Əbülfəs Qarayev Çexiyanın kitabxana və muzey direktorları ilə görüşüb

 

Ötən gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Çexiya Milli Kitabxanasının direktoru Tomas Bohm və Çexiya Milli Muzeyinin direktoru Maykl Lukerlə görüşüb. M.F.Axundov adına Milli Kitabxananın Direktoru Kərim Tahirov və Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlının da iştirak etdiyi görüş giriş sözü ilə Əbülfəs Qarayev əvvəlcə hər kəsi salamlayıb. Daha sonra nazir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Çexiyanın mədəniyyət naziri İrji Besserlə görüşü haqqında fikirlərini dilə gətirərək elə həmin görüşdə ilk olaraq kitabxana və muzey sahəsində əməkdaşlıq etmək qərarı verildiyini qeyd edib.

Kitabxana sahəsindəki problemlərdən danışan, bu sahəyə yeni gənc nəsli cəlb etməyin vacibliyini vurğulayan nazir kitabxana işçilərinin dünyagörüşünü dəyişməkdə keçirilən treninqlərin xüsusi əhəmiyyətindən danışıb: “Ötən yay bütün kitabxana rəhbərlərini kursa göndərdik, daha sonra onlar imtahandan keçdilər. Çünki kompüteri bilməyən kitabxana rəhbəri yeni texnologiyadan istifadə və tətbiq edə bilməyəcək”.

Görüş zamanı qarşılıqlı mütəxəssis, kitabxana informasiyası mübadiləsinin, hər iki ölkədə sərgilərin keçirilməsi və növbəti mərhələdə Azərbaycan nümayəndə heyətinin Çexiyaya səfər etməsi qərarlaşdırılıb.

Sonda qonaqlara Azərbaycan və Avropa mədəniyyətini özündə əks etdirən xatirə hədiyyəsi təqdim olunub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 15 sentyabr.- S. 7.