Qarmaqarışıq dünyanın sirləri

 

“TOĞRUL” TELEVİZİYA FİLMİ ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR

 

Bu yaxınlarda Azərbaycan Televiziyasında efirə vəsiqə alan “Toğrul” sənədli televiziya filmi həm Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun sənət həyatını bütün çalarları, cizgiləri ilə ifadə elədiyinə, həm də sənədli film üstünlüklərinə görə ekran mədəniyyətimizdə ən son uğurlardan biri kimi tamaşaçı yaddaşına köçdü desək, yerinə düşər.

Bir saatlıq filmin diktə elədiyi üstünlüklər, o qədər çoxdur ki, aldığım təəssüratları bir müəllif yazısı daxilində ifadə eləmək, yazıya çevirmək mümkünsüz görünür. Filmdə rejissorun seçib-sonaladığı, operatorun əbədiləşdirdiyi görüntülər, ssenari müəllifinin sözlə ifadə elədiyi fikir və mülahizələr, mətndəki sərrastlıq tamaşaçı diqqətini sanki “idarə” eləyir, vaxtı bir andaca başa çatırmış kimi hiss eləmirsən. Sonda öz-özünə sual verməli olursan, bir an kimi keçən bir saatlıq bu ekran “hesabat”ından nə götürə bildin, gördüyün həqiqətlər nədi?

“Toğrul” adlı sənədli televiziya filmi məndə çoxlu təəssüratlar yaratdı, hisslərimi ifadə eləmək ehtiyacı duydum. Amma bu nə dərəcədə alına bilər, bu sətirləri yazmağa başlayarkən ilk düşündüklərim budu. Birincisi, dünya rəssamlığı arenasında öz dəsti-xətti ilə seçilən, imzasını “imzalar içində” bərkidən Toğrul Nərimanbəyovun yaradıcılığı haqqında söz demək ağır bir işdi, ikincisi də belə bir sənətkarın yaradıcılığını, fəaliyyətini, şəxsi keyfiyyətlərini ustalıqla əks elətdirən bir televiziya sənədli filminin məziyyətlərini söyləmək iki qat ağırlıqlıdı.

Film “İçərişəhər”in təsviriylə başlayır, “İçərişəhər”in dolanbac, müəmmaya oxşar, sirrli küçələri tarix kitabı timsallı qədim binaları, qalaları, qala divarları. Dəfələrlə gördüyün bu sirrə oxşayan tarix düşüncələrini yeni bir sirr qarşısında qoyacağını elə bil ki, əvvəldən hiss

eləyirsən. Bu sirr Toğrul Nərimanbəyov özüdü, bu sirr emalatxanası ilə, iş prosesi ilə ekranda görünən, öz əliylə yazılmış “Toğrul” titri ilə adamı aparır. Sirri hiss eləsən də, bütövlükdə, sirrin içi hələ də sirr qalır. Əslində, hər bir sənət adamını sənətə gətirən sirlərə tərəf getməyidi.

Ümumilikdə, yaradıcılıq özü bir sirr işidi. Dünya özü özü boyda sirdi-sehirdi. İnsan bu sirlərin içindədi, öz iç dünyası da, sirlərdən yoğrulub. Sənətə gəlməyin yolu dediyimiz kimi bu sirlərin mahiyyətinə vara bilməkdən başlayır. Kələfə bənzər bu sehrin ucunu tutduqca get-dedikcə gedirsən, bu yol sənətə gətirən, həm də uzaqlara aparan yoldu. Hara qədər gedəcəyin isə heç kimə bəlli deyil, buralarda itib-batmaq qorxusu da var.

Bu müasir qarmaqarışıq dünyada dünyanın tanınmış, barmaqla sayıla biləcək rəssamlardan biri Toğrul Nərimanbəyovu bu sirli-sehrli aləmə gətirən, uzun yolları qət elədən də elə sirlərə varmaq ehtiyacıdı. Çünki dünya sirlərlə doludu...

Filmin yaradıcıları rejissor Oqtay Babazadə, operator Adil Abbasov, ssenari müəllifi Möhbəddin Səməd bu “film-əsər”də tamaşaçını sirlərə tərəf çəkir. Bu sirlərin mahiyyəti nədir? Bu bir xətt kimi filmin leytomotividi. Əslində, sirlər Tanrıya aparan yoldu. Tanrıya gedən yol sirlərin içindən keçib gedir. Bu yolu tutmaq haqqa tapınmaqla mümkün olur. Haqqa varmaq süfilərin ilk son məqamıdı. Bu yol həm böyük yaradıcılıqdan keçir, nədən ki, tanrı bütün yaradıcıların, bütöv yaradılanların yaradıcısıdı.

