Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının açılışı olub

 

Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi gerçəkləşib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilən festival Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylini Tanrının Azərbaycan xalqına bəxş etdiyi əvəzsiz töhfə kimi qiymətləndirib: “Bəstəkarın yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir. Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Dünyanın ən möhtəşəm teatrlarının səhnəsində bu əsərlər dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər tərəfindən sevə-sevə ifa olunur. Üzeyir bəyin əsərləri milli olduğu qədər də bəşəridir”.

Nazir ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Üzeyir Hacıbəyli irsinin öyrənilməsinə, tədqiqinə, əsərlərinin səhnəyə qoyulmasına göstərdiyi xüsusi qayğını dilə gətirib. Onun sözlərinə görə, böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Ümummilli liderimizin 1995-ci ildə – dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-inin ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunmasının bünövrəsi qoyuldu”. Son illər paytaxt Bakının bir-birindən maraqlı beynəlxalq mədəniyyət tədbirlərə ev sahibliyi etdiyini bildirən nazir bu tədbirlərin Azərbaycan musiqisinin tanınmasında, təbliğində olan əvəzsiz əhəmiyyətini dilə gətirib: “Dövlətimizin mədəniyyətə, incəsənətə göstərdiyi diqqət və qayğının göstəricisi olan bütün bu işlər Prezident İlham Əliyevin böyük səyi və təşəbbüsü ilə həyata keçirilir”.

Nazir Azərbaycan mədəniyyətinin təbliği, tədqiqi və inkişafı sahəsində böyük layihələrə imza atan Heydər Əliyev FondununFondun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırıb.

Festival haqqında məlumat verən nazirin sözlərinə görə, builki festivalın proqrammı olduqca zəngin və maraqlıdır. Belə ki, festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Koreya Respublikası, Macarıstan, Almaniya və digər ölkələrdən görkəmli ifaçılar, musiqi kollektivləri iştirak edirlər. Festivalın açılış mərasimində Elnarə Kərimovanın rəhbərlik etdiyiButakamera xorunun ifasında Ü.Hacıbəylinin və digər yerlixarici bəstəkarların əsərlərindən parçalar ifa edilib. “Buta”nın ilk ifasında Böyük britaniyalı musiqişünas Conathan Rathbonenin aranjimanında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından xalq artist Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın solistliyi ilə bir parça səsləndirilib. “Butakamera xoru Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2010-cu ilin noyabrında yaradılıb. Xorun əsas məqsədi Azərbaycan xor musiqisini və müxtəlif dövrlərə aid olan dünya musiqi nümunələrini milli və beynəlxalq festivallarda, müxtəlif tədbirlərdə ifa edib respublikamızı layiqincə təmsil etməkdir.

Festival sentyabrın 30-dək davam edəcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 20 sentyabr.- S.7.