İshaq ibn İbrahim Əbu Tahir Günətay
Xanzad
Oxuculara təqdim olunan bu parça Seyran
Səxavətin “Qaçhaqaç” romanının ikinci
kitabının birinci hissəsindəndir. Əsərlə
bütövlükdə “Azərbaycan” jurnalının
yaxın nömrələrində tanış ola bilərsiniz.
Bakıda
da, “Ulduz” jurnalının redaksiyasında da ən qədim
tanıdığım adam Vidadi Məmmədov idi. O biri
otaqdan səsi gəlirdi, nəsə söhbət eləyirdi,
o birilər də qəhqəhə çəkib
gülürdü. Yarım saatdan çox eşidilən səs-küy
səngiyən kimi Əhəd Muxtarın səsi gəldi:
– Vidadi, təzə
işçimiz gəlib, get təbrik elə.
– Təzə
işçi? – Vidadi soruşdu, – Kimdi?
– Get gör
kimdi də, oturub orda.
Vidadinin
addım səsləri yaxınlaşıb eşidilməz olan
kimi özünəməxsus şadyanalıqla dedi:
– Oooo...
Sarı, Sarı... təbrik, təbrik. – Məni qucaqlayıb
öpdü, – Sarı, – dedi. – Bax, birinci gündü işə
çıxırsan, sənə bir məsləhət, – deyib
müdrikanə bir görkəm aldı, – bu çox vacibdi.
– Eşidirəm,
– dedim.
– Bilirsən,
çətindi, ancaq mən bunu sənə deməliyəm.
Mən əlimdəki
qələmi stolun üstünə atdım:
–
Sözünü de də... Niyə uzadırsan ki?
– Məsələ
belədi də... – Əlini çiynimə qoyub məhrəmanə
bir ünsiyyət şəkilləndirdi, – qısa deyim, yoxsa ətraflı?
– Qısa, –
dedim.
Vidadi sağ əlini
havaya qaldırıb barmaqlarını qatlaya-qatlaya dedi:
– Dörd
buxanka çörək, iki kilo paltavski kolbasa, qarçitsa,
dördcə dənə orcenkidze arağı, dördü bəsdi,
özünü çox xərcə salma... hə... İki
kilo pomidor-xiyar, bir də deyəsən duzumuz qurtarıb.
Mən əyləşdiyim
yerdə dedim:
–
Gücüm çatmaz...
– Bəs nəyə
gücün çatar? – Əl çəkmirdi.
Mən
sağ əlimi havaya qaldırıb barmaqlarımı
qatlaya-qatlaya dedim:
– Bir buxanka
çörək, iki yüz qram paltavski kolbasa, qorçitsa,
bircə dənə orcenkidze arağı, biri bəsdi, pulum
yoxdu, iki pomidor, bir turş xiyar, bir paçka da duz...
– Onda sən
burda işləyə bilməyəcəksən. – Vidadi mənim
ərzaq proqramı haqqında dediklərimə belə yekun
vurdu.
– Vidoş...
– dedim.
– Nə
Vidoş-Vidoş salmısan, bundan sonra mən sənin
üçün Vidadiyəm.
–
Yaxşı... Vidadi, sən Vidadi Babalının nömrəsini
bilmirsən?
– Yox! – dedi. Və
qəfil elə bil ki, ayıldı, – onun nömrəsini
neynirsən ki?
– İshaq
müəllim təzə işimə görə mənə
bu gün qonaqlıq vermək istəyirdi. Dedi ki, Vidadi
Babalını da dəvət elə.
– Denən sən
öl...
– Qulaq as da, –
dedim.
– Heç mənim
adımı çəkmədi? – Vidadi gözünü mənə
zillədi.
– Çəkdi
ee, belə epizodik... – dedim.
– Məsələn,
necə?
– Dedi ki, bu
gün saat dörddə aşağıda gözlə, gedək
sənin işini yuyaq. Dedi ki, Vidadi Babalını da dəvət
elə. Lap sonra ee... Lap sonra dedi ki, əgər Vidadi
Babalını tapmasan, eybi yox, Vidadi Məmmədovu
götür.
Vidadi nə təhər
qəşş eləyib qəhqəhə çəkdisə,
baş redaktorumuz Yusif Səmədoğlu əlində siqaret
bizim otağa gəlib dedi:
– Vidadi, Niyazi
ilə müsahibə noooldu?
– Maestro
Türkiyədədi, Həcər xanım dedi ki, bir həftədən
sonra qayıdacaq.
– Bu işin
üstündə ol.
– Baş
üstə, Yusif müəllim.
Yusif müəllim
çıxan kimi Vidadi axşamın taleyini bir də dəqiqləşdirdi:
– Deməli, –
lap astadan dedi ki, heç kəs eşitməsin, – saat dörddə,
orda...
– Orda, – dedim.
