Azərbaycana məxsus olanları dünyaya göstərək

 

BƏDİİ-SƏNƏDLİ TELEVİZİYA FİLMLƏRİNİN İSTEHSALINA DÖVLƏT QAYĞISININ ARTIRILMASI BU SAHƏNİN İNKİŞAFI ÜÇÜN BÖYÜK TƏKAN ROLU OYNAYACAQ

 

Kino haqqında söz açmağım, əslində, həyatım haqqında danışmağımdır. Düz 15 ildir ki, bu peşə ilə məşğulam. Kino incəsənətdir. İncəsənət hissdir. Hiss isə sevgidir. Bu sevgini daha yaxından hiss etməyimi hələ məktəbliykən coğrafiya dərsində sənədli tədris filminə baxdığımız zaman əlim 16 mm-lik kino lentinə toxunarkən başa düşmüşəm. Müəllimimiz bütün varlığı, sevgisi ilə tədris etdiyi fənni yaddaşımıza hopdurmaq üçün nə qədər danışsa da, dərsin sonunda bizə göstərilən 10 dəqiqəlik sənədli tədris filmilə həmin dərs yaddaşımızda daha yaxşı qalırdı. Sonralar sənədli televiziya filmi haqqında ilk anlayışım mərhum kinorejissorumuz Nazim Abbasın çəkdiyi “Dəmir ağacı” sənədli televiziya filmi ilə başladı. Vaxt ötdükcə dünyanın məşhur filmlərinə baxıb özümün mənəvi rahatlığımı bu sənətin çərçivəsində hiss edirdim. Yadıma evimizin arxasındakı kinoteatrda nəzarətçi işləyən Sona xala düşür. Allah ona qəni-qəni rəhmət eləsin! Rəhmətlik, məni kinoteatra biletsiz buraxırdı. Orada baxdığım bütün filmlər zövqümün formalaşmağında mənə kömək edib. Bu gün sənət taleyimdə mənə yol açan, dəstək olan bütün insanları minnətdarlıqla xatırlayıram.

30-dan artıq bədii-sənədli televiziya filminin rejissoruyam. 15 ildən artıqdır ki, dövlətimizin dəstəyilə, vətənimizi qarış-qarış gəzərək ata-babalarımızın qoyduqları izləri, tariximizin daş kitabələrini, xalqımızın adət-ənənələrini, təbiətimizin gözəlliyini görüb, lentə çəkmişəm. Bu peşəmlə sabahımız üçün salnamə yaratmışam. Bütün bu işlərin müqabilində düz yolda olduğumu görüb, qürur duymuşam. Azərbaycanımızın bir əsrdən çox olan kino tarixinin bir küncündə mənim yerim olacağına inanmışam. Kinomuzun hər bir uğuruna sevinmişəm. Bu sevinc illər ötdükcə davam edib, artıb. Dünya kino tarixi ilə Azərbaycan kino tarixinin eyni başladığını nəzərə aldıqda, xalqımızın dünyəvi sivil bəşəri mədəniyyətlərin qarşılıqlı çərçivəsində olduğunun şahidi olmuşam. Belə sevinclərin davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin kino haqqında verdiyi sərəncamını yada salanda bir daha inanmışam ki, milli kinomuzun şərəfli, şanlı tarixi dövlətimizin dəstəyilə hələ çox uzun zaman uğurla davam edəcək. Bu sərəncamda kinomuzun inkişafında bir çox məsələ ilə yanaşı, gənclərə göstərilən etimadı da görəndə özümə inamım daha da artıb. Elə bu gün bizi yaşadan, sabahlara aparan bu inamdır.

