ORALARDA KİMLƏR VAR: YAZAR AİLƏLƏR

 

Yazar: Əlövsət BəşirliPublisist: Dilarə Vəkilova- 2

 

Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət eyni adamlarının öz aralarında dil tapması sakit günlər yaşaması məncə bir o qədər asan deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan işlərin yağ kimi gedə.Ən azından mənəvi təsəlli tapmasanız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm.Amma bir-birini başa düşmək baxımından bunun həm zor tərəfləri var.Xatırlayıram : dünyaca məhşur yazarlardan birindən soruşublar ki,sizin üçün ən acı,ən ağır olan nədir? Deyib : ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu işlə məşğul olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib : çünki mən ingilis dilində yazdım anam isə ingilis dilində heç bilmədi.Şükürlər Allaha ki, mənim bu proyektimin sahibləri işlə məşğuldular özləri bilirlər.Və düşünürəm ki, bu yazar ailələr həm mehriban ailələrdir.Amma bunların da ən qorxulu tərəfi, birinin yazısını o birisi bəyənməməsi inkarlığıdır.Ailədə dörd uşaq var.İndi onlar böyüyüblər. Hamısı ali təhsillidir, öz ixtisasları üzrə işləyirlər. Evin böyük qızı Züleyxa göz həkimidir, Aynur siyasi elmlər namizədi, Pakizə jurnalistdi, Səməd iqtisadçıdır. Ailədə üç nəvə var.

Sual: Yaradıcılıq və uşaqlarınızın tərbiyə məsələsini necə qurmusuz? Uşaqlarınızla çoxmu vaxt keçirirsiniz?

Ə.Bəşirli: Uşaqlarımızın təlim-tərbiyəsi ilə vaxtında çox ciddi məşğul olmuşuq. Bu vacib işdə uşaqlarımın anasının xidməti böyükdür. Dilarə özü müəllim ailəsində boya-başa çatıb, təlim-tərbiyə alıb. Anası Fatma xanım sinif müəllimi, atası Şamil Vəkilov riyaziyyat müəllimi kimi uzun illər Bakının Binəqədi rayonunda sayılıb-seçilən pedaqoqlar olublar. Şagirdləri kimi özlərinin övladlarına (iki oğul, beş qız) yüksək təlim-tərbiyə veriblər. Hamısı ali təhsil alıb, öz ixtisasları üzrə işləyib, ailə qurub. Bu gözəl ənənəni Dilarə ana kimi öz ailəsində davam etdirərək 4 övladımızın təlim-tərbiyəsi ilə ciddi məşğul olub. Mən əbəs yerə “təlim-tərbiyə” – deyə vurğulamıram. Ana tərbiyə verdiyi uşaqlarının məktəbdə keçdikləri dərslərin evdə mənimsənilməsinə xüsusi diqqət yetirib. Nəticəsi göz qabağındadır. Söhbətimizin əvvəlində sualınıza cavab olaraq bu barədə sözümü demişəm. Əlavə etmək istərdim ki, uzun illər işlədiyim Cəlilabad rayonunda doğma ana dilində təhsil alan uşaqlarımız beynəlxalq aləmdə işlənən dilləri də (rus, ingilis, fransız) öyrənə biliblər. Türkiyədə beynəlxalq iqtisadi münasibətlər üzrə ali ixtisas təhsili alan oğlum Səməd İngiltərədə magistraturanı bitirib. Aynur qızım ABŞ-ın İndiana Universitetində uzun müddət elmi ezamiyyətdə olub, H.Böll fondunun təqaüdçüsü kimi mətbuatda media-siyasət münasibətlərini tədqiq edib.Sualınızın yaradıcılıq məsələsi ilə bağlı hissəsinə cavab verərkən universiteti bitirdikdən sonra ikimizin də bir müddət eyni səviyyəli mətbuat orqanlarında işləməyimizi vurğulamaq istərdim. Hər ikimiz jurnalist kimi fəaliyyətə rayonlararası qəzetlərdə (Dilarə “Abşeron”da ədəbi işçi, mən Salyanda xüsusi müxbir) başlamışıq. Sonra o vaxtlar rayon qəzetləri yenidən bərpa olunanda Dilarə “Abşeron” qəzetində əvvəl şöbə müdiri, sonra redaktor müavini olub, mən Salyandakı “Qələbə” qəzetində redaktor müavini işləmişəm. Ailə qurandan sonra mən Bakıda əvvəl Azərbaycan radiosunun təbliğat redaksiyasında redaktor, sonra televiziyanın “Gənclik” şöbəsinin müdiri vəzifələrində çalışmışam. 1970-ci ildə Mərkəzi Komitənin katibliyinin qərarı ilə Cəlilabad rayon qəzetinə redaktor təyin olunandan sonra ailəmiz həmin rayona köçdü və birlikdə işləyib yaşadıq, uşaqlarımızı boya-başa çatdırdıq. Əvvəlki təcrübəmiz və bir yerdə çalışmağımız öz bəhrəsini verdi: “Yeni gün” qəzeti nəinki Azərbaycanda, hətta keçmiş Sovetlər İttifaqında tanındı, SSRİ Jurnalistlər İttifaqının ən yaxşı rayon qəzetləri üçün təsis etdiyi mükafata layiq görüldü. Sonra mən felyetonlarıma və tənqidi yazılarıma görə SSRİ Jurnalistlər İttifaqının mükafatı laureatı oldum və idarə heyətinin şəhər-rayon qəzetləri üzrə bürosunun üzvü seçildim. Jurnalistlər İttifaqının xətti ilə keçmiş SSRİ-nin görməli yerlərində, xarici ölkələrdə (Bolqarıstan, İngiltərə, Portuqaliya, Fransa) oldum.