Vidadi
otağımdan çıxmaq istəyəndə onu
çağırdım, o ayaq saxlayıb üzümə
baxdı, mən:
– Bəri dur,
– dedim.
O, bəri
durdu. Mən yalnız ikimizin eşidə biləcəyi tərzdə
soruşdum:
– Vidoş, bu
Yusif müəllim nətər adamdı?
– Nədi
ki... Yola getmirsiniz? – üzümə baxdı, – istəyirsən
səni tapşırım?
– Mən ciddi
soruşuram.
– Yooox, – dedi,
– Sarı, elə-belə soruşmazsan sən...
– Bilmirsən...
– onun üzünə baxdım, – belə qanı soyuq adama
oxşayır eee, elə bil balıqdı.
Balıq da
olsa, yeməli balıqdı, bu bir, ikinci də özü kimi
oğul yoxdu, bir az işlə, görəssən, əliaçıq,
ürəyiaçıq, pulxərcləyən...
– Nə bilim,
vallah, oxşamır... – ümidsiz dedim.
– Sarı, mən
səni yaxşı tanıyıram. Sənin könlündən
keçirdi ki, içəri girən kimi boynunu qucaqlayıb o
üzündən-bu üzündən öpsün?
– Nə bilim,
vallah...
– Sarı,
yadında qalsın, yazıçı uşaqlarının
içində Yusif Səmədoğlundan yoxdu. Yaxşı,
saat dörddə, orda... – Və Vidadi otaqdan, redaksiyadan yoxa
çıxdı – səsi gəlmirdi.
– Saat dördə
on dəqiqə qalmış Vidadi yazıçılar
ittifaqının düz qabağında peyda oldu – belə məsələlərdə
və yalnız belə məsələlərdə, o,
çox dəqiq idi, heç kəs ona tay ola bilməzdi. Əl-qolunu
ata-ata İshaq müəllimin arıq, çəlimsiz
sürücüsü ilə söhbət eləyirdi. Vidadinin
sinə dolusu, saf yumoru, arıq, çəlimsiz
sürücünü yerindən oynatsa da, onun gücü
axıra qədər çatmırdı, gülə-gülə
elə əl-qol atırdı ki, elə bil suda boğulur, xilas
olmaq istəyirdi. Arıq-çəlimsiz olduğuna görə
Vidadi ona çəyirtkə deyirdi, zarafatları vardı, o da
qəbul eləyirdi. Vidadi elə bir qüdrət sahibi idi ki,
şəxsiyyətindən asılı olmayaraq istənilən
adama zarafat eləyə bilirdi və bu onda çox gözəl,
şirin alınırdı. Ona görə də Vidadini
tanıyanlar, musiqi dilində desək, özləri ona ayaq
verirdilər ki, onlarla zarafat eləsin – yəni ilk təşəbbüs
qarşı tərəfdən gəlirdi həmişə –
sürtüşən kimi cavabını alırdın;
ağzın olurdu şirin – ağzınız şirin olsun.
Mən onlara
yaxınlaşan kimi Vidadi dedi:
– Səbəbkar,
bəs hardasan?
Saatıma
baxıb dedim:
– Hələ
iki dəyqə var.
Düz saat
dörddə İshaq müəllim çıxış
qapısında görünəndə fikirləşdim ki, o
da, Vidadi qədər dəqiqdir. “Ulduz” jurnalının
gözünün qabağında İshaq müəllimin
sarı rəngli xidməti “Qaz-24”ünə əyləşib
tərpəndik. Uşaqlar yəqin fikirləşirdilər ki,
Seyran getdi İshaq müəllimə qonaqlıq verməyə.
Ancaq bir Allah da, siz də şahidsiniz ki, belə deyildi – tərsinə
idi, elə dünyanın özü kimi. Ancaq bu məqamda
uşaqları da qınamalı deyil, çünki necə ola
bilərdi ki, həm adamı işə düzəldəsən,
həm də aparıb ona qonaqlıq verəsən?
Ağlabatan deyil də...
Axundov
kitabxanasının qabağından sola dönən kimi
İshaq müəllim geri çevrilib məndən, səbəbkardan
yox, Vidadidən soruşdu:
Vidadi,
ağlın nə kəsir, deyirəm bəlkə şəhərdən
çıxaq?
– Necə məsləhətdi...
– Məsləhət
budu, vəssalam!
– İshaq
müəllim, – Vidadi dedi, – axı siz müdrik
adamsınız, əgər məsləhət vəssalam səviyyəsinə
gəlib çıxıbsa, deməli bu məsləhət
deyil, zorlamadır və mütləq icra olunmalıdır.
– Varam da sənin
kəlamlarına.
– İshaq
müəllim, biz tərəflərdə belə kəlamların
üzünə də baxan yoxdu, – Vidadi sözün
altından çıxdı.