7-8 ay bundan öncə mətbuatdan öyrənmişdim ki, Azərbaycanda bədii-sənədli televiziya filmlərinin çəkilişinə dövlət nəzarətinin artırılması, sənədli filmlərin istehsalını həyata keçirən xüsusi bir qurumun təsis edilməsilə bağlı təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupunun üzvləri – bu sahədə çalışan rejissorlar, ssenaristlər, jurnalistlər dövlətimizin dəstəyini arzulayaraq, öz təklif və fikirlərini bildirirdilər. Bu sahənin inkişaf etdirilməsinin konsepsiyasını göstərirdilər. Sonralar təşəbbüs qrupunun bir üzvü kimi mən də öz fikirlərimi dəfələrlə mətbuatda bildirmişdim. Elə bu fikirlərimə görə də bəzi dairələrdə qınağa tuş gəlmişdim. Bir neçə şəxs mənimlə razılaşmayıb, belə işləri görən idarələrin olduğunu bildirərək, bədii-sənədli televiziya filmlərinin istehsalını həyata keçirən hansısa bir yeni qurumun olmasına narazılıq edirdilər. Yəqin belə düşünürdülər ki, “Dövlət Televiziya Filmləri Studiyası” adlı bir qurum yaradılarsa, bədii-sənədli televiziya filmlərinə rəsmən xüsusi diqqət göstərilərsə, onların bu sahədə işlərinə maneçiliyi olar. Ancaq bu onların düşündükləri kimi deyil. Bu gün ixtisaslaşmış peşəkar bir qurumun olması bu sahənin yalnız yüksək səviyyədə inkişafı demək olardı. İndi böyük sevinc içində, bu fikirlərimə görə özümü qismən də olsa qalib sayıram. Sevinirəm ki, yenə də doğru fikirdə, doğru yoldayam. Bütün bunlara görə dövlətimizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyevə, bir vətəndaş olaraq, bir peşəkar kinorejissor kimi, dərin minnətdarlığımı bildirirəm. Bir neçə gün öncə ölkə rəhbəri Azərbaycanda bədii-sənədli televiziya filmlərinin istehsalı ilə bağlı xüsusi bir fərman imzaladı. Bu sərəncamda televiziya filmlərinin istehsalı üçün dövlət tərəfindən maliyyənin ayrılması göstərilib. Bu, böyük tarixi hadisədir. Şükürlər olsun ki, bu tarixi anları biz də yaşayırıq. Bircə onu deyə bilərəm ki, prezidentin bu qərarı vaxtında atılmış, olduqca önəmli addımdır. Bu bizə göstərilən yüksək etimaddır. Azərbaycan dövlətinin kino incəsənətinin vacib bir sahəsi olan bədii-sənədli televiziya kinosuna dəyər verməsidir. Bu, milli dəyərlərimizin qorunması üçün növbəti mühüm işdir.