Dilarə də, mən də sənətimizin vurğunu, qətiyyətli, nikbin idik. Nazim Hikmətin bir sözü yadıma düşür: xoşbəxt o adamdır ki, evdən işə tələsir, işdən evə. Biz bütün günü evlə redaksiya arasında çalışır, çarpışır, ailəmizlə, ürəyimizcə olan işimizlə nəfəs alırdıq.Həyatımızın unudulmaz çağlarını – düz 20 ilini Cəlilabadda yaşayıb işləmişik, öz elinə, torpağına bağlı əqidəli, qətiyyətli, sadə insanlarla, ziyalılarla düz çörək kəsmişik.Azərbaycanın bu gözəl guşəsinin göz oxşayan, ürək açan mənzərələri yaddaşımızda dərin iz salıb.

Sual: Həyat yoldaşınızdan bir ana və bir qələm sahibi kimi razısınızmı?

Ə.Bəşirli: Mən bu suala bir az əvvəl qismən cavab verdim. Həm ana, həm də qələm sahibi olmaq çox çətindir. Etiraf edirəm ki, həyat yoldaşım həmkarım, eyni zamanda uşaqlarımın anası – özü də övladları üçün şam kimi yanan və yazıb yaradan ana olmasaydı, uzun illərin sınağından çıxmasaydıq, bu həqiqəti bilməzdim. İstər-istəməz Nigar xanım Rəfibəylinin “Mətbəx şeirləri” yadıma düşür. Ancaq mən həmin şeirlərdən deyil, Aynur qızımın anasının 70 yaşı münasibətilə yazdığı oçerkdən nümunə gətirəcəyəm: “Vaxtının çoxunu bizə həsr edib, mətbəxdə keçirsən də, sən yaradıcı analardan idin. Düzdür, biz bunun o qədər də fərqində deyildik. Hətta sən əmək qəhrəmanlarından silsilə oçerklər yazanda da, onlar qəzetlərdə çap olunub radioda səslənəndə də. Çünki sən bizim vaxtımızdan heç vaxt iş üçün “oğurlamazdın”, nə o vaxtlar, nə də indi. Bunu sonralar anladım. Heç inşalarımı, sonra da yazılarımı redaktə edəndə belə anlamırdım. Elə bilirdim ki, ana elə belə də olmalıdır. Sən demə, hərənin bəxtinə bir ana düşür. İndi tələbələrimin yazdıqlarını redaktə edəndə onları çox qınamıram, fikirləşirəm ki, axı, hamının anası redaktor ola bilməz. Elə buna görə də onlara övladım kimi baxıram, sən mənə və həmkarlarıma necə baxmısansa”.