Toğrul Nərimanbəyovun bütün yaradıcılığı bir qızıl xətt üstə sistemli şəkildə gedir. Bu sistemin xəmiri millilikdən yoğrulub. Təbii ki, hər bir milli olan, həm bəşəri olandı. Başqa ölçüdə bəşərilik yoxdu. Filmdə bu xətt ana xətt kimi cızılır.

Təbii ki, böyük rəssamın əsərlərini təhlil eləməkdən uzağam, çünki, əslində buna gücüm çatası deyil, sadəcə olaraq rəssamın əsərlərində izinə düşmək istədiyim sirlər özünü açmasa da mənə nəsə pıçıldayır.

Mənə yaradıcılığı çox doğma olan rus şairi S.Yeseninin bir sözünü xatırlatmaq istəyirəm. “Mənim şeirlərim mənim tərcümeyi-halımdı”, – deyir. Bu dəqiq bir formuldu. Tərcümeyi-hal, şəxsiyyət, yaradıcılıq vəhdəti bu böyük formulanın təsdiqidi. Hər bir şəxsiyyət ola biləcək adam öz tərcümeyi-halından doğulur. Tərcümeyi–hal tale işidi, bu isə yalnız allahın əliylə yazılır. Böyük yaradıcılıq isə hər böyük şəxsiyyətin alın təridi. Bu mənada filmin ifadə elədiyi məqamlardan məhz biri də Toğrul Nərimanbəyovun tərcümeyi-halı, şəxsiyyəti və yaradıcılıq xəttinin vəhdətdə verilməsidi.

Rəssamın atası XX əsrin əvvəllərində Fransada yaşayıb, mükəmməl Avropa təhsili alıb, nəcib bir fransız qızı ilə ailə həyatı qurub. Çox keçmədən Vətən onu çəkib Bakıya gətirib. Yüksək ixtisaslı, elektrik mühəndisi kimi fəaliyyət göstərib, ölkənin texniki həyatında misilsiz işlər görüb, elə həyatın burulğanına da Bakıda öz doğma yurdunda düşüb. İlk repressiya qurbanları sırasında həbs olunub, gedər-gəlməzə göndərilib. Filmdə bu tarix rəssamın dilindən qısaca verilsə də repressiya tufanını çox qabarıq ifadə eləyir. Bu tarixin qabardılması filmin uğurunu artırır, repressiya illəri göz önündə canlanır. Zaman-zaman milləti əzib, tükədən ölüm mexanizmi təkrar-təkrar tamaşaçı diqqətində bir “Sos” həyəcanı doğurur. Daha sonra rəssamın anası, nəcib, savadlı fransız qadını da bu tufandan kənarda qalmır, o da həbs olunur, sürgün həyat başlayır. Bu ağrı və faciələr uşaqkən Toğrulun yaddaşında və həyatında öz izlərini qoyur. Uşaqlıq illərinin bir hissəsi Səmərqənddə keçir.

Səmərqənddə gördüyü tarixi abidələr onu heyrətləndirir, bəlkə elə sirlərin ilki onun qəlbini burdaca rahatsız eləyir.

Tale onu dünyanı bucaq-bucaq dolandırır. Litva Rəssamlıq Akademiyasında aldığı mükəmməl təhsil, şəxsi mütaliəsi və çalışqanlığı, Lüksenburq, Paris, Vaşinqton kimi mədəniyyət mərkəzlərindən görüb-götürdükləri yaradıcılığında ifadəsini tapır, onu bir sənətkar kimi dünya arenasına çıxarır.

Film boyu rəssamın dilindən səslənənlər onun tərcümeyi-halının şəxsiyyətinin, yaradıcılığının ən sirrli və mübhəm anlarını və vəhdətini anlatdırır.