– Siz tərəflər
haradı ki, belə?
– İshaq
müəllim, ümumiyyətlə mənim tərəfim
yoxdu.
İshaq
müəllim amiranə səslə:
– Söz
güləşdirirsən haa, qədeş. – dedi.
– İshaq
müəllim, söz güləşmək üçün
yox, gülüşmək üçündü.
Gülüşdük.
Dəniz
yaxasındakı kababxanaya çatıb maşından
düşən kimi elə İshaq müəllim yaşda dolu
bədənli bir kişi qabağımıza qaçdı,
yetişən kimi dedi:
– İshaq
müəllim, xoş gəlib!
– Bəs
bunlar? – İshaq müəllim bizi göstərdi.
– Bunlar da
xoş gəlib.
– Bəs bu? –
İshaq müəllim sürücünü göstərdi.
–
Hamınız xoş gəlmisiniz!
– Bunu gərək
əvvəldən deyəydin...
Stol ürəyimiz
kimi açıldı. Dənizi heç vaxt belə hamar
görməmişdim – bir qırçını da yox idi,
durulmuşdu. İshaq müəllim də bu gün dəniz
kimi hamar və dupduru idi. Axşamüstü olsa da o,
özünü səhər-səhər olduğu kimi
gümrah hiss eləyirdi. Hamar, dupduru və gümrah hiss eləyirdi.
Hamar, dupduru və gümrah İshaq müəllim arıq,
çəlimsiz sürücüsünə işarə eləyib
dedi:
– Bunnan aran
necədi, ay Vidadi?
– Mənim
aram yaxşıdı ee, deyəsən sizin aranız
yaxşı deyil.
– Niyə?
Yoxsa mənnən şikayət eləyib, – xəfif bir təəccüb
İshaq müəllimin hamarlığını, duruluğunu
və gümrahlığını bir balaca zədələdi.
– Yoox, – Vidadi
kinayə ilə sürücüyə baxdı, – bunun dili var,
şikayət də eləsin... ancaq...
– Nə ancaq?
– İshaq müəllim səbirlə soruşdu.
– İshaq
müəllim, qırx dörd kilo şofer olar? Məni
maraqlandıran əsas şey nəticədi... Nəticə də
göz qabağındadı, budey, – sürücünü
göstərdi, – ayaq üstə qırxı
çıxıb. Çəyitkədi də...
İshaq
müəllim uğundu:
–
Yaxşı, – dedi, – məsləhət ver də bunu necə
kökəldə bilərik?
– İshaq
müəllim, mənim təcrübələrimə və
müşahidələrimə əsaslansaq deməliyəm ki,
insanı kökəltmək üçün üsullar
mövcuddur, hətta üsuli-cədidələr də peyda
olub... ancaq onların heç biri buna uyğun gəlmir...
birinnən başqa. O da sizə əl verər, verməz,
bilmirəm axı...
– O buna
uyğun gələni hansıdı? – İshaq müəllim
mühüm bir suala cavab gözləyən adam görkəmi
aldı.
– Uyğun gələn
odu ki... bunun kormutunu bir az artıq eləmək mümkün
olsa, bəlkə də nəticə verər.
İshaq
müəllim güldü, Vidadi isə davam elədi:
– Bakı
küləklər şəhəridi... Bir gün eşidəssiniz
ki, bunu külək aparıb.
Hava da, ətraf
da elə sakit idi ki, arağın stəkanlara süzülməyini
Niaqara şəlaləsi kimi aydınca eşitdik. İshaq
müəllim badəni aldı ələ:
– Seyran, –
dedi, – qoçaq oğlansan, səni təbrik eləyirəm,
uğurlar... – Çönüb Vidadiyə baxdı, – Seyran necə
oğlandı?
–
İçməmiş onun haqqında fikir demək çətindi,
yanlışlığa yol verə bilərəm, bir azdan, –
deyib badəni başına çəkdi, badəni yerə
qoydu, – əladı, – dedi.
– Seyran?
– Yox, ay
İshaq müəllim, araq, – ağzını əyə-əyə
dedi, – hələ Seyrana çox var eee...
– Təxminən
nə qədər var? – İshaq müəllim məsafəni
dəqiqləşdirmək istəyirdi.
– Təxminən...
– Vidadi gülümsədi, – təxminən, təvazökarlıqdan
uzaq olsa da, elə Seyran Səxavətdən Vidadi Məmmədova
qədər.
Bu yerdə
İshaq müəllimin qəhqəhəsi qarşısı
alınmaz idi. Bir dəfə xudmani məclislərin birində
Vidadi nə dedisə, İshaq müəllim elə indiki kimi
ürəkdən qəhqəhə çəkdi. Vidadi iki
daşın arasında qulağıma dedi ki, zalım oğlu
gülmür eee, zəngulə vurur. Gözündən
heç nə yayınmayan İshaq müəllim məndən
soruşdu:
– Yenə nə
pıçıldadı qulağına?
