağı düşmüşdü. Bura illərlə davam edən repertuar siyasətindəki prinsipsizliyi də əlavə etsək, yaranmış vəziyyətin səbəblərini anlamaq çətin deyil.

Kollektivlə təmaslarımız, onun ayrı-ayrı üzvləri ilə söhbətlərimiz, mübahisələrimiz, apardığımız fikir mübadiləsi nəticəsində qarşıda duran estetik məqsədlər, strateji istiqamətlər müəyyənləşdi. Minnətdarlıqla qeyd etmək istəyirəm ki, kollektiv üzvlərinin əksəriyyəti tərəfindən anlaşılan niyyətlərim bəhrəsini verdi.

Yeni binada fəaliyyətə başlayan kollektivin yaradıcılıq ruhunda bir oyanma baş verdi. Mənim gözləmədiyim yaradıcılıq ovqatı, əsl sənət təşəbbüskarlığı faktı ortaya çıxdı. Şəxsən mənim üçün bir həqiqət hasil oldu ki, bu kollektivin sənət potensialı yetərincə yüksəkdir və o dürüst istiqamətə yönələrsə, ən mürəkkəb yaradıcılıq vəzifələrini uğurla həll edə bilər.

– Bunun üçün nə etmək lazımdır?

– Qeyri-adi heç bir şey. Sadəcə yaradıcılıq formasının peşəkarlıq dərəcəsinin artmasına yönələn tədbirləri həyata keçirmək kifayətdir. Bu zaman kollektiv başlıca məqsədə xidmət etmək mövqeyi seçməli, hər bir yaradıcı şəxs bütün səylərini, fərdi ustalığını, sənət sevgisini teatrın nüfuzunun artmasına sərf etməlidir. Bu zaman eqoistik mövqedən, təkəbbürdən, xırda hisslərin əsirliyindən uzaq olmaq əhəmiyyətli şərtdir.

– Sizcə, kollektiv buna hazırdır?

– Hələlik, birmənalı cavabım yoxdur. Amma əminliklə deyə bilərəm ki, kollektivin mənəvi-psixoloji ovqatında pozitiv dəyişikliklərin baş verdiyi danılmazdır. Yəni, istər yaşlı, istərsə də cavan nəslin nümayəndələri arasında yaradıcılıq əlaqələrinin sabitləşməsi, ənənəvi “böyük-kiçik” yerinin müəyyənləşməsi prosesinin uğurlu nəticələri müşahidə edilməkdədir. Bu gün yaradıcı kollektivin hər bir üzvü nə etdiyinin, necə etdiyinin fərqindədir.

– Sizin dediklərinizdən belə görünür ki, teatr böhrandan çıxmağa yaxındır.

– Dünyanın heç bir teatrı, hətta ən məşhur teatr kollektivləri belə böhran təhlükəsindən sığortalanmayıb. Böhranı yaradan səbəbləri hər bir teatrın uzun illik fəaliyyət tarixində müşahidə etmək olar. Yəni, kollektivdə nəsillərin dəyişməsindən başlamış, estetik ifadə vasitələrinin solğunlaşması, fəal dramaturgiya qıtlığına, müasirliyə həssaslığın, intizamın, nüfuzun, tamaşaçı auditoriyasının itirilməsinə qədər çoxsaylı səbəblər böhran vəziyyəti yarada bilər. Əslində böhran durgunluq faktlarının qeydə alınması və geriləmə proseslərinin başlamasıdır.

Burada başlıca məsələ yaranmış vəziyyəti vaxtında və düzgün qiymətləndirmək, obrazlı desək,diaqnozu dürüst müəyyən etmək, prosesi dayandıra biləcək ən təsirli tədbirləri həyata keçirməkdir.

 Bizim teatra gəlincə, deməliyəm ki, müşahidə edilən böhran vəziyyəti və onun aradan qaldırılması tərəfimizdən müəyyənləşdirilib, hətta həmin istiqamətdə ilk addımlar atılıb. Teatr mütəxəssislərinin fikrincə, görülən işlər uğurludur və teatrın gələcəyi barədə ən nikbin proqnozlar söyləməyə imkan verir. Bunu xüsusi qeyd etməliyəm ki, Dövlət başçısının məlum Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət proqramının həyata keçirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirləri sırasında teatrımızda aparılan islahatların böyük əhəmiyyəti var. Məhz həmin islahatlar sayəsində biz kollektivlə kontrakt münasibətləri qurmağa, rejissorlarla qonorar prinsipinə yer verməyə, repertuar siyasətində yaradıcılıq potensialının üzə çıxmasına, digər teatrlarla əməkdaşlıq əlaqələrinin yaradılmasına, o cümlədən, Avropa teatr məkanının inteqrasiya proseslərinə qoşulmağa nail ola bildik. Hazırda teatrımızın MDB ölkələrinin Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Özbəkistan, Moldova teatrları ilə, Avropada isə İtaliya, Polşa, Türkiyə, Makedoniya, Çexiya, Macarıstan, İsveç, Yunanıstan teatrları ilə əməkdaşlıq münasibətləri var. Hazırda Kanada, Sloveniya, Finlandiya, İsveçrə, Çin teatrları ilə qarşılıqlı əməkdaşlıq barədə danışıqlar aparırıq.