Mən həyat yoldaşımın gənc jurnalistlərə öz övladı kimi baxdığını, onların püxtələşməsi üçün köməyini əsirgəmədiyini hələ rayonda birlikdə işləyəndə müşahidə etmişdim. Biz Bakıya qayıtdıqdan sonra “Dalğa”, “Günay” qəzetlərində işləyərkən o, “bu ənənəsini” davam etdirdi və gənc həmkarlarının rəğbətini qazandı. Aradan illər keçib yaşa dolan, yetərincə püxtələşib qələm sahibi olan həmkarları öz xeyirxahlarını unutmadılar, Dilarə xanımın 70 yaşını səmimi qeyd etdilər. Böyükxan Bağırlı, Sabir Məmmədli, Adil Ağazadə,

Qasid Nağıoğlunun sənət müəllimlərinə ehtiram, sayğı dolu yazıları qəzetlərdə yer aldı.

Sual: Ailə qayğılarınızı necə bölüşürsünüz?

Ə.Bəşirli: İş yerimiz bir redaksiyada olanda ailə qayğılarını bölüşmək nisbətən asan idi. Əvvəldə qeyd etdiyim kimi anam nəvələrinə baxırdı, məktəbə gedənlərlə Dilarə məşğul olurdu, məndən asılı olan qayğıları işimlə uzlaşdırmaqla yoluna qoyurdum. Ancaq məsul vəzifəyə keçəndən sonra vəziyyət dəyişdi. Bu da təbii idi. Ailədə ana da, nənə də, hətta uşaqlar da bunu başa düşürdülər, necə deyərlər, səylərini artırırdılar. Həyat yoldaşım intellekti, iradəsi və işgüzarlığı ilə mənə dəstək oldu. Və mən 10 il ərzində böyük bir rayonda çox məsuliyyətli işin öhdəsindən gələ bildim. Əldə etdiyim təcrübə Bakıya qayıdandan sonra çalışdığım məsul işlərdə öz bəhrəsini verdi.

Sual: İkili imzayla yazınız çıxıbmı və bu yazı nə yazıdır?

Ə.Bəşirli: Heç vaxt ikili imza ilə yazımız çıxmayıb. Amma əlbir yaradıcılıq fəaliyyətimiz çox olub. Xüsusilə, bir redaksiyada işləyib birgə qəzet çıxaranda. Həmişə bir-birimizə dəstək olmuşuq, məsləhətləşmişik. Əksər hallarda ümumi razılığa gəlmişik, necə deyərlər, bir hədəfə vurmuşuq. Təbiidir ki, fikrimizin üst-üstə düşməyən məqamları da olub, ancaq yaradıcılıq müzakirələrinin xeyrini görmüşük. Həmişə bir-birimizi həvəsləndirmiş, dəstəkləmişik. Bir misal çəkim: rayonda məsul vəzifədə işləyəndə qeyri-adi olaylarla üzləşirdim. Bəzən haqqın nahaqqa qurban verildiyinin, ədalətsizliyin, saxtakarlığın şahidi olurdum. Dözə bilmirdim, özüm üçün qeydlər edir, hesabat hazırlayırdım. Dilarə yazdıqlarımı oxuyub, məsləhətini verdi. Mən də işim başımdan aşsa da, adətim üzrə sübh tezdən durub hər səhər 4-5 səhifə yazmağa başladım. Axşamlar evə gələnə qədər Dilarə əlyazmamı ev makinasında səliqə ilə çap eləyirdi. “Səssiz cinayət” povesti belə meydana gəldi. 1989-cu ildə “Karvan” jurnalında, az sonra “Yazıçı” nəşriyyatında kitab şəklində çap olundu.

Mənə müəyyən başağrısı gətirsə də, uzun illər müşahidə etdiklərimi, ürəyimdə yığılıb qalan, zaman-məkan hüduduna sığmayan olayları, vacib, aktual saydığım mövzuları qələmə alıb oxucuların mühakiməsinə verməyi özümə borc bildim. Beləliklə, Dilarənin redaktorluğu ilə altı kitabım işıq üzü gördü.

Onu da deməliyəm ki, tələbə-həyat yoldaşımın redaktəsinə söz ola bilməz. O, ötən yay Nahid Hacızadənin 650 səhifəlik “Yada düşdü” kitabını redaktə edib və qələm dostum razılığını bildirib.

“Heydər Əliyev. Şəxsiyyət və Zaman” kitabını redaktə etdikdən sonra müəllif, gözəl yazıçı-publisist Elmira xanım Axundova həmkarı Aynur qızımıza deyib ki, “sənin anan əsl redaktordur, indi onun kimi peşəkar tapmaq çox çətindir”.