– Heç...
deyir ki, İshaq müəllimin, – hər təsadüfə
qarşı öz əlavəmi də elədim ki, qan
düşməsin, – ürəyi o qədər
açıqdır ki, gülmür eee, zəngulə vurur. – və
bundan sonra İshaq müəllim doğrudan da gözləri
yaşarana qədər zəngulə vurub ərklə Vidadini
hədələdi.
Niaqara şəlaləsinin
səsini ikinci dəfə, bayaqkından da aydın eşitdik.
İshaq müəllim badəni aldı ələ,
üzünü Vidadiyə çevirdi, dedi:
– Elə ki,
aldın ələ, heç yerə qoymalı deyil...
– Nə tez bu
fikrə gəldiniz, ay İshaq müəllim?
İshaq
müəllim dəxli olmayan bir cavab verdi:
– Havaya bax ee,
havaya! – Kişi gözümüzün qabağında necə
vəcdə gəldisə, elə bil ki, belə xoşxasiyyət,
həlim havanı birinci dəfə görürdü.
İshaq
müəllimin şəffaf eynəyinin arxasındakı
gözləri gülürdü. Qəhqəhədən fərqli
olaraq göz güləndə səsi eşidilmir.
İnsanın adət etdiyi səsli-küylü
gülüşdən qabaq gözü gülür, sonra
özü. Necə deyim, göz gülüşü səssiz
kino kimi bir şeydi.
Eynək də
İshaq müəllimə necə yaraşırdısa, elə
bil anadan belə – eynəkli doğulmuşdu. Əgər o,
indi eynəyini çıxarsa, mənə elə gələrdi
ki, İshaq müəllimlə yox, yad bir kişiylə
oturmuşuq.
– Elə ki,
aldın ələ heç yerə qoymalı deyil – nə qədər
sərrast deyib. Hə... Vidadi, sənin
sağlığına. Sən dünyanın ən maraqlı
beş-on nəfərindən birisən. Sən tale
adamısan. Sən dünyanın ən istedadlı beş-on nəfərindən
birisən. Kaş... dünya elə beş-on nəfərdən
ibarət olaydı...
İshaq
müəllim ona halal yerindən necə tərif vurdusa, Vidadi
kimi sözün yaxşı mənasında
sürtülmüş adam qəhərləndi. Badələri
tökdük – biz qarnımıza, Vidadi qəhərinin
üstünə.
İshaq
müəllim üçüncü badəni
sürücünün sağlığına dedi:
–
Dünyanın ən istedadlı sürücüsünün
şərəfinə!
Vurduq.
Vidadinin də, mənim də gözümüzün
qabağında hava yavaş-yavaş gözəlləşməyə
başlamışdı; belə getsə, hava lap gözəl
olacaqdı...
Vidadi
İshaq müəllimdən icazə istəyib badəni
götürdü. Cavab tostu demək üçün ayağa
durdu. İshaq müəllim də Vidadinin onun haqqında deyəcəyi
isti, mərhəm sözləri eşidib həzm etməyə
tam hazır idi – üz-gözündən
görünürdü. Ümumiyyətlə, Vidadi deyilən
məxluqun dost-aşnaya, ərki keçən adamlara pul borcu
olsa da söz borcu heç vaxt olmayıb. O, İshaq müəllimə,
səmimiyyətə, kəskin məntiqə,
qarşısı alınmaz yumora, bir də həqiqətə
söykənən elə bəzək-düzək vurdu ki,
dünyagörmüş o boyda kişi bahar buludu kimi
dolmuşdu və hər an yağış kimi məclisimizə
yağa bilərdi. Vidadinin sözlərdən toxuduğu, leylək
yuvası kimi əlçatmazda qərarlaşan bu ünvanda
İshaq müəllim kol dibində bitən bir bənövşə
qədər qayğısız və rahat
görünürdü və bu rahatlıq ona çox
yaraşırdı. Dünyada hər şey üçün
Allahın izni lazımdı; İshaq müəllim kimi, belə
halal rahatlığa qovuşmaq üçün isə
Allahın xüsusi icazəsi lazımdı.
Vidadi
İshaq müəllimə olan söz borcunu dənəvər-dənəvər
qaytarıb yekunlaşdı. Belə məclisin etik,
böyük-kiçik, pozulmaz və əbədi normalarına
görə mən də öz sözümü deməliydim,
özü də Vidadi kimi bir nəhəngdən sonra. Elə
dedim də. Ancaq özümün, hərdən də məclisdəkilərin
üz-gözünü qarsalayan alovlu nitqim “əlavə” səviyyəsindən
yuxarı qalxmadı – iddiam da yox idi; hazırkı vəziyyətdə
bu iddiada bulunmaq axmaqlıq olardı.
