Açın pərdələri: Yeni mövsüm başlanır

 

Sentyabr ayının 18-də ölkəmizdə Milli Musiqi bayramı günü kimi qeyd edilir və illər boyu bir çox musiqi kollektivləri, teatrlar, konsert müəssisələri məhz həmin gün yeni mövsümə başlayır, tamaşaçılarla görüşə yeni əsərlər, yeni adlar, yeni yaradıcılıq həvəsi ilə gəlirlər. Respublikamızın ən qocaman mədəniyyət ocaqlarından biri – 102 yaşlı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da neçə illərdir ki, öz ənənəsinə sadiq qalır və xalqımızın iki görkəmli sənətkarının – dahi Üzeyir bəy Hacıbəylinin və Müslüm Maqomayevin doğum günündə öz qapılarını sənətsevərlərin üzünə açır.

Amma bu il teatr bütün fəaliyyəti boyu ilk dəfə tamaşaçılarını doğma divarlar arasında deyil, Bakıdan uzaqlarda, son vaxtlar öz simasını tamamilə dəyişib gözəlləşən Xaçmazda qəbul edəcək. Bəli, bəli Xaçmazda...özü də teatrın yaradıcılıq tarixinin başlanğıcı sayılan ilk tamaşa ilə – “Ər və arvad”la...

Soruşa bilərsiniz, teatr kollektivi üçün, musiqili əsərlərin oynanılması üçün o qədər də əlverişli və rahat səhnəsi olmayan Xaçmaza teatrın bu səfərinin səbəbi nədir? Bu sualın çox sadə bir cavabı var: xaçmazlılar teatrı çox sevirlər, ələlxüsus da Musiqili Komediya Teatrında göstərilən tamaşalara və burada çalışmış sənət korifeylərinə, bu gün onların şərəfli yolunu inamla davam etdirən istedadlı insanlara hörmət və məhəbbətlə yanaşır, onların o qədər də asan qazanılmayan yaradıcılıq uğurlarını layiqincə qiymətləndirirlər. Bu mövsümdə Xaçmaz rayonunun rəhbərliyinin təşəbbüsü ilə şəhərin mərkəzi parklarından birində yaradılmış “Şəxsiyyətlər muzeyi” sözün əsl mənasında, bu sevginin, bu məhəbbətin bariz nümunəsidir. Bu muzeydə məşhur gülüş ustalarımızın – Nəsibə Zeynalovanın, Lütfəli Abdullayevin, Bəşir Səfəroğlunun, Əliağa Ağayevin, Hacıbaba Bağırovun büstləri qoyulub. Təbii ki, rayonun yaşlı sakinləri bir vaxtlar Musiqili Komediya Teatrının səhnəsində bir-birindən gözəl rollar, maraqlı və yaddaqalan obrazlar yaratmış bu korifeyləri yaxşı xatırlayırlar, bu sənətkarların oynadığı tamaşalara baxmaq üçün məxsusi olaraq Bakıya gəldikləri günləri də ehtiramla yada salır və öz övladları, nəvə-nəticələri ilə səma altındakı bu açıq muzeyi gəzərkən onların sənətkarlığından, istedadından, oynadıqları obrazlardan danışır, o unudulmaz görüşlərin təəssüratını hələ də hafizələrində yaşatdıqlarını deyirlər.

Bəlkə elə bu sevgini görən ulularımız deyiblər ki, əsl sənət və sənətkar heç vaxt ölmür, onların yaratdıqları nəsildən nəslə, əsrdən əsrə keçsə də, bəzi dəyərlər dəyişsə də sabit qalır, öz təravətinin və ilkinliyini itirmir. Bax, elə bu ümidlə, bu inamla kollektiv qədirbilən xaçmazlıların görüşünə tələsir.

Daha çox bu bölgəmizin oxucuları üçün məncə belə bir informasiya maraqlı olar ki, onlar “Ər və arvad” tamaşasında teatrın aparıcı ifaçılarını – xalq artistləri Afaq Bəşirqızını və İlham Namiq Kamalı baş rollarda görə biləcəklər. Digər obrazları əməkdar artist Əkbər Əlizadə, artistlərdən Möylə Mirzəliyev, Gülcahan Salamova, Əliməmməd Novruzov, Ağaxan Şərifov oynayacaqlar. Operettanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Nazim Hacıəlibəyovdur.

