Oralarda kimlər var: Yazar ailələr

 

Yazıçı-publisist Qulu Məhərrəmli- Yazıçı-publisist Zemfira Məhərrəmli –1

 

Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ kimi gedə.Ən azından mənəvi təsəlli tapmasanız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm. Amma bir-birini başa düşmək baxımından bunun həm də zor tərəfləri də var.Xatırlayıram : dünyaca məşhur yazarlardan birindən soruşublar ki,sizin üçün ən acı,ən ağır olan nədir? Deyib : ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə məşğul olduğumu anam bilmədi. Soruşublar niyə? Deyib : çünki mən ingilis dilində yazdım anam isə ingilis dilində heç bilmədi.

Şükürlər Allaha ki, mənim bu proyektimin sahibləri nə işlə məşğuldular özləri də bilirlər.Və düşünürəm ki, bu yazar ailələr həm də mehriban ailələrdir. Amma bunların da ən qorxulu tərəfi, birinin yazısını o birisi bəyənməməsi və inkarlığıdır.

Ailədə iki uşaq var.

 

– Mənim təxminim olan “Belə mehriban ailələrdən biri” ifadəsinə münasibətiniz?

Z.M.: Ümumən ailə dedikdə cəmiyyətin elə bir kiçik modeli göz önünə gəlir ki, orada yaşayan insanlar qohumluq əlaqəsi, genetik kökləri, mehr-ülfəti ilə bir-birlərinə bağlıdırlar. Mehriban ailə isə bu kiçik toplumun ən nümunəvisidir. Başqa sözlə, bu ailənin üzvləri qarşılıqlı məhəbbət, ehtiram, hörmət şəraitində yaşayır, bir-birini başa düşürlər. Gözəl bir kəlam var: “Xoşbəxtlik odur ki, səni başa düşsünlər”. Bu, doğrudan da, belədir. Bir mənalı deyim də xatirimdədir: ”O zaman birgə yaşamaq lazımdır ki, ayrı yaşamaq mümkün olmasın”. Biz bu həyat həqiqətinə, məntiqə, fəlsəfəyə inanıb ailə qurmuşduq. Fikrimcə, ailə ocağı yaratmaq məhz zərurətə çevriləndə və qaçılmaz olanda bu ciddi addım atılmalıdır.

Q.M.: Heç yanılmırsınız, biz, həqiqətən mehriban ailəyik. Lap əvvəldən belə olub, bir az yaşlanandan sonra isə mehribanlıq daha çox lazımdır.

– İlk dəfə harada və nə vaxt tanış olmusunuz?

Z.M.: 1973-cü ildə BDU-nun jurnalistika fakültəsinə qəbul imtahanı zamanı ilk dəfə qarşılaşmış, həmin ilin sentyabrın 1-də tələbə auditoriyasında tanış olmuşuq. Səmimi yoldaşlıq münasibətimiz sonradan dərinləşərək saf duyğulara çevrildi və biz artıq sonuncu kursda oxuyarkən nişanlandıq.

Q.M.: Universitetə qəbul imtahanı zamanı görmüşdüm. Fransız dilindən lüğət istəmişdim, verməmişdi. Sentyabrda dərsə gələndə tanıdım, bir həftə sonra fürsət tapıb lüğətlə bağlı epizodu xatırlatdım, and-aman elədi ki, lüğət başqasının imiş...

Ailə quranda sizə mane olan vardımı?

Z.M.: Evlənməyimizə, xoşbəxtlikdən maneələr olmadı. Valideynlərimiz bu izdivaca xeyir-dua verdilər. Atam açıq fikirli ziyalı idi. Dünyagörüşü, düşüncələri ilə fərqlənirdi. Oğlan adamının elçiləri gedəndən sonra anama demişdi: “Mən qızımın və bəyəndiyi oğlanın ağlına, ümumən bu seçimə inanıram”.

Q.M.: Xüsusi mane olan yox idi, amma ağsaqqal qohumlar eşitdirirdilər ki, el-obadan evlənsən, yaxşıdır.

– Açığını deyək ki, jurnalist qadınlara baxış bir az ayrı cürdür. Ətrafa baxıb bu sualı verirəm və məntiqsiz çıxırsa, üzr istəyirəm. Düşünürəm ki, məni başa düşərsiniz...

Z.M.: Doğrusu, sualınızın belə qoyuluşunu gözləmirdim. Əvvəla, deyim ki, bir ailədə iki yazarın olmasının yaxşı tərəfləri çoxdur. Ömür-gün yoldaşın həm də sənin sənət, qələm dostun olanda qarşılıqlı anlaşma, bir-birini duymaq daha asandır. Bizimlə bir qrupda oxuyan qızların əksəriyyəti jurnalist diplomu alsalar da, bu çətin, əziyyətli, fədakarlıq tələb edən sahədə çalışa bilmədilər. Bəlkə, onların da qarşısına mənim ömür-gün yoldaşım kimi sənətini sevən və yüksək dəyərləndirən jurnalist çıxsaydı, vəziyyət fərqli olardı. O ki qaldı yazar qadınlar barədə bəzi şəxslərin fikirlərinə, bu, olduqca şərtidir. Unutmaq olmaz ki, daim yazan, axtarışda olan, çevik çalışan qadın jurnalistlər dinamik həyat tərzi ilə seçilirlər. Bu isə kimlərinsə gözündə, ola bilsin ki, hədsiz fəallıq kimi görünür. Mənəviyyatsızlar isə müxtəlif sənət sahiblərinin arasında ola bilər.