İshaq
müəllimin halal rahatlığı hələ zədələnməmiş
Vidadi üzünü sürücüyə tutdu:
– Sən nə
deyə bilərsən, ay uşaq?
Sürücü
Vidadinin bu gözlənilməz hücumundan özünü
itirib kəkələsə də, fikrini cəmləyə
bildi:
– Mən sizin
kimi danışa bilmərəm, – dedi, – bircə onu deyə
bilərəm ki, İshaq müəllim kişi adamdı... elə
bilirəm ki, dədəmdi.
– Belə
perspektivli bir dədədən heç mən də imtina eləməzdim,
– Vidadi dedi, hamımız güldük, –bəri bax, İshaq
müəllim sənin ananı tanıyır?
– Yox, –
sürücü cavab verdi.
– Onda
heç bir dədədən söhbət gedə bilməz.
– Niyə? –
sürücü Vidadiyə şirin bir etiraz elədi.
– Ona görə
ki, belə dədəlik institutunun nə mənəvi
bazası var, nə də hüquqi əsası.
İshaq
müəllimin barmağın kəssən xəbəri
olmazdı. O qədər güldü ki, axırda
çeçədi, Vidadi ayağa durub onun kürəyinə
bir-iki yumuruq vurandan sonra keçib getdi və keçib gedən
kimi də Vidadiyə dedi:
– Sənin
atmacalarından ... qan iyi gəlir ee... – Güldü.
– İshaq
müəllim, humanistlik eləyib icazə versəydiniz bu
fikrinizə etiraz eliyərdim. – Vidadi qaymaqlayırdı.
– Elə də...
etiraz elə görək. – Gülümsədi.
– İshaq
müəllim, burdan qan iysi, filan gəlib eləmir, bu
açıq-aşkar namus-qeyrət məsələsidi. –
Sürücüyə nəzər saldı, – düz demirəm,
qaqaş?
Sürücü
gülə-gülə cavab verdi:
–
Düzdü, düzdü...
Vidadi araq
süzüb boş badələrin itmiş mənasını
qaytaran kimi İshaq müəllim dedi:
– Vidadi, Seyran
nə təhər oğlandı?
–
Yaxşı qardaşı var... Xanlar, elə nə deyirsən
gülür...
– Mən
Seyranı soruşuram ee... – İshaq müəllim yumşaq təkid
elədi.
– İshaq
müəllim, rast ki, belədi onda həqiqəti deməliyəm.
– Mən də
həqiqəti bilmək istəyirəm.
– Məsələ
belədi, – Vidadi qəsdən özünü müdrikvariləşdirdi,
– bunu mən kişi eləmişəm...
– Seyran,
düz deyir? – İshaq müəllim gülə-gülə
üzümə baxdı.
–
Düzdü... – dedim.
Vidadi əl-qolunu
ölçə-ölçə davam elədi, məni
göstərib dedi:
– İyirmi ilə
yaxındı ki, bunun üstündə işləyirəm,
qranit kimi möhkəm, çətin materialdı. Nə deyirsən
dirəşir. Ancaq şükür Allaha ki, zəhmətim əlimdə
qalmadı.
– Zəhmətini
itirən çoxdu?
– İshaq
müəllim, bu barədə göstəricim çox
aşağıdı; hər on nəfərdən biri, ikisi
kişi olur.
– Deməli, sənin
işin-peşən adamları kişi eləyib
ortalığa çıxarmaqdı?
– Tamamilə
haqlısınız. Bu, bizim nəslin ən qədim peşəsidi
ki, bu gün də davam etdiririk, ən bariz nümunəsi də
ki, mənəm, gözünüzün qabağında. Mən
məktəbəm, məktəb...
– Vidadi, sənin
o məktəbin neçə illikdi?
–
Ömürlük.
– Məni də
o məktəbə yazarsan?
– Yox...
– Niyə?
– Yaş senzi
var, olmaz... qanun-qayda var axı...
– Bəs bunu?
– İshaq müəllim sürücünü göstərdi.
– Bu heç
olmaz! – Vidadi istehza ilə sürücünü süzdü.
– Niyə?
– Dedim
axı, yaş senzi var.
– Bu ki,
cavandı...
– Sizə elə
gəlir, – Vidadi iki ayağını bir başmağa dirəmişdi,
– düz deyirsiniz, sənədlə götürsək,
cavandı, yaşı düşür. Ancaq ruhən
qocalıb əldən düşüb. Çox qocadı.
– Sizin o məktəbdə
ruhun yaşını kim təyin eləyir?
–
Özüm! – Əlini sinəsinə vurdu, – bunu bizim məktəbə
götürsək, ömür boyu bir sinifdə qalacaq eee,
sinifdən sinifə keçə bilməyəcək. Bundan
biri var bizdə...
– Kimdi?
– Doxdur Sabir.
– Nəə
həkimidi?
