Şəki-açıq səmada muzey şəhər

 

YAQUB MAHMUDOV: “PREZİDENTİN ŞƏKİ ŞƏHƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR SƏRƏNCAMI AZƏRBAYCANIN TARİXİNƏ, MİLLİ MƏFKURƏMİZİN QORUNUB-SAXLANILMASINA QAYĞININ TƏZAHÜRÜDÜR”

 

Sentyabrın 12-də dövlət başçısı İlham Əliyev Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sərəncamdan irəli gələn məsələlərin yerinə yetirilməsi üçün dövlət başçısı tərəfindən 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Sərəncama əsasən, Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Şəkinin milli memarlıq ənənələrinin və üslubunun qorunub saxlanması şərtilə, tarixi-memarlıq abidələri və onların mühafizə zonaları, əhali artımı, yeni yaşayış, istirahət, idman kompleksləri, əhaliyə mədəni-məişət xidməti, şəhərdaxili nəqliyyat, mühəndis-kommunikasiya şəbəkələri, kommunal təsərrüfatı və sənaye-istehsal sahələrinə aid obyektlərin yerləşdiyi ərazilər nəzərə alınmaqla, şəhərin inkişafı və aparılacaq abadlıq-quruculuq işləri barədə bir ay müddətində təkliflər hazırlayaraq, onu Şəki şəhərinin baş planına daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər. Həmçinin Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin müvafiq nazirlik, dövlət komitəsi və idarələrlə razılaşdırılmış təklifləri əsasında Şəki şəhərinin 2030-cu ilə qədərki dövrdə inkişafına dair baş planın təsdiqi üçün zəruri tədbirləri iki ay müddətində həyata keçirməlidirlər.

 

Sərəncamdan irəli gələn məsələlər və digər məqamlara aydınlıq gətirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Şəki şəhərinin deputatı Yaqub Mahmudovla söhbətləşdik.

 

 – Şəkinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı prezident İlham Əliyevin sentyabrın 12-də imzaladığı sərəncam 180 min nəfərdən çox əhalinin yaşadığı sözügedən rayonda, eləcə də 80 min əhalisi olan Şəki şəhərində çox böyük sevinclə qarşılandı. Düzdür, dövlət başçısı Azərbaycanın bütün bölgələrinə, o cümlədən Şəkiyə hər zaman diqqət və qayğı ilə yanaşıb. Bunun nəticəsidir ki, son illərdə Şəki şəhərində bir sıra infrastruktursosial yönümlü layihələr həyata keçirilmiş, müəyyən tarixi abidələr bərpa olunmuş, yeni mehmanxanalar, istirahət mərkəzləri, ticarət və xidmət obyektləri, Olimpiya İdman Kompleksi, modul tipli elektrik stansiyası, sənaye müəssisələri istifadəyə verilib. 100 çarpayılıq müasir xəstəxananın tikintisi isə başa çatmaq üzrədir. Son sərəncam isə sakinlərin könüllərində sanki taxt qurdu. Sakinlər qrup-qrup toplaşaraq məktublar yazır və bu sərəncama görə dövlət başçısına minnətdarlıqlarını çatdırırlar. Dünənə (sentyabrın 14-ü – A.L.) olan məlumatıma görə artıq 200 nəfərə yaxın şəkili ağsaqqal prezidentə təşəkkür məktubu göndərib. Həqiqətən də xalq cənab prezidentdən bu addımı gözləyirdi. Şəki sakinlərinin bu sevinci heç də səbəbsiz deyil. Çünki sözügedən şəhər Azərbaycanın ən qədim tarixi mədəniyyət mərkəzlərindən biridir. Sərəncamda da Şəkinin tarixi rolu çox yüksək qiymətləndirilir. Şəki şimal-qərb bölgəsində yurdumuzun dövlətçilik mərkəzi, dövlətçiliyimizin qalasıdır. Tarixin ən müxtəlif dövrlərində Şəki hakimləri, xanları yadellilərin Azərbaycana qarşı olan ərazi iddialarının qarşısını alıb və Vətən torpaqlarını göz bəbəkləri kimi qoruyub-saxlayıblar. Bu, dövlətçilik tarixində Şəkinin çox mühüm roludur. Şəkinin indinin özündə də bu rolunu qoruyub-saxlaması sevindiricidir. Rayonun ziyalı, elm-mədəniyyət mərkəzi olması o bölgədə azərbaycançılığımızın çox böyük təminatıdır. Sərəncamda xalqa lazım olan çox müxtəlif istiqamətlər nəzərə alınıb ki, bunlardan biriidman, sağlamlıq məqamıdır. 80 min əhalisi olan şəhərin gəncləri prezidentin idman sağlamlıq hərəkatında yaxından iştirak etməsi bir o qədər də yaxşı səviyyədə deyildi. Sərəncamda bu məqamın da yer alması sevindiricidir.