“Fransız romantizmi, Fransız sezanizmi mənim yaradıcılığımda böyük rol oynadı”, – deyir. Təbii ki, romantizm də, sezanizm də dünya rəssamlığında yeni yollar və yaradıcılıq metodları idi. Romantizm XIX əsrin 20-30-cu illərində təşəkkül tapmağa başlamışdı. Bu yaradıcılıq metodu, cərəyan kimi ədəbiyyatda da önə çıxa bildi. Bu cərəyan qızğın kaloriti, forma və modeli, plastikliyi, rənglərin kontrastlığı ilə seçilən bir yol idi. Sezanizm isə XX əsrin ilk dövründə rəssam Pol Sezanın metodu əsasında bir cərəyan kimi formalaşırdı. Bu janr formaca yeniliyinə, rənglərin aydın və möhkəm kontrastlığına, həcmcə sabitliyinə və həndəsi parametrlərinə görə seçilirdi. Dərin fundamental və özülə malik biləyə yiyələnmədən heç bir uğura imza atmaq mümkün olmur, təbii ki, bunlar rəssamın çox gənc ikən dərk elədiyi həqiqətlər idi, həqiqətlər isə daha dərinlərdə gizlənirdi, özü də zəncirvari bir sistemdi, bu zəncirin həlqələri çoxdu. Çin, Yapon mədəniyyəti, türk təfəkkür sistemindən gələnlər, xüsusən uşaqkən Səmərqənddə gördükləri, orta əsr Əmir Teymur dövrünün təkrarolunmaz tarixi abidələri, ən əsası da mənsub olduğu xalqdan gördükləri, götürdükləri, fəhmiynən gələnlər, bu zəncirin bir-birinə bitişik halqalarıydı.

Filmin ən uğuru, məhz rəssamın bu sistem əsasında formalaşdığını nümayiş etdirməsidi. Toğrul Nərimanbəyovun təfəkkürünün bütövləşməsində fransız və rus avanqardist mədəniyyətinin təsiri də danılmaz faktorlardandı. Bütün bunlar rəssamın yaradıcılıq uğurlarının əsasıdı.

Film boyu rəssam müxtəlif yaradıcılıq pozalarında təsvir edilir, əsərləri nümayiş olunur, iş üslubu qabardılır. Toğrul Nərimanbəyovun fəlsəfi düşüncələri, fikir və izahları bu fonu daha da gücləndirir, gəldiyi fəlsəfi nəticələr onun bir filosof kimi yetkinliyindən xəbər verir. Film boyu Toğrul Nərimanbəyovun bir şəxsiyyət kimi üstünlükləri, dünya arenasındakı yeri qabardılır. Söhbətlərindəki tarixi gəzişmələr, siyasi dünya- baxışındakı fərdilik, fəlsəfi və nəzəri yekunlaşdırma qabiliyyəti, qlobal düşüncə tərzi, onu dünyanın say-seçmə adamları, düşüncə insanları ilə bir sırada qoyur. Bu günkü kommersiyanın sənətin inkişafına ağır zərbələr vurduğunu bilsə də, elə keçmiş totalitar sistemlərin də əsil sənətin inkişafına mane olduğunu deyir.

Bir dəfə Moskvada bir sərgi zamanı, o zamankı SSRİ hökumətinin Mədəniyyət naziri Y.Furtsevanın sərgidən onun işlərinin yığışdırılmasını tələb etməsi, nəhayət dünya rəssamlığında Toğrul Nərimanbəyovun kim olduğunu kiminsə astadan nazirin qulağına pıçıldaması bu rüsvayçılığın qarşısını alır. Təbii ki, bu rüsvayçılıq sovet sistemini həmişə müşayiət eləyib.

Filmdə Azərbaycan təbiəti, bölgələrimiz xüsusi olaraq nümayiş etdirilir. Bu kadrlar “Sarı gəlin” musiqisi fonunda verilir. Rəssamın əsərlərində “Nar” ən çox təsvir olunandı. Nar torpağımızın özünə-özümüzə məxsus möcüzəsidi, rəssamın əsərlərimdə “nar” bir rəmz kimi verilir. Nar ayrıca bir obrazdı, daha çox simvollaşır. Rəssam özü bu xüsusda belə deyir: “Nar mənim yaradıcılığımın prinsipidi”.

Filmdə rəssamın sistemli yaradıcılığı bir sistem şəklində verilir. Hər nə var: operator işi, rejissor fantaziyası, yaradıcı təxəyyül, ssenarist duyumu, həqiqətləri təftiş etmədən söyləyə bilmək üstünlüyü və elmi mülahizələrlə vəhdətdədi.

Azərbaycan Televiziyası Telefilm Yaradıcılıq Birliyinin istehsalı olan “Toğrul” filmini dünya ekran “bazarına” çıxarmağa ehtiyac var. Yeridi qeyd eləyək ki, istedadlı qələm adamı, Azərbaycan nəsrində və publisistikasında elmi janrı, məsuliyyətlə deyirəm, yaradan, inkişaf etdirən Möhbəddin Səmədin ssenarisi əsasında, bu yaradıcı üçlüyün əməyi nəticəsində təqribən on-on beş il əvvəl Azərbaycanın daha bir böyük şəxsiyyəti Lütfi Zadə haqqında çəkilən televiziya filmi də xalqımızın telefilm mədəniyyətində hadisə oldu.