– Milçək
həkimi. Gedir kababxanalara deyir ki, milçək doludu burda,
antisanitariyadı, akt yazacam. Onlar da düşür
ayağına, cibinə əllidən-iyirmi beşdən qoyub
hörmətlə yola salırlar. Sonra da gəlib bizi
tapır, son qəpiyinə qədər altdan girib üstdən
çıxırıq.
– Sizi neynir
ki?
– Xəstədi
də... şeir yazır. İldə bir dəfə iki kuplet
şeirini çap elətdiririk, xoşbəxr olur... sonra da il
boyu əmirik...
– Bəs
döşü qurumur? İl boyu əmirsiniz...
– Nə qədər
milçək var, nə onun döşü quruyacaq, nə də
bizim nəfsimiz.
– Məktəbiniz
harda yerləşir.
– Lenin
prospektində, doxdur Sabirin evində... tək yaşayır.
– Vidoş, o
məktəbdə zavuç, sinif rəhbəri-zad olur?
–
Hamısı özüməm! – Yenə əlini sinəsinə
şappıldatdı.
– Orda
hansı fənlərdən dərs keçirsiniz?
– Dostluqdan,
qumardan, alkaqolizmdən, bazdıxdan, kulinariyadan, kubinkanın
coğrafiyasından, bir də təbii ki, ədəbiyyatdan...
elə tədris proqramızda da ən abırlı fənni ədəbiyyatdır.
Bəzən açıq dərsimiz də olur: milis gəlir
ki, bura nəyə yığışmısınız. Vəsiqə
göstəririk çıxıb gedirlər. Açıq dərsin
ən yaxşı nəticəsi də o oldu ki, sonradan iki milis
işçisi də bizə qoşuldu; biri mayordu, biri də
serjant. Və açıq dərsin ən pis nəticəsi o
oldu ki, o iki nəfəri sistemdən qovdular... Bizim məktəb
böyük məktəbdi, İshaq müəllim. Əgər
istəsəniz bir gün məktəbimizin kollektivi ilə
sizin görüşünüzü keçirdə bilərik,
fəxri qonağımız olarsınız...
– Çox
sağ ol... Allah artıq eləsin, – İshaq müəllim
etiraz qarışıq bir minnətdarlıq elədi, – bunu da
içək sənin böyük məktəbinin
sağlığına! Qürur hissi ilə deməliyəm
ki, Azərbaycan təhsil sistemi düz yoldadı!
Vidadi dedi:
– Mən də
məktəbimin bütün şagirdləri adından sizə
dərin minnətdarlığımı, təşəkkürümü
bildirirəm!
Bizim içməyimizlə
badələrin öz mənasını itirməyi bir oldu.
Stolun üstünə düzülmüş nemətlərin
hamısının mənası vardı – bu üç
boş badədən başqa.
Sonra Vidadinin
böyük təkidindən, xahişindən keçməyən
İshaq müəllim “Sinc” adlı şeirini, təxminən
Füzuli hikkəsi ilə bizim üçün əzbərdən
söylədi. Vidadi bayaq İshaq müəllimə vurduğu
bər-bəzəyin təxminən yarısını da onun
şeirinə ürcah elədi. O, şeir haqqında fikir
söyləyir, mənsə başımı tərpədib təsdiqləməklə
həmfikir olduğumu nümayiş etdirirdim ki, bu da tərifin
bambaşqa aləm yaradan qədim üsullarından hesab
olunurdu. Düz də eləyirdim; nəyə görə bu
boyda hörmətin, diqqətin, qayğının
qarşısında o boyda kişiyə borclu qalmalıydım
axı...
İki
daşın arasında imkan tapıb Vidadiyə dedim ki,
İshaq müəllimdən soruş görək bu sinc nə
deməkdi? O, üzünü bozardıb
pıçıltı ilə qulağımı doldurdu,
Sarı, sarsaqlama dedi, mən də onun təşəbbüsünə
canla-başla əməl eləyib sarsaqlamadım. İkimizin əməliyyat
xarakterli, ani ünsiyyətimiz İshaq müəllimin nəzərindən
yayınmışdı və bu bizim indiki ovqatımızda
uğurumuz sayılmalı idi. Çünki İshaq müəllimin
məclisdə pıçıldaşanları görən
gözü yox idi, belə adamlardan zəndeyi-zəhləsi
gedirdi. Vidadi də, mən də heç vaxt istəməzdik
ki, İshaq müəllimin bizdən zəhləsi getsin...
Sürücü
dəniz kənarında özü üçün tək-tənha
gəzib dolanırdı. Üçümüz
qalmışdıq. Üç də tək rəqəmdi.
Bizim məclisimizə təklənmiş adamlar
ittifaqının növbədənkənar balaca qurultayı
da demək olardı.