– Dövlət başçısının imzaladığı bu sərəncamı ümumən necə qiymətləndirirsiniz?

– Sərəncamın çox böyük tarixi əhəmiyyəti var. Ən başlıcası sərəncam Şəki şəhərinin intibahına yönəlib. Təbii ki, Azərbaycanda gedən böyük quruculuq işləri Şəkini də çox dolğun əhatə etməli idi. Şəkiyə çox böyük dövlət qayğısı lazım idi ki, bunu cənab prezident hər zaman olduğu kimi, yenə də yüksək səviyyədə həyata keçirdi. Hesab edirəm ki, 80 min əhalisi, həmçinin çoxsaylı tarixi abidələri olan Şəki şəhəri ilə digər şəhərlərin büdcə vəsaiti eyni olmamalıdır. Şəki şəhərindən millət vəkili, bir ziyalı, tarixçi alim olaraq cənab prezidentin bu sərəncamından çox məmnunam. Bu addımı Azərbaycanın tarixinə, mədəniyyətinə, milli məfkurəmizin qorunub-saxlanılmasına misilsiz qayğı hesab edirəm. Müasir dövrdə Şəki şəhərinin inkişaf strategiyasına uyğun olaraq tikinti-abadlıq işlərinin aparılmasında özünəməxsusluğun qorunub-saxlanılmasına, ətraf mühitlə vəhdətin təmin olunmasına, tarixi mədəniyyət abidələrinin mühafizəsinə və mövcud mədəni-tarixi potensialdan səmərəli istifadəyə sərəncamda xüsusi diqqət yetirilməsi çox mühüm məqamdır. Sözün həqiqi mənasında sərəncamda Şəkinin tarixi-memarlıq abidələrinin hamısının qorunub-saxlanılması şərtilə yenidənqurma və təmir işlərinin aparılmasının yer alması çox təqdirəlayiq haldır. Yəni Şəkidə tarixi-memarlıq abidələri saxlanılaraq, həmçinin bu abidələr restavrasiya edilməklə quruculuq işləri aparılacaq. Çox böyük sənəd olan bu sərəncamın Azərbaycan üçün əhəmiyyəti müstəsnadır. Biz tarixi abidələrlə zəngin olan belə şəhərləri qorumalıyıq.

– Azərbaycanda müasir binalar harada, necə gəldi tikilir. Yəni ərazinin tarixi əhəmiyyəti və memarlıq abidələri ilə zəngin olması, habelə digər məqamlar bir çox hallarda nəzərə alınmır. Memarlıq abidələri ilə zəngin olan Şəki şəhərində necə, tarixi abidələri öz kölgəsinə salan müasir tikililərin inşasının qarşısı alınır?

– Bəzən görürsən ki, tarixi abidələrlə zəngin bir ərazidə müasir üslubda yüksək mərtəbəli binalar tikilib. Bu təhqirə bənzəyir. Daha dəqiq desəm, bu məqam xalqın misilsiz tarixini təhqir etməkdən başqa bir şey deyil. Şəkidə də ara-sıra belə məqamlara rast gəlinir. Orada karvansara yoluna gedən yerdə bir yataqxana var ki, şəhərin memarlıq üslubunu pozur. Belə memarlıq şəhərinin içərisində üzdəniraq müasir binalar olmamalıdır. Yəni tikinti mədəniyyəti olmalıdır. Qərb ölkələrində buna ciddi riayət edilir. Berlində, Brüsseldə, Zaqrebdə və başqa Avropa şəhərlərində tarixi yerlər olduğu kimi saxlanılır. Onlar tarixi şəhərlərin bir daşına belə toxunmurlar. Çünki bu, xalqın minillər boyu qurub-yaratdığı tarixidir. Avropada yeni binalar isə başqa ərazilərdə inşa edilir. Bu baxımdan Azərbaycan prezidenti ölkəmizdə gedən bütün tikinti-quruculuq, abadlıq işlərinə şəxsən özü başçılıq edir. Cənab prezident yüksək zövq sahibidir, yersiz rənglərin əleyhinədir. Dövlət başçısı Azərbaycanın tarixi-memarlıq ənənələrinin qorunub-saxlanmasının tərəfdarıdır. Məhz sözügedən qiymətli sərəncamda həmin bu ruh hiss olunur. Sadəcə olaraq yox ki, Şəkidə tikinti getsin, olsun, bura abadlaşsın. Cənab prezident bütün bu tikinti işlərinin Şəkinin memarlıq ənənələrinin özünəməxsusluğunun qorunması ilə həyata keçirilməsini istəyir. Dövlət başçımızın sərəncamı bütövlükdə Azərbaycan intibahının tərkib hissəsi olan Şəkinin az vaxt ərzində yüksəldilməsinə yönəlib. Azərbaycanda müasir quruculuq işləri yüksək səviyyədə həyata keçirilir. Hətta yeni şəhərlər salınır. Amma bütün bunlarla yanaşı, xalqın min illər boyu qurub-yaratdığı mədəniyyətin dövlət başçısı tərəfindən qorunub-saxlanılması qürurvericidir. Çünki biz dünyada Qobustan, İçərişəhər, Xan sarayı və digər bu kimi abidələrlə təmsil olunuruq.

