Əli
Əmirlinin “İki aktrisa üçün baş rol”u
Yazıçı-dramaturq Əli Əmirlinin
aprel ayında anonsunu verdiyi və yay aylarında
yazacağını söylədiyi “İki aktrisa
üçün baş rol” pyesi artıq hazırdır. Bu barədə
dramaturqun qəzetimizə verdiyi məlumatda deyilir. Müəllifin
teatral komediya kimi təqdim etdiyi, amma daha çox gərgin
dramatizmi ilə seçilən bu əsər, adından
göründüyü kimi, teatr həyatı ilə
bağlıdır. Cəmi dörd personajın iştirak
etdiyi səhnə əsərində teatr adlı sehrli bir sənətin
əsas yaradıcıları – aktyor (indiki halda iki aktrisa),
dramaturq və rejissor arasında baş verən mürəkkəb
psixoloji münasibətlər əksini tapır. Bu dörd nəfəri
çox şey birləşdirir, amma ən vacibi və daimi
olanı məhz sənət, teatr yanğısı və
böyük səhnəyə məhəbbətdir.
Dramaturq teatr haqqında teatr yaratmaq istəyi
haqqında danışıb: “İyirmi ildən çoxdur mənim
ədəbi yaradıcılığım birbaşa teatrla
bağlıdır. Bu böyük vaxt ərzində bir
çox teatr kollektivləri ilə işbirliyim olub. Teatr həyatını,
aktyorluğu, səhnəni özünə peşə və
həyat tərzi kimi seçən insanları, konkret desəm,
aktyorları öyrənmək, müşahidə etmək
imkanım çox olub. Təəssüratlarım birmənalı
deyil. Bu insanlar, Stanislavskinin ifadəsi ilə desək
“uşaqdırlar”, amma xeyli mürəkkəb, xeyli gözlənilməz,
xeyli sevimli, bəzən qəddar, bəzən fədakar, bəzən
ərköyün, hərdən çox sədaqətli, hərdən
də çox unutqan və vəfasız. Əlbəttə,
saydığım bu keyfiyyətlər, peşəsindən, sənətindən
və mövqeyindən asılı olmayaraq, bütün
insanlarda var, amma bir fərqlə, aktyor neynirsə eləsin onu
teatrallaşdırır, bəzəyir, kiçik bir tamaşa
kimi təqdim edir. Bir sözlə, hesab edirəm ki, teatr
adlı sehrli məkanın, sənət məbədinin əsas
aparıcı qüvvəsi və tamaşaçı
sevgisinin əsas obyekti ilk növbədə məhz aktyordur. Təbiidir
ki, bu əsrarəngiz və spesifik dünyaya bələd olub,
onu qələmə almamaq çətindir. Onu da deyim ki, bu
pyesi mən Azərbaycan teatrının var olmasında,
inkişafında xidməti olmuş bütün aktyorların,
xüsusilə adları çoxdan əfsanəyə, rəvayətə
çevrilmiş korifey sənətkarlarımızın xatirəsinə
həsr etmişəm”.
HÜSNİYYƏ
525-ci
qəzet.- 2011.- 17 sentyabr.- S.32.