– Sadaladığınız ölkələrin teatrları müəyyən estetik platformaya malikdir. Sizcə, bizim teatr hansı yolu tutmalıdır?

– Bu, hər dövr üçün xarakterik sualdır. Odur ki, bu günümüzdə də aktualdır. Mənim üzərində düşündüyüm, narahatlıqla cavab axtardığım sualdır. Ona görə ki, onun cavabı böyük məsuliyyət və perspektivli əmək tələb edir. Çünkü sözün tam mənasında milli teatr mədəniyyətimiz üçün taleyüklü mahiyyət daşıyır. Tanınmış sənətşunas alim Ədalət Vəliyevin “Teatr. Əqidə və Ruh” adlı kitabında teatr sənətinin ayrı-ayrı inkişaf mərhələlərində, bu və ya digər dərəcədə düçar edildiyi konseptlər araşdırılır, ən nüfuzlu teatr mütəxəssisləri ilə həmin konseptlərin tarixi-estetik mahiyyəti ilə bağlı polemik mülahizələrə yer verilir. Bu məqamlarda teatr sənətinin nəzəri anlayışlarının, müxtəlif “izm”lərin təsir dairəsindəki tarixi-estetik həyatı nəzərdən keçirilir, itkilər və nailiyyətlər dəyərləndirilir.

Teatr sənəti ilə bağlı son illər ərzində oxuduğum və ən dəyərli elmi tədqiqat əsəri hesab etdiyin həmin kitabda qeyd etdiyiniz və indiyədək açıq qalan çox suallar cavablandırıldı. Əgər, konkret olaraq, mənim mövqeyim Sizi maraqlandırırsa...

 – Bəli, məhz Sizin bu barədə mülahizələrinizi bilmək istərdim.

 – Mənə gəlincə, deməliyəm ki, qloballaşma proseslərinin yaratdığı reallığa görəmi, ya başqa səbəbdən, heç bir ölkənin teatrı dünyanın mədəni proseslərindən kənarda qala bilməz. Odur ki, milli teatr sənətimizin indiki vəziyyətini, inkişaf perspektivlərini, dünya, o cümlədən, Avropa teatr proseslərinin real mənzərəsini nəzərə almaq, həmin proseslərə müvafiq köklənməklə, həmçinin inteqrasiya tədbirlərini həyata keçirməklə müəyyənləşdirməyimiz ən doğru yol olardı. Başqa sözlə desək, milli səhnə sənətimizin optimal inkişaf imkanları və istiqamətləri dünya teatr prosesləri kontekstində dəyərləndirilməlidir.

Akademik Milli Dram Teatrı ilə bağlı nəzərdə tutduğumuz tədbirləri nəzərdən keçirsək, bu zaman, hər şeydən, əvvəl teatrın düçar olduğu reqressiv proseslərin qarşısı alınmalıdır. Bu istiqamətdə bəzi tədbirlər artıq həyata keçirilməkdədir. Belə ki, teatrda əmək və yaradıcılıq intizamı fəaliyyət normasına çevrilib. Repertuar siyasətindəki yeknəsəklik və estetik prinsipsizlik praktikasına son qoyulub, cari repertuar teatrın strateji məqsədlərinin həyata keçirilməsinə, yaradıcı heyyətin ustalıq potensialının mümkün qədər bariz ifadə olunmasına yönəlib. Bundan başqa, teatrın cavan nəslinin özünüifadə imkanlarının yaradılması, xüsusilə, kadrların seleksiya işinə diqqətin artırılması prioritet vəzifə olaraq qarşıya qoyulub.

Bu baxımdan Akademik Milli Dram Teatrının 2011-2012-2013-cü illər ərzindəki fəaliyyətinin ilk iki ili tərəfimizdən, məhz həmin tədbirlərin həyata keçirilməsi üçün müəyyən edilib. 2013- cü ili yeni estetik formaların, uslubların və janrların yaradıcı heyyət tərəfindən sınağa çəkilməsinə sərf etmək niyyətindəyik. Həmin il ərzində truppanın tərkibinin keyfiyyətcə mükəmməl formalaşması, optimal yaradıcılıq mühitinin yaradılması və beləliklə, teatrın beynəlxalq nüfuzunun artması da nəzərdə tutulur. Yəni, bu dövrdən başlayaraq, teatrda proqressiv meyllərin aşkar müşahidə ediləcəyinə əminik.

 – Əgər dünya teatr prosesindən söhbət gedirsə, beynəxalq aləmdə müxtəlif, biri digərindən fərqlənən teatr modelləri mövcuddur. Azərbaycan teatrını həmin modellərdən hansına aid etmək olar?

– Bir zamanlar SSRİ-də fəaliyyət göstərən və dövlət büdcəsindən birbaşa maliyyələşən teatrlar sisteminin iqtisadi, maddi-texniki, istismar vəziyyəti, şərtləri və üsulları qənaətbəxş sayılırdı. Teatr sənətinin ictimai statusu,sosial müdafiəsi, təchizatı və nəticədə ümumi effektivliyi dünya teatr məkanında müstəsna hal kimi dəyərləndirilirdi.