Yaqub müəllim, sərəncamda göstərilir ki, Şəkinin milli memarlıq ənənələri və üslubu, eləcə də tarixi-memarlıq abidələri və onların mühafizə zonaları qorunub-saxlanmaqla təmir-tikinti, bərpa işləri aparılsın. Rayonda hansı tarixi-memarlıq abidələri var?

– Şəkinin Azərbaycan tarixində çox mühüm rolu ondan ibarətdir ki, belə böyük ərazi başdan-başa muzey, tarixi abidələr şəhəridir. Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin zəngin tarixi var. Bu şəhərdə inşa edilmiş qədim karvansaralar, qalalar, müxtəlif müdafiə qurğuları, ictimai binalar, məscid və məbədlər, o cümlədən Kiş kəndində yerləşən alban məbədi, Xan sarayı və Şəkixanovların evi kimi xüsusi memarlıq üslubuna malik olan yüzlərlə imarət və digər tarixi-memarlıq abidələri mədəni irsimizin nadir incilərindəndir. Xan sarayı Azərbaycanın çox nadir abidələrindən biridir. Bu abidənin 250 illiyi qeyd ediləcək. Xan sarayı xüsusi memarlıq kompleksidir. Belə tikiliyə Azərbaycan torpaqlarında başqa yerlərdə təsadüf edilmir. Bu abidədə bir dənə də olsun mismar işlənməyib, şəbəkə sənəti bütün incəliyi ilə qorunub-saxlanıb. Xan sarayı təkcə memarlıq abidəsi kimi deyil, eyni zamanda tərbiyəvi, əxlaqi əhəmiyyət daşıyan abidədir. Məsələn, abidənin ikinci mərtəbəsində Şəki xanlarının elmlə, mütaliə ilə məşğul olduqları otaqda miniatür sənətinin elə səhnələri ora həkk edilib ki, sadəcə bura daxil olan dövlət məmuru əgər onda az da olsa Vətən sevgisi varsa, dünyanın müdrik adamına çevrilə bilər. Otağa daxil olursan, vəhşi, yırtıcı heyvanlar, tavanda isə taxt-tacı çiyinlərində saxlayan iki nəhəng şirlə qarşılaşırsan. Bununla yanaşı, onların ayıqlarının altında sürüşkən balıqlar həkk edilib. Yəni taxt-tacı igidlər, görkəmli dövlət adamları saxlayır. Balıq isə o anlama gəlir ki, çox güvənmək lazım deyil, düşüncə ilə idarəçilik vacibdir. Çünki bir zaman taxtdan sürüşüb, yıxıla bilərsən. Həmin bu otaqdan çıxan zaman isə ağzında gül olan qurdun quzu ilə bir yerdə otladığını görürsən. Yəni dövlət xadimi olaraq Şəki xanları dünyanı belə görmək istəyirdilər. Bu baxımdan Şəki Xan sarayı dünyanın ibrətamiz abidələrindən biridir. 2002-ci ilin noyabr ayında ulu öndər Heydər Əliyev Şəkiyə Olimpiya Kompleksinin açılış mərasiminə gəlmişdi. Bu zaman o, Xan sarayına də təşrif buyurdu. Hesab edirəm ki, ümummilli lider həm də mahir memar idi. Çünki ulu öndər Xan sarayının içərisində yuxarıda qeyd etdiyim bu şəbəkələrin hamısını incəliyinə qədər təhlil etdi. Hələ gənc yaşlarımda xarici ölkələrdə olan bir çox abidələri ziyarət etmişəm. Səmərqənd abidələrinə baxıb məst olduqdan sonra düşünürdüm ki, görəsən bizim niyə belə abidələrimiz yoxdur. Lakin sonra Şəki Xan sarayı ilə məşğul olan zaman belə bir abidəmizin olduğu üçün çox böyük qürur hissi keçirdim. İsfahanda Səfəvi hökmdarı Şah Abbas orada elə abidələr yaradıb ki, adam bunlara baxan zaman qürur hissi keçirirtarixi ilə öyünür. Bu gün Şəki Azərbaycanda açıq səma altında olan yeganə muzey şəhərdir. Burada çoxsaylı abidələr var və onların hamısı xüsusi memarlıq üslubu ilə inşa edilib. Təəssüfləndirici məqam isə burada olan çoxsaylı abidələrin dağılmasıdır. Bütün bunlarla yanaşı, Şəki Mirzə Fətəli Axundovun, Rəşid bəy Fəndiyev, Azərbaycanın riyaziyyat məktəbinin banisi Məmməd bəy Əfəndiyev, məşhur riyaziyyatçı Məcid Rəsulov, Fuad Əbdürrəhmanov, Lütfəli Abdullayev, Salman Mümtaz, Bəxtiyar Vahabzadə kimi çox görkəmli şəxsiyyətlərin Vətənidir. Yəni belə bir şəhərə dövlət qayğısı sadəcə alqışlanası məqamdır. Şəki ipək yolunun üzərində yerləşməsi ilə tarix boyu dünyaya səs salan şəhər olub. XIII əsrdə Şəkinin ipəyini almaqdan ötrü Avropalılar Qara dənizə keçir, balaca gəmilərin altına piy sürtür, onu taxtanın üzərində sürüşdürərək Volqaya salır və ordan Xəzərə keçirdilər. Həmin dövrdə İtaliya mənbələrində Venesiyada, GenuyadaSetta Şəki” (şəki ipəyi) xüsusi ipək növü kimi qeyd edilir. Bütün bu məsələlərin hamısında Şəkinin öz rolu varbu tarix bərpa olunmalıdır. Artıq dövlət başçımızın birbaşa nəzarəti ilə orada bu işlər başlanıb.