Q.M.: Düzü, o vaxtlar belə söhbətlər yox idi, olsa da, indiki qədər “populyar” və əsaslı deyildi. Mən qəzet redaksiyalarında və tez-tez gedib-gəldiyim radioda xeyli ləyaqətli qadın jurnalist tanıyırdım. Siz dediyiniz mənada qadınlara baxışı onların peşəsi deyil, davranışları formalaşdırır. Ümumiyyətlə, bütün peşələrin təmsilçiləri arasında yaxşılar da, yaramazlar da var. Bəlkə, bu məsələdə jurnalistikanın bəxti çox gətirməyib. Təəssüf ki, indi təkcə dediyiniz qadınlar yox, həm də bəzi kişilər özəl və ictimai əxlaqsızlığa gedən yolda jurnalistikanı özlərinə vasitə seçiblər.

 

ONLAR DAHA NƏ DEYİBLƏR: (müxtəlif zaman kəsiyində söylədiklərindən)

 

Zemfira Məhərrəmli :

– Qulu həmişə sənətimizə hörmətlə yanaşıb. O, həyat prinsiplərində də çox tələbkardı. Amma ailədə bir-birimizə həmişə güzəşt eləmişik. Evin kişisi kimi məni yola verib. Heç vaxt mənimlə sərt davranmayıb ki, niyə filan xörəyi bişirməmisən? Bilirəm, hər kişi dözməz. Bizim bədbəxtliyimiz ondadır ki, hər ikimiz yaradıcı adamıq. Bunun ailədə böyük rolu var. Bir-birimizi anlamaqda problem olmur.Mənim hansısa kitabımın təqdimat mərasimi idi, Quluya da söz verdilər. Dedi ki, qadın kitab yazanda kişi günlərlə isti xörək üzünə həsrət qalır. Mən Quluya minnətdaram, yaradıcılıq uğurlarımda dayağım olub.

– Mən onun qoluna girib hansısa tədbirə, mərasimə gedəndə çox şeyi müşahidə eləyirəm. Pakistan səfirliyinin tədbirinə getmişdik. Ondan əl çəkmədilər. Hansı dairəyə yaxınlaşdıqsa, Qulunun başına toplaşdılar. Bu, ona ehtiramın əlamətidir. Qəbul eləmişəm ki, Qulu təkcə mənim deyil, yəni xalqın oğludur.

–Ayda bir dəfə konsertə, teatra gedirik. Məsələn, axırıncı dəfə, təxminən, bir ay bundan qabaq Rus Dram Teatrında olmuşuq. Biz ailə problemlərimizi adətən hardansa, ad günündən, qonaqlıqdan gələndə elə maşında çözürük. Kimin nə problemi var, danışır. Qızların dərsləri ilə maraqlanırıq.

 

Qulu Məhərrəmli :

 

“Bizdə İslami dəyərlərə, mövzulara çox xofla yanaşırlar. Mən bunu təqdir etmirəm. O şeyə ki biz inanırıq, onu qəlbimizə və ruhumuza yaxın bilirik, bu məsələdə biz qətiyyətli olmalıyıq. İslamın bütün dəyərləri öyrənilməli və təbliğ olunmalıdır. Bu yalnız mübarək Ramazan ayında, cümə axşamlarında yox, bütövlükdə davamlı və sistemli olmalıdır. Nə konstitusiya, nə də digər hər hansı nizamnamə Allahın göndərdiyi ilahi kitab qədər dəyərli və ruha təsir edən deyil. Ona görə də biz İslamı öyrənməliyik. Bu maarifləndirmə yalnız teleradio ilə deyil, digər mətbuat vasitələri ilə də aparılmalıdır, həm də yüksək səviyyədə və peşəkarlar tərəfindən aparılmalıdır”.

“Bir tərəfin mövqeyini ifadə edən mətbuat Azərbaycanda həddindən artıq çoxdur. Bu, da biabırçılıqdır”.

“Media öz funksiyasından xeyli kənarda dayanıb”.

“Çox təəssüf ki, Azərbaycanda dialoq havası yoxdur”.

“İnsanların əksəriyyəti belə düşünür ki, Azərbaycanda dəyişiklik, islahatlar olmalıdır”.

“Hakimiyyət tərəfdəkilər sanki çox qürurludur. ÖZLƏRİNƏ SIĞIŞDIRMIRLAR Kİ, ƏKS FİKİRDƏ OLAN İNSANLARLA OTURUB BU VƏ YA DİGƏR MƏSƏLƏLƏRİ ÇÖZSÜNLƏR”.

“Düşünülməmiş təbliğat notları çox vaxt əks-səda verir”.

“İnsanlar gördüyünə inanır, insanlar artıq təbliğata inanmır”.

 

( Hər iki hissə davam edəcək)

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2011.- 17 sentyabr.- S.23.