Birdən təklənmiş
adamlar ittifaqı qurultayının fəxri qonağı,
kababxananın müdiri bizə yaxınlaşıb dedi:
– İshaq
müəllim, necədi? – Əli ilə stolun üstündəki
nemətlərə işarə elədi.
– Əla!
Otur! – İshaq müəllim kababxananın müdirinə
sürücünün boş qalmış yerini göstərdi.
O, heç bir müqavimət göstərmədən əyləşdi;
çünki özgənin yerində oturmaq
başqasının çirkli boşqabından yemək kimi
bir şeydi.
İshaq
müəllim:
– Mənim
dostumdu, – dedi, – tanış olun, adı da Əynullahdır.
İshaq
müəllim sol əlini kababxana müdirinin çiyninə
qoyub dedi:
– Əynullah,
bu uşaqlar qırx ildi mənnən yeyib içirlər,
ancaq mənim adımın mükəmməl variantını
bilmirlər, de, qoy eşitsinlər.
– Niyə elə
deyirsiniz? – Vidadi etiraz elədi, – siz İshaq müəllimsiniz
– İshaq İbrahimov.
– Yooox... –
İshaq müəllimin etirazı ilə Vidadinin
razılaşmaması toqquşdu, – yoox, sən dediyin
“İshaq İbrahimov” həqiqətə o qədər
yaxın deyil, mənim əsl adımı Əynullah deyəcək,
qulaq as...
Əynullah
boğazını arıtlayıb dedi:
– Belənçüynədi
dəəə... İshaq müəllimin əsl adı:
İshaq ibn İbrahim əbu Tahir Günətay Xanzaddır.
– Bir də təkrar
elə... – İshaq müəllimin təklifi dərhal gəldi.
– İshaq ibn
İbrahim əbu Tahir Günətay Xanzad!
– Necədi? –
İshaq müəllim gülə-gülə Vidadinin
üzünə baxdı.
–
Yaxşı olmağına çox yaxşıdı, ancaq
çox uzundu ee, bir az ixtisar eləmək olmaaaz? Edson Arantes do
Hasimento Pele...
– Nə
ixtisar, ay Vidoş... Pelenin adınnan da uzundu? İshaq mənəm,
İbrahim atamdı, Tahir də oğlum... Günətay mənim
şair təxəllüsümdü, Xanzad da əsl familiyam –
yəni Xanzadə, xandan əmələ gəlmiş, bildin? Mən
kimin oğlu, kimin atası olmağımdan imtina eləyə
bilmərəm axı...
Bunu
özüm fikirləşib tapmışam... necədi?
– Çox
yaxşıdı, əla! – Vidadi cavab verdi.
– Doğurdan
deyirsən?
– Bəli.
– Əgər
doğrudan deyirsənsə, onda de görüm nəyi əladı?
Vidadi dimdiyindən
tora düşüb qəfil ilişsə də
dartınıb qırıldı:
– Orası əladı
ki, “İshaq ibn İbrahim əbu Tahir Günətay Xanzad”
söz birləşməsində sizin nəslin real mənzərəsi
var, məncə bu gendən çağırır.
– Əla!
Halaldı sənə, Vidadi, süz!
İshaq
müəllim xasiyyətcə deyəsən bir az da məişəti
etibarilə tənha adam idi. Vidadi də, başında
böyük bir dəstə olmasına baxmayaraq, bütün
dilavərliyi ilə dərviş həyatına çox
meyilli idi, belə də yaşayırdı. Birinin o boyda vəzifə
və şəxsiyyət səlahiyyətləri vardı, digərinin
isə ürəyindən, ürək dolusu yumorundan başqa
heç nəyi yox idi. Belə baxanda onların ikisi də zəngin
adamlardı; ancaq birində olan o birisində, o birində olan
isə bu birisində yox idi. Bu baxımdan onların bir yerdə
olması, ağlı başında, vicdanı yerində olan bəndələrin,
xüsusilə Allahın nəzərində – o qədər
vacib, xoşagələn idi ki, hətta Vidadi Məmmədovun
özü də bunu ürəkdolusu izah eləyə bilməzdi,
– imanım Allah amanatı, bəlkə də yanılıram və
bu yerdə yanlış naxış olmayacaq haaa!..
İshaq
müəllim bu dəfə badəni də, sözü də
aldı ələ:
– Allah Məhəmməd
Füzuliyə də, Dimaya da – Dmitri Mendeleyevi deyirəm, rəhmət
eləsin.
– Mendeleyevin
bura nə dəxli var? – Vidadi bir az bozardı.
– Ay kimyəvi
müstər, – gülə-gülə dedi, – bəs bunu
stolumuza kim göndərib? Əynullah göndərib? Səhvin
var, bunu bizə Mendeleyev göndərib. Mendeleyev Əynullaha
deyib ki, İshaq ibn İbrahim əbu Tahir Günatay Xanzad gələndə
onlara araq göndər.