Sovet sistemi dağılandan sonra dünya teatr məkanında başlıca olaraq dörd instutsional nəzəri-praktiki modeli göstərmək olar.

1. Rusiya modeli: SSRİ-dən miras qalmış dövlət teatrlar sistemi dövlətin aşkar proteksionizm siyasətindən və eyni zamanda bazar iqtisadiyyatının (sponsorluq, donorluq, mesenatlıq, marketinq) imkanlarından faydalanaraq fəaliyyət göstərirlər.

Bu yerdə onu da qeyd etmək lazımdır ki, qardaş Türkiyədə də yetmiş ildən çoxdur analoji teatrlar sistemi bələdiyyə və özəl teatrlarla bir mədəni məkanda fəaliyyət göstərir.

2. ABŞ modeli: Bütövlükdə dövlətdən ayrılmış mədəniyyətin tərkibində teatr sistemi dövlət tərəfindən nizamlanmış hüquqi baza üzərində, milli ideologiya əsasında və bazar iqtisadiyyatının şou-biznes sahəsinin xüsusi sektoru çərçivəsində fəaliyyət göstərir. Həmin modelin mükəmməl, bir çox səciyyələrinə görə, klassik modifikasiyası “Brodvey teatrları Korporasiyası” nın uğurlu fəaliyyətində müşahidə edilir.

3. Qərbi Avropa modeli: Teatr sistemi qismən dövlətin himayəsi altında əsasən bazar iqtisadiyyatının şərtləriylə fəaliyyət göstərir. Bu modeli gerçəkləşdirən teatr sistemi “proqram maliyyələşdirmə” üsulu ilə dəstəklənir, “milli sərvət” statusunda olan “La Skala”, “Old Vik”, “Komedi Fransez” kimi teatr müəssisələri isə dövlət büdcəsindən maliyyələşdirilir.

4. Şərqi Avropa modeli: Burada bazar iqtisadiyyatının müvafiq şərtlərinə adaptasiya olunan əski dövlət teatrları sistemi yeni siyasi – ictimai və ideoloji tələblərə uyğunluqla fəaliyyət göstərir. Bu model Baltikyanı respublikalarda və Gürcüstanda tətbiq olunaraq təcrübədə səmərəli nəticələr verməkdədir.

Bu gün Azərbaycanda olan Dövlət teatrları sisteminə gəldikdə isə, mövcud teatr modeli məxməri islahatların nəticəsində öz varlığını qoruyub saxlasa da, onun inkişaf dinamikası, yeni tarixi dövrün prinsipcə yeni tələblərinə cavab vermək, milli ideologiyanı gərəkli səviyyədə təşviq və təbliğ etmək, milli teatr sənətimizin dünya teatr məkanında layiqli təmsilçisi olmaq, özünün başlıca missiyasını yerinə yetirmək baxımdan çeşidli problemlərlə üz-üzədir. Aydın məsəlidir ki, yaranmış vəziyyət sistemli böhranın nəticəsidir və sistemli yanaşma nəticəsində də aradan qaldırıla bilər. Buradaca xüsusi olaraq qeyd etmək lazımdır ki, Mədəniyyət və Turizm Nazirliyinin “dövlət teatrları” sisteminə təqdirəlayiq münasibəti nəticəsində milli teatr prosesində pozitiv proseslər yaşanır. Bunu adekvat dəyərləndirmək üçün bəzi keçmiş müttəfiq respublikalarda teatr sənətinin acınacaqlı durumunu göz önünə gətirmək kifayətdir. Odur ki, Dövlət Proqramında nəzərdə tutulan prinsiplərin ardıcıl həyata keçirilməsi sayəsində milli ideologiyaya söykənən, yuxarıda qeyd etdiyimiz, Şərqi Avropa teatr modelinə müvafiq ideya-estetik istiqamətin uğurlu perspektivinə inanıram.

– İsrafil müəllim, yeni mövsümdə tamaşaçılara təqdim olunacaq işlər hansılardı? Yoxsa, sürprizdir?

– Əlbəttə, sürprizlərimiz də olacaq. Amma hazırda üzərində məşqləri aparılan tamaşaların bəzilərini qeyd edə bilərəm.

Kollektivimiz xalq yazıçısı İ. Əfəndiyevin “Boy çiçəyi”, S. Şendilin “Qanlı Nigar”, A. Saqarelinin “Yengələr”, V. Hüqonun “Qadın məhəbbəti” əsərləri əsasında tamaşalar üzərində işləyir.

– Tamaşaların təhvili nə vaxta nəzərdə tutulub?

– Elə bilirəm cari ilin oktyabr ayı yeni tamaşaların təqdimatı ilə əlamətdar olacaq. Əlavə edim ki, hər yeni tamaşa auditoriya qarşısında bir imtahandır. Ümid edirəm ki, kollektivimiz bu imtahanlardan uğurla çıxacaq.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 10 sentyabr.- S.14-15.