Qəm naxışları
Publisist
Vahid Qazinin “Yaddaş ləpirləri. Demokratiya
yazıları” kitabı çapdan
çıxıb.
Kitaba
müəllifin müxtəlif vaxtlarda qələmə
aldığı məqalə və esseləri daxil edilib.
Annotasiyasında yazıldığı kimi
kitab oxucunu müxtəlif
coğrafi məkanlarla yanaşı müəllifin
rastlaşdığı fərqli ictimai, siyasi, tarixi, psixoloji situasiyalarla da tanış edir: “Yaddaş ləpirləri. Demokratiya
yazıları”nda toplanan esselərin, məqalələrin
izinə düşüb dünyanın dörd bir yanına getmək
olar. Amma yol axırda gətirib eyni
ünvana çatdıracaq səni. Bu dalğa səni Bosniyadan Cənubi Afrikaya,
Krımdan Polşaya, Ukraynadan
Qırğızıstana, Özbəkistandan Amerikaya
aparıb eyni sahilə çıxaracaq. Ağdamdan Ağdərəyə, Şuşaya yön
alıb yenə eyni yerə gələcəksən.
Bu ünvan, bu sahil, bu
yer – azadlıq dəlisi insandır. Sənsən,
əziz oxucu...”
“MHS – poliqraf”
nəşriyyatında işıq üzü
görən kitabı Bakının kitab
mağazalarından almaq olar.
Professor Cəmil Həsənlinin kitaba yazdığı “Qəm
naxışları” adlı ön sözü diqqətinizə təqdim edirik.
Qələmindəki
dərdlə oxuculara çoxdan
tanış olan Vahid Qazinin “Yaddaş ləpirləri.
Demokratiya yazıları” əlyazmasını
vərəqlədim. Müəllifin uğurlu
qələm təcrübəsi kimi ruhumuzu titrədən “Ruhlar
şəhəri”ndən sonra nə
yazacağı, oxuculara nə təqdim edəcəyi
mənim üçün maraqlı idi. Dünyanın müxtəlif
ölkələrinə səfər təəssüratlarının
maraqlı müşahidələri, ev
içində olan söhbətlərin
bayırlıq tərəfləri müəllif təhkiyəsində
maraqlı görünürdü. Lakin kitab olacaq
bu əlyazmada mənim üçün
maraqlı süjet xətti bütün mətləblərin Qarabağ dərdi üzərində
qurulması idi. Başımıza gələn
müsibətlərin ən faciəlisi də budur:
Qarabağ olayları nəinki ədəbiyyatımıza,
bütövlükdə milli həyatımıza,
yaşayışımıza, əxlaqımıza daxil ola bilməyib.
Hərdən
mənə elə gəlir ki, bu faciə toylarımızda, şənliklərimizdə
Azərbaycan gəncinin, qızının, gəlininin və hətta
ziyalısının “Yanıq Kərəm”ə qol açıb oynadığı gündən
başladı. Kərəm tarixə yanmaq
nümunəsini verdi, biz
isə onun hələ bu gün də qövr edən
dərdinin külü üstündə rəqs
edirik. Bir vaxtlar axına qarşı gedənləri Kərəm
kimi yanmaqla qorxudurdular. Vahid Qazinin əlyazmasını oxuyanda
istər-istəməz Nazim Hikmətin həmişəyaşar
bir şeiri yadıma düşdü:
– Sen kendi sesinle kül olursun ey!
Kerem
gibi
yana
yana...
“Deeeert
çok,
hemdert
yok”
Yüreklerin
kulakları
sağır...
Hava kurşun gibi ağır...
Ben diyorum ki ona:
– Kül olayım
Kerem
gibi
yana
yana.
Ben yanmasam
sen yanmasan
biz yanmasak,
nasıl
çıkar
karanlıklar
aydınlığa...
Kitabda yer alan
yazıların coğrafiyası
və mövzusu çox geniş olsa da, bütövlükdə
bu kitab öz əriş-arğacı,
öz həşyələriylə
dərdin ilmə-ilmə
toxunduğu Qarabağ
xalısıdır – oxucunu
keçmişin bəxtəvər
günlərinə qaytaran,
bugünkü dərdimizin
rəng çalarlarından
aynalanan Qarabağ xalısı.
Ayrılığın,
həsrətin uzunluğundan
yaddaşı korşalmış
insanlarımızın, Qarabağın
gözəlliklərini gözləri
ilə görməyən
bu günkü gənclərin yurd həsrətindən mayalanmış
belə kitablara böyük ehtiyacı
var. Kitabda yer alan “Ölü şəhərlər muzeyi”,
“Partlamayan minaların
serenadası”, “Qəmli
gözlərin süitası”,
“Açılmayan süfrənin
qonağı” və digər yazılar öz orijinallığı,
səmimiliyi, dərd yükünə görə
oxucunu sehrinə salır.
Qeyd etdiyimiz
kimi, kitabda yer alan
məqalələrin coğrafiyası
çox genişdir. Şimali Amerikadan tutmuş Cənubi Afrikaya qədər iştirakçısı
olduğu tədbirlərin
qayəsi, gəzdiyi, gördüyü yerlərin
mənzərəsi, yol
yoldaşı olduğu
adamların mənəvi
dünyası Vahid Qazinin sətirləri arasından çox canlı görsənir.
Kitab axtarışlar üzərində qurulub: müəllif olduğu hər yerdə ədalət, vətənində
isə bütövlük
və demokratiya axtarır. Bu baxımdan oxuculara təqdim edilən “Ağ Rusiyanın qara taleyi”, “Rusiya səfirinə məktub”,
“Susmaq hüququ”, “Demokratiyanın yarımçıq
təbəssümü” və
digər yazılar kitabı kifayət qədər maraqlı edir.
Kitabda maraqla oxunan
daha iki yazı diqqəti cəlb edir.
“Bekar(a)
ömür” və “Özünü axtaranlar ölkəsi və ya maydan sonra
gələn aprel”. Ölkəmizin 23 aylıq şərəf
nümunəsi olan Xalq Cümhuriyyəti tariximizə müasir baxış ikinci yazının qayəsini təşkil edir. Müasir mədəniyyətimizə baxış,
qədim türk yaddaşına, adətinə,
ənənəsinə və
tarixinə həsr edilmiş bir filmə üç milyonluq bir türk
şəhərində üç
tamaşaçının tapılmaması,
doğrudan da, həyəcan təbilidir.
Bu təbili çalanlardan
biri də Vahid Qazi və
onun oxuculara təqdim edilən “Yaddaş ləpirləri.
Demokratiya yazıları” kitabıdır.
Qəm naxışlarından
toxunmuş Qarabağ xalısı – bir kitab...
Cəmil HƏSƏNLİ,
tarix elmləri doktoru,
professor
525-ci qəzet.- 2011.- 10 sentyabr.- S.15