Bədii-sənədli televiziya filmləri milli ideologiyanın təbliği işinin tərkib hissəsi olmaqla yanaşı, bu yolda əsas vasitələrdəndir. Şərqli olduğumuzdan, mənə elə gəlir ki, bizim üçün kino ən təsirli təbliğat vasitəsidir. Heç bir incəsənət növü kino qədər kütləvi deyil. Bu gün dünya televiziyalarında nümayiş olunan bəzi bədii-sənədli televiziya filmlərini izləyirik. Bu filmlərdə müxtəlif ölkələrin, xalqların yaşayışını, tarixini, mədəniyyətini, incəsənətini, elmini, təhsilini, iqtisadiyyatını, ordusunu və dövlət bayrağını görürük. Bir tamaşaçı kimi gördüyümüz ilk təəssüratları, sanki özümüzdən asılı olmayaraq, qeyri-ixtiyari, yaddaşımıza həkk edirik. Baxdığımız bu filmlərin bir qismi incəsənət işi olmaqla bərabər, peşəkarlıqla düşünülən bir ideologiya əsasında hazırlanmış sənət növü kimi bizlərə təqdim olunur. Bu filmlərin əksəriyyəti planlı şəkildə dövlət yaradıcılıq qurumları, studiyaları tərəfindən istehsal olunur. Bədii kinonun özəl sektora aidiyyətindən asılı olmayaraq, əksər halda bədii-sənədli televiziya kinosu dövlətin nəzarətində və marağında olur. Dövlət bədii-sənədli televiziya filmləri ilə xalqın mədəniyyətini, adət-ənənələrini qoruyub saxlaya, təbliğ edə bilir. Qoruyub saxladığı qədər də onun təbliğatını qurur. Azərbaycanda çəkilən hər bir televiziya filmi başdan-başa bizim olur. Sənədli filmlərdə başı kəlağayılı, əli nehrə çalxayan, dili bayatı söyləyən nur üzlü nənələr bizimdi. At belində yarışan igid oğlan və qızlarımız, əlinin qabarı, alnının qırışı ilə torpağı əkib-becərən babalar bizimdir. Minillərdən üzü bəri gələn yaşı bilinməyən daş kitabələr, bürc-qalalar, sərdabələr bizimdir. Gecə ayın işığında layla oxuyub körpəsini yatırdan bacımız, gəlinimiz, incə barmaqları ilə təbiətin min bir rəngini, naxışını xalı, xalçalara köçürən qız-gəlinlər bizimdir. Bu gün sənədli kadrlarda gördüyümüz, bir beyt şeirini eşitdiyimiz şairlər, bir kəlməsilə də sabaha üz tutan yazıçımız, elmi kəşflərilə dünyanı heyran qoyan alimlər, yaddaş salnaməmizdə iz qoyan dəyərli insanlar bizimdir. Qarlı-çovğunlu gündə səngərdə şəstlə əlisilahlı dayanıb düşmən gözünün içinə baxan və hər an Ali Baş Komandanın əmrini gözləyən igid əsgərimiz bizimdir. Bütün bunları tarixi anında həyat həqiqəti kimi çəkib sənədli filmlə sabaha salnamə yaratmalıyıq. İndiyədək Amerika Dövlət Departamentinin maliyyə dəstəyi ilə ərsəyə gələn bir çox filmin tamaşaçısı olmuşam. İranda dövlət mənafeyi üçün sənədli filmlər istehsal edən xüsusi yaradıcılıq qurumu fəaliyyət göstərir. Ukraynada, Rusiyada dövlət tərəfindən təsis olunmuş bu kimi studiyalarda çəkilən filmlər peyk vasitəsilə dünyaya yayımlanır. Çox da böyük maliyyə vəsaiti tələb etmədən ərsəyə gələn bədii-sənədli televiziya filmlərinin milyonlarla fayda gətirdiyinə şahid olmuşam. Gəlin bu gün biz də bizim olanları dünyaya göstərək. Milli məfkurədən çıxış edərək tariximizdən, mədəniyyətimizdən, adət-ənənələrimizdən, varlığımızdan, bəşəriliyimizdən dünyanın gözü qarşısında göstərib, danışaq. Bu gün ölkə televiziyalarında istehsal olunan bədii-sənədli televiziya filmləri qismən də olsa, bu kimi məsələlərin həllinə çalışır. Bu hədsiz dərəcədə təqdirəlayiqdir. Lakin bu da bir həqiqətdir ki, mövzu baxımından belə yöndə hazırlanan bədii-sənədli televiziya filmlərinin istehsalı qeyri-kommersiya fəaliyyəti daxilində olduğundan, bu kimi filmlərin çəkilib hazırlanmasında bəzən maliyyə və ideoloji baxımdan problemlər yaranır. Düşünürəm ki, bundan sonra daha belə problemlərlə üzləşməyəcəyik. Çünki dövlətin nəzarəti altında və Milli Televiziya və Radio Yayım Şurasının təşəbbüsü ilə, düşünülmüş ideoloji bir xətlə, mövzusu zərurətə çevrilmiş filmlərin istehsalı mümkün olacaq, biz də bu filmlərlə, bizim olanları dünyaya göstərə biləcəyik.

 

 

Elşən ZEYNALLI,

kinorejissor, Azərbaycan

Kinematoqrafçılar İttifaqının

və Kinorejissorlar Gildiyasının üzvü

 

525-ci qəzet.- 2011.- 15 sentyabr.- S. 7.