– Şəkinin tarixi-mədəniyyət mərkəzi, zəngin abidələr məskəni olduğunu nəzərə alsaq, qəbul olunmuş bu sərəncamın Azərbaycanda turizmin inkişafına təsirinin necə qiymətləndirərdiniz?

– Cənab prezidentin çox müdrikliklə bu ili turizmi ili elan etdiyinisonuncu sərəncamını nəzərə alsaq, Şəkinin Azərbaycanı beynəlxalq turizm mərkəzinə çevirəcəyini söyləyə bilərik. İlk olaraq öz abidələri ilə. Bu bir faktdır ki, xarici ölkələrdən Azərbaycana axışan turistlərin əksəriyyəti məhz elə Şəkidəki tarixi-memarlıq abidələri görmək məqsədilə ölkəmizə təşrif buyurur. Hesab edirəm ki, Şəkidə tarixi-memarlıq abidələrinin bərpası və qədim ənənələrin saxlanıldığı zaman belə bir şəhər turizmdən gələn gəlirlə az qala bütün Azərbaycanın maddi təminatını ödəyə bilər.

– Sərəncamda göstərilir ki, aidiyyəti qurumlar eləcə də Milli Elmlər Akademiyası Şəkidə bərpa, təmir, tikinti işləri ilə bağlı təkliflər hazırlamalıdır. Şəkidə hansı işlərin görülməsinə və ya hansı abidələrin restavrasiyasına ehtiyac var?