Milli Musiqi bayramı bir gün sonra Şabran şəhərində davam etdiriləcək. Musiqili Komediya Teatrı kollektivinin təqdim etdiyi “Ər və arvad” tamaşası həm də şəhər Mədəniyyət sarayında keçirilən ilk tədbir olacaq. Bu saray Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu yaxınlarda əsaslı surətdə yenidən bərpa və təmir olunub, lazımi avadanlıqlarla təmin edilib.

Ümumiyyətlə, yeni –102-ci mövsümün maraqlı hadisələr və tamaşalarla yadda qalacağı gözlənilir.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə səfərqabağı müsahibəmiz zamanı öyrəndik ki, Azərbaycan teatrının 140 illik tarixi ərzində ilk dəfə olaraq ölkəmiz Amerika Birləşmiş Ştatlarında öz teatr mədəniyyətini təqdim edəcək.

– Biz şadıq ki, bu missiyanı məhz bizim Musiqili Komediya Teatrı yerinə yetirəcək. Oktyabrın 20-də Nyu-Yorkda Azərbaycan teatrı bayramı başlayacaq. Onu da qeyd etməyi vacib bilirəm ki, bu layihənin gerçəkləşməsi üçün Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Nyu-York Assosiasiyası xeyli əmək sərf ediblər. Biz okeanın o tayında repertuarımızdakı ən yaxşı əsərlərdən fraqmentlər oynayacağıq. Bizim konsertlərə həm də Vaşinqton tamaşaçıları baxacaqlar. Onu da deyim ki, bu səhnəciklərdə əsasən “ağırlıq” xalq artisti Afaq Bəşirqızının üzərinə düşəcək.

Bilirsiniz ki, ötən mövsümün son günlərində bizim teatrda bir neçə maraqlı əsər oynanıldı. Onlardan biri də gürcü rejissoru Qoça Kapanadzenin quruluşunda oynanılan “Xanuma” tamaşası oldu. Baş rolda çıxış edən xalq artisti Afaq Bəşirqızının ifası mütəxəssislər, teatr biliciləri, tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi və təbii ki, rejissor bu əsərin həm də Tbilisidə oynanılmasını çox arzulayırdı. Yəqin ki, yaxın aylarda dostumuzun arzusu gerçəkləşəcəkdir. Yeri gəlmişkən daha bir xarici səfərimiz barədə məlumat vermək istəyirəm. Bu mövsümdə biz həm də İsveçə dəvət almışıq. Əminəm ki, bu səfər də uğurlu olacaq.

Direktordan bu il tamaşaçılara təqdim olunacaq yeni tamaşalar barədə də məlumat almaq istəyirəm. Çünki, hər yeni mövsümün ən maraqlı hadisəsi məhz yeni tamaşalar olur.

– Bilirsiniz ki, gələn il Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi dövlət səviyyəsində təntənə ilə qeyd olunacaq. Musiqili Komediya Teatrında ədibin bir əsərinin oynanılması da planlaşdırılıb və biz də ədibin “Molla İbrahim Xəlil kimyagər” əsərini repertuarımıza daxil etmişik. Yeni tamaşamızın quruluşçu rejissoru Bəhram Osmanov olacaq. Rus bölməsi isə oktyabr ayının 1-də tamaşaçıları Mark Kamolettinin “Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayaği qarnir” pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya baxmağa dəvət edir. Bu əsərə quruluş vermək üçün əməkdar incəsənət xadimi,rejissor Əsgər Əsgərovu dəvət etmişik və inanıram ki, o, bizim ümidlərimizi doğruldacaq və sənətsevərlərin mühakiməsinə gözəl bir tamaşa verəcək.

Az sonra isə teatrın nəzdindəki Uşaq Studiyasında daha bir əsər – Aleksey Tolstoyun məşhur “Buratino” nağılının motivləri əsasında hazırlanmış tamaşa oynanılacaq. Dunya şöhrətli Buratino ilk dəfə Musiqili Komediya Teatrının səhnəsində Azərbaycan dilində danışacaq. Bir sözlə, işimiz çox, arzularımız böyükdür.

Bizə isə 102 yaşlı qocaman teatrımızın gənc və işgüzar kollektivinə uğurlar, yeni tamaşaların sevincini izhar edən bol tamaşaçı alqışı arzulamaq, uğurlu səfərlərdən və tamaşalardan sonra görüşərik-demək qalır.

 

 

Telli PƏNAHQIZI

 

525-ci qəzet.- 2011.- 15 sentyabr.- S. 7.