“Toğrul Nərimanbəyov böyük sənətə ötən əsrin 50-ci illərində diplom işi olan “Baltik balıqçıları” adlı əsəri ilə gəlib. O vaxt incəsənət özünün ən yaxşı inkişaf dövrünü keçirirdi. Yeni yaradıcılıq cərəyanları, təzə axtarış meylləri yaranmışdı. Rəssamların bəziləri realizm üslubunda, bəziləri isə sərt, poetik və digər yönlərdə yaradıcılıq axtarışları apardılar. Toğrulun yaradıcılığında Şərqlə Qərb sənətinin sintezi xüsusi üstünlük təşkil edirdi. Onun əsərlərində Şərq miniatür sənətinə məxsus gözəl dekorativlik Qərb incəsənətinə xas intellektuallıqla harmonik vəhdət təşkil edib, bu əsərlərin hərəkətverici qüvvəsinə çevrilirdi.

Gözləmək olardı ki, hamı Toğrulun yeni görümdə olan, amma nahamar görünən bu əsərlərini ilk baxışdaca sevib dəyərləndirəcək və onları zamanın fövqündə duran nadir sənət nümunələri hesab edəcəklər. Lakin tamamilə əksinə oldu, çoxları bunu əllaməçilik, mücərrəd sənət cərəyanının təsirinin təzahürü kimi qiymətləndirdilər. Hətta bəziləri dodaq büzüb Toğrulu qınadılar, “Milli zəmindən uzaqlaşmış”, “cızığından çıxmış rəssam” adlandırırdılar. Amma Toğrul bunların heç birinə məhəl qoymadı, ürəyinin hökmü ilə özü istəyən kimi işlədi”.

Ssenari mətnindən misal gətirdiyimiz bu sətirlərdən də görünür ki, filmdə heç nə təftiş olunmur, heç nə şişirdilmir, heç nə də ört-basdır edilmir. Toğrul Nərimanbəyov foneminin qabarıqlığı ssenaridə göstərilən əksliklərdə özünü tam ifadə eləyir. Rəssama olan yersiz hücumlar da, antimilli olmaqda, günahlandırılmalar da sabun köpüyündən başqa bir şey deyil. Rəssamın “Buzovnada bayram”, “Muğam”, “Musiqiçilər” tabloları milli köklərdən gələnlərdi. Haqlı olaraq rəssamın yaradıcılığı belə dəyərləndirilir.

Nağıl süjetləri Toğrul Nərimanbəyovun bir rəssam kimi yaradıcılığında xüsusi seçilir. Şəxsən mənim bu əsərlərdən aldığım ilk təəssürat “nağıl –yuxu” təəssüratları olur. Nağıllar da, yuxular da sirlərlə doludu. Toğrul Nərimanbəyov yaradıcılığı dərinə kök atan ağaca, başıaşağı dolu sünbülə bənzəyir. Tamaşaçı diqqətini çəkib dərinliklərə aparır, düşündürür. Dedikləri, söylədikləri isə dünya rəssamlıq tarixinə bir ekskurs kimi səslənir. Rəssamın yaradıcılıq dəyərləri ssenari müəllifinin fikirlərində belə ifadə olunur:

“Sənət bilicilərinin fikrincə, Toğrulun çox qatlı yaradıcılığı öz başlanğıcını əvvəli “biri vardı, biri yoxdu”, sonu “göydən üç alma düşdü, biri sənin, biri mənim” sözləri ilə bitə nağıllardan, sehrli əfsanələrdən götürmüşdür. Elə buna görə də bu əsərlərin hamısı Azərbaycan xalqının milli xüsusiyyətlərini, adət-ənənələrini, məişət tərzini, psixologiyasını

özündə əks etdirən, axırı xoş sonluqla qurtaran əfsanə və nağıllara bənzəyir. Əfsanə və nağıllarda olduğu kimi, Toğrulun bir çox tablolarında, xüsusilə “Nağıllar aləmində” monumental divar rəsmində həqiqətlə əfsanənin, təfəkkürlə təxəyyülün, sevinclə kədərin, yumorla ağrının bir-birinə qaynayıb qovuşduğu hikmət aləmi işığın qaranlıq, ədalətin haqsızlıq, həyatın ölüm üzərində qələbə təntənəsi ilə üzləşirsən. Bu ovqatı Anarın “Dədə Qorqud” əsərinə çəkdiyi illüstrasiyalarda da qabarıq hiss edirsən”.

