“Miras” Batumi festivalında

 

Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi sentyabr ayının 17-dən 24-dək Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi İnternational Art House Film Festival”ın “International COMPETITION – Short Films Section” bölməsində iştirak edir edir. Rejissorun verdiyi məlumata görə, festivalın bu bölməsində 17 ölkənin 30 filmi mükafatlar uğrunda mübarizə aparacaq. Ümumilikdə festival çərçivəsində 40-dan artıq ölkənin 100-ə yaxın filmi nümayiş olunacaq. Bir neçə bölmədə keçirilən festivalın beynəlxalq münsiflər heyətində azərbaycanlı rejissor Elçin Musaoğlu da yer alır.

Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.

Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.

Xatırladaq ki, “Miras” sənədli filmi 2010-cu ilin oktyabr ayında Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında “Kinematoqrafiya sənətinə sədaqətə görə” diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə “Maarif” diplomuna, o cümlədən növbəti filmə görə qrand – pul mükafatına, həmin ilin dekabr ayında isə Polşada keçirilən Beynəlxalq Zubroffka kinofestivalında iştirak edərək festivalın 2-ci mükafatına, 2011-ci ilin fevral ayında isə Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”na, mart ayında Moskvada XVIII Beynəlxalq “Svyataya Anna” kinofestivalında “Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafata, aprel ayında Yekaterinburq şəhərində keçirilən VII Beynəlxalq Sənədli filmlər kinofestivalında “Ən yaxşı antropoloji film” mükafatına layiq görülüb.

“Miras” filmi artıq Almaniya, Rusiya, Polşa, Rumıniya, Ukrayna, Latviya, Bolqariya, Moldova, Bosniya –Herseqovina və s. ölkələrdə nümayiş olunub.

Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə, SSSR dövlət mükafatı laureatı A.A. Proşkinin emalatxanasında təhsil alır.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 20 sentyabr.- S.7.