– İshaq
müəllim, siz dəryasınız bu dəryanın kənarında...
– Vidadi özünü sözdən atdı.
– Qulaq as,
Vidoş. Bu badələri Eynullahın sağlığına
içək. Bu kişi çox zəhmətkeş adamdı,
etibarlıdı, səmimidi, nə eləyirsə, ürəkdən
eləyir. Bayaq o, uşaq kimi bizim qabağımıza
yüyürəndə hamımızdan böyük idi.
Böyüklük nə məqama, nə də imkana baxır
– böyük elə böyükdü – Əynullah kimi... Onun
sağlığına!
İshaq
müəllim deyəndən sonra biz neyləməliydik ki? Onun
təklifini canla-başla icra etdik. Eynullahın üzündə
“icraçılara” qarşı minnətdarlıq, məmnunluq
hissi açıq-aşkar zuhr elədi. Bu, İshaq müəllimin
də nəzərindən yayınmadı və o, dostunu bir az
da xoşbəxt eləmək qərarına gəlib dedi:
– Vidoş, o
doxdur Sabirlə olan əhvalatı Əynullaha danış, qoy
keyfi durulsun.
– İshaq
müəllim, doxdur Sabirnən bağlı gündə
beş-on əhvalat olur... hansını deyirsiniz?
– Lap
axırıncını...
–Kaha məsələsini?
– Hə...
Vidadi əvvəlcə
Əynullahı süzdü, sonra da İshaq müəllimə
baxdı, yəni ki, bunun yanında elə söhbət eləmək
olar? Və İshaq müəllim Vidadini oxumuşdu:
– De gəlsin...
bunlar da qumar oynayandılar.
Vidadi ürəkləndi:
– Deməli, Əynullah
kişi, bizim bir dostumuz var, sizin kimilərin qənimidi,
milçək həkimidi...
–
Tanıyıram, – Əynullah Vidadinin sözünü kəsdi,
– bir-iki dəfə bura da gəlib, şer də yazır, eynək
də taxır, Sabir...
Vidadi doxdur
Sabirin peşə ərazisini günü-gündən
genişləndirməyinə heyran qalsa da özünü cəmləyib
dəvam elədi:
– Yaxın
uşaqlardı də hamısı. Bunun evində
yığışıb oynayırıq. Bu uduzdu. Həmişə
də cibimə pul qoyub. Gəldi ki, bir iyirmi beşlik ver nəm
də oynayım. Qabağımda da pul bax, belə
qalaqlanıb. Hə... Dedim pul yoxdu. Doxdur qayıtdı ki, heç
olmasa bir az pul ver özümə diş saldırım. Əl
saxlayıb dedim ağzını aç. Açdı. Diqqətlə
ağzına baxıb dedim: əəə, bu ağız dəyil
ee, qaranlıq kahadı. Dedim doxdur, dədəyin goru haqqı
diş yox, bəlkə ora bir işıq çəkdirdim...
Birinci dəfə
eşidirmiş kimi İshaq müəllimin şaqraq qəhqəhəsi
dalğalandı, Əynullah da qoşuldu ona.
– Ay İshaq
müəllim, Allah canuvuzu saxlasın, bu Vidadi lap aləmdüki...
– Əynulla gülüb qurtaran kimi dedi, – bunu tez-tez
getürün gəlin...
– Kefdəsən
ee... elə bilirsən bunu tapmaq asan məsələdi... Adam
ya işdə olar, ya da evdə... Ancaq bu, nə işşdə
tapılandı, nə də evdə. – İshaq müəllim
çönüb Vidadiyə baxdı, – bəri bax, sənin o
məktəbinə Əynullah yarıyar? Oynayan əli də
var...
–
Yarıyardı... qırx il bundan əvvəl, bir balaca gecikib.
– Başa
düşdüm, – İshaq müəllim əlüstü
razılaşdı, sonra Əynullaha tərəf
çöndü, – bəri bax, Əynullah, sən
adının mənasını bilirsən?
– Hardan?
Axı mən oxumamışam...
İshaq
müəllim yerində qurcalanıb rahatlanandan sonra öz
üstünlüyünü dostuna nümayiş elətdirirmiş
kimi dedi:
– Əynullah...
Əyn, ərəbcə göz deməkdi, ullah da Allah; yəni
Allahın gözü...
– Heç
bilmirdim. – Elə bil vaxtında təhsil almadığına
görə indi peşimançılıq keçirib bikeflədi.
İshaq
müəllim bir də təkrar elədi:
– Əynullah... Allahın gözü!
Mən özümdən asılı olmayaraq onun üzünə diqqətlə baxanda gördüm ki, Əynullahın gözü
çəpdi...
Seyran SƏXAVƏT
525-ci qəzet.- 2011.-
17 sentyabr.- S.26-27.