Təbii ki, rəssamın dünya rəssamlığından, milli miniatürlərimizdən, nağıl və folklorumuzdan götürdükləri, əxz elədikləri həm də onun bir nəzəriyyəçi kimi yetişməsində öz müstəsna rolunu oynayıb.

“Fransız rəssamlarının çoxu avanqardistlər olub. Sonralar dünyaya bəxş edilən bu böyük mədəniyyətin üstündən səssizcə adlayıb keçiblər. Alman və italyan, eləcə də, digər dünya rəssamlığı bu böyük mədəniyyəti mənimsəyib, özününküləşdirib”,-deyir. Bu sözlər rəssamın elmi mülahizələridi, onu həm də nəzəriyyəçi alim kimi xarakterizə edir.

Düşünməli olursan: türklərin də yaratdıqları çox böyük mədəniyyətlərin üstündən beləcə səssiz-səmirsiz adlayıb keçmələri elm üçün sirr deyil. Təbii ki, türklər dünyanın bir ucundan, o biri ucuna böyük mədəniyyətlər daşıyıcısı kimi tarixə daxil olub. Tarixin yaddaşında silinməz izlər yazıb, ziyanlarına tarixin unutduqları da hesaba gəlməz.

Film boyu tamaşaçı bu böyük insanın istedadının müxtəlif çalarlarını görür. Məlumdur ki, o şeir də yazıb. Şeir insanı sirlər arxasınca aparan ən böyük qüvvədi, ən mübhəm də sirlərdəndi.

Toğrul Nərimanbəyov özünü məşhur bir vokalist kimi də tanıdıb.

O, dünya opera və vokal sənətinin ən mükəmməl əsərlərini ifa eləyib, konsertlər verib, o cümlədən, İtaliyanın ən elitar konsert salonlarında.

O, həmişə, hər yerdə peşəkardı: “Mən diletantlığı xoşlamıram, – deyir, – vokalda sirlər çoxdu, bu sirləri dərketmə marağı məni hey çəkir. Açığını desəm, mənim üçün rəssamlıqda tapmaca azdı, bilirəm ki, bu labirint harda başlaya, harda sona çata bilər. Amma vokalda tapmacanın sonunu görmürəm”.

Rəssamın bu fikri insanı düşünməyə vadar eləyir. Təbii ki, onun gəldiyi bu nəticələrinin elmi əsası yox deyil. İstər-istəməz film boyu çalışırsan ki, diqqətindən heç nə yayınmasın... onun söylədikləri, əsərlərindəki sirr dolu müəmmalar beynindən sürət qatarı kimi keçir. Bir balaca ləngidimi o söz!...

“Rəssamlıq dünyada ədalət daşıyıcısıdı. Amma kommersiya bu mədəniyyətə ziyan vurur (yuxarıda rəssamın totalitar sistemlərin ziyanı haqda dediklərini də xatırlatmışdıq). Fikrinə davam eləyir: “İndi dünya çaşqınlıq içindədi. Bu çaşqınlığı indiki gənclər daha çox keçirir.

Təbii ki, bu kiçik yazıda nə şəxsiyyət kimi Toğrul Nərimanbəyovun keyfiyyətlərini, nə də filmin üstünlüklərini tam ifadə eləmək mümkündür.

Film yüksək dəyərlər aşılayır, rəssam əməyinin işgəncəli yollardan keçdiyini sərgiləyir, dünyanın bir çox yerlərindən, onun vokal konserti keçirilən heyrətamiz İtaliya konsert zallarından görüntülər gətirir. Toğrul Nərimanbəyovun elmi mülahizələri dəqiq fundamental düşüncə tərzi insan düşüncəsinə bir qapı açır.

Rəssam bu qənaətdədi ki, qədim Azərbaycan miniatür sənəti sirlərlə doludu. Bu sirlərin açılması dünya mədəniyyətinə çox böyük fayda verə bilər.

Yazımı da bu düşüncə adamının bir fikri ilə tamamlamaq istəyirəm. O, Azərbaycan təbiətinə, ana torpağımıza böyük üstünlük verir: “Bu torpaq qeyri-adi yaradıcılıq enerjisi saçır”, – deyir.

 

 

Tahir TALIBLI

 

525-ci qəzet.- 2011.- 16 sentyabr.- S. 4.