Dilarə həmçinin Aynur qızımız və onun adaşı Aynur Kərimli ilə birlikdə jurnalistika fakültələri üçün “Xəbərçilik. Xəbərin toplanması və yazılması” dərsliyinin həmmüəllifidir.

Sual: Ailəvi bayramlarınız hansılardır və onu kimlərlə keçirirsiniz?

Ə.Bəşirli: Ailəvi bayramlarımız ad günlərimizdir. Əlbəttə, nəvələrin dünyaya gəlişi başqa aləm, qeyri-adi sevincdir.Adətən evdə, ailə üzvlərimizlə və ən yaxınlarımızla, necə deyim, haysız- küysüz bir yerə toplaşıb, xoş ovqatla qeyd edirik.

Sual: Xanıməfəndi, siz həyat yoldaşınızdan nə soruşmaq istərdiniz?

D.Vəkilova: Vallah hər ikimiz təqaüddəyik. Səhərdən axşamadək bir yerdə. Bir-birimizə nə sözümüz qalıb, nə sualımız. Amma tez-tez xahişimiz olur. O: “Bir gəl təzyiqimi ölç”. Mən: “Mənə dərman al”. Amma düşünməyin ki, günümüzü beləcə yeknəsəq və cansıxıcı keçiririk. Xeyr! Jurnalistlik həyat tərzidir. Ömür boyu bu peşədə çalışıb onunla bir canda birləşəndən sonra yazmamaq, oxumamaq, düşünməmək mümkün deyil. Nə yaxşı ki, eyni peşə sahibiyik. Çox vaxt oxuduğumuz qəzet və jurnal yazıları, kitablar barədə fikrimizi bölüşürük. Məni ən çox düşündürən televiziya aparıcılarının dilidir. Heç dözə bilməyəndə telekanallara zəng vurduğum vaxtlar da olur. Amma nə faydası?! Sabah (yeri gəlmişkən, indi aparıcıların əksəriyyəti çox həvəslə “sabahlarım”, “bu gunlərim”, “dünənlərim”, “sonram” və i.a. kimi ifadələr işlədirlər) başqa səhvlər meydana çıxır və beləliklə, dil hərc-mərcliyi getditkcə kütləvi hal alır. İstər-istəməz düşünürsən: bəs redaktorlar nə iş görürlər, haradadır onlar? Bax, bizim bir-birimizə sualların əksəriyyəti bu mövzuda olur.

Sual: Bəyəfəndi, Siz Xanımınızdan nə soruşmaq istərdiz?

Ə.Bəşirli: Ailə həyatımızın 45 yaşı var. Tələbəlik illərini və subay vaxtı işlədiyimiz çağları da hesablasaq yarım əsri keçib tanışlığımız. Deməli, bir-birimizdən soruşmalıları çoxdan soruşmuşuq. Cavablardan məmnun qalıb Tanrının verdiyi ömrü birgə yaşamaqdayıq. Şükürlər olsun, Qüdrət sahibi Ata-Ana, Baba-Nənə nemətini bizdən əsirgəməyib. Arzumuz budur ki, övladlarımız, nəvə-nəticələrimiz bəxtəvər yaşasınlar.Son olaraq vurğulamaq istəyirəm ki, bir-birini sevən, başa düşən, anlayan yazar ailələrini xoşbəxt sayıram. Belə ailələrin yaşa dolan valideynləri üçün ən yüksək mükafat övladlarının xoş sözləri, gözəl əməlləridir. Biz övladlarımızdan ürəkaçan sözlər eşitmişik. Ən önəmlisini jurnalist qızımız Aynur “Azad mətbuatın çərçivəsində” monoqrafiyasının ilk səhifəsində yazıb: “Atama və Anama. Onda mənim üç yaşım olardı. Bir bahar səhəri əlimdən tutub özünüzlə redaksiyaya apardınız. Atanın otağında oturmuşduq. Üçümüz də öz işimizdə idik. Siz də yazırdınız, mən də. Siz növbəti nömrənin materiallarını, mənsə rəngli, gözəl bir jurnalı.Yaz günəşi içəriyə sel kimi axırdı. O gündən jurnalistika mənim üçün işıqla bir oldu.Bu kitabı sizə həsr edirəm – jurnalistikanı işığa çevirə bilən insanlara. Bir də Sizin simanızda övladları üçün alqış qazanan bütün ata-analara”.

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2011.- 10 sentyabr.- S. 23.