Burada şəbəkə sənətini dirçəltmək lazımdır. Çünki bu sənət Azərbaycanda itmək üzrədir. Təcili olaraq şəbəkə, ipəkçilik və Şəkidə keçmişdə mövcud olan digər sənətlər üzrə peşə məktəbi açılmalıdır. Orada misgərlər, sandıqdarlar və başqa məhəllələr var. Avropada bu sənətlər sonralar yaransa da saxlanılıb, əksinə bu, Azərbaycanda itmək üzrədir. Şəkidə az da olsa qalan bu tarixi ənənələr dirçəldilməlidir. Şəki tarixən Azərbaycanın elm mərkəzlərindən olub. Bu baxımdan rayonda elmin rolu artırılmalıdır. Haqqında danışdığımız şəhərdə çox güclü ziyalı potensialı var. Şəkidə bu potensial nəzərə alınaraq bir dövlət universiteti açılmalıdır. Tarixən də belə olub. Zənnimcə, Şəki ətrafında olan rayonların tələbələrinin Bakıya toplaşmasına ehtiyac yoxdur. Onlar Şəkidə açılacaq universitetdə təhsil ala bilərlər. Bu bir faktdır ki, Azərbaycanın uğurları çoxaldıqca bədxahları da artır. Azərbaycançılığa qarşı olan, vaxtilə torpaqlarımızı işğal edən qüvvələr indi orada müəyyən mərkəzlər yaradaraq burada ərazi iddiaları üçün bünövrələr qoymağa, dini ixtilaflar yaratmağa, eləcə də baptizmi yaymağa çalışırlar. Bu çirkin məqsədləri yerinə yetirmək üçün Şəkidə əhalinin içərisində müəyyən qruplar fəaliyyət göstərir. Belə işlər başqa istiqamətdən də aparılır. Gürcüstandan gələn bəzi qüvvələr də çirkin niyyətlərini həyata keçirməyə səy göstərir. Bütün bunların qarşısını almaq üçün Şəki ziyalı mərkəzi olmalıdır. Elmimiz, təhsil sistemimiz Şəkidə əvvəlki ənənələrinə qayıtmalıdır ki, biz orada vaxtilə Dağlıq Qarabağdakı nöqsanları bir daha təkrarlamayaq. Şəkidəki bütün abidələrə elmi münasibət olmalıdır. Bütün bunlarla yanaşı, Şəkiyə yeni təyin olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərindən olan Nəsib bəy Yusibbəylinin nəslindən olan icra hakimi Elxan Usubov prezidentin tapşırıqlarını son dərəcə məsuliyyətlə və memarlıq bacarığı ilə həyata keçirməsi sevindirici məqamdır. Hesab edirəm ki, Elmlər Akademiyası bu işlərdə fəal iştirak etməlidir. Biz Tarix İnstitutu olaraq bu məsələdə fəal iştirak edəcəyik. Bütün bunlarla yanaşı, fikrimcə, Şəkinin mükəmməl şəkildə tarixi yazılmalıdır. Düzdür, İlisu sultanlığının, Car-balakən camaatının tarixlərini işləmişik. Tarixə nəzər saldıqda ərazilərimizin müxtəlif yollarla mənimsənildiyi açıq-aşkar görünür. Məhz elə bu kimi hallarla torpaqlarımız parçalanıb. İndinin özündə də bizə qarşı ərazi iddialarında olan qüvvələr var. Biz heç kəsdən torpaq istəmirik, lakin tariximizi mütləq öyrənməliyik. Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Sözügedən bölgədə də tariximizə sahib çıxmaq üçün onu araşdırmalı və Şəkinin rolunu artırmalıyıq. Abidələrin bərpasına gəlincə isə Şəkixanovların abidəsinin buna ehtiyacı var. Hamamların və burada mövcud olan tanrıçılıq məbədi də bərpa edilməlidir. Bizim ən qədim dinimiz tanrıçılıq olub. Tanrıçılıq abidəmizi sonradan müxtəlif formalarda tikərək xaç formasına salıblar. Guya bu, qədim xristian abidəsidir. Burada bir çox tarixi memarlıq abidələrimiz belə bir yolla təhrif edilib. Bu kimi halların qarşısını alacaq addımlar atmalıyıq. Xan sarayının ətrafındakı qala divarları təmir edilməlidir. Qala divarlarının bir hissəsi keyfiyyətsiz təmir olunub. Mirzə Fətəli Axundovun evinin təmir işləri sürətləndirilməlidir. Karvansara, Ağdam hamamı təmir edilməlidir. Ümumiyyətlə Şəkinin çox zəngin tarixi varbiz buna sahib çıxmalıyıq.

 

 

Aqil LƏTİFOV

 

525-ci qəzet.- 2011.- 17 sentyabr.- S.14-15.